Seçim
93 il
əvvəlin 28 mayında Azərbaycan öz küllərindən
yenidən doğdu. Və 23 AY yox yerdən var olan bir dövlətdə,
bir ölkədə "daşlar"ın yerinə
oturması üçün az, olduqca az bir
müddət idi. Ancaq yoxdan dövlət YARADANLAR bunu
bacardılar, gələcək istiqbalımız
üçün nələrə imza atmadılar ki...
Milli dava -Böyük Məhəmməd Əmin Rəsulzadənin
dediyi kimi, MÜQƏDDƏS CİDAL müstəqil Azərbaycanın
TƏMƏLini qoydu və "milli ruhun ölməz,
öldürülməz" olduğunu nümyiş etdirdi.
ONLARın ruhu qarşısında baş əyək,
minnətdar olaq ki, millətimizin millətlər içində
imzası oldu, Azərbaycan adlı bir dövlətin
yarandığı elani-cahan edildi.
QURUCULARa olan sevgimiz, ONLARın abidəsi ürəyimizdə,
könüllərimizdə və
yazılarımızdadır...
Cümhuriyyətin ildönümü ilə bağlı
tanımış jurnalist-araşdırmaçı Mehriban Ələkbərzadə
Məhəmməd Əmin Rəsulzadəyə maraqlı məqalə
həsr edib. "Lent.az" saytında dərc edilmiş
"Seçim" adlı məqaləni qısa ixtisarla
oxucularımızın diqqətinə
çatdırırıq.
Doğru zamanı, doğru məkanı tapmaq qüdrəti
həddindən ziyadə mühüm amildir ki, TARİX yazasan.
Baxmayaraq ki, o, zamanı doğru seçsə də, məkanı
dəqiq seçmədi... Məkanı seçməyə məcbur
olsa da, arxasındakı gücü dəqiq hesablamadı...
Güc tərəfdən seçilmiş olsa da, ona güc və
dayaq olacaq xalqın bu MUXTARİYYƏTƏ aparacağı yolun
məsafəsini qət edə biləcəyinə də əmin
deyildi. Bütün bunlara rəğmən... TARİX yazan bu fərd
Məhəmməd Əmin Rəsulzadə idi.
Rəsulzadə özü də seçilmiş fərd
idi. Kimlər tərəfindən? Bu, çox mübahisəli,
mübahisəli olduğu qədər də sirli və müəmmalı
bir məsələdir. Amma "bütün yeraltı sular dənizə
axır" həqiqətinə əsaslansaq,
zamanımızın bugünkü "dərin dəniz"
düşüncəsindən hali olanların bunu
anlayacağına əminəm.
İlk müstəqillik tarixində ən önəmli
bir fiqur olan M.Ə.Rəsulzadənin siyasi-ictimai fəaliyyətini
araşdırmaqla bərabər, bu gündən o zamana tam
aydın baxış açmaq fikrində idim. Çünki
sonunda alınan sonucla qiymətləndirmə işi aparmaq məqsədim
vardı.
Belə bir istəkdə bulunduğum bir zamanda FƏRD
olaraq ONA öz baxış bucağımdan baxmaq fikrimdə
daha israrlıyam. Baxmayaraq ki, bu baxış heç də təsəvvür,
ya da ehtimal deyil, faktlara əsaslanan bucaq olacaq. Amma birmənalı
qəbul edilməyəcəyinə də dəqiq əminəm.
M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada, gecə
saat on birə on dəqiqə qalmış üç dəfə
"Azərbaycan: Azərbaycan: Azərbaycan": deyərək
əbədiyyətə qovuşdu. Azərbaycan milli istiqlal hərəkatının
və təkcə türk ellərində deyil, bütün
islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan
Demokratik Respublikasının ilkin təməl
daşını quran, AZADLIQ ruhunu zaman-zaman özündə
saxlayan Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər
oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də
Bakının Novxanı kəndində anadan olmuşdu. Adının
yasaq edilməsinə belə baxmayaraq, zaman-zaman az qala
düşmən kimi beyinlərə yeridildi. Amma milli kimlərində
israrlı olanların alt şüurlarında bu
ölümsüz şəxsiyyət diri qaldı. Cismani
yoxluğuna rəğmən... O özünün intellekt və
maarifçi gücü ilə, bu gün də beyinlərə
təsir etməkdədir. Bunun ən mühüm səbəbi
- Məhəmməd Əmin Azərbaycanın
azadlığı ilə alış-verişi yapmadı.
O deyirdi: "Azərbaycan ideyasında fikir
ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan
ideyası artıq möhkəmlənmişdir: Bir dəfə
yüksələn bayraq bir daha enməz!"
Bu gün aforizmə çevrilmiş bu ifadə, bu
sonuclar sizə mesaj təsiri bağışlamır ki?
Doğrudur, əslində əsən azadlıq mehi
müstəmləkə halında inləməkdə olan
xalqlarda öz müstəqil dövlətlərini yaratmaq
arzusu doğururdu. İllah da Azərbaycanın dəfələrlə
müxtəlif tərəflərin parça-parça
bölünməsi aqibəti xalqın aydınlarında
"Azərbaycana muxtariyyət" şüarı fikrini
yaymağa başlamış və rus çarizm üsul-idarəsi
istibdadını yıxmağa çağırırdı.
Amma yenə də... niyə məhz Məhəmməd Əmin?
Topçubaşovu, Fətəli xanı, Ağayevi,
Hacınski, Məmmədzadə kimi ziya və ziyalıları
olan məkanda əfsanəyə çevrilən məhz Məhəmməd
Əmin Rəsulzadə oldu?
Danılmaz işlər və əməllər mütləqdir.
Ən azı, "Azərbaycan Cümhuriyyəti" əsəri
ilə dövrünün beynəlxalq münasibətlərini
araşdırmaq baxımından, birinci dünya müharibəsinin
Azərbaycan üçün nəticələrini dəqiq
müəyyən etmişdi. O, yaranmış mürəkkəb
vəziyyətdən çıxış kimi Türkiyədən
yardım alınması, Mudros sülhünün Qafqazdakı
siyasi vəziyyət və s. baxımdan mübahisəsiz olaraq
qiymətli əsərdir.
Amma M.B.Məmmədzadənin "İstiqlalın
diplomatik cəbhəsi", "Milli Azərbaycan hərəkatı"
"Qırmızı rus istilası" kimi mühüm əhəmiyyətli
tarixi həqiqətlərdən də bəlli olur ki, bu, bir fərd
ya şəxsiyyət deyil, bir "komanda" fəaliyyətinin
realizəsi idi. M.Mehdiyevin "Qafqaz problemi"ndən bəlli
olan Versal konfransındakı fəaliyyətlərin nəticəsi
kimi Antantanın Azərbaycana münasibəti, Versal Ali
Şurasının Azərbaycanın müstəqilliyini
tanıması kimi müsbət ilginc sonuclar arxasındakı
güclü nəfəsləri duymamaq olmur. Xeyr, mən Rəsulzadə
ruhunu inkar edə bilmərəm. Amma ən müvafiq zamanda belə
bu baxış sahiblərinin Azərbaycana ədalətli
baxışının belə olmaması məni yenə də
düşünməyə vadar edir.
"Müsavat rejiminin antimilli mahiyyətindən irəli
gələn səhvlər" kimi aşılanası hadisələr
silsiləsi ilə də razı ola bilməsəm də, məkan
seçimi səhvi də mütləqdir.
Sonralar "müsavatçıların türklərlə
gizli saziş qurub, Nuru paşa və Xəlil paşa ilə
danışıqlar aparması və Azərbaycanı
işğal etməsi" kimi absurd fikirlər də zaman və
qafa xətasıdir. Bununla bərabər, müstəqil
dövlətçilik ənənəsi növbəti nəslə
ötürüldü.
Dövrün tarixçiləri zaman təhlilində
"Azərbaycan zəhmətkeşləri başa
düşürdülər ki, müstəqillik uydurma bir
şeydir. Onlar başa düşürdülər ki,
müsavatçıların haqqında
qışqırdıqları Azərbaycan müstəqilliyi
onlarla deyilmiş. Azərbaycanın xilası, onun sosial və milli
azadlığı sosialist inqilabında, proletariat
diktaturasının qurulmasında və Sovet Rusiyası ilə
birləşməsindədir" kimi ideoloci ehkamların əslində
Azərbaycan dövlətçiliyinin vərəsəliyinə
maneədən başqa bir şey olmaması indi bizə
aydındır.
Bizə indi tamamən aydın olan bir həqiqət də
var. Azərbaycan Cümhuriyyətinin süqutunu prinsipial şəkildə
mümkün edən daxili proseslərin köməyi ilə
xarici təcavüz idi.
Daxildə vəziyyət birmənalı idimi? Xeyr! Hamı
Müsavatı hakim partiya kimi qəbul edir və vahid dövlətçilik
ətrafında birləşirdimi? Xeyr! Bundan maksimum faydalanan
"qərəzlilər" istəklərinə
çatdılarmı? Bəli!
Etiraf edək ki, bu, bizə aid olan, bizə məxsus tək
xüsusiyyət də deyil.
Məmləkətin istiqlalı kimi bir fürsətə
qalib gələn bu hiss bizi nə zaman tərk edib ki? Bir tərəfdən
Dördlər İttifaqının hər biri
ayrı-ayrılıqda, bir tərəfdən də
Rusiyanın neft iştahası... Türkiyənin Qafqaz
marağı... və Müstəqil Azərbaycan!
M.Ə.Rəsulzadə Azərbaycanı bütöv
görürdü. O, Təbrizdə xalqımızın milli qəhrəmanı
Səttarxanla və onun silahdaşları ilə
görüşmüşdü. Cənubi Azərbaycanın
şəhər və kəndlərini gəzib, öz
doğma xalqının acınacaqlı vəziyyətini
yaxından görmüş şəxs idi.
Məhəmməd Əmin Rəsulzadə Avropa təhsili
görmüş bir qrup İran ziyalısı (Seyid Həsən
Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə,
Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu
ildə Demokrat Partiyasının əsasını qoyur.
M.Ə.Rəsulzadə "Gənc türklər" təşkilatına
rəğbət bəsləmiş, "Türk
ocağı" cəmiyyətində də
çalışdı. 1911-ci ildən nəşr edilən
"Türk yurdu" curnalında ən fəal yazar idi.
Onun "İran türkləri" (1911-ci il, No4) məqaləsi
bu gün də qəribə maraq doğurur. Müəllif
türk oxucularına Cənubi Azərbaycan coğrafiyası, əhalisi
haqqında məlumat verməklə, ən vacib addım
atır. Rəsulzadə yazırdı: "Azərbaycanın
Qafqaziyada vaqe Rusiya tabeliyində olan bir qismi də İrəvan,
Gəncə və Bakı vilayətləri təşkil
ediyor"
O zaman Türkiyədə çap olunmuş mətbuatda
və məşhur türk ensiklopedisti Şəmsəddin
Saminin "Qamusi-aləm"inin birinci cildində "Azərbaycan"
məfhumu altında ancaq Araz çayından cənubda yerləşən
ərazi nəzərdə tutulurdu. M.Ə.Rəsulzadə
1918-ci il oktyabrın 13-də Bakıda çap olunan "Azərbaycan"
qəzetində məhz bu məsələyə toxunuraq,
yazırdı:
"İslam mərkəzi İstanbulda Qafqaziya, xüsusən
Azərbaycan haqqında məlumatlar çox azdır".
M.Ə.Rəsulzadə İstanbulda görkəmli islam
mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin
(1836-1897) "Vəhdəti cinsiyə fəlsəfəsi"ni
("Milli birlik fəlsəfəsi"ni) farscadan türkcəyə
tərcümə edir, öz doğma xalqının məişətindən
alınmış "Acı bir həyat" əsərini
yazır (bu əsər 1912-ci ildə Bakıda nəşr
edilir). 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə
əlaqədar əfv-ümumidən sonra M.Ə.Rəsulzadə
vətənə qayıtdı.
Mən bu məqamda və bundan sonra baş verəcək
hadisələrdə artıq bambaşqa bir tərəfi və
onun müdaxiləsini hiss edirəm.
Seyid Həsən Tağızadə "Sühən"
jurnalında yazırdı: "Rəsulzadə, bütün
ömrüm boyunca, Şərq dünyasında tayına
rastlaşmadığım, mübaliğəsiz söyləyə
biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd
Əmin bəy tərbiyəli, qüvvətli və sağlam
məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli,
tam mənasıyla dürüst, fikir və yoluna dərin bir
iman bəsləyən fədakar, mücahid və örnək
bir insandı. Belələrinə zəmanəmizdə və
hələ bizim tərəflərdə rast gəlmək
mümkün deyildir".
Sonralar Seyid Həsən Tağızadə (1878-1969), M.Ə.Rəsulzadənin
xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: "Modern Avropa qəzet
formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə
olmuşdur".
Əslində Rusiyada sonradan "müvəqqəti
hökumətin öhdəsindəki missiyanın " bir
başqa siyasəti kimi təşkil edilən Zaqafqaziya Seymində
Transqafqazın müstəqilliyini ilk tələb edənlərdən
olan M.Ə.Rəsulzadənin:
"Transqafqaz böyük rus inqilabının nailiyyətlərini
bizə ancaq irtica vəd edən Rusiyaya qurban verməməlidir.
Transqafqaz müstəqil olmalıdır. Bu müstəqillik zərurətə
çevrilməlidir" təklifi də təsadüfi
çıxış deyildi. Transqafqazda guya ki sülh
yaradıldı. Daha sonra Bakı qırğını mərhələsi,
bu da azmış kimi, Azərbaycanda türk
soyqırımı cavabı...
Əcəba, bu kimə
verilən cavab idi?
Mən burda məntiqi erməni hiyləsində,
daşnak quldurlarında axtarmıram. Hərçənd,
bu xüsusi qəddarlıqla törədilmiş vəhşilikdə
erməni faktoru mütləqdir, amma maşadır.
Maşası bəlli bu odu kim, niyə tərpədirdi?
Bax, sual budur!
Rusiyamı? Təbii ki, bu da
faktdır. Nəyə görə? Azərbaycan müstəmləkə idi. Ölkənin adı xəritələrdə demək
olar ki, yox idi. Belə bir müstəmləkədə
isə milli-azadlıq hərəkatı miqyası hesablanmaz
bir SEL GÜCÜ idi.
Azərbaycan xalqı qarşısında ancaq
müstəmləkədən azad olub, öz müstəqil
milli dövlətini yaratmaq məsələsi dayanırdı.
Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin
rəhbərliyi altında qabaqcıl Azərbaycan
ziyalıları o dövrdə öz üzərlərinə
götürdülər. 1918-ci il
dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli
açılışında M.Ə.Rəsulzadə
demişdir: "Biz o zaman bizim üçün ən
yaxşı məsələni - "Azərbaycan muxariyyəti"ni
müdafiə edirdik".
1917-ci ildə
Bakıda Qafqaz müsəlmanlarının qurultayı
çağırılması, M.Ə.Rəsulzadənin təklifi
ilə Rusiyanı federativ şəkildə təşkil etmək
haqqında qərar çıxarılması da, "Azərbaycan
qayəsi" məsələsinin yenidən ortalığa
atılması da... daha sonra Rusiya müsəlmanlarının
qurultayı və M.Ə.Rəsulzadənin
"Türk-tatarlığı, Türküstan, Qazaxıstan,
Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir
neçə muxtariyyətlərdən ibarət olacaq gələcək
Rusiyanı federativ şəkildə qurmaq" təklifinin qəbul
edilməsi çox mətləbləri açmaq qüdrətindədir.
Danılması mümkünsüz DƏSTƏK!
Bu dəstəyə
daxildəki parçalanmalar və bolşeviklərin
"silahlı İNQİLAB yolu", Xl Qızıl Ordunun
"Azərbaycan xilası" ilə Sovetlərin verdiyi 20-ci il cavabı!
Bu da Rusiyanın sərhədləri öz mənafeyinə
uyğun çəkə bilmək planına mane olan dəstəyə
verdiyi cavab idi. Qaydasız döyüş
şərtləri ilə.
Azərbaycanın müstəqilliyi, özü də
Şimali və Cənubi Azərbaycanın ərazi məsələsi,
iqtisadi resurslar və strateci coğrafi mövqe marağında
olan nə İranı, nə də Rusiyanı qane edə bilməzdi.
Dəstəyin seçimi Rəsulzadə... Rəsulzadənin
seçimi isə Müstəqil Azərbaycan idi.
Azərbaycanın
Türkiyə ilə münasibətləri, "Sultanın
(Vl Mehmetin) Ənvər Paşa həzrətlərinə
yaxınlaşaraq "bu dəqiqə ömrümün ən
xoşbəxt dəqiqələridir" dediyini eşitdik və
köksümüz iftixarla doldu" - deməsi də Rəsulzadənin
sanki gözləmədiyi bir nəticədən
danışdığı təəssüratını
aşılayır.
Yenə də, xilasın mümkünsüz
zamanında, sərt olaylarda Osmanlıların Bakıya qədər
məmləkəti qanda boğanlardan təmizləməsi də
Rəsulzadə üçün gözlənilməz
olamazdı. Çünki ona, məhz ona bu
AZAD MƏMLƏKƏT vəd edilmişdi. O isə bunun
üçün hər şeyə hazır idi. Nə qədər
qüsurlu olsa da, qəbahətimi bağışlamanıza əmin
olaraq:
Nərimanovun
Azərbaycan sevgisinə...Çirkli zamanda çirklənməyən
şərəfinə xələl gətirməyən "vəd
gözləyişi" onu mart qırğınlarına,
ölkə soyğunçuluğuna və milli kimlikdə
israrlıların, milli burcuaziyanın
aşağılanmasına belə güc gələn bütün
ŞƏRQ sahibliyi Nərimanovu nə qədər və
hansı dözümə vadar etdisə, M.Ə.Rəsulzadənin
məhz Stalin tərəfindən xilası və ailəsini
belə bu ideyaya qurban verərək növbəti müstəqilliyə
qədər dözümü də haradasa eyni məqsəd,
eyni taktikadan xəbər verir.
Bu gücü məmləkət naminə istiqamətləndirmək
cəhdi Məhəmməd Əmini Nərimanovdan qat-qat
güclü və müdrik göstərir.
Hər dəfə Azərbaycanın müstəqilliyi,
ya muxtariyyatı məsələsi gündəmdə olanda bu
kimi qırğınlar baş verir. Biz
maşaları tanıdığımız halda, əl sahiblərini
də tanımağımız mütləqdir. Nə üçün zamanının ən qüdrətli
və sinfi düşmənlərinə qarşı
barışmaz, qəddar bolşeviki olan Stalin, Məhəmməd
Əmini özü gəlib Bakıda sovetlərin
kamerasından çıxardı?
Qafqaz dostluğu, ya "yaxşılığa
yaxşılıq" formulası? Xeyr! Bu,
eyni qatın verdiyi iki eyni qərar idi. Onu
da yerinə yetirməli idilər.
Əvvəlcə Məhəmmədəmin
Bakıda, sonra Stalin... o da Bakıda.
Daha sonra Rəsulzadənin
mühacirəti... bulanıq olsa da get-gedə durulan məntiq!
Məhəmməd Əmin xanımını,
uşaqlarını və əzizlərini sovetlərin məngənəsində
qoyub, getdi. Onları Rəsulzadə
soyadına görə, ÇK ətçəkənində
buraxdı. Yəni o inanırdı ki, VƏTƏN
xilas edir?
Bəlkə
də hə!
Amma məmləkəti naminə vaz keçdiyi o ailə
də istədiyi sonucu vermədi.
Dəstəyin
tapşırığı ilə Hitlerlə anlaşmada da məqsədinə
də nail olmadı. Ona tam bağımsız Azərbaycan
gərək idi. Hakimiyyət yox. İstənilən müqavilələr, yerinə
yetirilən məqsədli-məqsədsiz hadisələr və
siyasi mühacirlik ona Azərbaycan naminə qəbul idi. Almanlar Məhəmməd Əmin Rəsulzadəyə
birgə işləmək təklifi edəndə Rəsulzadənin
şərti yenə də "Azərbaycanın müstəqil
dövlət kimi tanınması" oldu. Hitlerin
Azərbaycan haqqındakı planları - müharibədən
sonra Bakının birbaşa Berlinə tabe olması, Azərbaycanın
əyalətlərə bölünməsi və hakimiyyətin
almanlara məxsus olacağı Məhəmməd Əmin Rəsulzadəni
qane də bilməzdi.
Onun
yalnız bir mübarizə amalı vardı: Azərbaycanın
müstəqilliyi.
O, bu yolda
inamından dönmürdü.
Hansı
iş təklif olunsa da, o bir ŞƏRT irəli
sürürdü - Azərbaycan müstəqil dövlət
olmalıdır.
Doğrudan da onun dönməzliyinə, cəsarətinə
pərəstiş etməmək mümkün deyil.
Həyati təhlükədə,
amansız ölüm anlarında da sözündən
dönmür, "Azərbaycan" davasını davam etdirmək,
özü də bununla kimlərin hansı planlarını
pozduğunun fərqində idi axı...
Faktiki olaraq Türkiyəyə "ezam
edilmiş" Məhəmməd Əmin Rəsulzadə orada
siyasi proseslərə qarışmamaq xəbərdarlığı
və tapşırığı almışdı. Məhəmməd Əmin Rəsulzadə bunun nə
demək olduğunu gözəl bilirdi. O, ZAMAN və
KOMANDA gözləyirdi. Amma maraqlar Azərbaycanla
toqquşan an o bütün yasaqları unudurdu. Maraqlı fakt isə bu idi ki, onun bu ruhu
qarşısında təslim olmamaq da mümkünsüz idi.
O, Azərbaycan davasını hər kəsə dərin məntiqlə,
sübut və dəlillərlə anlada bilirdi və qalib gəlirdi
də!
Azad vətən,
milli ordu ,sahiblik mühitinin havasını
udmuş Rəsulzadə... işğal olunmuş
torpağın havasını uda bilmirdi. O, Azad Azərbaycan istəyirdi.
Amma nə səbəbdən
Rəsulzadə seçimi?
Və bu
seçimlə nələrə nail ola bilərdik?
Həmçinin, bu DƏSTƏK və
tapşırıq verənlərə bolşeviklərin
verdiyi cavablar, inqilablar, qanlı savaşlar, hakimiyyət
gücü Azərbaycanlamı bağlı idi?
Yekun olaraq,
son zamanlara aid olan bir fikri təkrar etməkdən vaz
keçmirəm:
"...Əgər
nə vaxtsa, Azərbaycan xalqı Böyük Yaradan
qarşısında öz fərasətsizliyi, müti və
kölə ruhu, dünya malına hərisliyi, vətən-torpaq
və şərəf itkisi suçundan boyun əysə, onun
bəraətinə və xilasına səbəb M.Ə.Rəsulzadə
olacaq. Yaradan bu İNSANın xalqını, onun tərəddüdsüz
qurban verdiyi ailəsi, şəxsi həyatı və narahat
ruhuna görə, əlbət ki, bağışlayar..."
Mehriban Ələkbərzadə
Ekspress.- 2011.- 28-31 may.- S. 12.