"Sənətdə
əlimi çörəyə
Vaqif İbrahimoğlu
çatdırdı"
Hikmət
Rəhimov: "Vaqif İbrahimoğlu da ustadı Tofiq Kazımovun ənənəsini
davam etdirərək gənclərə yol açır..."
Zaman-zaman Akademik Milli Dram Teatrının səhnəsində nəsildəyişmə
prosesi gedib. Bir zamanlar Abbas
Mirzə Şərifzadə,
Kazım Ziya, Ələsgər Ələkbərov,
Həsənağa Turabov,
Əlabbas Qədirov kimi nəhəng aktyorların oynadığı
səhnədə bu gün istedadlı gənclərə rast gəlirik. Hələlik sayları az olsa da...
Bu gün də onlardan biri ilə
-"Lənkəran xanının vəziri"
tamaşasında əsas qəhrəmanı- Teymur
ağanı canlandıran gənc aktyor Hikmət Rəhimovla
söhbətləşəcəyik.
Onu da qeyd edək ki, Hikmət, əslində,
Yuğ Teatrının aktyorudur. Və biz ondan müsahibə
alanda, Yuğun qurucusu və baş rejissoru Vaqif
İbrahimoğlu sağ idi. Müsahibimiz də Vaqif müəllimdən,
onun yaxşılıqlarından ağız dolusu
danışırdı. İndi isə o, aramızda yoxdur. Biz
də bu müsahibə ilə Vaqif İbrahimoğlunu bir daha
yad edirik. Əlbəttə ki, o, yaddaşlarda hələ
çox yaşayacaq...
- Hikmət, son 15-20 ildə Akademik
Milli Dram Teatrının səhnəsində siz yaşda gəncin
baş rol oynadığını xatırlamıram. Bu səbəbdən
söhbətimizin əvvəlində oxucularımıza
özünüz barədə məlumat verməyi xahiş
edirəm.
- 1986-cı ildə Bakıda
doğulmuşam. 2004-2008-ci illərdə Dövlət Mədəniyyət
və İncəsənət Universitetində aktyorluq
fakültəsində təhsil almışam. 2008-2009-cu illərdə
hərbi xidmətdə oldum. 2009-cu ildən etibarən də
Dövlət Yuğ Teatrında çalışıram.
İlk kurslarda sənət müəllimimiz rəhmətlik Əlabbas
Qədirov olub. Əlabbas müəllim dünyasını dəyişəndən
sonra kursumuza müxtəlif müəllimlər rəhbərlik
etdi. Bununla belə, mən Vaqif İbrahimoğlunun tələbələri
ilə də dostluq edirdim. Onlar mənə təklif etdilər
ki, "gəl bizim məşqlərimizdə iştirak
et". Məni Vaqif müəllimlə tanış etdilər.
Tələbə vaxtı Vaqif müəllimin quruluş verdiyi
"Lənkəran xanının vəziri"
tamaşasında "ərizəçi", "Yeyərsən
qaz ətini, görərsən ləzzətini"
tamaşasında isə "Cadugər" rolunu
oynamışam. Ali məktəbin 4-cü kursunda oxuyarkən
Vaqif müəllim mənə Yuğ Teatrında
çalışmağı təklif etdi. O dövrdə bir
az gənc və çılğın idim, nəsə
razılaşmadım. Onda Vaqif müəllim mənə dedi
ki, "əsgərlikdən qayıdandan sonra əgər
fikrini dəyişsən, gəl, səni işə qəbul
edəcəyəm". Əsgərlikdən qayıdandan sonra
həqiqətən Vaqif müəllim məni Yuğ
Teatrına qəbul etdi. Akademik Milli Dram Teatrının səhnəsində
gənc yaşda baş rol oynamaq xoşbəxtliyi də mənə
məhz Vaqif İbrahimoğlunun sayəsində nəsib olub.
Paulo Koelyonun "Əl-kimyagər" əsərində belə
bir cümlə var: "Əgər insan bir şeyi ürəkdən
istəyirsə, bütün kainat ona xidmət edir". Təbii
ki, bağlı qapıların üzümə
açılması Allahın bir lütfüdür. Amma
qapını açmaqda mənə Vaqif İbrahimoğlu dəstək
verdi. Sözün düzü, Vaqif müəllim "Teymur
ağa" rolunu mənə təklif edəndə, buna tərəddüd
etdim. Onda Vaqif müəllim dedi ki, "heç nədən
çəkinmə, bacaracaqsan". Əslində, mənim bu
rolu oynamağımda qeyri-adi heç nə yoxdur. Bu rol kimin
qismətinə düşsəydi, o da böyük həvəslə
oynayacaqdı. Sadəcə olaraq burada maraqlı olan, siz
dediyiniz kimi, 25 yaşlı bir gəncin birdən-birə
Akademik Milli Dram Teatrının səhnəsində
bugünkü reallıqda baş rol oynamasıdır. Bu tarix mənim
həyatıma qızıl hərflərlə həkk olundu.
Buna görə də ustadım Vaqif müəllimə minnətdaram.
Çünki aktyor sənətinin əlifbasını mənə
o öyrədib, bunu danmaq kişilikdən olmaz. Mənim
peşəkar teatrda ilk oynadığım Servantesin "Don
Kixot" romanı əsasında Vaqif müəllimin
hazırladığı "Psix" tamaşası olub. Bu sənətdə
olduğum müddətcə qazandığım ruziyə
görə ömrüm boyu Vaqif İbrahimoğluya minnətdar
olacağam. Bu sənətdə əlimi çörəyə
o çatdırdı.
Bizim kursda aktyorluqdan hardasa 100-dək
məzun oldu. Amma bu gün teatrda çalışanlar barmaqla
sayılacaq qədərdir. Tələbə
yoldaşlarımın böyük əksəriyyəti
başqa peşələrə üz tutdular. Doğrudur, teatra
gedənlərə də kimlərsə vasitəçi oldu.
Mənim teatra gəlməyimin əsas səbəbkarı da
V.İbrahimoğludur. Necə ki, vaxtilə onun ustadı Tofiq
Kazımov gəncləri teatra cəlb edirdi,
V.İbrahimoğlu da həmin ənənəni öz üzərinə
götürüb davam etdirir.
- Əlabbas müəllimin tələbəsi
olarkən yəqin ki, teatrda dərs keçmisiniz, məşqləri
müşahidə etmisiniz. O dövrdə bu teatrın səhnəsində
oynayacağınız xəyalınıza gəlirdimi, burada
özünüzü görürdünüzmü?
- Sözün düzü, belə
xəyallarım olmayıb. İndi düşünürəm
ki, hər bir aktyora bu teatrda çalışmaq bir sənət
xoşbəxtliyidir. Sadəcə, mən real insanam. Mən
bilmirdim ki, nə vaxtsa İsrafil İsrafilov kimi bir insan
"Azdrama"ya rəhbər təyin ediləcək və
istedadlı gənclərə şərait yaradacaq, islahatlar
aparacaq. Bu islahatlara bir çoxları qeyri-ciddi münasibət
göstərir və bununla barışa bilmir. Dünyanın
bütün ölkələrində belə bir tendensiya var
ki, bir teatrın aktyoru başqa teatrın səhnəyə
qoyduğu tamaşada iştirak edə bilər. Təəssüf
ki, Azərbaycanda bu kimi nüasnlara qısqanclıqla
yanaşılır. Teatr kimlərinsə ata mülkü deyil
ki, başqa teatrın aktyoruna qısqanclıqla
yanaşsın. Teatr dövlət müəssisəsidir və
bizi dəvət edirlər, gedib çalışırıq.
Hər kəs istəsə, gəlib Dövlət Yuğ
Teatrının tamaşasında oynaya bilər və bizlərdən
heç kəs ona deyə bilməz ki, bura niyə gəlib?
- "Lənkəran xanının
vəziri" tamaşası cəmiyyətdə birmənalı
qarşılanmadı...
- Heç bir tamaşa hamı tərəfindən
birmənalı qəbul edilmir. Hər kəsin öz şəxsi
düşüncəsi, öz dünyagörüşü və
qavrama çərçivəsi var. Lakin bir məqamı
xüsusilə vurğulamaq istəyirəm ki, bu tamaşada nə
Axundov, nə də Azərbaycan teatrı təhqir
olunmayıb. Bir aktyor kimi mən müşahidə edib belə
qənaətə gəldim ki, bizlər yeniliyin tərəfdarı
deyilik.
- Necə
düşünürsünüz, bu tamaşanı orta məktəb
şagirdinə göstərib demək olarmı ki, Azərbaycan
teatrının əsası bu tamaşa ilə qoyulub.
Oradakı aktyor oyununa şagirdlərin baxması nə dərəcədə
yolveriləndir?
- Siz nəzərdə tutduğunuz
nüansların bəlkədə 10 qatını uşaqlar bu
gün televizorda seyr edirlər. Teatr aktyorun səhnədə
boş-boş, səbəbsiz gəzişməsi deyil. Mənə
elə gəlir ki, Axundov dramaturgiyasından xəbəri
olanlar bilir ki, tamaşada bir qram da Axundovdan kənara
çıxılmayıb. Bir çox məqamları Axundov
açıq şəkildə yazmasa da, tamaşanın
ssenarisi hardasa 4-cü və 5-ci planda bizə bunu təlqin
edir. Çünki Axundov özü dindən, milli mentalitetdən
uzaq insan olub. İnanmıram ki, bu əsərdə hansısa
milli-mənəvi dəyərləri nəzərdə tutub.
Axundov ağıllı adam idi və nə
yazdığını yaxşı bilirdi. Eləcə də
Vaqif İbrahimoğlu gözəl bilir Axundov nə yazıb.
- Sizin "Azdrama"ya dəvət
olunub baş rol oynamanız teatrın öz truppasında
qısqanclıqla qarşılandı...
- Əvvəla, məlumat
üçün bildirim ki, Yuğ Teatrından
"Azdrama"ya ikicə aktyor dəvət olunub: biri mənəm,
digəri isə gənc aktrisa İlahə Həsənovadır.
Bildiyimə görə, Akademik Milli Dram Teatrına bir çox
teatrlardan aktyorlar dəvət olunub.
Bir məqama da toxunmaq istəyirəm.
Mən eşitmişdim ki, Akademik Milli Dram Teatrında gənc
aktyorları sıxışdırırlar. Amma qətiyyən
bu kimi nüanslarla rastlaşmadım. "Lənkəran
xanının vəziri" tamaşasında xalq artisti Nurəddin
Mehdixanlı, əməkdar artist Cəfər Namiq Kamalla tərəf
müqabili olmaq mənə fəxr idi.
- Tamaşada sizin oyununuza münasibət
necə oldu, təriflədilər, yoxsa tənqid olundunuz?
- Açığı, tamaşa
barədə rəsmi bir mütəxəssis rəyinə rast
gəlmədim. Vaqif müəllim özü tamaşanın
video-yazısına baxandan sonra öz rəyini demədi. Amma tənqid
də eşitdim, tərif də. Sözün düzü,
İsrafil müəllim dedi ki, "sənin oyunun məni qane
etmədi". Məncə, bunu gizlətməyin yeri yoxdur. Əslində,
mən bunu normal qəbul edirəm, heç gözləmirdim də
ki, boynuma medal asacaqlar. Fikrimcə, düzgün, vaxtında tənqid
olunmağımın mənə xeyri var.
- Hazırda Akademik Milli Dram
Teatrında hansı tamaşalarda iştirak edirsiniz?
- "Azdrama"da hazırda bir
çox tamaşaların məşqləri gedir. Mənim
özümə gəldikdə isə türk yazarı
Sadıq Şendilin "Qanlı Nigar" tamaşasında
"Narçın" rolunda məşq edirəm. Gümrah
Ömərin hazırladığı "Qadın məhəbbəti"
tamaşasında isə "Məşuq" rolunu
oynayıram.
- Hər gənc aktyorun təbii ki,
ideal saydığı sənətkar var. Akademik Milli Dram
Teatrının səhnəsində kimlərlə tərəf
müqabili olmağı arzulamısınız?
- Mənim üçün
böyük fəxrdir ki, sənətinə və şəxsiyyətinə
böyük hörmət etdiyim, idealım saydığım
xalq artisti Fuad Poladova şəxsən özüm dəvətnamə
verib, tamaşaya dəvət etdim. O da sağ olsun, tamaşaya
baxmaq üçün gəldi. Həmçinin, tamaşadan
sonra telefonuma zəng edib, məni təbrik etdi. Bilmirəm,
bunu kimlər necə qəbul edər, amma mənim
üçün həqiqətən böyük xoşbəxtlik
idi. Həyatda ən böyük arzumdur ki, heç olmasa, həm
teatrda, həm də kinoda bu böyük sənətkarla bircə
dəfə də olsa, eyni səhnəni bölüşəydim.
Bir də Abbas Qəhrəmanovla
eyni tamaşada oynamağı çox istəyirəm. O mənim
üçün çox maraqlı aktyordur. Mən onu hər
hansı dünya şöhrətli aktyordan zəif
saymıram. Ümumiyyətlə, aktyorluq həqiqətən də
çətin sənət imiş. Biz Mədəniyyət və
İncəsənət Universitetinin birinci kursunda oxuyanda,
özümüzü "xalq artisti", ikinci kursda "əməkdar
artist", 3-cü kursda adi aktyor, 4-cü kursda isə artıq
bəzi həqiqətləri gördükcə,
düşdükcə, heç nə sayırdıq. Bu, həqiqətən
belədir. Yuğ Teatrında əməkdar artist Məmmədsəfa
müəllimlə tez-tez tərəf müqabili oluruq. Mən
bir çox şeyləri ondan öyrənirəm...
- Hər gənc aktyorun ən
birinci arzusu olan "Azdrama" səhnəsində baş rol
oynamaq sizə nəsib oldu. İndi bu səhnədə ən
çox hansı rolun arzusundasınız?
- Hər bir aktyorun "Hamlet"i
oynamaq ən böyük arzusudur. Bu, aktyor üçün
böyük prestijdir.
Mən də bu rolu arzulayıram,
amma hələlik buna özümü hazır saymıram.
- Aktyorların maddi vəziyyəti göz qabağındadır. Belə
şəraitdə sonadək
dözə biləcəksinizmi?
Bu gün subaysınız,
birtəhər yola verirsiniz. Gələcəkdə
ailə, övlad olacaq...
- Biz tələbə olmazdan əvvəl bilirdik ki, teatrda məvacib
nə qədərdir.
Sənətdən başqa
heç nə düşünməmişik. Dözə
bilmərik, sabah fəhləlik edib, daş atıb ailəmizi saxlayarıq...
- Niyə, bu sənətdə
tamadalıq da var...
- Mən ona görə
əvvəlcədən dedim
ki, daş atmaqla...
İLTİFAT
Ekspress.- 2011.- 14-16
may.- S. 19.