ABŞ-ın Azərbaycan "planı"
ABŞ-ın
Azərbaycandakı səfiri Metyu Brayza "Amerikanın səsi"
radiosuna müsahibə verib. Müsahibədə Amerika-Azərbaycan
münasibətləri, demokratiya, Dağlıq Qarabağ
münaqişəsi, Qəbələ RLS, Raket əleyhinə
müdafiə (RƏM) sistemi, neft kəmərləri,
"Nabucco" layihəsi və s. məsələlərə
toxunulur.
ABŞ Dövlət Departamentinin hesabatlarında Azərbaycanın
insan haqları, demokratik azadlıqlar, korrupsiya və s. məsələlərlə
bağlı tənqid edilməsinə toxunan jurnalist səfirdən
soruşub ki, Azərbaycan hökuməti ilə bu sahədə
müzakirələr aparılırmı?
Brayzanın sözlərinə görə, bu məsələləri
Azərbaycanın yüksək və ortasəviyyəli rəsmiləri
ilə, eyni zamanda parlamentdə müzakirə edib":Mən
vaxtımın çox hissəsini Azərbaycan hökumətindən
olan tərəfdaşlarımla demokratiya və insan
hüquqları məsələsinin müzakirəsinə həsr
edirəm. Əlbəttə, burada biz saxlanılmış
jurnalistlər və nümayişçiləri də əhatə
edirik. Onu da qeyd edim ki, ATƏT-in keçirdiyi təlimlərin
nəticəsində polis bu prosesdə, hətta onlardan
gözləniləndən daha yüksək səviyyədə
fəaliyyət sərgiləyib.
Biz fəaliyyətimizi tərəfdaşlıq ruhunda
qurmaqla istəyirik ki, Azərbaycan siyasi avtoritarizmlə islam
ekstremizmi arasında alternativ bir yol istiqamətində getsin -
biz bütün fəaliyyətlərimizi bu yöndə, bu
istiqamətdə qurmuşuq. Bu islahatlar qısamüddətli
baxışda bəzi insanlar üçün riskli
görünsə də, uzunmüddətli perspektivdə
sabitliyin bərqərar olunmasına kömək göstərir".
ABŞ Azərbaycan hökumətinin antikorrupsiya
kampaniyasını müsbət qarşılayır. "Azərbaycan
rəsmilərinin bu kampaniyanın ciddi xarakter
daşıması, dərinləşdirilməsi və
genişləndirilməsi barədə fikirlərini çox
müsbət qarşılayırıq. Biz bu təşəbbüsə
və kampaniyaya dəstək göstərmək
üçün əlimizdən gələni edəcəyik",-deyə
diplomat bildirib.
Səfir həmçinin bildirib ki, ABŞ tərəfi
Azərbaycanda sərbəst toplaşmaq
azadlığını həmişə dəstəkləyib
və Azərbaycan hökuməti nümayəndələri ilə
söhbətlərdə bu fikirləri daim diqqət mərkəzində
saxlayıb.
- Amerika-Azərbaycan münasibətlərinin əsas
prioritetləri olan demokratiya, təhlükəsizlik, enerji təhlükəsizliyi
sahəsində son dövrlərin uğurlu addımları nə
olub"
- Azərbaycan müstəqillik qazandıqdan sonra
çoxsaylı müsbət halları müşahidə etmək
mümkündür. Buna misal olaraq daxili islahatlar, təhlükəsizlik
və enerji sahəsindəki əməkdaşlığımızı
qeyd etmək olar. Daxili islahatlar sahəsində müşahidələr
bir az mürəkkəb xarakter kəsb edir. Xüsusilə,
iqtisadi islahatlar sahəsində Azərbaycanın
uğurları sırasında Holland sindromundan
qaçılmasını qeyd etmək olar. Burada neft gəlirlərinin
məqsədəuyğun şəkildə xərclənməsi
və Neft Fondu xüsusi rol oynayıb.
Siyasi islahatlar sahəsində müəyyən irəliləyişlərlə
yanaşı, geriləmələr də olub. Jurnalistlərin
və blogerlərin həm saxlanılması, həm də
azadlığa buraxılması halları baş verib. Biz əlimizdən
gələni etmək istəyirik ki, Azərbaycanda
insanların taleyini qanunun aliliyi müəyyən etsin. Azərbaycan
hökumətinin son dövrlər bəhs etdiyi və təşəbbüs
göstərdiyi antikorrupsiya sahəsindəki islahatlar
güclü vətəndaş cəmiyyəti tərəfindən
irəliyə doğru aparılmalıdır. Bu məqsədlərə
nail olmaq üçün hər gün mütəmadi və
davamlı islahatlar həyata keçirilməlidir.
Yeri gəlmişkən, Azərbaycanı
"Eurovision-2011" mahnı müsabiqəsində qələbə
qazanması münasibətilə ürəkdən təbrik
edirik. Hesab edirik ki, bu qələbə Azərbaycanın
özünə inamını gücləndirəcək,
artıracaq və islahatların müsbət istiqamətdə
inkişaf etdirilməsi üçün müsbət bir ruh
yüksəkliyi yaradacaq.
Enerji sahəsində əməkdaşlığımız
göz qabağındadır. Sadəcə ətrafa baxsaq,
görərik ki, bu genişmiqyaslı inkişaf və tikinti
işləri neft gəlirlərinin, Bakı-Tiflis-Ceyhan kəmərinin
hesabına baş verir.
Ümidvaram ki, Azərbaycan Avropanın təbii qaz təchizatının
şaxələndirilməsi üzrə Avropanın xəritəsində
müsbət dəyişikliklərə bir daha imkan yaradacaq.
Təhlükəsizlik sahəsində əməkdaşlığımıza
nümunə olaraq Azərbaycanın koalisiya qüvvələrinə
Əfqanıstan, İraq və Kosovoda göstərdiyi dəstəyi
qeyd etmək olar. Bununla yanaşı, Amerika qüvvələrinin
Əfqanıstandakı fəaliyyətinə Azərbaycanın
köməyini qeyd etmək və buna görə minnətdarlığımızı
bildirmək istərdim.
- Təhlükəsizlik sahəsində əməkdaşlıqla
bağlı son durumu necə qiymətləndirirsiniz? Artıq
iki ildir Azərbaycan ABŞ-la hərbi təlimləri təxirə
salır...
- ABŞ-Azərbaycan təhlükəsizlik əməkdaşlığı
yaxşıdır və xüsusilə son aylar ərzində
daha da yaxşı olub. Əlbəttə, bizim son birgə təlimlərimizin
təxirə salınması ilə bağlı izahat verməsini
Azərbaycan hökumətinin ixtiyarına buraxardım. Əlavə
edərdim ki, Azərbaycan hökuməti bizə bu təlimlərin
planlaşdırılması, yəni qrafikə
salınması barədə niyyətini, istəyini bildirib. Mediada
geniş işıqlandırılan təlimin aqibətinin necə
olmasından asılı olmayaraq, biz Azərbaycanla bir sıra
sahələrdə əməkdaşlığa əsaslanan fəaliyyətlər
həyata keçirmişik və bu fəaliyyətləri həyata
keçirməkdə davam edirik.
Ümid edirəm ki, bu əməkdaşlığı
yeni bir sahəyə, yəni Azərbaycanın Xəzər dənizində
mühüm enerji infrastrukturunun qorumasında köməklik
şəklində genişləndirə biləcəyik. Mən
həm səfir, həm ata, həm də bir həyat
yoldaşı olaraq Azərbaycan hökumətinin bizim təhlükəsizliyimizin
təmin edilməsində göstərdiyi və nümayiş
etdirdiyi əməkdaşlığa görə təşəkkürümü
bildirirəm.
- Qəbələ RLS-lə bağlı
danışıqların perspektivi varmı?
- Birinci, qeyd edim ki, mən bu danışıqlarda
bilavasitə iştirak etmirəm. Biz indi Vaşinqtonda və
müttəfiqlərimizin digər paytaxtlarında raket əleyhinə
müdafiə sistemi istiqamətində necə addım
atacağımızı müəyyənləşdirməklə
məşğuluq. Mən mütəxəssis
olmadığıma görə, istər burada, istərsə
də digər yerlərdə raketdən müdafiə məqsədləri
üçün hansı texnologiya və bacarıqların
lazım olduğunu bilmirəm. Təəccüblü deyil ki,
bizim RƏM sistemimiz bizi və müttəfiqlərimizi
İrandan ola biləcək hər hansı təhdiddən
müdafiə üçün nəzərdə tutulur. Təhlükəsizlik
sahəsində Azərbaycanla Birləşmiş
Ştatların fəaliyyəti və mövqeyi uyğundur.
- Əfqanıstandakı NATO, o cümlədən Amerika
ordusunun ehtiyaclarını ödəmək üçün
Azərbaycan ərazisi vasitəsi ilə yüklərin
daşınması sahəsində hazırki durum necədir?
- Mən Əfqanıstana hazırkı
daşımaların vəziyyətini "əla" qiymətləndirərdim.
Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki,
onun üçün həm bir sıra çətinliklər,
həm bir sıra imkanlar yaranır. Azərbaycanın
hazırda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi
bizim üçün, müttəfiqlərimiz
üçün, ümumilikdə dünyada əhəmiyyətini
daha da artıracaq. Dediyim məsələlər, Azərbaycanla
bizim aramızda Əfqanıstana yerüstü daşımalar
istiqamətində mühüm və müsbət əməkdaşlığın
yaranmasına şərait yaradır. Bu əməkdaşlığın
genişləndirilməsi Azərbaycandan asılıdır.
Baxmayaraq ki, Əfqanıstana yüklərin
daşınması üçün digər variant və
imkanlarımız vardır. Biz Azərbaycanla təhlükəsizlik
sahəsində əməkdaşlığımızdan məmnunuq.
- Azərbaycanın İranla bir necə yüz kilometrlik
sərhədləri var. Sərhədlərin bir hissəsi isə
Azərbaycanın nəzarətində deyil. İrana
qarşı BMT sanksiyalarının yerinə yetirilməsində
Azərbaycanın yerini necə görürsünüz? O
cümlədən, İranın çirkli pullarını Azərbaycandakı
qurumlar vasitəsi ilə yuma hallarına rast gəlinirmi? Bu sahədə
Azərbaycan-Amerika məsləhətləşmələri nə
yerdədir?
- İran məsələləri üzrə ABŞ-Azərbaycan
məsləhətləşmələri və əməkdaşlığı
güclüdür və müsbətdir. Azərbaycan terrorist
təşkilatların maliyyələşməsi və
çirkli pulların yuyulmasına qarşı fəaliyyətlərdə
özünü müsbət bir tərəfdaş kimi
göstərir. Bütün bunlara görə, biz ölkə
prezidenti cənab İlham Əliyevə və maliyyə
monitorinqi xidmətindən cənab Qasımova öz minnətdarlığımızı
və təşəkkürümüzü bildiririk. Azərbaycan
maliyyə sahəsində iş planı üzrə çox
böyük sürətli irəliləyiş əldə edib
və bu, bizim üçün böyük əhəmiyyət
kəsb edir. Yəni, terrorçu təşkilatların maliyyələşməsinə
qarşı istiqamətlər üzrə Azərbaycan digər
tərəfdaşlar, digər ölkələrdən daha
sürətlə fəaliyyət göstərib. Bunlar iki
istiqamətdən bəhs edir ki, bunlardan birincisi, bizim
İranla əlaqədar əməkdaşlığımız
və buradakı müvafiq fəaliyyətlər, digər bir
sahə isə bir çoxlarının qiymətləndirdiyi
iqtisadi islahatlardır. Amma islahatlar sahəsində hələ
gediləcək böyük bir məsafə və yol var.
- Prezident Administrasiyasının beynəlxalq əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədov beynəlxalq
təşkilatların, o cümlədən ABŞ-ın Ermənistan-Azərbaycan
münaqişəsinin nizamlanması prosesində ədalətli
mövqe tutmadığını deyir...
- Cənab Məmmədov ABŞ-ın və şəxsən
mənim çox yaxşı dostumdur. Eyni zamanda, o, güclü
bir vətənpərvərdir və belə də
olmalıdır. Mən cənab Məmmədovla bir sıra məsələlərdə
razılaşıram. Ancaq bu məsələdə fikrim bir qədər
fərqlidir. Öz təcrübəmdən bilirəm ki,
ABŞ və Minsk qrupundan olan tərəfdaşlarımız
Dağlıq Qarabağ münaqişəsinin ədalətli və
sülh yolu ilə həlli istiqamətində necə səylə
çalışır.
Təbiidir ki, münaqişə tərəfindən biri
olan ölkənin rəsmilərini təmsil edən şəxs
öz beynəlxalq tərəfdaşlarının daha
çox fəaliyyət göstərməsini istəyir. Çox
vaxt belə tənqidlər eşidirəm ki, Minsk qrupu çərçivəsində
indiyədək heç nə əldə olunmayıb. Əslində
isə çox böyük nailiyyət əldə olunub.
Münaqişənin ədalətli və sülh yolu ilə həlli
üçün ortada ədalətli təkliflər var. Sadəcə,
bu təkliflərin bir az da işlənməsi tələb
olunur.
Əlbəttə, tərəflər razılıq verməzsə,
hər hansı razılaşmadan söhbət gedə bilməz.
Yəni burada tarazlaşdırılmış balanslı
yanaşmadan söhbət gedə bilər. Bu
razılaşmanın xüsusiyyəti belədir ki, hər
şey barədə razılığa gəlinməyibsə,
heç nə barədə razılığa gəlinməyib.
Hər şey barədə razılığa gəlmək
üçün isə vaxt tələb olunur. Prezidentlər
baza prinsipləri barədə razılığa gəlinib
yekunlaşdırılması istiqamətində xeyli irəliləyiş
əldə etmişdi, sadəcə, bu istiqamətdə hələ
də gediləsi yol var.
- Azərbaycan neftinin son bir neçə ildə Amerikaya ixracının həcmi azalır. Ceyhan limanından daşınan
Azərbaycan neftinin Amerikaya ixracının ümumi həcmi 25%-dən
10%-dək azalıb. Hazırda Azərbaycan
nefti daha çox cənubi-şərqi
Asiya bazarlarına daşınır. Bu, Amerikanın Xəzər regionuna marağının
azalmasından xəbər
vermirmi?
- Bu statistik göstəricilər
o qədər də doğru deyil, yanlışdır. Bildiyimə görə,
Bakı-Tiflis-Ceyhan çox
effektiv şəkildə
öz fəaliyyətini
davam etdirir. BTC layihəsinin reallaşdırılmasının
bizim buradan əldə edəcəyimiz
neftlə birbaşa əlaqəsi o qədər
də yoxdur. Biz bunu reallaşdıranda
gözləntilərimiz oradan
nə qədər neft əldə edəcəyimizlə əlaqəli
deyildi. Amerikanın istifadə etdiyi
neftin bir hissəsi digər ölkələrdən, əsas
hissəsi isə elə ölkəmizin özündən gəlir.
Biz bu layihəni
strateji məqsədə
görə dəstəkləmişik.
Çünki, bizim müttəfiqlərimiz
bu layihənin strateji əhəmiyyət
kəsb etdiyini hesab edir. Həmçinin layihə ticari-kommersiya
baxımından əlverişli
olduğu üçün
dəstəkləndi. Bu layihə böyük bir uğurdur və Azərbaycanın enerji təhlükəsizliyinə
strateji baxımdan diqqəti nəinki azaldır, əksinə təbii qazın çatdırılması ilə
bağlı "Cənub
dəhlizi"ni nəzərə
alaraq bu diqqət və əhəmiyyət daha da artır.
- "Nabucco"da Amerikanın əsas maraqları nədir?
Bu layihənin hələ
də iqtisadi əsasları hazırlanmayıb,
rentabelliyi də bəlli deyil...
- ABŞ
"Cənub dəhlizi"
layihəsində maraqlıdır
və burada bir neçə kəmərdən söhbət
gedir ki, bunlardan biri də "Nabucco"dur. "Nabucco" layihəsinin
"Cənub dəhlizi"nə
daxil olub-olmayacağı
Amerikadan və başqa ölkələrdən
asılı deyil, yaxud da Türkiyə-Yunanıstan-İtaliya,
Transadriatik layihəsi,
bunlar hamısı bir sıra ölkələri
birləşdirəcək. Bu investorlardan asılı
olacaq ki, şirkətlər və hökumətlər bir araya gəlib qərar verəcək.
Amma burada hökumətlər deyəndə Amerika hökumətini nəzərdə
tutmuram. Burada, ola bilsin
ki, bəzi layihələr də öz əksini tapsın. Ola bilər ki,
bütün layihələr
öz əksini tapsın. Bütünlükdə,
burada hər şey əsasən, Avropadakı müttəfiqlərimizin
öz məqsədlərinə
nail olmasından asılıdır.
Hazırda Avropadakı müttəfiqlərimiz
təbii qazın təchizatında bir mənbədən asılıdır
ki, bu da
"Qazprom"dur. İndi biz istəyirik
ki, bu təchizatı
şaxələndirək. Ola bilsin ki, nə
vaxtsa qaz Qara dənizin dibi ilə Gürcüstandan
Rumıniyaya göndərilsin,
"Ağ axın"
da reallaşsın.
Son olaraq bir daha Azərbaycanda hər kəsi
"Eurovision" yarışmasında əldə olunan qələbə münasibətilə
təbrik edirəm.
Eldar və Nigarın ifası çox gözəl idi. Onların ifası zamanı sərgilədikləri sevinc,
xüsusilə qələbədən
sonra insanların küçələrdə yaşadığı
sevinc çox riqqətə gətirən
bir hadisə idi. Səs verən avropalılar
tərəfindən bu
anlama gəlindi ki, Azərbaycan bizim tərəfdaşımızdır,
Azərbaycan bizə yaxındır, bizimlə birgədir. Eldar və Nigarın
qalibiyyəti ilkin qələbədir. Ölkə
üçün isə
daha genişmiqyaslı
qələbə üzümüzə
gələn il
ərzində yaşanacaq.
43 ölkədən yüzminlərlə
avropalının nəzərləri
il ərzində
Azərbaycana dikiləcək.
Biz, Amerika hökuməti
və səfirlik olaraq əlimizdən gələni edəcəyik
ki, Azərbaycan bu imkandan mümkün
qədər məhsuldar
şəkildə yararlansın.
Ekspress.- 2011.- 20 may.- S.
10.