Elçinin
"Teleskop"u
Və ya "Azdrama"da yeniliyin bəhrəsi
Bu günlərdə Akademik Milli Dram Teatrının səhnəsində
xalq yazıçısı
Elçin Əfəndiyevin
"Teleskop" pyesi əsasında Finlandiyada yaşayan rejissor soydaşımız Kamran Şahmərdanın quruluş
verdiyi eyniadlı tamaşanın premyerası
oldu.
Məlumat üçün qeyd edək ki, tamaşanın
səhnə tərtibatı
Rusiyanın xalq rəssamı Eduard Koçerginə məxsusdur.
Yeri gəlmişkən, Eduard Koçergin Rusiyada, eləcə də Finlandiya, Yuqoslaviya, Polşa, Macarıstan, Fransa, Almaniya, ABŞ, Kanada və Yaponiyanın müxtəlif teatrlarında
200-ə yaxın tamaşaya
tərtibat verib.
Tamaşanın geyim üzrə
rəssamı isə
Eduard Koçerginin həyat
yoldaşı Anna Koçergina,
musiqi tərtibatçısı
Həmid Kazımzadə,
rejissor assistenti Rəfiqə Musayevadır.
11 şəkildən və 2 epiloqdan ibarət tragikomediyada əsas rolları əməkdar artist Füzuli
Hüseynovla Yuğ Teatrının aktrisası
İlahə Həsənova
ifa edirdi. Tamaşada, həmçinin,
"Azdrama"nın aparıcı
aktyorları, xalq artistləri Ramiz Novruz, Hacı İsmayılov, Şükufə
Yusubova, əməkdar
artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Münəvvər
Əliyeva, Hicran Nəsirova, Elşən Cəbrayılov, Məsmə
Aslanqızı, Sabir Məmmədov, Elxan Quliyev, aktyorlar Şəhla Əliqızı,
Ləman İmanova, Rada Nəsibova, Nigar Güləhmədova,
Elnar Qarayev, Elnur Qədirov, və başqaları iştirak edirdilər.
Tamaşa avtomobil qəzası nəticəsində komaya
düşüb bu dünya ilə o dünyanın arasında var-gəl edən insandan bəhs edir. Onun arvadı, uşaqları,
qayınanası, dostu
və dostunun həyat yoldaşı əməliyyat gedən palatada onu tək
qoymayıblar. Hər kəs
qəhrəmanın bu
dünyadan köçməsinə
çox peşmandır.
Amma hadisələrin sonrakı gedişatından
hiss olunur ki, bütün bu ağlaşmanın özü
bir tamaşa imiş. Adam teleskopla yerə baxıb o öləndən sonra qoyub getdiyi əzizlərini
müşahidə edərək
onların iç üzünü görür.
Elçinin "Teleskopu" insanları deyil onların daxilini görmək üçünmüş.
Günahsız insan Allah üçün
heç bir dəyər kəsb etmir. Xeyirxahlığı və məhəbbəti
dərk etmək üçün insan günahdan keçməlidir.
Bu çox vacibdir.
Əslində, "Teleskop"da haqqında danışdığımız
nə cənnət, nə də cəhənnəmdir. Ərəfədir. Bu aralıq dünyada
qəhrəmanımız ilk arvadını görür
və onun sayəsində bir çox həqiqətləri
üzə çıxarır.
Onun sayəsində aşkar edir ki, "mələk" hesab etdiyi qayınanası
riyakarlıq edirmiş,
sevimli arvadı onun komaya düşməsini
gözləyirmiş ki,
yeni ər axtarışlarına çıxsın,
oğlu və qızı isə atalarının halına acımaq əvəzinə
onun gizlədiyi pulların üstündə
dava salırlar...
Elçinin "Teleskop"undan
görürük ki, bütün insanlar günahkardırlar, əgər
bir gün, şair Ramiz Rövşən demişkən,
"dünya qəfil
işıqlansa, kimin kim olduğu
görünəcək". Bəlkə də bu səbəbdəndir ki, Mirzə Cəlilin dediyi kimi, Şeyx Nəsrullah "ölüləri
diriltmək" istərkən,
heç kəs doğmasının geri qayıtmasına razılıq
vermir. Və Elçin qəhrəmanlarının
dilindən söylədiyi
replikalarda öz yanaşmasını ortaya
qoyur.
Unutqan ailə üzvləri, vəfasız dostların ucbatından qəhrəman
əvvəlcə qəbul
etməsə də sonradan ölümünə
sevinir. Çünki o, artıq gündəlik
qayğılardan, dedi-qodulardan
uzaq ruh həyatını yaşayır.
Get-gedə o da başqa sakinlər kimi teleskopdan uzaq qaçır, günlərin birində isə heç kim qoyub
gəldiyi, inandığı,
etibar etdiyi yaxınlarının ondan
sonra necə düşündüyünü, necə hərəkət etməsini görməsin deyə teleskopun istiqamətini dəyişir.
Əcəl vaxtı yetişməyən
adamın səhvən
o dünyaya aparılması
böyük qalmaqal yaradır. Əzrailin milyon ildə
bir olan səhvi düzəldilir.
O dünyanın sakini
yenidən Yerə göndərilir. Koma vəziyyətində olan adam dirilir.
O yenə insandır.
O, yenə yaşamalıdır.
Sevinc, məyusluq bir-birinə qarışır:
yaşamaq, yoxsa ölmək - qəhrəmanımız
hansını seçəcək?
Bu sualın cavabını
müəllif və rejissor tamaşaçıların
ixtiyarına buraxır...
Tamaşada əsl rejissor səliqə-sahmanının şahidi
oluruq. Quruluşçu rejissor Kamran
Şahmərdanın uzun
illər Avropada yaşayıb əldə etdiyi təcrübəni sezməmək mümkün
deyil. Şəkillər, mizanlar zərgər
dəqiqliyi ilə bir-birini əvəz edir. Tamaşa boyu gərgin,
psixoloji məqamlarda rejissor rəqsə müraciət edir və başqa dünyanın sakinləri
mənəvi qidanı
musiqidən və rəqsdən alır.
Aktyor oyununa gəldikdə isə qeyd etmək yerinə düşər ki, "Azdrama"nın səhnəsində
son bir neçə ildə yadırğadığımız
mükəmməl oyunun
şahidi olduq. Əslində, teatrda heç
nə dəyişməyib
aktyorlar eyni aktyorlardır, sadəcə,
onları xəmir kimi yoğurub bişirən rejissor tapılıb. Nə
vaxt idi, "Azdrama"nın tamaşalarında aktyorların
sanki butafor əvəzinə səhnəyə
çıxdıqlarına görə məyus olurduqsa, bu tamaşada
onları sanki yenidən kəşf etdik.
Qəhrəmanın birinci arvadı-
aktrisa Şəhla Həsənovanın səhnədəki
plastikası çox təqdirəlayiqdir, lakin o,
danışığı və
xüsusən də səsi üzərində
müəyyən qədər
işləməlidir. Bəlkə də Yuğ Teatrında balaca məkanda çıxış
etdiyindən, aktrisada bu nöqsan yaranıb. Hər halda hələ
ki tamaşa premyera həyatını yaşayır, zaman-zaman xırda nöqsanlar aradan qalxacaq.
Bir neçə kəlmə səhnə tərtibatı
haqqında qeyd etmək istərdik. Səhnə tərtibatı həqiqətən
də, göz oxşayırdı, hadisələrin
başvermə məkanından
asılı olaraq dekorasiya da tez-tez
yenilənir və konkret mövzuya uyğun məkanlar görüntüyə gəlirdi.
Qəhrəmanların rəqsləri və
tamaşanın musiqi tərtibatı da olduqca ürəkaçan
idi.
"Teleskop" tamaşası
artıq "Azdrama"da
islahatların ətrinin
duyulduğunu hiss etdirir.
Bu tamaşa göstərdi
ki, 50-60-cı illərin
deklamasiya teatrının
dövrü artıq çoxdan bitib. Teatra yeni can, yeni nəfəs, yeni düşüncə lazımdır. "Azdrama" üçün
xarakterik astagəlliyi
artıq dinamika əvəzləməlidir.
Tamaşadan sonra xalq yazıçısı
Elçin Əfəndiyevlə
"Teleskop" barədə
qısa dialoqumuz oldu:
- Elçin müəllim, tamaşa sizin öz teleskopunuzdan necə göründü?
- Mən bu pyesi ötən
il yazmışam.
Tamaşaya baxanda, həqiqətən
öz düşüncələrimi,
öz personajlarımı
səhnədə gördüm.
Tamaşa göstərdi ki,
bu teatrda yeni əhval-ruhiyyə, yeni atmosfer yaranıb.
Tamaşanın quruluşçu rejissoru Finladiyadan dəvət olunub. Kamran Şahmərdan soydaşımızdır.
Quruluşçu rəssam dünya
səviyyəli teatr rəssamı Eduard Koçergindir. O uzun
müddət Tovstanoqovla
birlikdə işləyib.
Onu rus teatrının canlı klassiki də adlandırırlar.
Tamaşada həm yaşlı,
həm də gənc aktyorlar iştirak edirlər.
Mənim
üçün bu tamaşanın qiymətli
tərəfi odur ki, cavanlarla bərabər təcrübəli
aktyorlarda dinamikanı
gördüm. Bəzi məqamlarda
həmin aktyorları tanımaqda çətinlik
çəkirdim. Sanki yeni aktyorlar görürdüm.
- Epiloqlar hansı ürəyinizcədir?
- İkisi də
ürəyimcədir. Tamaşaçı azad seçimdədir.
İstər birinci epiloqu
bəyənər, istərsə
də ikinci epiloqu qəbul edər.
- Bəs sonda qəhrəmanı niyə
öldürdünüz?
- Sonda qəhrəman ölmür...
- Axı boynuna kəndir keçirir?
- Boynuna kəndir keçirmək o demək deyil ki,
mütləq öləcək. Tamaşaçı burada
özü seçməlidir, qəhrəman ölümə məhkumdur,
yoxsa yaşamalıdır?
- 150 illik ömür, sizcə, həqiqətən insan
üçün cəzadır?
- 150 bu tamaşadakı konteksdə cəzadır. Əgər
150 illik ömrü cəza kimi qəbul etmək istəmiriksə,
onda gərək bizlər bu tamaşadan ibrət
götürüb adam kimi yaşayaq.
Yeri gəlmişkən, mayın 13-də sevimli
yazıçımız Elçinin doğum günü idi. Azərbaycan
ədəbiyyatında öz dəst-xətti, üslubu, həyata
fərqli baxışı ilə seçilən Elçin ədəbiyyatımıza
bir-birindən maraqlı əsərlər bəxş etməkdədir.
80-dən çox kitabın, çoxsaylı publisistik məqalələrin,
kinossenarilərin müəllifi olan yazıçı həm
də dünya ədəbiyyatının bir sıra klassik əsərlərini
dilimizə tərcümə edib. Yazdığı əsərlər
isə dünyanın 20-dən çox dilinə -ingilis, rus,
fransız, çin, ərəb, türk, fars və s. tərcümə
edilib. O, Azərbaycan teatrında parlaq bir dövrə imza
atmış İlyas Əfəndiyev ənənələrini
davam etdirərək teatrların çətin vaxtlarında
"Ah, Paris, Paris...", "Mənim ərim dəlidir",
"Salam, mən sizin dayınızam", "Mənim sevimli
dəlim" və daha onlarca insanı düşündürən,
güldürən və ağladan mövzularla teatr səhnəsini
yenidən canlandırıb. Sevimli
yazıçımızı ad günü münasibətilə
təbrik edir, can sağlığı, yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq.
İltifat Hacıxanoğlu
Ekspress.- 2011.- 14-16 may.- S. 31.