Vaqif gəlib, Vaqif getdi...

 

Sovetin can verən vaxtlarıydı. Vaqif İbrahimoğlu bir görkəmli sənətkar haqda qeyri-ənənəvi biçimdə bəh-bəhlə dolu yazı qələmə almışdı. Onun seçdiyi qəhrəman bu gün həyatda yoxdu mənə əziz sənətkardı deyə, adını çəkmirəm. Yazıyla bağlı ona giley-güzar elədim: təriflər gözümə həddindən artıq görünmüşdü.

Cavanlıq idi, elə bilirdik hər şeydən xəbərdarıq. Hərçənd mən elə əvvəldən siz deyən dəli-dolu yekəbaş işlərdən uzağıydım. Bəlkə yazı müəllifinə heç bir reaksiya verməyəcəkdim, indi haqq dünyasında olan bir qocaman sənətkar məni qızışdırmışdı.

Heç yadımdan çıxmaz, o zaman indiki yaşımda olan Vaqif müəllim fikirlərimi diqqətlə dinlədi, öz mövqeyindən yarımca addım geri çəkilmədən mənim qənaətimə hörmətlə yanaşdığını bildirdi. biz beləcə dostlaşdıq...

1992-ci ildə Vaqif İbrahimoğlunun qurucusu olduğu "Yuğ" teatrı dövlət statusu aldı, üç il eksperimental studiya kimi fəaliyyət göstərən teatr müstəqilliyə çıxdı. "Yuğ"a ayrıca yer nəzərdə tutulsa da, uzun illər ora yığışmaq arzu olaraq qaldı. Vaqif müəllim ta 2003-cü ilin yayınacan Milli Dram Teatrının dördüncü mərtəbəsində - məşhur kiçik səhnə deyilən məkanda tamaşalar qoymaq oynamaq məcburiyyətini yaşadı, onun arzuları kiçik səhnənin böyür-başındakı iki-üç otağa sığmasa da.

   O illərdə bu binadan aşağı düşmək, "Azdrama"nın arxasına keçib, Murtuza Muxtarov küçəsindəki vaxtilə mədrəsə hamam kimi tanınmış yerdə qərarlaşmaq ən böyük arzusuydu onun... Amma Milli Teatrdakı kirayənişin həyatda şəxsən Vaqif müəllim üçün iki ürəkaçan məqam vardı. Birincisi, kiçik səhnənin pəncərələri Füzuli meydanına açıldığından istər-istəməz hər gün arxası teatra olan dahi şairin heykəlini seyr edirdi. Azı gündə iki dəfə - işə gələndə gedəndə özünə qibləgah bildiyi Füzulinin daşlaşmış obrazıyla salamlaşırdı. İkinci özəl məqamsa, rəhmətlik Həsən Turabovla gündəlik təmasıydı. Vaqif İbrahimoğlu darmacal vaxtda belə, mütləq bir dəfə öz hücrəsindən çıxıb Milli Teatrın bədii rəhbəri direktoru Həsən müəllimin otağına baş çəkməliydi. İki dünya bir olsa da, qayda pozulmazdı. o, tək-tük adamlardanıydı ki, icazəsiz-filansız "Turabın otağı"na girmək "hüquq"u qazanmışdı.

Əksəriyyətin qaraqabaq, pərdə saxlayan, ağır xasiyyətli adam kimi tanıdığı Həsən müəllim ondan yaşca xeyli kiçik Vaqifin bir sözünü yerə salmazdı ən kefsiz vaxtlarında da dodağına təbəssüm qonardı. Sənətinə, insanlığına yüksək dəyər verdiyi rejissor onun damarını tutmağı bacarırdı.

1993-cü ilin yazında "Press fakt"da işləyirdim bu qəzetin sayəsində Vaqif İbrahimoğluyla dostluğumuz daha da möhkəmləndi. O, mənəvi iqlimimizin sinoptiki vəzifəsini boynuna götürmüşdü - "Press fakt"da "Hava haqqında" rubrikası aparırdı. Bir neçə il beləcə davam elədi. Maraqlı günləriydi...

1999-cu ildə Milli Dram Teatrında mətbuat katibi vəzifəsində çalışmaq təklifi aldım. Təşəbbüsün müəllifi Vaqif müəllimiydi. Həsən Turabovdan qabaq təklif ondan gəlmişdi. O çağacan mətbuat katibi təcrübəsini yaşamayan Azərbaycan teatrında "ayaqaçdı" öhdəsinə götürən Milli Teatrda bu məsələ müzakirə olunmuşdu. Məni yaxşı tanıyan Həsən Turabova bu yerə ən layiqli namizəd kimi adımı söyləyən Vaqif İbrahimoğlu dərhal razılıq cavabını almışdı.

Bunun ardınca bizim üçlükdə görüşümüz yadımdadı. O da yadımdadı ki, teatr-mətbuat əlaqələrinin nizama salınması istiqamətində təkliflərimin həyata keçirilməsində rejissor mənə köməkliyini əsirgəmirdi....

Vaqif İbrahim oğlu Həsənov - onun kimliyi şəxsiyyət vəsiqəsində beləcə rəsmiləşib. Sənət dünyasına, tariximizə isə Vaqif İbrahimoğlu adı ilə düşdü: orijinal fikirləri, cərçivəsiz dünyagörüşü, dəyişməz əqidəsi, tükənməz fantaziyası, hazırcavablığı, hadisələrə təhlilli, ironik yanaşma tərzi bütün bunlara görə çoxlarının tam anlamadığı, mübahisə doğuran fərd sənətkar vəhdətinin parlaq nümayəndəsi kimi.

Vaqif müəllimin köç xəbərini internetdən aldım. Onunla bağlı indi cücərən fikirlərimisə kağıza etibar eləmək fikrindəyəm. Qəzet, jurnal salnamədi. Dünyanın qloballaşmasına, internetin həyatımıza hökmranlığına rəğmən, kağızın canına hopan yazılar yaşayır bizi duyğulandırmaqda davam edir. Bir sıra məsələləri çözməkdə Vaqif İbrahimoğlusuz yalqız qalacağımızdan sarı çətinliyimizi başa düşdüyümüzdən hamını agah etməyin ən etibarlı yolunu da beləcə görürəm. Axı, itirdiyimiz sadəcə rejissor deyildi, fikir adamı, ziyalı, səni anlayacaq həmsöhbət idi.

Dünyaya Vaqif gəlib, elə beləcə vidalaşan Vaqif idi...

  

 

Seymur Elsevər

 

Ekspress.- 2011.- 18 may.- S. 10.