Aytokya

 

   Mircavad Mircavad haqqında

 

   (əvvəli ötən şənbə saylarımızda)

 

   ... Hər şeyi açıq və vicdanla söyləmək lazımdı, dövlətə və hər zümrədən olan rəhbərlərə heç bir madriqal-filan həsr etmək ağlıma gəlməyib. "Görkəmli", "hörmətli", "təntənəli" sözlərindən zəhləm gedir. Bethovenin müasirlərindən biri, adını xatırlamıram, onun musiqisini dinləyəndən sonra deyib: "Bilirsinizmi, bəstəkar bu musiqini ölü göz yaşları üçün bəstələməyib, lərzəyə salmaq üçün bəstələyib..." Sonra sənətə yeni nəsil gəldi, mən estafeti onlara ötürdüm, onlar da qəbul etdilər.

   Çoxdan Rəssamlar İttifaqının üzvü olsam da, xarici qonaqlar və ya Moskva sənətşünasları gələndə mənim adımı siyahılara salmırdılar...

   Mədəniyyət nazirinin müavini öz kabinetində gəzib-gördüyü kapitalist ölkələrini asıb-kəsirdi, orada hökm sürən yoxsulluqdan, mənəviyyatsızlıqdan, göydələnlərin kölgəsində gecələyən evsiz-eşiksiz adamların acı taleyindən ağzı köpüklənə-köpüklənə danışırdı, əvvəlcə mən ona məhəl qoymurdum, bilirdim ki, axmaq adamdı, amma birdən tam ciddiyyətlə "əşşi, o şəhərlərdə seks-klublardan savayı bir şey yoxdu" - deyir. Bu yerdə söhbətə müdaxilə etməli oluram, nazir müavinindən soruşuram":Yəni bütün seks-klublarda olmusunuz?" Nazir müavini çaşır, söhbətin mövzusunu dəyişməyə çalışır. Heminquey "Paris bordellərində təhsil almışam" yazır, o öz cəmiyyətini tənqid edən kitablar yazdı, Nobel mükafatı aldı... "Amma onlar Lorkanı öldürüblər" - bunu müavin deyir. "Bəli, faşizm rejimində, özü də təsadüfən". Mən Solovki qurbanlarının - alimlərin, şairlərin, artistlərin adlarını çəkirəm. "Əgər Amerikaya, Almaniyaya, İngiltərəyə, Fransaya gedə bilsəydim, şəhərlərin gözəlliyindən, muzeylərdən, teatrlardan, müasir incəsənətdən həzz alardım".

   - Onda nə durmusan, get də, - deyir.

    - Məndən olsa gedərdim, orada öz xalqlarını ələ salmırlar, hamının seçim haqqı var, harda istəsələr, orda da yaşayırlar, ömrümdə bircə dəfə 1965-ci ildə turist putyovkası ilə Meksikaya getmək istəmişəm, onda da buraxmayıblar.

    - Siz elə danışırsınız ki... 37-də belə şeylərə görə...

   ...Yük maşınında məni anamın cənazəsi ilə tək buraxdılar, yük maşını cənazəni atıb-tutur, amma ağızdolusu insanlıqdan dəm vuran qohumlar öz şəxsi maşınlarında özlərindən razı halda rahatca oturublar, ölən qadının oğlunu, qəlbi yaralı rəssamı bu ağır işgəncədən qurtarmaq fikri heç kimin ağlına gəlmir. Lyuba pıçıldayır: "Cənazəyə baxma, yuxarı bax". Ertəsi gün cənazəni evdən çıxaranda qohumlarımızdan biri hirslə dedi: "Mən belə oğulu balkondan atardım". Arvadım həmən qadına qapını göstərdi... bir qədər savadları olanlar mənimlə qəzet dilində danışdılar, onlar mənimlə təkbətək qalanda belə səmimi deyildilər, onlar mənim sınmadığımı sinirə bilmirdilər. Birisi lap qırsaqqız olub yapışmışdı yaxamdan, əslində mən onu heç tanımırdım, hamının yanında yaxamdan düşmürdü, məni amerikalıya bənzədirdi... Mədəniyyət nazirliyindən bir xanım "sidq-ürəkdən" mənə çevik olmağı tövsiyə edirdi, burda hamı çevikdi dedim, ölkə deyil ki, gimnastika zalıdır. Moskvadan hansısa bir qurultaydan qayıtdığı yadındadırmı, Buzovnada mənə hədə-qorxu gəlirdi, sən kimsən axı, orda hamı mandatını yuxarı qaldırıb bir anda səni paraşoka çevirərlər. Sənin əcaib-qəraib işlərin heç kimə lazım deyil...

   Adlarını çəkməyəcəyim üç rəssam məni içki qonaqlığına dəvət etmişdilər, onlardan biri Monolitdə yaşayırdı, evə girdik, masanın üstündə cürbəcür təamlar vardı, o içki masasında belə bir fraza səsləndi: "Tı, Yevqeniy, ya ne qeniy, tı qovno, i ya qovno, ya nedavno, tı davno"... Boşqabı itələyib "ya ne qovno" dedim və qalxıb otaqdan çıxdım.

   Anamın ölümündən sonra onun qəbrinin üstündən təsadüfən anlaşılmaz xətlə yazılmış bir parça kağız tapdım, kağızı mollaya göstərdim, molla "bədduadı" söylədi və arvadım o kağız parçasını yandırdı... amma demək olar ki, hər ay ya mən, ya da Xəzri Zeynəbin qəbrinin yanından üstündə əcaib işarələr çəkilmiş yumurta, qara sapa sarılmış xoruz başı, ya da qara əskiyə bükülmüş toyuq sümüyü tapırdıq. Mən bir nanəcibdən şübhələnirdim, axırda dözə bilməyib onu hədələdim və belə iyrənc şeylər bir daha təkrarlanmadı...

   Bir gün Rəssamlar Evinin həyətində fransız Elen Lyaroşu gördüm, əlbəttə, onu mənim əsərlərimə baxmağa dəvət elədim.

   Mən, Elen, arvadım, şofer və daha bir nəfər maşına minib yola düşdük, fransız xanımın hisslərinə hörmət əlaməti olaraq Nərimanov prospektinə gedən daha sivil yolla getməyi məsləhət bildim, amma şofer başqa istiqamət seçdi, İkinci Xrebtovı küçəsindən keçməli olduq, solda iylənmiş gölməçə, sağda zibil piramidası, bir zibillikdə yekə bir it ölüsü, ətrafda pişik boyda siçovullar vurnuxur, "ikinci şəxs" məndən soruşur: "Nədi, babat bir yol yox idi?" "Mən sizə başqa yol göstərmişdim" - xatırladıram...

   Emalatxanaya girər-girməz qonağa nahar vaxtı olduğunu bildirdilər, qonaq əlini yellədi, fransız xanımın heyrətdən gözləri dörd olmuşdu, gördüyü hər şeyin şəklini çəkirdi, tez-tez "fantastika, fantastika" - pıçıldayırdı. Sonra Tələt Şıxəliyevdən öyrəndim ki, Elen Lyaroşun çəkdiyi fotolar alınmayıb, kim bilir, bəlkə də lenti müsadirə etmişdilər, o illərdə belə şeylər adi bir şey sayılırdı. Elen mənim emalatxanamda olduqdan iki gün sonra məni teleqramla Rəssamlar İttifaqına çağırdılar. Lyubaya deyirəm: "Tez ol, hazırlaş gedək, axır ki, mənə divar rəsmi sifariş verəcəklər, afərin Elen". Arvad üz-gözünü turşudur: "Elə buna görə də səni çağırırlar". Arvad haqlıymış, bir saat məni kabinetdə saxladılar, katibə qapını açarla bağladı, arvadım qapını yumruqlayırdı, Zinaida Semyonovnayanın üstünə çığırıb-bağırırdı, qapını açmasını tələb edirdi - "bura haradı, gestapodu, yoxsa ictimai təşkilatdı?" Məni dilə tuturdular, hədələyirdilər, mən isə sakitcə oturub onları dinləyirdim, axırda dedim: - İttifaqın üzvüyəmsə, sizin siyahıda olmalıyam, mən heç bir özfəaliyyətə yol verməmişəm, emalatxanaya xariciləri dəvət etmişəm, yenə də dəvət edəcəyəm, bu da mənim əllərim, qandallaya bilərsiniz... - Bu yerdə sədr güldü...

   1965-ci ildə Meksikaya turist səfəri ərəfəsində məni sorğu-suala çəkdilər, qəzet oxuyursanmı sualına "yox" cavabı verdimi, bir qrup dənizçini örnək göstərdilər - "onlar sizdən daha savadlıdırlar, məlumatlıdırlar", dedim ki, belə savad düşünə bilməyənlər və düşünmək istəməyənlər üçündür. "Bəs KP-nın baş katibi kimdir?" - "Bilmirəm" - dedim. "Sizi heç vaxt xaricə buraxmaq olmaz.., heç ağlınıza da gətirməyin".

   Qapını çırpıb çıxdım, təəssüflənmədim. Bir tanışıma rast gəldim, əhvalatı ona danışdım. O dedi: "Yaxşı, kim inanır ki? Bir yalandı söyləyəydin, xaricə gedəydin". Ona dedim: "Bir yalan burda, bir yalan orda deyərsən, bir də görərsən ki, uçurumdasan, bu da sənin yaradıcılığında mütləq özünü büruzə verəcək". Dəfələrlə Rəssamlar İttifaqından Baltikyanı ölkələrə "putyovka" istəmişəm, amma hər dəfə mənimçün "putyovka qurtarıb".

   Vaxt gələcək, "avanqardcığazlar" peyda olacaqlar, Van Qoqu, Pollakı, nə bilim daha kimləri yamsılayacaqlar. Sovet incəsənətinin "monoton piştaxtası" bazar polifoniyası ilə əvəzlənəcək. Sovet Azərbaycanı təsviri sənəti haqqında yazılan fundamental rəsmi mənbələrdə mənim adıma rast gəlməzsiniz.

   "Bu - Cavaddı" filmi çəkilib, filmin ssenarisi yoxdu, orda mən varam, rəsmlərim var, orda mənim səsim var. Bu filmdə heç nə bayağı, süni deyil,. hər şey gerçəkdi... Budur, 1987-ci ilin yanvarında ilk fərdi sərgim açıldı. Sərginin afişası yox idi. Göy rəngli buklet Anarın ön sözü ilə açılırdı.

   Yayda İçərişəhərdə ikinci sərgim baş tutdu, bu dəfə heç buklet də yox idi, muzeyin direktoru "mən nə qədər sağam, Cavadın əsərləri burda asılmayacaq" demişdi. Əlbəttə, partiyanın direktivləri vardı, o kürsüdə kim otursaydı, partiyanın direktivlərinə əməl etməliydi. 1988-ci ildə xaricdə kollektiv sərgilərdə əsərlərim yer aldı. Sovet Bakısının divarlarında mənim həyatımın izləri yoxdur. Mənim öz məmləkətim, öz konstitusiyam, öz himnim vardı.

   Makedoniyalı İskəndərin "məndən nə istərdin" sualına "Kənara çəkil, günün qabağını kəsirsən" deyən Diogen mənə qardaşdan da artıq idi. Onu da deməliyəm ki, böyük sərkərdə bu cəsarətinə görə Diogeni öldürmədi.

   1986-cı ildə üç metrlik "Humay" tablosu üzərində işləyirdim, cəmi iki metr məsafə vardı, tablonu mənzildə çəkirdim, yağlı boyanın tünd qoxusu burnumu tutmuşdu, burnum armud kimi şişmişdi, bəzən burnumdan qan açılırdı, fırçalarımı sildiyim parça qan içindəydi (Bu tablo mənim həyatımın saqasıdır).

   1964-cü ildə "Köhnə İnturist" mehmanxanasının yanında bir matrosla söhbətimi yada salıram, matros yaraşıqlı bir rus balasıydı.

   -Heç nə əbədi deyil, eləmi?

   - Elədir.

   - Haçansa biz azad, müstəqil olmaq istəsək, bu isə sülhlə olan şey deyil, xalqa güllə atmaq əmri versələr, sən neynəyərsən?

   - Əmr etsələr, ataram!

   - Bəs fikirləşməzsən?

   - Düşünmək sizin işinizdi, atam, biz əmri yerinə yetirməliyik.

   - Düzdü, amma sən heç kimi vurmaya bilərsən.

   Matros çaşdı, mən onu düşünməyə vadar etdiyim üçün məmnun idim.

   1986-cı ildə Bakıda hərbi parad vardı. Küçədən tank kolonnası keçir, sadəlövh xalq əsgərləri alqışlayır, qəfildən tanklardan biri sıradan çıxıb insan kütləsinin üstünə gəlir, deyəsən hansısa bir nasazlığı varmış, tank az qala beş yaşlı bir qızcığazı əzəcəkdi, atası vaxtında qızı kənara çəkə bildi.

   Mən onlara yaxınlaşıb dedim: "Niyə uşağa ura qışqırmağı öyrədirsiniz, günlərin bir günü bu tanklar artıq təsadüfən deyil, gerçəkdən sizin üstünüzə gələcək".

   Bilmirəm hansı il idi, satıcı qadın aldığım rəngləri qəzetə büküb mənə verdi, evdə rənglərin masanın üstünə atdım qəzet səhifəsindən ideal bir qadın obrazı mənə baxırdı, oxudum ki, Danimarka kraliçası SSRİ-yə gəlib.

   "İlahi gözəllikdi", - dedim. Arvadım qəzeti əlimdən alıb cırmaq istədi, arvadımın Andersenin nağıllarından bu əfsanəvi ölkəni sevdiyini bildiyimdən qışqırdım:

   - Dayan, bu, kraliçadır!

   - Kraliça da qadındır.

   - Danimarka kraliçasıdır. Adı Marqaretdi.

   Arvadım uzun müddət qəzetdəki portretdən gözünü çəkmədi... 1989-cu ildə ilk dəfə xaricə getdim, Danimarka qalereyasının dəvəti ilə... Kommunistlərin acığına ilk getdiyim ölkə monarxiya ölkəsidi, bu, məni sevindirirdi. Bəzən küçənin ortasında "Viva kraliça" bağırırdım. Küçədən keçən adamlar gülürdülər - axmaq rus anqırır.

   Saysız-hesabsız pəncərələri olan kral sarayının qarşısında dayanıb satıcı qadının rəng bükdüyü qəzeti, o qəzetdəki potreti xatırlayırdım...

   Hər ölkənin öz bənzərsiz obrazı var. İspaniya Don Kixot, Amerika Azadlıq heykəli, Fransa Eyfel qülləsi, Yaponiya Fudziyama, Danimarka isə su pərisidir...

   Artıq xəstəlik mənə güc gəlirdi, tez-tez gəzintiyə çıxırdıq, köhnə pivə zavodunun yanından keçirdik, sonra park başlayırdı, qəbiristanlıqda kölgədə oturub arvadımı düşünürdüm, bilirdim ki, mənsiz həyat onunçün çox çətin olacaq, sakitcə pıçıldayırdım:

   - Əgər Kopenhagendə ölsəm, məni bu gözəl məzarlıqda dəfn elə, Moskvada ölsəm, yaxşısı budur cəsədimi yandır, Bakıya aparmaq asan olar, yadımdadır, Tofiqin meyitini Bakıya necə əzab-əziyyətlə aparmağımızı xatırlayıram, Bakıda məni qəbiristanlıqda torpağa tapşırma, Pirəsarvan təpəsində basdır, ordan dəniz görünür... yolda ölmək istərdim... yayda... məni basdıranda təkcə özün olarsan, qoy camaat səhəri gün qəbrimin üstünə gəlsin... sən yaxşı arvadsan... məndən sonra kimisə sevə bilərsən... amma ərə getmə...

   - Əgər dahi riyaziyyatçıya rast gəlsəm, onu sevərəm.

   - Görüm səni ona rast gəlməyəsən...

   Arvadım "sağalacaqsan, mütləq sağalacaqsan" deyir, mən onun gözəl yalanlarına inanmıram. Dünyanı gəzib dolaşmaq, istədiyim yerdə yaşamaq arzusundaydım, amma xəstəlik beynimi deşirdi...

 

   (ardı var)

 

  Adil Mirseyid

 

  Ekspress.- 2011.- 14-16 may.- S. 14.