Aytokya
Mircavad
Mircavad haqqında
(əvvəli
ötən şənbə saylarımızda)
Məqalə Azərbaycanın
görkəmli rəssamı Mircavad Mircavadovun həyat
yoldaşı tərəfindən lent yazısına
köçürülmüş xatirələri əsasında
hazırlanıb. Böyük rəssamın həyatı və
yaradıcılığı barədəki fikirləri ilk dəfə
mediada - "Ekspress"də çap olunur.
Arvadım
"sağalacaqsan, mütləq sağalacaqsan" deyir, mən
onun gözəl yalanlarına inanmıram. Dünyanı gəzib
dolaşmaq, istədiyim yerdə yaşamaq arzusundaydım, amma
xəstəlik beynimi deşirdi...
1983-cü ildə infarkt
keçirdim, həkim "müvəqqəti olaraq əlinə
fırça alma" demişdi, mən isə 15 ədəd
kətan sifariş verdim. Bu silsilə rəsmləri
"ölümlə dialoq" adlandırdım. Heç
özüm də bilmirəm nə çəkirəm,
Stremyannı döngəsində İnnokenti Aleksandroviç
Korovinin mənzilində rəngləri mətbəx
masasının üstünə düzürəm,
"Nasional" mehmanxanasında, otel odasında, SSRİ Rəssamlar
İttifaqında pilləkanın altında işləyirəm,
mən zamansızlıq içindəyəm, geriyə dönən
yolu itirmişəm, tələsirəm... Bəli, bəzi
şeylər yenidən yadıma düşür... qəbul
otağında durmuşam, "birisi" sənə nə
lazımdır soruşur. "İttifaqa girmək istəyirəm"
- deyirəm. "Yox, sən heç İttifaqın həndəvərinə
də dolaşma" - üstümə çəmkirir. Səs-küyə
Tahir gəlir, məsələnin nə yerdə olduğunu
öyrənir. "Əlbəttə, sənə ilk zəmanəti
mən özüm verəcəm". 1974-cü ildə mənim
namizədliyim müzakirə olunanda bir həngamə qopdu ki, gəl
görəsən. Bir səs çoxluğu ilə, cəmi
bir səs çoxluğu ilə Rİ-na qəbul olundum. 1981-ci
ildə emalatxanalar bölünəndə mənə emalatxana
vermədilər. "Siz axırıncı əclaflardansınız,
- qışqırdım, qapıya bir təpik vurdum. Bir
müddətdən sonra emalatxana aldım, çünki Salahov
bu məsələyə qarışmışdı. Axır
ki, mənim də işləməyə bir yerim oldu,
ikiotaqlı mənzildə üç nəfər
yaşayırdıq, tabloların əlindən tərpənməyə
yer qalmamışdı. Altmış yaşımda yayın
qızmar istisində, soyuq yanvar küləklərində
ürək ağrılarıma baxmayaraq, evdən emalatxanaya qədər
ictimai nəqliyyat vasitəsi ilə uzun məsafə qət
etməliyəm. Arvadım əlində çəkic
üç metrlik çərçivələr düzəldir
mənimçün, mən qısa müddət dincəlirəm,
axı sabah ağ kətan mənim qanımı əməcək,
nə qədər ki, beynim sakitdi, bir bardaq çaxır
içə bilərəm... Nədənsə Van Qoqun
"Çəkmələr"ini, Rembrandtın
"Azmış oğul"undakı ləkələri
xatırlayıram, dünyanın bütün dinləri
haqqında, xeyir və şər haqqında düşünürəm.
Rəngi rəng üstünə yaxa-yaxa Lyubadan soruşuram:
"Səncə, bu çəkdiyim nədir?" - "Sirli
axşamlar".
Üzümü pəncərəyə
çevirirəm, arvad göz yaşımı görməsin...
Adil
Mirseyid
Ekspress.-
2011.- 21-23 may.- S. 14.