Ağır itki...

 

 Vaqif İbrahimoğlu vəfat etdi

 

Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, "Yuğ" Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlu mayın 12-də axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Lent.az-ın məlumatına görə, V.İbrahimoğlu öz evində dünyasını dəyişib. Məlumatı "Yuğ" Dövlət Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov təsdiqləyib. Cəfərov bildirib ki, ilkin məlumata görə, İbrahimoğlu ilə vida mərasimi sabah Teatr Xadimləri İttifaqının binasında keçiriləcək.

Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə AzDMİİ-nin dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor vəzifəsində çalışıb. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən "YUG" Teatrının bədii rəhbəri vəzifəsində çalışıb (1992-ci ildə "Yuğ" Teatr-Studiyası dövlət statusu alıb). Vəfat edənə qədər "Yuğ" Dövlət Teatrının baş rejissoru kimi yaradıcı fəaliyyətini davam etdirib. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi "Qızıl Dərviş" mükafatı laureatı, AzDMİU-nun dosenti idi. 2006-cı ildə Prezident mükafatına layiq görülüb.

Vaqif İbrahimoğlu "Yuğ" Teatrında 1989-cu ildən bu günə qədər 90-a yaxın tamaşaya quruluş vermişdi. Onun quruluş verdiyi son tamaşa Dövlət Akademik Dram Teatrında "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası olub...

Usta rejissorun bu fani dünyaya qəfil vida etməsi xəbəri sarsıdıcı idi. Saytlardan birində vəfat xəbəri gözümə sataşanda diksindim...

Vaqif İbrahimoğlu böyük rejissor idi, bütləri sındırırdı, öz YOLu ilə gedirdi. Və sevdiyim, yaradıcılığına, fikirlərinə və şəxsiyyətinə hörmət bəslədiyim sənətkar idi. Ən əsası, maraqlı insan idi, düşündürməyi bacarırdı. İndi belələri azdır, sanki nəsilləri kəsilib...

İki həftə əvvəl "Ekspress"də Akademik Milli Dram Teatrının aktyoru Samir Qulamovun müsahibəsi getmişdi. Müsahibədə "Yuğ" və rəhbəri barədə sərt ifadələr işlədilmişdi. Aktyorun fikirlərini bölüşməsək də, Vaqif İbrahimoğlunun heç bir polemikadan qaçmadığını bildiyimiz üçün müsahibəni dərc etmişdik.

Müsahibəyə çoxları, o cümlədən, çox hörmət etdiyim Zeynal Məmmədli iradlarını bildirmişdi. Özümü Vaqif bəyin qarşısında borclu sayırdım, ümid edirdim ki, iddialara cavabı qəzetimizin səhifələrində özü verəcək...

Bəzilərinə görə, o, Azərbaycan teatrı üçün bəla idi, gerçək olansa bu idi ki, Vaqif bəy mürgü döyən milli teatrın "bəla"sı idi, onu silkələyirdi, oyatmağa, diri tutmağa, yeni səviyyəyə qaldırmağa çalışırdı.

Ötən ilin oktyabr ayından səhhətində problem yaranan Vaqif bəy bir həftə əvvəl Kulis.az-a müsahibəsində "o dünyanı görüb gəldim", "düzəlim, işə başlayacam" demişdi.

Xəstə yatağında da teatr, gənclər haqqında düşünürdü. Böyük planları, özünün dediyi kimi, strateji ideyası vardı, Vaqif İbrahimoğlu mərkəzi yaratmaq istəyirdi. Elə bir yer ki, gəncləri başına yığa bilsin, çətinliklərinə yardımçı olsun, istedadlarını üzə çıxarsın.

Deyirdi: "Yaşamalıyam, yaşamalıyam ki, yeni ideyalarımı, planlarımı həyata keçirim. Mənə ehtiyac var..."

O, yeganə idi, həm rejissor, həm də azad fikirli düşüncə insanı kimi. Bu ağır itkinin yerini çətin ki, kimsə doldura bilsin...

Allah rəhmət eləsin.

 

 

Q.Həmidoğlu

 

Ekspress.- 2011.- 13 may.- S. 9.