Aytokya
Mircavad Mircavad haqqında
(əvvəli ötən şənbə
saylarımızda)
Məqalə Azərbaycanın görkəmli rəssamı
Mircavad Mircavadovun həyat yoldaşı tərəfindən
lent yazısına köçürülmüş xatirələri
əsasında hazırlanıb. Böyük rəssamın həyatı
və yaradıcılığı barədəki fikirləri
ilk dəfə mediada - "Ekspress"də çap olunur.
Bəstəkarlar, yazıçılar, rəssamlar
ittifaqları sayaq bütün yaradıcılıq birlikləri,
mənim fikrimcə, fəaliyyət göstərməməlidirlər:
çünki bu təşkilatlar insanlarda qibtə,
paxıllıq, nəfs, tamah, yaltaqlıq və mənsəbpərəstlik
kimi mənfi emosiyalar aşılayır.
Təbiət bizi bu xoşagəlməz hisslərlə
gen-bol mükafatlandırıb, əsrlər boyu bizi
içimizdən gəmirən bu bəladan xilas olmağa
çalışsaq da, yenə ona yenilmişik.
Müqavilə bağlanan zaman hay-küy qopur, gözlərin
həris parıltısı artır, insanlar qəfəsin
içində yağlı ət qoxusu duymuş vəhşilərə
çevrilirlər. Bu görüntü adamı
alçaldır, əzir.
1988-ci ildə Moskvada fərdi sərgimin
açılışı ərəfəsində SSRİ Rəssamlar
İttifaqının katiblərindən biri məni yanına çağırdı,
qarşıdan gələn sərgi rəhbərliyi əsəbiləşdirirdi.
Katibin sözlərinə görə, xalq mənim
tablolarımı başa düşməyəcək, bəzi əsərləri
ümumiyyətlə nümayiş etdirmək olmaz, bu nədir,
şeytanın burda nə işi var?
"Bircə tablonu belə sərgidən
çıxarmayacağam" - deyib katibin kabinetindən
fırlanıram.
150-yə qədər əsər beş gün ərzində
maşınla Bakıdan Moskvaya gətirilib. Biz MRE-nə
yaxın, "Varşava" mehmanxanasında
yaşayırdıq. Maşından boşaldılan zaman 15 əsər
ciddi zədələnmişdi. Mən belə bir itkiyə
hazır deyildim, sərgimin açılmasına cəmi
dörd gün qalmışdı, zədələnmiş
tabloları bərpa etmək üçün dörd gün
vaxtımız vardı...
Sanki ürəyimdən
daş asılmışdı...
Peşəkar bərpaçı
dəvət etmək istədilər, mən razı
olmadım, özüm xəstəydim,
yalnız Lyubaya etibar edirdim, o, əslində
iynə-sapla, yapışqanla əsərlərin
cırılmış yerlərini yamayırdı,
yapışdırırdı, rəng yaxırdı... Bu arada sərginin kataloqu da hazır
oldu, kataloqda gedən məqalə təsviri sənət
şöbəsinin müdiri Vladimir Petroviç Selenterin çox xoşuna gəlmişdi, məqaləni kataloqa salmaq onun ideyasıydı. Sonra Selenter bildi ki, məqalənin müəllifi mənim arvadımdı,
Rübabə isə onun təxəllüsüdü.
Dedi: "Cavad, bəxtiniz gətirib".
Hamı bizə deyirdi ki, sərginin
açılışına qədər zədələnmiş
tabloları bərpa edə bilməyəcəyik. Biz səhər
tezdən sərgi salonuna gəlirdik, gecəyə qədər
çalışırdıq, iyirmi dörd saat dil-dil ötən
Rübabə ağzına su alıb susurdu, heç
danışmırdı. Biz vaxtında işimizin öhdəsindən
gəldik.
Rembrandtın tablosundakı Esfirə bənzəyən zərif
gözəl xanım İrina tabloların divarlardan
asılmasından tutmuş sərginin
açılışına qədər bütün prosesi
videokamera ilə lentə aldı və bizdən pul
götürmədi, mən ən gözəl əsərlərimdən
birini "Sırğalı qadın"ı ona
bağışladım, sonra o, mənim başqa bir
güclü əsərimi özü seçib aldı. Sərgi
baş tutdu, lent kəsildi. Salahov, Obrosov, Nərimanbəyov,
Selenter çıxış etdilər, maraqlı fikirlər
söylədilər, Obrosovun çıxışını
xüsusi qeyd etməliyəm, axı o, məni heç
tanımırdı, ilk dəfə sərgi ərəfəsində
görüşmüşdük...
O illərdə Vladimir mənə çox kömək
elədi, 1989-cu ildə Şərq xalqları incəsənəti
muzeyində mənim fərdi sərgim onun sayəsində
baş tutub. Şərq xalqları incəsənəti muzeyində
artıq məni tanıyırdılar. Tanınmış
moskvalı sənətşünas Kamenski muzeyin Bakıya gələn
əməkdşına tövsiyə etmişdi ki, Bakıda
Cavadı axtarıb tapın, Cavad əfsanə rəssamdı.
Muzeyin əməkdaşı Bakıda məni tapdı, 1987-ci
ildə muzey üçün beş əsər, şəxsi
kolleksiyası üçün də bir neçə tablo
satın aldı. Moskvada Obrosov məni fərdi sərgisinə
çağırdı və mən onu yaxşı əsərlərinə
görə təbrik etdim. Obrosov məni Vyaçeslavla
tanış elədi, rəsm əsərlərinin vurğunu
olan Vyaçeslav da məndən bir neçə tablo aldı.
Həmişə xoş əhval-ruhiyyədə olan, şux,
xeyirxah Vyaçeslav biraylıq müddətə Almaniyaya gedəndə
bizi öz mənzilində yerləşdirdi, bundan savayı, o,
mənim əllidən artıq tablomu üç ay öz mənzilində
saxlayıb. Vyaçeslav məni Avropadan gəlmiş
böyük kapital sahibi bir şəxslə
görüşdürdü, axşam Vyaçeslavın
geniş qonaq otağında böyük masanın arxasında
oturmuşduq, tərcüməçi vasitəsi ilə
danışırdıq, o insan "Siz əsərlərinizin
mənim evıimdən asılmasıyla qürur
duyacaqsınız" cümləsini dilinə gətirməsəydi,
hər şey yaxşı gedirdi... hər şey korlandı...
mən ayağa qalxdım. "Siz mənim əsərlərimin
sizin divarlarınızdan asılması ilə fəxr etməlisiniz"...
- mən ona heç nə satmadım... Sonra Vyaçeslav o
adamın adından dəfələrlə məndən
üzr istədi, çaşqın görünürdü, mən
onun gözlərinə baxa bilmirdim, amma qərarımdan
dönmədim, qoy Vyaçeslav mənim
inadkarlığımı bağışlasın.
Vladimir SSRİ-ni həmişəlik tərk edib gedəndə
ona bir əsər bağışladım, əlbəttə
bir daha görüşməyəcəyimizi, tezliklə öləcəyini
bilirdim...
Yenidən 60-cı illərə dönək. Müxtəlif
gənclər var. Sakit, düşüncəli, dinləməyi
bacaran Nazim Rəhmanov, bir qədər kobud, narahat Həmzə.
Deyəsən, 1967-ci ildi, bir dəfə söhbət əsnasında
"Nitşenin "Biz filoloqlar" əsərini oxumaq istərdim"
dedim. Təsəvvür edin ki, iki-üç gündən
sonra o, bu kitabı hardansa tapıb gətirdi. O illərdə
bu, asan məsələ deyildi. Mən də axmaq kimi kitabı
bir tələbəyə oxumağa verdim, tələbə
kitabı qaytarmadı, itirmişəm söylədi. Həmzədən
üzr istədim, Həmzə "unut getsin" desə də,
bu yaşda oğlanın qarşısında xəcalətli
qaldım... O, mənə Gendelin, Kreyserin, Sen-Sansın, Rafaelin
plastikalarını gətirirdi. O, məni motosikletdə gəzdirirdi,
çox bərk sürürdü, bəzən mən
yıxılırdım, sahil qumlarının üstündə
uzanıb qalırdım, Həmzə mənim yoxluğumdan
duyuq düşüb geri dönürdü, mən yenidən
onun tərkinə otururdum.
Az danışan, amma çox gülən Mirnadir
Dyumanın romanlarındakı muşketyorlara oxşayır... Qrişa
Eppelbaum Abşeron vurğunuydu, Fatmayidə, ya da Goradildə
kimləsə ortaq bir ev kirayələyərdi, psixoloji
ovqatlı etüdlər çəkərdi. 1987-ci ildə
Qrişa İsrailə köçəndə Tel-Əvivdə
görüşmək arzusuyla Şolom Aleyxomun
"Sayrışan ulduzlar" kitabını mənə
bağışladı, 1988-ci ldə Moskvada xəstələndim,
əlaqəmiz itdi. Mənim gənc rəssamlarla yaş məsafəm
olmayıb, çünki mən heç bir zaman naftalin qoxulu ənənəviçiliyin
tərəfdarı deyildim. Mən onlarda özgüvən
aşılayırdım, onlarla bir süfrədə oturub
içki içirdim, Abşeronda gəzib
dolaşırdım, onlar gizli sirlərini mənimilə
bölüşürdülər... Bir dəfə Nazim əsərlərini
mənə göstərdi, onun əsərlərinin xoşuma
gəldiyini söylədim, eyni zamanda ona tövsiyə elədim
ki, mənə qulaq asmasın, özü bildiyi yolla getsin, mənimçün
çox vacib olan bir nəsnə onunçün əhəmiyyət
kəsb etməyə bilər, bu təbiidi.
Fərhad tez-tez mənə baş çəkərdi,
biz ədəbiyyatdan, musiqidən danışardıq, bir yerdə
musiqi dinləyərdik. Fərhad Folkneri çox sevirdi, bəzi
məqamlarda ona haqq qazandırsam da, Heminqueyə
üstünlük verirdim. Heminquey Sezann kimidi, əbəs yerə
Parisdə rəsm əsərlərini dərindən duymaq
üçün acqarına muzeylərə gedib onlara
baxmırdı. Folkner isə qravür kimi qavranılır,
Folkner Şekspir kimi siyah-bəyazdı. Mənimlə çox
sıx münasibətdə olmasına rəğmən mənim
təsirimə düşmədi, onun mənim sənət dəst-xəttimdən
fərqli üslubu vardı, bu da cavan rəssamın öz fərdi
dünyagörüşü, baxış bucağı
olduğundan xəbər verir. O, mənimlə kilkə konservi
yeyərdi. Xəzər kilkəsini bəzən yağda, bəzən
də soğanla, yerkökü ilə
hazırlayırdılar, Sovet dönəmində Bakı
balıq zavodunun kilkə konservindən dəyərli məhsul
yoxuydu, çox dadlıydı! Uzun illərdən sonra Rəssamlar
İttifaqında səs sahibi olanda o, həmişə mənim
lehimə səs verirdi... mənim doğum günümdə,
yanvar ayında çiçək açmış badam
budağı gətirərdi, mən evdə olmayanda ağacla
qaldırıb balkona bir şüşə əla və
holland pendiri qoyardı, ümumiyyətlə o, gözlənilməz
və gözəl sürprizlərlə adamı heyrətləndirməyi
bacarırdı. Yadımdadır, onun işlərindən biri
xoşuma gəlmişdi - bunu yumaq lazımdı dedim, bizim
uşaqlar canlandılar, mən əyilib ağır
çemodanı şəstlə açdım, çemodan
müxtəlif ölçülü, hər cür rəngli
daşlarla doluydu. Yığdığım daşların
gözəlliyini onlarla bölüşdüm. Fərhadın
xanımı Tamilla iki dəfə ağır aritmiya
tutmaları zamanı mənə kömək edib,
axırıncı dəfə Tamilla xanım mənə
yüz ədəd açıq səma rəngli kiçicik həblər
göndərib, mən o həbləri, deyəsən Almaniya
istehsalıydı, ilboyu atdım və aritmiya həmişəlik
yaxamdan əl çəkdi. Ona bir tablo bağışlamaq qərarına
gəldim, heç kim heç kimə təmənnasız
yaxşılıq eləmir, həyat bunu mənə öyrətmişdi...
Məsələn, Əhmədlidəki emalatxanada
dözülməz ürək ağrılarına
düçar oldum, bir yandan da bayırda
şıdırğı yağış yağırdı,
taksi dayanacağı xeyli uzaqdaydı, birtəhər bir rəssamın
emalatxanasının qapısını döyə bildim,
xahiş elədim ki, məni heç olmasa taksi
dayanacağına qədər aparsın, amma o, mənə
kömək eləmədi. Arvadım güllə kimi
qapıdan çıxdı, yaxşı ki, yaxınlıqdan
taksi keçirmiş, taksi müştərini bizim binanın
yanında düşürmüşdü. Pul-para məsələsi
həmişə çətin olub, amma xalaoğlum Rasim, heykəltəraş
Fazil və Fərhad mənə əl tutublar... O illərdə
insan faktoru xüsusilə önəmliydi... Jurnalist Faiq
Mustafayev çap etdirə bilmədiyi məqalələrin
mövzusunu mənə danışardı. 1988-ci ilin
fevaralında mənim haqqımda yazdığı
"Üsyankar günəş" məqaləsi çap olundu
- Faiq sənətkar və şəxsiyyət haqqında
yazmışdı. Həmən il ona əməkdar incəsənət
xadimi fəxri adı verdilər, mən çox yorulmuşdum,
baş ağrıları keçib getmirdi. 1987-ci ilin
axırında gənc Rəssamlar İttifaqının idarə
heyətinə mənim namizədliyimi irəli sürəndə
yalvardılar ki, imtina etməyim. Onlara bildirdim ki, qiymətli
vaxtımı iclaslara-filana vermək istəmirəm, mənim
vaxtım yalnız sənətə məxsusdu - "Sənin
adın bizim üçün bayraqdı". -
"Yaxşı, bayraq deyirsiniz, bayraq olsun".
O dövrdə "Qobustan" jurnalı başqa dərgilərdən
daha maraqlıydı. 1980-ci ildə "Qobustan"
jurnalında sənətşünas Sara Nəzirovanın mənim
yaradıcılığım haqqında yazdığı məqalə
və bəzi əsərlərimin repreduksiyası işıq
üzü gördü. Sara ağıllı, gözəl
qızdı, qarqıza oxşayır. 1987-ci ildə Bakıda
ilk fərdi sərgi mənə alim Mirəli Seyidovla
tanış olmaq səadəti hədiyyə elədi. O zaman
alim şamanizm mövzusu üzərində işləyirdi. O,
bir neçə dəfə sərgiyə gəldi,
"Humay", "Şərq intibahı",
"Tanrı", "Anam Həyat" tabloları
qarşısında düşüncələrə daldı,
o deyirdi ki, mənim damarlarımdan qədim miflər axır.
Mirəli Seyidov TV-də və radioda
çıxış elədi, mənim obrazlarımın onda
yaratdığı duyğular haqqında bir alim kimi söz
açdı. Deməli, "aşkarlıq" və
"yenidənqurma" nələrisə dəyişdirmişdi.
Fadeyev adına Mərkəzi Ədiblər Evində sərgimin
açılışında (bu sərgi yazıçı
Çingiz Aytmatovun sayəsində baş tutmuşdu) Aytmatov,
Latınin, Oljas Süleymanov çıxış etdilər,
Şərq xalqları incəsənəti muzeyinin elmi
işçisi sənətşünas Svetlana Xramçenko,
elmi işçi Elvira Bayramova gözəl nitqlər söylədilər.
Sərginin açılışında xarici ölkələrin
səfirləri iştirak edirdilər, Kapitsanın həyat
yoldaşı Tatyana Alimovna, təəssüf ki, görkəmli
alimin özü Moskvada deyildi, Şaqal muzeyinin əməkdaşı
Silviya Forest və daha kimlər, kimlər...
(ardı var)
Adil
Mirseyid
Ekspress.-
2011.- 28-31 may.- S. 14.