"Muzkomediya"nın
"Xanuma"sı
Yoxsa gürcü rejissorun qüdrəti?
Mayın
10-da Dövlət Gənc Tamaşaçılar Teatrında Musiqili Komediya Teatrının növbəti premyerası oldu. Gürcü dramaturq Avksenti Saqarelinin librettosu əsasında
Vladimir Dolidzenin musiqi bəstələdiyi "Xanuma"
operettası elə gürcü rejissor Qoça Kapanadzenin quruluşunda səhnəyə
qoyuldu. Tamaşa başlamazdan əvvəl Dövlət Gənc
Tamaşaçılar Teatrının
qarşısındakı tamaşaçı izdihamı bu əsərin əvvəlcədən böyük
maraq doğurmasından
xəbər verirdi.
Sözün düzü, nə
vaxt idi, premyeralarda belə tamaşaçı izdihamı ilə
rastlaşmırdıq. Salonda da bütün yerlər
tutulmuşdu. Bugünkü reallıqda insanların hər
hansı premyeraya belə münasibətini görmək həqiqətən
çox xoş idi, hərçənd tamaşa başlayandan
sonra tez-tez səslənən "əsrarəngiz" telefon musiqiləri,
insanların zala girib-çıxmaları ovqatı təlx
edirdi...
Nə isə,
işıqlar söndü, pərdələr
açıldı və həzin musiqinin sədaları
altında "Xanuma"- xalq artisti Afaq Bəşirqızı
göydən səhnəyə endi...
Tamaşa haqqında bəhs
etməzdən əvvəl bir-iki kəlmə "Xanuma" əsəri
barədə... "Xanuma" gürcü klassikasının
məşhur əsərlərindəndir. Mövzu etibarilə
bizim "O olmasın, bu olsun" operettamıza çox bənzərliyi
var. Bu əsər dünyanın bir çox səhnələrində
zaman-zaman oynanılıb. Bu ərəfədə də daha
bir dünya turnesi keçir. Hal-hazırda Rusiyanın müxtəlif
şəhərlərində, Türkiyədə və Azərbaycanda
iki böyük teatrın (Milli Dram Teatrında da
hazırlanır) səhnəsində oynanmaqdadır.
Əsər komediya
janrındadır. A.Saqareli eynən Üzeyir Hacıbəyli
kimi milli əyər-əksiklikləri bir az faciəli,
ağrılı gülüşlə ortaya qoyur. Xanuma
yaxşı pul müqabilində evlənmək istəyənləri
evləndirir. Qəhrəmanın özünün təbirincə
desək, xeyirxah işlə məşğuldur. Belə
"xeyirxahlıq" üstündə başı bəla da
çəkib, ölkədən didərgin olub, amma qayıtdıqdan
sonra da şakərindən əl çəkmək istəmir...
Artıq qeyd etdiyimiz kimi,
tamaşada "Xanuma" obrazını Afaq Bəşirqızı
canlandırır. Ələkbər Əliyev Knyaz Levan
Pantiaşvilini, Nahidə Orucova Knyagina Teklanı, Nərgiz Kərimova
Ketonı, Fərid Əliyev isə Koteni oynayır.
Tamaşadan samballı rejissor işinin ətri duyulurdu. Aktyorların səhnədə həvəslə oynaması,
mizanların səliqə-sahmanla
yerinə yetirilməsi,
musiqi ilə hərəkətin vəhdəti
rejissorun mükəmməl
əl qabiliyyətindən
xəbər verirdi.
Tamaşada diqqəti cəlb
edən məqam rejissorun sanki aktyorları istədiyi kimi yoğurub obraza salması idi.
Maraqlıdır ki, Afaq Bəşirqızı
kimi səhnədə azadlığı sevən aktrisa bu
tamaşada yalnız rejissorun diqtəsilə hərəkət
edirdi.
Bundan başqa, Musiqili
Komediya Teatrının ən ağrılı bəlalarından
olan aktyorların səhnədə yerli-yersiz, şit improvizələri
burada yox idi. Deyəsən "qatso" teatrın bu
nöqsanını hələlik öz tamaşasında aradan
qaldırıb.
Tamaşada təqdir
olunacaq məqamlardan biri də səhnə tərtibatı idi.
Bu gün
Azərbaycan teatrlarında
adlı-sanlı, titullu
rəssamlar fəaliyyət
göstərirlər. Onların xətrinə dəyməməklə
demək istərdim ki, Lomqul Murusidzedən
öyrənməyə dəyər.
Tamaşada qəhrəmanların
ariyaları fonoqramla səslənsə də, çox orijinal alınıb.
Bilənlər bilir ki, "Muzkomediya"nın orkestrini Gənc Tamaşaçılar
Teatrının səhnəsində
yerləşdirmək olmaz.
Bu səbəbdən fonoqramdan istifadə təbii olmasa da, belə dinamik
tamaşada daha sərfəli metoddur.
Bu arada tamaşanın
orijinallığına xələl gətirən bir məqamı
da vurğulamağı yaddan çıxarmaq olmaz. Azərbaycan
aktyorlarının ifasında göstərilsə də,
Qoça Kapanadzenin hazırladığı tamaşada haradasa
gürcü koloriti duyulurdu. Bundan qıraqda, aktyorların
səhnədəki hərəkətləri,
jestləri, danışıqları
sanki zərgər dəqiqliyi ilə ölçülüb-biçilib. Yalnız Ketonun
ifaçısı Nərgiz
Kərimovanın rusdilli
ləhcəsi bu orijinallığı pozur...
Tamaşadakı rəqslərdən bəhs etməsək, haqsızlıq olar. Musiqili Komediya Teatrının
tamaşalarında zaman-zaman
musiqi ilə rəqslərin və aktyor oyunun vəhdətində
problemlər yaşanıb.
Dəfələrlə olub ki, tamaşalarda rəqslərdən
ümumiyyətlə nə
üçün istifadə
olunması başa düşülməyib. Amma
bu dəfə xalq artisti Təranə
Muradovanın quruluş
verdiyi rəqslər tamaşanın ahənginə
uyğun olmaqla yanaşı ona rəngarənglik verir...
Tamaşanın sonunda
Xanumanın faciəsi ortaya çıxır, məlum olur ki,
sevənləri, qovuşmaq istəyənləri qovuşduran
bu xanımın özünün qovuşmağa ehtiyacı
var.
"Xanuma" hələ
premyera ömrünü yaşayır. Bütün
qüsurlara rəğmən bu tamaşa elə ilk
nümayişdən tamaşaçıya çoxdan
yadırğadığı estetik zövqü yaşada bildi.
Bu tamaşa onu göstərdi ki, Əliqismət Lalayevin təbirincə
desək, heç kəsi teatrdan uzaqlaşdırmadan da
islahatlar aparmaq və maraqlı tamaşalar hazırlamaq olar.
Ekspress.-
2011.- 12 may.- S. 23.