Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

  (əvvəli ötən   şənbə saylarımızda)

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   Bağırov və  Cəbrayıl Ələsgərov

 

   1957-ci ilin fevralında Moskvaya Cəbrayıl Ələsgərov barəsində göndərilən arayışla 1956-cı ilin fevralında Mir Cəfər Bağırov haqqında təşkil olunan saxta məlumatlar arasında oxşarlıq vardır.

  1956-cı ildə bəzi üzdəniraq partiya və dövlət rəhbərlərindən fərqli olaraq "Şamaxı qaçqını" kişiliyi mənsəbdən üstün tutdu, M.C.Bağırovun əleyhinə təşkil edilən təbliğat kampaniyalarından imtina etdi. 1956-cı ilin dekabrında partiya seçkisində rektoru olduğu ali məktəbdə "qutuda saxlanılan" əqidə sahibi APİ-də yarımştatlıqdan da əl çəkdi, "Bilik" cəmiyyətinin məsul katibliyindən də, Azərbaycan Dövlət Universitetinə qayıtdı. Çox keçmədi ki, böyük nüfuz sahibi olan Cəbrayıl pedaqogika və psixologiya kafedrasının sevimli üzvü oldu, ömrünün sonunadək burada dosent vəzifəsində çalışdı. Ləkəsiz və alnıaçıq, cüssəli bir insan qəflətən, altmış iki yaşa çatmamış dünyasını dəyişdi. Ağır xəbər çoxlarını dərindən sarsıtdı, xüsusilə əllinci illərdə onunla bir yerdə Mərkəzi Komitədə işləmiş Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi Cəfər Haşım oğlu Cəfərovu. İdeoloji katib yaxın dostlarından birinin ölüm xəbərini Mərkəzi Komitənin birinci katibi Vəli Axundova çatdırdı. Mərhumun harada torpağa tapşırılacağı məsələsi həll olundu. Vəli Axundov Cəbrayıl Ələsgərovun İkinci Fəxri Xiyabanda dəfn olunmasına icazə verdi. 1969-cu il yanvarın 25-də "Kommunist" qəzetində unudulmaz şəxsiyyətin adı və fotosu qara haşiyəyə alındı. Nekroloqda deyilirdi: "Azərbaycanın elmi-pedaqoji ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikamızın qocaman müəllimlərindən biri, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin dosenti Cəbrayıl Ağəli oğlu Ələsgərov vəfat etmişdir.

   C.A.Ələsgərov 1907-ci ildə anadan olmuşdur. O, sənaye texnikumunu, sonra isə Azərbaycan Politexnik İnstitutunun mədən fakültəsini qurtarmış, Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat institutunda elmi-tədqiqat işi aparmışdır. C.A.Ələsgərov gənc mütəxəssislərin tərbiyəsi ilə çox məşğul olmuşdur. Bir sıra illər ərzində o, əvvəlcə neft texnikumunda müəllim, sonra isə dərs hissə müdiri və direktor vəzifəsində çalışmışdır. 1937-ci ildən 1941-ci ilədək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur.

   Böyük Vətən müharibəsi başlanan gündən C.A.Ələsgərov Sovet Ordusu sıralarında olmuşdur. 1942-ci ildən 1943-cü ilədək o, Azərbaycan KP MK şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. Sonra C.A.Ələsgərov Azərbaycan SSR Maarif nazirinin müavini, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun direktoru, Azərbaycan "Bilik" cəmiyyəti idarə heyəti sədrinin müavini olmuşdur, xaricdə də işləmişdir. Həmişə də o, bütün təcrübəsini, bacarığını və qüvvəsini tapşırılan işə sərf etmişdir. 1958-ci ildən ömrünün son günlərinədək C.A.Ələsgərov S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti pedaqogika və psixologiya kafedrasının dosenti idi. O, bir sıra dərsliklərin və tədris vəsaitlərinin müəllifi idi. Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, "Qırmızı Əmək Bayrağı" və "Şərəf Nişanı" ordeni ilə təltif olunmuşdu..."

 

   Bağırov və Əli Əliyev

 

   Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində Cəbrayıl Ələsgərovun yaxın dostu, 1950-51-ci illərdə Azərbaycan K(b)P MK-nın bədii ədəbiyyat və incəsənət şöbəsi müdirinin müavini vəzifəsində çalışmış Əli Əbdül oğlu Əliyev haqqında da bir sıra materiallar saxlanılır.

   Əli Əliyevin 1941-ci il avqustun 23-də dəst-xətti ilə yazdığı tərcümeyi-halında oxuyuruq: "1900-cü ildə Şuşa şəhərində anadan olmuşam. Atam azsavadlı idi, Bakının Şubanı mədənlərində işləyirdi. 1918-ci ildə ağır xəstəlikdən dünyasını dəyişmişdir. Anam evdarlıq işləri ilə məşğuldu, 1925-ci ildə vəfat etmişdir. Şuşada iki otaqdan ibarət evimiz vardı, digər mülkümüz olmamışdır. Özümün və arvadımın qohumlarından heç kəs seçki hüququndan məhrum edilməmişdir. Partiyamızın xəttinə zidd heç bir hərəkətə yol verməmişəm. 1929-1933-cü illərdə partiya təmizlənməsi aparıldığı vaxt Moskvada Qırmızı Professura İnstitutunda oxumuşam və müdavimlərdən heç birisi partiya təmizlənməsinə cəlb olunmamışdır. 1935-36-cı illərdə Azərbaycan K(b)P MK-da partiya sənədlərimin yoxlanılması zamanı heç bir qüsur aşkar olunmamışdır".

   Bir il sonra, 1937-ci ilin iyulunda Şuşa rayon qəzetinin redaktoru vəzifəsində işlyən Əli Əliyevin məsələsinə rayon partiya komitəsinin büro iclasında baxılmışdır. Bu barədə arxiv sənədində deyilir: "Əliyev 1929-cu ildən keçmiş partiya üzvü (1419732 nömrəli partiya bileti rayon partiya komitəsi tərəfindən alınmışdır), partiya məsuliyyətinə alınan vaxt rayon qəzetinin redaktoru olmuşdur. Yığıncaqlarda əksinqilabi çıxışlarına, yad ünsürlərlə əlaqə saxladığına, rayon qəzetinin işini pozduğuna və əksinqilabi ədəbiyyat saxladığına görə partiya sıralarından xaric edilmişdir. Əliyev 1928-ci ilədək İran pasportu gəzdirmişdir.

   1938-ci il oktyabrın 7-də Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin Bürosu (protokol N24) Əli Əbdül oğlu Əliyevin partiya sıralarından xaric olunması barədə Şuşa Rayon partiya komitəsinin 1938-ci il 11 sentyabr tarixli qərarını təsdiq etmişdir". Arxivdə Ə.Əliyevin dindirilməsi protokolu da saxlanılır:

   - İranda hansı ildə olmusunuz?

   - Birinxi dəfə 1924-cü ildə. Doğma bacımı axtarıb tapmağa getmişdim, təkbaşına. Bacımı bizim molla başqa mollaya pula satmışdı. Mən İranda həmin mollanı tapdım, əfsuslar olsun ki, bacımı Bakıya gətirə bilmədim. İkinci dəfə 1927-ci ildə İrana getdim, bacımı oradan Bakıya gətirdim, Bakıda vəfat etdi.

   - İranda qohumlarınız varmı?

   - İranda heç bir qohumumuz və heç kimlə yazılı əlaqəmiz yoxdur. Şuşa rayon partiya komitəsi tərəfindən mənə qarşı sürülən bütün ittihamları rədd edirəm. Evimdə əksinqilabi kitablar saxlamağıma gəldikdə bildirməliyəm ki, belə ədəbiyyatı özüm təcrid etmişəm. Heç bir əksinqilabi çıxışım olmamışdır.

   - Niyə siz iki ay yarımdır ki, işləmirsiniz?

   - Təqsirim nədir? Məni işimdən kənarlaşdırıblar, yeni işə də göndərmirlər. Raykomun üçüncü katibi Sərkisova müraciət etdim. Dedi ki, get özün özünə iş tap.

   Azərbaycan Calq Cümhuriyyəti vaxtı Şamxorun (indiki Şəmkir) kənd məktəblərinin birində müəllimlik etmiş, Azərbaycan sovetləşəndən sonra Azərbaycan Fövqəladə Komissiyası Şamxor qəza siyasi idarə rəisi işləmiş, sonralar qəza icraiyyə komitəsinin katibi, 1927-ci ildən qəza partiya komitəsinin təlimatçısı, Azərbaycan K(b)P Ağcabədi rayon partiya komitəsinin katibi vəzifələrində çalışmış Əli Əliyev "özünə iş axtara-axtara..." Bakıya gəlmiş, onu 1919-cu ildən yaxşı tanıyan Mir Cəfər Bağırovun qəbuluna düşmüşdür. Tale yenidən "müsavat dövrünün məktəb müəlliminin" üzünə gülmüşdür. Daşnak Sərkisovun Qarabağdan didərgin saldığı Əli Əliyevin məsələsinə M.C.Bağırovun tapşırığı ilə Azərbaycan K(b)P Mərkəzi Komitəsinin 7 yanvar 1940-cı il tarixli büro iclasında baxılmış, partiya sıralarına bərpa olunmuş və... elə M.C.Bağırovun yanında, Azərbaycan K(b)P MK-da təlimatçı vəzifəsində çalışmışdır. Daha sonralar Bakı Şəhər Xalq Maarifi Şöbəsinin müdir müavini, 1941-ci il yanvar ayından isə Bakı Şəhər İcraiyyə Komitəsinin katibi olmuşdur. 1942-ci il aprel ayında Əli Əliyev Azərbaycan K(b)P Bakı Komitəsinin katibi seçilmişdir. Onun bu vəzifədəki fəaliyyəti barədə Azərbaycan K(b)P MK-nın kadrlar üzrə katibi Qəzənfər Məmmədovun yazdığı xasiyyətnamədə oxuyuruq: "Bakı Komitəsində işlədiyi dövrdə Ə.Əliyev yoldaş cəbhənin ehtiyaclarını təmin etmək sahəsində gərgin əmək sərf etmiş, ön cəbhədə vuruşan döyüşçülərimizə isti paltar və ayaqqabı göndərilməsini təmin etmiş, Bakıya köçürülmüş hərbi avadanlığın və sursatın qəbulu və saxlanılmasını ciddi nəzarət altında saxlamışdır".

   Məlum olduğu kimi, müharibə illərində Stalinin razılığı ilə qardaş Dağıstanı Mir Cəfər Bağırovun kadrları idarə edirdilər. ÜİK(b)P MK-nın 1942-ci il 24 sentyabr tarixli qərarına uyğun olaraq, 1943-cü ilin oktyabrında Bakı partiya komitəsinin katibi Əli Əliyev Mir Cəfər Bağırovun xeyir-duası ilə Dərbənd Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləməyə başlamışdır. 1944-cü il aprelin 3-də isə şuşalı balası Əli Əliyev Azərbaycanın qədim şəhəri olan Dərbənddən Güney Azərbaycana göndərilmişdir. O, 1946-cı ilədək İranda SSRİ səfirliyində müşavir vəzifəsində çalışmışdır. Arazın o tayından bu tayına qayıtmış Əli Əliyev Mir Cəfər Bağırovun imzaladığı MK qərarı ilə Azərbaycan K(b)P Mərkəzi Komitəsi Təbliğat və Təşviqat Şöbəsi müdirinin müavini vəzifəsinə təsdiq olunmuşdur.

   Arxivdə tanış olduğumuz bir sənəddən - MK-nın Məktəblər şöbəsinin müdiri Cəbrayıl Ələsgərovun 1951-ci il iyulun 31-də imzaladığı arayışdan bəlli olur ki, Əli Əbdül oğlu Əliyev Azərbaycan K(b)P MK bürosunun 1951-ci il 27 iyul tarixli qərarı ilə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İstitutunun marksizm-leninizm kafedrasının müdiri təsdiq edilmişdir. Mir Cəfər Bağırovdan sonra isə, 1954-cü il avqustun 27-də Mərkəzi Komitənin qərarı ilə vaxtilə Sərkisovun Şuşadan didərgin saldığı Ə.Əliyev APİ-dən uzaqlaşdırılmışdır.

   Səbəbi də gülməlidir: guya Moskva Qırmızı Professura Ali Məktəbini bitirmiş, İranda SSRİ Xarici İşlər Nazirliyinin müşaviri olmuş, Bakı və Dərbənd şəhər partiya komitələrinin katibinin və sabiq MK işçisinin elmi adı və dərəcəsi yoxdur. Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində saxlanılan qərarla tanış olun:

   "Azərbaycan KP MK Bürosu iclasının 1954-cüf il 27 avqust tarixli 46 nömrəli protokolundan çıxarış

   V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun marksizm-leninzm kafedrasının müdiri barədə

   Azərbaycan SSR Maarif Nazirliyinin aşağıdakı təklifi qəbul edilsin:

   1. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun marksizm-leninizm kafedrasının müdiri Ə.Ə.Əliyev yoldaş elmi dərəcəsi və elmi adı olmadığından vəzifəsindən azad edilsin.

           2. 1939-cu il mart ayından Sov. İKP üzvü, partiya bileti N06522833, Muxtar Rüstəm oğlu Qasımov yoldaş Azərbaycan Politexnik İnstitutunun marksizm-leninizm kafedrasının müdiri vəzifəsindən azad edilərək, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutun marksizm-leninizm kafedrasının müdiri təsdiq olunsun.

   Sov. İKP MK-dan xahiş olunsun ki, bu qərarı təsdiq etsin.

   Azərbycan KP MK katibi - İ.Mustafayev

   10 sentyabr 1954-cü il."

 

   (ardı var)

  

 

  Teyyub Qurban

 

   Ekspress.- 2011.- 28-31 may.- S. 15.