Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən şənbə saylarımızda)

 

   Bağırov və  Cəbrayıl Ələsgərov

 

   Cəbrayıl Ələsgərovun arvadı Zəminiyə Səlim qızı Ələsgərova 1913-cü ildə Bakıda anadan olmuşdu. M.Əzizbəyov adına indiki Neft Akademiyasının neft-mədən fakültəsini bitirdikdən sonra 1935-ci ildən başlayaraq, Stalin adına Bakı neftayırma zavodunun baş laboratoriyasının laborantı, sonra isə rəisi vəzifəsində çalışmışdır. 1940-cı ildə partiya sıralarına qəbul edilmişdir. "Şərəf Nişanı" ordeni ilə təltif olunmuşdur. Ancaq illər keçsə də, bir-birini tələbəlik vaxtından sevən canbir ər-arvad körpə səsinə həsrət qalmışlar... Əri Mərkəzi Komitədə işləyəndən sonra ondan ən böyük arzusunu gizlətməmişdir: cəbhədə qəhrəmanlıqla həlak olmuş qayınlarının balalarına himayədarlığı öhdəmizə götürək... Belə də olmuşdur. 1944-cü ilin əvvəlində Cəbrayıl Ələsgərov yeni vəzifəyə göndərilərkən doldurduğu şəxsi vərəqənin "ailə vəziyyəti" hissəsində yazmışdır: ailəmin tərkibi: arvadım, anam, qayınanam, cəbhədə həlak olmuş qardaşlarımın yeddi balası.

   Mir Cəfər Bağırovun 1944-cü il yanvarın 11-də imzaladığı rəsmi sənədlə tanış olun:

   "Azərbaycan SSR Xalq Maarifi Komissarlığının kadrlar üzrə nazir müavini barəsində

   Ələsgərov Cəbrayıl Ağəli oğlu, 1931-ci il noyabr ayından ÜİK(b)P üzvü, partiya bileti nömrəsi 1470389, Azərbaycan SSR Maarif nazirinin kadrlar üzrə müavini təsdiq edilsin.

   ÜİK(b)P MK-dan xahiş olunsun ki, bu qərarı təsdiq etsin.

   Azərbaycan K(b)P MK katibi M.C.Bağırov.

   Bakı, 11 yanvar 1944-cü il."

   Bir neçə ay ərzində xalq maarif komissarı Mirzə İbrahimovla kadrlar üzrə müavin arasında səmimi və qarşılıqlı dostluq münasibətləri yaranmışdır. 1944-cü il aprelin 3-də nazir və onun müavini Mərkəzi Komitənin büro iclasına dəvət edilmişlər. Mir Cəfər Bağırovun təşəbbüsü ilə Təbriz şəhərində onillik məktəb açılması barədə "qərar" qəbul edilmişdir. Məktəbin direktoru vəzifəsinə maarif nazirinin müavini Cəbrayıl Ağəli oğlu Ələsgərov təyin edilmişdir. C.Ələsgərov Güney Azərbaycanda 1947-ci il aprel ayınadək işləmişdir. Təbrizdə doğma azəri dilində pulsuz orta məktəbin direktoru, eyni zamanda, SSRİ Baş Konsulluğunun Təbrizdəki nümayəndəsi vəzifəsində çalışmışdır. 1947-ci ilin aprelində Güneydən Qüzeyə qayıtmış Vətən oğlu Mir Cəfər Bağırovun xeyir-duası ilə yenidən xalq maarifi sahəsində məsul vəzifəyə təyin edilmişdir. Bu dəfə yeni nazirin - Məmməd Ələkbərovun (Mirzə İbrahimov Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə irəli çəkilmişdi - T.Q.) kadrlar üzrə müavini olmuşdu.

   1951-ci il may ayının 14-də Mir Cəfər Bağırovun tövsiyəsi ilə nazir müavini Mərkəzi Komimtəyə məsul vəzifəyə təsdiq olunmuşdur. Bu barədə MK-nın 14 may 1951-ci il tarixli qərarında deyilir:

 

   "C.A.Ələsgərov barədə

 

   Cəbrayıl Ağəli oğlu Ələsgərov yoldaş Azərbaycan SSR Xalq Maarifi Nazirinin müavini vəzifəsindən azad olunmaqla, Azərbaycan KP MK-nın Məktəblər Şöbəsinin müdiri təsdiq edilsin.

 

   Azərbaycan KP MK katibi M.C.Bağırov.

   14 may 1951-ci il".

 

   Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində 1951-ci ildə M.C.Bağırovun tapşırığı ilə respublikanın təhsil müəssisələrində Məktəblər Şöbəsinin müdirinin bilavasitə iştirakı ilə aparılmış yoxlamalara dair arayışlar saxlanılır. 1951-ci il noyabrın 15-də M.C.Bağırova ünvanlanmış geniş arayışın bəzi hissələri ilə tanış olun:

 

   "Azərbaycan K(b)P MK katibi M.C.Bağırov yoldaşa

 

   Azərbaycan dəmir yolu məktəblərində təlim-tərbiyə işin vəziyyəti yoxlanılmışdır. Hazırda respublikada dəmir yolu sistemində 44 məktəb fəaliyyət gösərir ki, bunlarda 553 nəfər pedaqoq çalışır. Yoxlamadan müəyyən edildiyi kimi, onların arasında pedaqoq adına ləkə gətirən şəxslər də vardır. Məsələn, Ləki stansiyası 18 nömrəli yeddiillik məktəbin direktoru Allahverdiyev Əli Aşur oğlu 1934-cü ildə partiya sıralarından xaric edilmişdir. Onun doğma qardaşı sosialist mülkiyyətini mənimsədiyinə görə, əmisi oğlu ölüm hadisəsinə görə həbsdə olmuşlar. Ə.A.Allahverdiyevin özü isə vəzifəsindən sui-istifadə edir.

   Azərbaycan Dəmir Yolu İdarəsinin şöbə rəisi F.Ə.Əlizadə 1950-ci ilin yanvar ayında xalası qızı Rübabə Bağırovanı Bakıdakı 9 nömrəli orta məktəbin direktoru təyin etmişdir. Onun pedaqoji təhsili yoxdur. F.Əlizadənin doğma bacısı C.A.Cəfərova isə Ucar stansiyası uşaq baxçasının müdiridir.

   Pedaqoji kadr adını ləkələyənləri cəzalandırmaq əvəzinə, F.Əlizadə bəzən belələrini qanadı altına alır. Məsələn, Naxçıvan stansiyası 23 nömrəli məktbin direktoru S.Musayev 1946-cı ilin oktyabrında təhsili barədə sənədlərinə özbaşına düzəlişlər etdiyinə görə vəzifəsindən kənarlaşdırılmışdı. S.Musayev məsuliyyətə cəlb olunmaq əvəzinə Culfa, Saatlı və Hacıqabul stansiyaları məktəblərində pedaqoq işləmişdir. Dəmir yolu məktəblərində "səyahət edən" S.Musayev 1950-ci il yanvarın 23-də Ələt stansiyası 29 nömrəli məktəbin direktoru təyin edilmişdir. Burada S.Musayev yeni mənimsəmə üsulları tapmışdır: dərslikləri baha qiymətə sataraq gəlir əldə etmişdir. Bundan əlavə, müəllimlərin aylıq məvaciblərindən də "pay" götürmüşdür. Təəccüblüsü budur ki, Azərbaycan Dəmir Yolu Ələt Siyasi Şöbəsi S.Musayevin davranışını öz iclasında müzakirə edərkən, müqəssirə xəbərdarlıqla kifayətlənmişdir. Biləcəri dəmir yolu stansiyası 7 nömrəli orta məktəbin direktoru B.Əliyev 1951-ci il iyul ayında onuncu sinif şagirdi Q.Jeqlova qanunsuz olaraq kamal attestatı, Biləcəri deposunun maşinisti P.Xəlilova yeddiilliyi qurtarması barədə şəhadətnamə vermişdir.

   1950-51-ci tədris ilində Hacıqabul stansiyası 15 nömrəli məktəbə A.İbrahimov təyin olunmuşdur. O, Sumqayıt Rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsindən yarıtmaz fəaliyyətinə görə töhmət almaqla kənarlaşdırılmışdı. Yeni iş yerində də A.İbrahimov bəd əməllərini davam etdirmişdir. Onun direktoru olduğu məktəbin pedaqoqu A.P.Panitskaya məktəbin partiya təşkilatının katibi vəzifəsində olarkən ləyaqətsiz davranışına görə məktəb kollektivinin narazılığına səbəb olmuşdu. Partiya təşkilatçısı pedaqoq A.P.Panitskayanın birinci əri keçmiş ağqvardiyaçı olmuşdur, 1935-ci ildə təcrid edilmişdir. Bundan sonra A.Panitskaya bir neçə dəfə ərə gedib-boşanmışdır. 1950-ci ildən Saratov vilayətində arvadı və üç uşağı olan hərbi qulluqçu Q.İ.Semyonov ilə yaşayır.

   Hərbi qulluqçu Q.İ.Semyonov sərxoşluq etdiyinə, antisovet və şovinist çıxışlarına və pozğunluğuna görə partiya təşkilatının qərarı ilə ciddi töhmət almış, zabitlərin şərəf məhkəməsi Q.İ.Semyonovun Sovet Ordusu sıralarından xaric edilməsi barədə qərar qəbul etmişdir.

   Kirovabad stansiyası 21 nömrəli məktəbin idman müəllimi Prutyan Şovel Mixayloviç məişət pozğunudur, məktəb şagirdləri ilə kobud hərəkət edir. Məktəbin buraxılış gecəsi zamanı Prutyan spitrli içki içmiş, bu məktəbin (direktoru Zaxarovdur) məzunu Derequsa dörd dəfə bıçaq zərbəsi endirmişdir. Baş vermiş hadisədən xəbərdar olsalar da, məktəbin direktoru A.S.Zaxarov, habelə F.A.Əlizadə bu fövqəladə hadisə ilə əlaqədar heç bir tədbir görməmişlər.

   Azərbaycan Dəmir Yolu təhsil müəssisələri şöbəsinin rəisi F.A.Əlizadə rəhbər işçiyə yaraşmayan hərəkətlərə yol verir, tabeliyindəki işçilər və məktəb rəhbərlərinin ona yaltaqlıq etməsinə şərait yaradır. Bütün dəmir yolu məktəblərində 8 Mart günündə müəllimlərdən pul toplanılaraq hədiyyələr hazırlanır, F.Əlizadə nəinki buna etiraz edir, bəxşişləri (gümüş qaşıqları, qədəh və qabqacaq dəstləri və s.) həvəslə qəbul edir. Öz rəislərndən nümunə götürən direktor və bəzi pedaqoqlar da 8 Mart günü və onuncuların buraxılış mərasimi ərəfəsində şagirdlərdən qiymətli hədiyyələr qəbul edirlər".

   Azərbaycan K(b)P MK-nın Məktəblər Şöbəsinin müdiri Cəbrayıl Ələsgərovun təqdim etdiyi arayışla əlaqədar həmin il dekabrın 11-də M.C.Bağırov Mərkəzi Komitə Bürosu iclasının aşağıdakı qərarına imza atmışdır:

   "Azərbaycan dəmir yolu məktəblərində təlim-tərbiyə işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında

   1. Azərbaycan Dəmir Yolu təhsil müəssisələri şöbəsinin rəisi F.Əlizadə yoldaşın xəstələnməsi ilə əlaqədar məsələnin müzakirəsi təxirə salınsın.

   2. Azərbaycan Dəmir Yolunun rəisi A.Cəfərov yoldaşa, Dəmir Yolu Siyasi İdarəsinin rəisi A.Ənnağıyev yoldaşa, Azərbaycan K(b)P Dzerjinski rayon komitəsinin katibi V.Yeremeyev yoldaşa, Azərbaycan SSR Maarif naziri M.Ələkbərov yoldaşa tapşırılsın ki, yoxlama nəticəsində aşkara çıxarılmış nöqsanların tezliklə aradan qaldırılması və Azərbaycan Dəmir Yolu məktəblərində təlim-tərbiyə işinin kökündən yaxşılaşdırılması üçün təcili tədbirlər görsünlər.

 

   Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırov".

 

   Azərbaycan Dəmir Yolu təhsil müəssisələri şöbəsinin müdiri F.Əlizadə sağalaraq işə çıxdıqdan sonra, 1952-ci il dekabrın 25-də Mərkəzi Komitənin büro iclasında Cəbrayıl Ələsgərovun hazırladığı qərar layihəsi müzakirə olunub qəbul edilmişdir. 1937-ci-1941-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olmuş, Təbrizdə Azərbaycan türkcəsində orta məktəb açmış, Azərbaycan SSR Maarif nazirinin müavini işləmiş partiya işçisinin altmış il arxivdə saxlanılmış sənədində yazılanlar bu gün də Azərbaycanın təhsil müəssisələrində mövcud nöqsanlara qarşı mübarizə nümunəsi kimi səslənir. Qərarda deyilir:

   "Azərbaycan Dəmir Yolu təhsil müəssisələri şöbəsi tabeliyindəki məktəblərə nəzarəti başlı-başına buraxmış, onların işinə yarıtmaz rəhbərlik edir. Şöbənin inspektor və metodistləri məktəblərdə təlim-tərbiyə işinə dərindən nüfuz etmir, kadrların düzgün yerləşdirilməsinə biganə yanaşır, aşkara çıxarılmış nöqsanların aradan qaldırılmasına yönəldilmiş təsirli tədbirlər görmürlər. Məktəb direktorları və tədris hissə müdirləri müəllimlərin fəaliyyətinə nəzarət etmir, dərslərə baxış keçirmir, onlara metodik yardım göstərmirlər. Yoxlamadan müəyyən edildiyi kimi, bir çox məktəb müəllimləri dərslərə səthi hazırlaşır, tədris materialları olduqca maraqsız, quru bir şəkildə şagirdlərə çatdırırlar. Bir sıra məktəblərdə direktorlar və tədris hissə müdirləri əvəzçiliklə bir neçə yerdə işləyirlər, bəzi pedaqoqların həftəlik dərs yükü həddindən qat-qat çoxdur.

 

   Azərbaycan K(b)P MK qərara alır:

 

   1. Azərbaycan Dəmir Yolu İdarəsinin rəisi Cəfərov və Siyasi Şöbə rəisi Ənnağıyev yoldaşlardan tələb edilsin ki, dəmir yolu məktəblərinin işində mövcud olan nöqsanları aradan qaldırsınlar və 1952-ci il mart ayının 1-dək məktəb müəllimlərinin tərkibini ixtisaslı pedaqoqların hesabına yaxşılaşdırsınlar.

   2. Kadrların düzgün seçilib-yerləşdirilməsinə səthi yanaşdığına, israfçılığa və qohumbazlığa yol verdiyinə görə Azərbaycan Dəmir Yolu İdarəsi təhsil müəssisələri şöbəsinin rəisi F.Əlizadə yoldaş vəzifəsindən kənar edilsin.

   3. Azərbaycan SSR Maarif Nazirliyinə (M.Ələkbərov yoldaşa) bir vəzifə olaraq tapşırılsın:

   a) dəmir yolu məktəblərinə metodiki kömək göstərilməsi gücləndirilsin, Nazirliyin sistemindəki məktəblərlə dəmir yolu məktəbləri arasında iş təcrübəsi mübadiləsi geniş yayılsın:

   b) Respublikada keçirilən tədbirlərə (pedaqoji qiraət, məktəb işinə həsr olunmuş müşavirələr və b.k.) müntəzəm olaraq dəmir yolu məktəblərinin müəllimləri, direktor və tədris-hissə müdirləri cəlb olunsun.

   4. Azərbaycan ibtidai və orta məktəb işçiləri həmkarlar ittifaqları Mərkəzi Komitəsi (C.Orucova yoldaşa) bir vəzifə olaraq tapşırılsın ki, dəmir yolu məktəbləri müəllimləri arasında siyasi-tərbiyəvi və mədəni-kütləvi işlər genişləndirilsin, onlar üçün vaxtaşırı olaraq məruzə və mühazirələr təşkil olunsun, dəmir yolu məktəblərində çalışan pedaqoqlar müəlllimlər evinin tədbirlərinə və bədii özfəaliyyət dərnəklərinə cəlb olunsun, dəmir yolu məktəblərinin kollektivləri üçün ekskursiyalar təşkil edilsin və s.

   5. "Azərbaycan müəllimi" qəzetinin redaktoruna (Məhərrəmov yoldaşa) tapşırılsın ki, respublikanın dəmir yolu məktəblərində təlim-tərbiyə məsələlərinin işıqlandırılmasını təmin etsin.

   6. Azərbaycan Dəmir You İdarəsinin rəisi Cəfərov yoldaşın və Siyasi Şöbə rəisi Ənnağıyev yoldaşın nəzərinə çatdırılsın ki, onlar dəmir yolu məktəblərində siyasi-tərbiyəvi işin vəziyyəti üçün şəxsən məsuliyyət daşıyırlar.

   7. Cəfərov və Ənnağıyev yoldaşlara tapşırılsın ki, bu qərarın yerinə yetirilməsinə dair 1952-ci il mart ayının 1-dək MK-ya hesabat təqdim etsinlər".

 

   (ardı var)

 

 

   Teyyub Qurban

 

   Ekspress.- 2011.- 14-16 may.- S. 15.