Ən gözəl
"Eurovision" Azərbaycanda
keçiriləcək
Nigar Camal və Eldar Qasımov mətbuat konfransı keçirdi
Dünən
İctimai Televiziyada (İTV) "Eurovision-2011" müsabiqəsinin
nəticələrinə həsr edilən mətbuat
konfransı keçirildi.
Tədbiri açan
İTV-nin baş direktoru İsmayıl Ömərov hələ
də final gecəsinin
həyəcanından
ayılmadığını bildirdi:
"Bu gün biz sevinc, bayram içindəyik. Qələbə var ki, bir diyarın sevincidir, amma bizim bu qələbəmiz
bütün türk dünyasının sevincidir.
Bu sevinci bizlərə
Eldar və Nigar bəxş edib. Hisslərimi ifadə etmək
üçün sözün
gücü yoxdur və söz tapmaq çox çətindir. İllərdir arxasınca qaçdığımız,
inanılmaz gördüyümüz
zirvəyə ucaldıq.
14 may -Azərbaycan tarixinə
qızıl hərflərlə
yazıldı. Hər şeyin
əsası seçimdən
asılıdır. Bu seçimi edən, bu qərara gələn münsiflər
heyətinə təşəkkür
edirəm. Münsiflər heyətinin seçimi zamanı böyük tərəddüdlər oldu,
ancaq çox düzgün qərar verildi. Bu, ideal seçim idi. Artıq bu, bütün dünyanın seçimidir".
Baş direktor qeyd etdi ki,
"Eurovision"a 2012-ci ildə ev sahibliyini təsdiqləyən
sənəd artıq Azərbaycana təqdim edilib: "Bu
gün bizə zəng vurdular. Gələn ayın 20-də Cenevrədə
EBU-nun mərkəzi ofisində
yarışmanı harada
və necə keçirməklə bağlı
məsələlər müzakirə
olunacaq.
Əminəm ki, yarışmanın
ən gözəl və təmtəraqlısı
məhz Azərbaycanda
keçiriləcək".
"Eurovision-2011" müsabiqəsinin
qalibi Eldar Qasımov çıxışına
qələbə münasibətilə
bütün türk dünyasının təbrik
etməklə başladı:
"Bu tək bizim yox, hamımızın qalibiyyətidir. Əgər
nə isə çatışmasaydı, o zaman
istəyimizə nail ola bilməzdik. Çox sağ
olun ki, bizə inandınız".
Nigar Camal isə onlara
inanan və etibar edən hər kəsə təşəkkürünü
ünvanladı və Azərbaycan xalqını qələbə
münasibətilə təbrik etdi: "Əlimdə türk
bayrağı tutmuşdum. Bütün
Türk dünyasını
təmsil etdiyimiz üçün səhnəyə
bu bayraqla çıxdım.
Bu o deməkdir ki, biz doğrudan da bir millət,
iki dövlətik.
Əgər bu yarışmada
təmsilçilik hüququnu
yenə bizə versələr, Azərbaycana
ikinci dəfə bu qələbəni bəxş edərik".
Daha sonra KİV nümayəndələrinin
sualları cavablandırıldı.
Ermənistanın
Bakıda keçiriləcək "Eurovision-2012"
müsabiqəsində iştirak edib-etməyəcəyi ilə
bağlı sualı cavablandıran İsmayıl Ömərov
hələlik bu barədə heç nə deyə bilməyəcəyini
qeyd etdi: "Ermənistan təmsilçisinin bu
yarışmada iştirakına gəldikdə, mənə məlumat
veriblər ki, ermənilərə bununla bağlı sual
verilib və onlar müsabiqəyə
qatılmayacaqlarını bildiriblər. Əgər onlar bu fikirdədirsə, buna çox təəssüf
edirəm.
"Eurovision" yarışması
insanları humanizmə
çağıran müsabiqədir.
Biz ayrıca heç
kəsi dəvət etmirik. Bu, çox
uzun bir prosesdir və burada ciddi qaydalar
var, biz bütün bu qaydalara əməl
edirik".
İ.Ömərov budəfəki
müsabiqəyə xərclənən vəsaitin məbləğinə
toxunaraq bildirdi ki, Azərbaycan təmsilçilərinin bu il
keçirilən "Eurovision" müsabiqəsində
iştirakına ötən ildəkindən az vəsait xərclənib.
"Azərbaycanın
müsabiqədə iştirakı neçəyə başa
gəlib" sualına cavab olaraq İ.Ömərov hələlik
konkret hesablama aparılmadığından, bu barədə
yaxın gələcəkdə açıqlama veriləcəyini
dedi.
Müsabiqədə məğlub
olan ölkə təmsilçilərinin Azərbaycanın qələbə
qazanmasını maliyyə ilə bağlamaları barədə
yanaşmaya münasibət bildirən İctimai Teleradionun
direktoru bunu "məğlubiyyətə
dözümsüzlük" kimi qiymətləndirdi:
"Onlar bu qələbəni həzm edə bilmirlər. Sizlərdən də xahiş
edirəm ki, maliyyə məsələsinin
üstünə bu qədər getməyin. Bu qələbə Azərbaycan mədəniyyətinin,
musiqisinin, Eldar və Nigarın qələbəsidir. Eldar və
Nigara əsas rəqib kimi yanaşırdılar. Bu da sübut olundu".
Qeyd edək ki, Azərbaycanın
2010-cu ildə Norveçdə keçirilən
"Eurovision" müsabiqəsinə 1 milyon 564 min manat vəsait
xərclədiyi açıqlanıb.
Daha sonra Eldar Qasımov
"Eurovision" səhnəsində nümayiş etdirdiyi əl
işarəsinə aydınlıq gətirərək bildirdi
ki, bu "mən sizi sevirəm" deməkdir". O,
nümayiş etdirdiyi işarənin müxtəlif cür
yozulmasına lüzum görmədiyini vurğuladı.
Daha sonra Eldar qeyd etdi ki, hələ
də anası ilə görüşməyib: "O qədər
tədbir var ki, hələ ki, anamla görüşməyə
imkan tapmamışam".
E.Qasımov onu da qeyd etdi
ki, muğam dərsləri almağı planlaşdırır.
İsmayıl Ömərov
"Eurovision-2011"-də qalib gələn təmsilçilərimizin
mükafatlandırma mərasimi zamanı səhnəyə Azərbaycan
bayrağı ilə deyil, yalnız Türkiyə
bayrağı ilə çıxmalarına da münasibət
bildirdi. İ.Ömərov vurğuladı ki, Azərbaycan təmsilçiləri həyəcanlı
olduqları üçün
səhnəyə Türkiyə
bayrağı ilə çıxıblar.
Onun sözlərinə görə,
Nigarın əlində
Türkiyə bayrağı
olub, Azərbaycan bayrağı isə Eldarın əlində olmalı idi. Lakin Eldar həyəcanlandığından,
ona tapşırılan
vəzifəni unudub.
"Həyat yoldaşım Böyük Britaniya vətəndaşı olan
türkdür.
Türkiyə bayrağı
ilə səhnəyə
çıxmağımla onu
göstərmək istədim
ki, bu, bütün
türk dünyasının
qələbəsidir", -bu sözləri də Nigar Camal
deyib.
"Azərbaycanın
müxalifət liderləri
ilə görüş
təklifini qəbul edərsinizmi" sualına
isə Eldar və Nigar belə
cavab veriblər: "Hər kəslə görüşməyə hazırıq.
Niyə də olmasın?".
Təmsilçilər
ötən gün Türkiyənin "Star"
telekanalında yayımlanan proqramda suallara cavab verdiklərini də
qeyd ediblər.
Rusiya mətbuatında yer
almış "Running Scared" mahnısının plagiat
olması ilə bağlı iddialara gəlincə,
İ.Ömərov ictimaiyyəti bu cür təxribatlara
uymamağa çağırdı.
Mətbuat konfransında o
da məlum oldu ki, Eldarla Nigar yaxın gələcəkdə
Türkiyəyə səfər edəcəklər. Onlar eləcə də bu yaxınlarda
Almaniyaya gedəcəklərini
qeyd etdilər.
Bir çox ölkələrdən
dəvət aldıqlarını deyən "Eurovision"
qalibləri gələcəklə bağlı bir sıra
planları olduğunu söylədilər. Nigar Camal ona filmə
çəkilmək təklifi gəlsə, buna razılıq
verəcəyini bildirdi.
Konfransın sonunda Eldar və
Nigar qalibiyyətdən sonra "Esprit Arena"da oxuduqları
Müslüm Maqomayevin "Ey əziz anam, Azərbaycan"
mahnısını və ölkəmizə qalibiyyət gətirən
"Running Scared" mahnısını ifa etdilər.
İltifat Hacıxanoğlu
Ekspress.-
2011.- 18 may.- S. 23.