"Beş
ildən bir özümə hesabat verirəm"
Sabir
Rüstəmxanlı: "Hər yaşın həm özəlliyi,
həm də gözəlliyi var"
"Mənim
üçün 65-lə 45 yaş arasında elə bir fərq
yoxdur"
Sabir Rüstəmxanlı 1946-cı il
mayın 20-də Yardımlının Hamarkənd kəndində
anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə
onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1968-ci
ildə oranı fərqlənmə diplomu ilə bitirib. Əmək
fəaliyyətinə tələbəlik illərindən
başlamış, 1967-ci ildə Azərbaycan
Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat
və incəsənət" qəzetində işə qəbul
edilib. 1978-ci ilədək bu qəzetdə xüsusi müxbir və
şöbə müdiri, 1978-1989-cu illər arasında isə
"Yazıçı" nəşriyyatının baş
redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi,
publisistik yazı çap etdirib. İlk kitabı 1970-ci ildə
nəşr edilib. Kitabları Azərbaycanın yüksək ədəbi
ödüllərinə layiq görülmüş, onun
adını bütün türk dünyasında və əski
Sovetlər Birliyində tanıtdırmışdır.
"Ömür kitabı" adlı əsəri Azərbaycanda
xalqın milli və yurdsevərlik duyğularının
oyanmasında ciddi rol oynamış və 1988-ci il milli
azadlıq hərəkatının mənəvi təməllərindən
biri olub. "Tanımaq istəsən", "Xəbər
gözləyirəm", "Gəncə qapısı",
"Sağ ol, ana dilim!", "Qan yaddaşı",
"Zaman məndən keçir" və sair kimi şer
kitablarının, "Bütövlük", "Didərginlər",
"Cavad xan", "Orxonla görüş"
poemaların, "Bu sənin xalqındır" publisistik
yazılarından ibarət əsərin, "Atamın
ruhu", "Xətai yurdu", "Göy Tanrı",
"Ölüm zirvəsi (Cavad xan)", "Difai Fədailəri"
romanlarının müəllifidir.
S.Rüstəmxanlı
1988-ci ildə başlanan milli azadlıq hərəkatının
ilk təşkilatçılarından və liderlərindən,
Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri
olub. 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet
olan "Azərbaycan"ı təsis etmiş, iki il onun
baş redaktoru (baş yazarı) olub. 1990-cı ildə Azərbaycan
Xalq Cəbhəsindən Parlamentə deputat seçilmiş,
Demokratik deputat fraksiyasının həmsədri,
Qaçqınlarla iş komissiyasının sədri, Azərbaycanın
Müstəqillik Aktının müəlliflərindən
biri olub. 1991-1995-ci illərdə Mətbuat və İnformasiya
naziri vəzifəsini icra edib. 1992-ci ildə VHP-ni yaradıb və
bu günə qədər partiyanın sədridir.
Hazırda Milli Məclisin
deputatıdır.
Tutduğu
vəzifəni, daşıdığı titulları
sadalamağa ehtiyac belə yoxdur. O, hamının
tanıdığı və sevdiyi bir şəxsdir. O şəxs
ki, illərdi dünya azərbaycanlılarının cəm
olması üçün çalışıb-vuruşur.
Söhbət Sabir Rüstəmxanlıdan gedir. Bu gün o, 65
yaşını tamamlayır. "Ekspress" qəzetinin
kollektivi adından xalq şairi, millət vəkili S.Rüstəmxanlını
təbrik edir, onu oxucularla baş-başa buraxırıq.
- 65
yaş. Bu yaş konkret olaraq Sabir Rüstəmxanlı
ömrünün hansı dövrüdür?
- Desəm
ki, 40-ın, 50-nin, 60-ın arasında fərq yoxdur, bu
doğru olmazdı. Hər yaşın həm özəlliyi,
həm də gözəlliyi var. Təbii ki, 65 yaş
düşüncə idmanı üçün, məsələn,
şahmat oynayan bir insan üçün ağır
yaşdır. Amma yaradıcı insan bu yaşda
yarımçıq qalan bir çox işləri başa
çatdırmaq istəyir. Bu yaşda müəyyən qədər
vaxtı olur. Baxmayaraq ki, mənim bu yaşda da elə boş
vaxtım olmur. Demək olar ki, 20 ildən artıqdır eyni
rejimdə işləyirəm. Buna görə də deyə
bilərəm ki, mənim üçün 65-lə 45 yaş
arasında elə bir fərq yoxdur. Və bir qayda olaraq beş
ildən bir özümə hesabat verirəm. Ötən
beş ildə nələri etdim, nələri
çatdırmadım. Bu, həm də növbəti
beşillik üçün bir öhdəlikdir.
"Bütün qitələri gəzmişəm,
Antarktidadan başqa..."
- 20 il əvvəl
Sabir Rüstəmxanlı şair və publisist idi. Hazırda
isə Xalq şairi, publisist olmaqla yanaşı, Vətəndaş
Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin
üzvü, Dünya Azərbaycanlıları Konqresinin həmsədri...
İndi özünüzə beşillik hesabat verərkən
bunları necə sıralayırsınız?
- Əgər
20 il əvvəl hesabat verərkən, bu daha çox
yaradıcılıq üzərinə köklənirdisə,
indi sənin sadaladıqlarından da görünür ki, fəaliyyət
sahəsi çoxşaxəlidir. Ona görə də son
beş ildə daha çox vaxtımı DAK-a sərf etmişəm.
Son illər demək olar ki, bütün qitələri gəzmişəm,
Antarktidadan başqa... Əvvəllər məni ədəbi
coğrafiyalar daha çox çəkirdi. Ədəbi əlaqələr
zamanı tanış olduğum insanlarla görüşmək,
ədəbi, tarixi yerləri ziyarət etmək, böyük
insanlarla görüşmək, dünya ədəbiyyatına,
mədəniyyətinə möhürünü vurmuş abidələri
görmək və s. Ancaq DAK-da olan fəaliyyətimiz məcbur
edir ki, maraqlı olub-olmamasına baxmayaraq bütün ölkələrə
üz tutaq. O ölkələrdəki
soydaşlarımızı arayıb-axtaraq. Onların vəziyyəti,
təşkilatlanma səviyyəsi ilə tanış olaq. Və
onları Azərbaycanın ümummilli problemləri həlli ətrafında
səfərbər edək. Bu səfərlər heç də
hər dəfə maraqlı olmur. Çox yorucudur. Təsəvvür
elə, 20-22 saat təyyarə ilə Avstraliyaya yol gedirsən.
Amma çox şərəfli bir işdir. Milli işdir.
Dediyiniz digər işlərlə onsuz da Azərbaycanda
hamı məşğul olur. Siyasətçisi də var,
deputatı da, şairi də, publisisti də. Ancaq indiki
yaşımda bu fəaliyyət - millətimizin
gücünün səfərbər olunması işi məni
daha çox özünə çəkir. Çünki bu
hisslər bütövlük, millətin, vətənin birliyi
cavanlığımdan bəri yaşadığım hisslərdir.
Hesabatımda ikinci sırada gələn isə
yaradıcılıq işləridir. Bu yaxınlarda təqdimatı
keçirilən "Difai fədailəri" son illər
vaxtımı çox aldı.
- "Difai
fədailəri"ndən söz düşmüşkən,
Sizin ssenariniz əsasında hazırlanmış
"Cavadxan" filmi böyük əks-səda yaratdı.
"Difai fədailəri"nin film kimi çəkilməsini
nəzərdə tutursunuzmu?
- Bu əsər
haqqında çoxlu yazılar çap olunub. Azər Həsrət
yaxşı bir yazı yazmışdı, ona buradan təşəkkür
edirəm. Mən əslində "Difai fədailəri"ni
film üçün işləyib Mədəniyyət və
Turizm Nazirliyinə təqdim etmişdim. Amma təəssüf
ki, nazirlik həmin ssenarini qəbul etmədi.
- Səbəb
nə göstərildi?
- Heç
bir səbəb göstərilmədi.
"Bəzi rayonlarda "Cavadxan"ın göstərilməsinə müqavimət var"
- Məncə,
"Difai"nin fəaliyyətini əks etdirən bir film
böyük marağa səbəb ola bilərdi. Xüsusən
nəzərə alsaq ki, gənc nəsil belə filmlərə
meyllidir...
- Bəli,
bu gün millətə "Difai" lazımdır. Əgər
bizim torpaqlarımız işğal altındadırsa,
Qarabağda terrorla məşğul olmuş bir terrorçu
gedib Ermənistanda prezident olursa, "Difai" bizə gərəkdir.
Gənclik o duyğunu mütləq mənimsəməlidir.
Ancaq nədənsə, onun film kimi çəkilməsinə
razılıq verilmədi. İnanıram ki, bir müddətdən
sonra, yaxud gələcəkdə "Difai"yə müraciət
olunacaq. Biz Mədəniyyət və Turizm Nazirliyinə
müraciət etdik ki, "Cavadxan" filminin rayonlarda göstərilməsinə
başlayaq. Bir neçə rayonda bunu etdik. Ancaq
maraqlıdır ki, bəzi rayonlarda "Cavadxan"ın
göstərilməsi ilə bağlı müqavimətlə
rastlaşdıq. Sanki hansısa gözəgörünməz
qüvvələr bu filmin rayonlarda nümayiş
olunmasının qarşısını alır.
- Hansı
rayonlarda? Ad çəkə bilərsinizmi?
- Məsələn,
Sumqayıtda.
- Bunun da səbəbini
bilmirsiniz?
- Yox, bilmirəm.
Mən Müdafiə Nazirliyinə də müraciət
etmişdim ki, "Cavadxan" filmi Azərbaycan əsgərlərinə
göstərilsin. Çünki əsgərin
hazırlığı yalnız fiziki və taktiki cəhətdən
olmur. Bir əsgərin hazırlığı həm də
psixoloji hazırlıqla tamamlanır. Bəlkə də
psixoloji, ideoloji hazırlıq daha öndədir. Bu gün Azərbaycan
ordusunun maddi və texniki təchizat baxımından çox
gücləndiyini deyirlər. Çox gözəl. Ancaq bu
psixoloji hazırlıqla paralel aparılmırsa, hansı gücdən
danışmaq olar. Əgər əsgər kitabxanaları
boşdursa, əsgərlərə yalnız Azərbaycan teleməkanındakı
milli aşınmaya səbəb olan verilişlər göstərilirsə,
nədən danışırıq. Təəssüf ki,
Müdafiə Nazirliyi mənim bu müraciətimə indiyədək
cavab verməyib. Niyə belə oldu, bilmirəm.
- Sonuncu
publisist yazınız səhv etmirəmsə, bir neçə
ay öncə İranın ali dini lideri Xamneyiyə məktub
idi. Yazılarınız arasındakı zaman məsafəsi
Sizi qane edirmi?
- Həqiqətən
də, sonuncu publisistik yazım Xamneyiyə məktub olub. Bu
yaxınlarda isə Yaponiyadakı zəlzələ ilə
bağlı "Sunami" adlı bir roman yazdım.
Publisistika böyük sənətdir və ona ehtiyac var. Mən
də hesab edirəm ki, publisistikaya son illər gec-gec müraciət
edirəm. Amma qarşıdakı dövrdə, inşallah,
publisistik yazıları daha çox yazmağı
düşünürəm.
"Bəzən, deyirlər ki,
parlamenti iqtidar seçir"
- 65 illik
ömrünüzün 20 ilini həm də Azərbaycan
parlamentinin üzvü kimi yaşamısınız. Ötən
20 illik deputat fəaliyyətinizə nəzər yetirərkən,
Sizin üçün hansı mənzərə canlanır?
- Kənardan
necə görünməyindən asılı olmayaraq bir
ölkənin parlamentində 20 il olmaq bir şərəf
işidir. Bəzən deyirlər ki, parlamenti iqtidar seçir.
Hakimiyyət necə hamını seçir ki, hakim partiyadan nə
qədər adam kənarda qalır? Bir də, hakimiyyət mənə
yardım etmiş olsa, mən səsimi itirərəm.
Mən
namizəd olduğum dairədən hər zaman insanların
sevgisini və etimadını görmüşəm. Fəaliyyətim
dövründə də çalışmışam ki,
onların etimadını doğrulda bilim, əlimdən gələni
edim.
Parlament fəaliyyətinin
ən maraqlı dövrü təbii ki, 90-cı illər idi.
1991-ci ilin sentyabrında bizi Moskvaya yığdılar. SSRİ
Ali Sovetinin sessiyasına. Məlum oldu ki, bu, Ali Sovetin sonuncu
sessiyasıdır. Bu, bizim gözümüzün
qarşısında 70 illik bir imperiyanın çökməsi
idi. Həmin tarixi anların şahidi olmaq böyük xoşbəxtlik
idi. Sonra biz 18 oktyabrda Azərbaycanın Dövlət Müstəqilliyi
Haqqında Konstitusiya Aktına səs verdik. Sonra Ayaz Mütəllibov
hakimiyyətdən getdi, milli qüvvələr hakimiyyətə
gəldi. Daha sonra Heydər Əliyevin ikinci hakimiyyət
dövrü başladı. Mən bütün bu proseslərin
qaynar yerində olmuşam. Ona görə də indi ilə
müqayisədə həmin dövrün parlamenti daha gərgin
idi. O zaman daha sərt çıxışlar edirdik.
- Bu il Sizin
üçün 65 illik yubileyinizdən başqa, həm də
dövlət müstəqilliyimizin 20 illiyidir. Sizinlə birlikdə
Müstəqillik Aktına imza atmış deputatlar indi
haqlarının tanınmamasından şikayətlənirlər...
- Müstəqillik
Aktının qəbul olunması tarixi hadisədir. Və bu sənədə
səs verənlər, imza atanlar bir tarix yazıblar. Müstəqil
Azərbaycanda o insanlara diqqət və qayğı
olmalıdır. Əslində, onların sayı elə də
çox deyil. Bu məsələdə Azərbaycan prezidenti
addım atmalıdır. Onların xidmətləri hansısa
formada qiymətləndirilməlidir. Ən məqbul olanı
onların təqaüdlərinin keçmiş deputat kimi
hesablanmasıdır. Bu, onlara böyük qayğı olar.
Bundan başqa, Müstəqillik Aktına səs verənlərdən
həbsdə olanlar var. Arif Hacılı bu akta səs verib. Mənə
elə gəlir ki, müstəqilliyimizin bərpasının
20 illiyində Arif bəy azadlığa
buraxılmalıdır. Baxmayaraq ki, bizim siyasi
baxışlarımızda fərqliliklər var, ancaq belə
tarixi məqamlar kiçik siyasi mübarizə hissələrinə
qurban verilməməlidir.
Aqil Camal
Ekspress.-
2011.- 20 may.- S. 5.