"Amalımız Azərbaycana xidmət
etməkdi"
Diaspor
qurumları içərisində Danimarka Azərbaycan Dostluq Cəmiyyətinin
xüsusi yeri var. Bu qurumun sədri Elxan
Hüseynovla müsahibə götürmək istəyimiz
çoxdan vardı, amma müəyyən səbəblərdən
söhbətimiz alınmırdı. Sonuncu dəfə isə
eşitdiyimiz onun acı ölüm xəbəri bizləri
sarsırtdı. Elxan Hüseynovdan müsahibə götürə
bilməsək də, Azərbaycanı dünyada layiqli təmsil
etmiş bu insan haqqında geniş fikir söyləməyi
özümüzə borc bildik.
Elxan Hüseynov diasporumuzun fəal üzvü kimi
Ermənistanın Azərbaycana qarşı təcavüzünə
biganə qalmayan Elxan Hüseynov Danimarkada
yaşadığı ilk vaxtlarda Danimarka Azərbaycan Dostluq Cəmiyyətini
təsis edərək Azərbaycanı bu ölkədə
tanıtdırmağa başlayır. Onun fəaliyyəti
sayəsində Danimarka ictimaiyyətinin Azərbaycan həqiqətləri,
Ermənistanın Azərbaycana qarşı təcavüzü,
Xocalı soyqırımı haqqında məlumatları
artmış, ölkənin ictimai rəyində Azərbaycanın
ədalətli mövqeyinə dair fikirlərin
formalaşması daha da sürətlənib. Sonuncu dəfə
Dünya Azərbaycanlılarının III Qurultayında vətəndə
səfərdə olan Elxan Hüseynovun müsahibələrinin
birində diasporla bağlı geniş fikirləri var:
"Bütün dünya bilir ki, ermənilər Rusiya, Ukrayna,
Fransa, Almaniya və s. ölkələrdə hərbi dəstələr
yaradırlar. Mən müharibə başlayarsa,
Azərbaycan diasporunun mobilizə olunması təklifi ilə
çıxış edəcəyəm. Çünki birinci
Qarabağ müharibəsində müxtəlif ölklərdən
nə qədər erməni yaraqlısının gəlib
döyüşlərdə iştirak etməsinin şahidi
olmuşuq. Artıq Diasporla İş üzrə Dövlət
Komitəsinə bu təklifi vermişəm. Biz bu gün
keçmişdəkindən fərqli olaraq təşkilatlanmalı,
hazır olmalıyıq. Azərbaycanın bu gün artıq
formalaşmış güclü diasporu, güclü
intellektual potensialı, maliyyə mənbələri, iş
adamları var. Döyüşlər başlasa, Ali Baş
Komandan əmr verərsə, diasporumuzu təşkilatlandıraraq
ondan düzgün istfadə etməliyik".
Ermənilərə qarşı sərt
mübarizə üsulu
Fəaliyyəti dövründə daim
üzdəniraq qonşularımızın yalanlar üzərində
qurulan fikirlərini dünya ölkələrinə
çatdırmasına mane olan, Azərbaycanı bir ölkə
kimi diqqətdən kənar saxlamaq istəklərinə
qarşı çıxan Elxan Hüseynov ömrünün
son gününə qədər bu mübarizəni davam
etdirdi. Dünya ölkələrindən erməniləri daim
təqib edən Elxan Hüseynov deyirdi: "Skandinaviyada ermənilərin
mövqeləri çox zəifdir. Son illər Azərbaycan
diasporu orada daha da güclənib. Mən ermənilərin yalan
informasiyasına qarşı gündəlik mübarizə
aparıram. Danimarka mediasında biz hər zaman
çıxışlarımızda ermənilərin Azərbaycan
torpaqlarını işğal etməsi barədə ətraflı
məlumatlar veririk. Artıq üç ildir Danimarka dövləti
tərəfindən maliyyələşdirilən "Birgə
və fərqli" adlı çox böyük layihə həyata
keçirilir. 2007-ci ildə biz bu layihənin sadəcə
iştirakçısı idik. Amma o qədər gözəl
iştirak etdik ki, 2008-ci ildən artıq biz bu layihənin
işçi qrupunun üzvüyük. Bu layihəyə
baxmağa minlərlə insan gəlir. Demək
olar ki, keçmiş Sovet İttifaqında yaşayan
bütün millətlərin nümayəndələri gəlib
bizim bayraq altında Azərbaycanın qrupu ilə birgə
iştirak edirlər, yəni bu məsələdə erməniləri
kənarda qoymuşuq. Layihə Danimarkanın
aparıcı KİV-ləri tərəfindən hər zaman
işıqlandırılır. Layihə çərçivəsində
Azərbaycanla bağlı böyük stendlər sərgiləyirik.
Keçmiş hərbçi kimi böyük bir xəritə
üzərində tamaşaçılara faktları göstərirəm.
Stenddə dövlət rəmzlərimiz, işğal
olunmuş ərazilərimizin xəritəsi və bununla
bağlı ətraflı izahat, eləcə də ölkəmiz
haqqında digər bilgilər tədbirə qatılanların
marağına səbəb olur. Danimarkalılar çox da
siyasiləşmiş millət deyil, eyni zamanda hansısa bir tərəfin
mövqeyini tam tutmurlar. Amma son illər Danimarkada Azərbaycan haqqında konkret
bir fikir formalaşıb. Artıq onlar bilirlər ki, torpaqlarımız Ermənistan
tərəfindən işğal olunub və Azərbaycan
Avropaya lazım olan enerji dövlətidir. Yeri
gəlmişkən, türk təşkilatlarının da bizə
dəstəyi böyükdür. Ötən il Türk Cəmiyyətləri Birliyi ilə
birgə Danimarkada "Gerçək soyqırım -
Xocalı" layihəsini təqdim etdik. Həmin
tədbirdə xəritə üzərində "Ermənilərin
Xocalı soyqırımı planı" layihəsini də təqdim
etdim. Keçən il Danimarkada
"Xocalıya yardım" adlı humanitar və məlumatlandırıcı
kütləvi aksiyalar keçirildi. Növbəti
illərdə də belə tədbirlər keçirməyi
planlaşdırırıq".
Əcəl aman versəydi,
Elxan Hüseynov planlı şəkildə gördüyü
işlərlə millət uğrunda apardığı təbliğatı
davam etdirəcəkdi...
"Seyran Ohanyan etdiyi cinayətlərə görə cavab verməlidir"
Ermənilərin
necə fitnə-fəsadlara sahib olduqlarını bilən
Elxan Hüseynov mübarizəyə hələ tələbəlik
illərindən başlamışdı. Ermənistanın
indiki müdafiə naziri Seyran Ohanyanla bir məktəbdə oxuyan
Elxan Hüseynovun onun haqqında dediklərinə nəzər
salaq: "1980-1984-cü illərdə Bakı Hərbi Məktəbində
(İndiki Heydər Əliyev adına Ali Hərbi
Məktəb) təhsil almışam. Ohanyan isə
həmin məktəbdə 1979-1983-cü illərdə təhsil
alıb. Onu şəxsən
tanıyırdım, hərdən söhbət edirdik. O
vaxt azərbaycanlılarda ermənilərə nifrət yox idi.
Ohanyanı ilk dəfə görəndə məktəbə
daxil olmağa təzə hazırlaşırdım. Mənimlə Zaqataladan olan Musa adında oğlan da
var idi, sonradan o, Əfqanıstanda həlak oldu. Günlərin birində Musa ilə söhbət
edirdik ki, bu zaman Ohanyan erməni tələbələrlə
bizə yaxınlaşdı. Musaya suallar
verməyə başladı, kollecə niyə daxil olmaq istədiyini
soruşdu. Musa da ona cavab verdi. Bundan sonra Ohanyan ona istehza eləməyə
başladı, "Səndən komandir olar? Qayıt kəndinə, özünə bir neçə
qoyun al, otar, sonra evlən və həyatını
yaşa" deyib güldü. Ohanyanın
məktəbdə azərbaycanlı dostu yox idi, o ancaq erməni
və ruslarla oturub-dururdu. Məktəbi
bitirəndən sonra Ohanyanı leytenant kimi Almaniyaya xidmətə
göndərdilər. O vaxt xaricə ancaq əlaçı
tələbələr göndərilirdi, Ohanyan isə məktəbdə
erməni kafedra müdirinə rüşvət verib buna nail
olmuşdu. Biz o vaxtdan Ohanyanın şovinist
fikirlərinin şahidi olurduq. Ohanyan əli
qana batmış qəddar canidir, Xocalı qətliamına
şəxsən rəhbərlik edib, Ermənistan hərbçiləri
arasında bəlkə də onun qədər Azərbaycana
nifrət edən tapılmaz. Bakıdan gedən
ermənilər tanıyıram ki, onlar Ohanyana nifrət edirlər.
Xocalı hadisələrindən sonra mən ATƏT-in
cəbhə xəttini izləyən missiyasının
ukraynalı üzvü ilə təmasda oldum. Həmin missiya erməni tərəfə keçməliymiş.
Ukraynalı nümayəndə mənə dedi ki, qarşı
tərəfə keçəndə Ohanyanın əlini
sıxmayacaq, çünki onun əli
dırnaqlarına qədər qana batıb. O dedi ki,
Xocalıda baş verənlər haqda hər şeyi bilirlər.
Ohanyan bir gün etdiyi cinayətlərə
görə cavab verəcək. Təkcə
azərbaycanlı olduqlarına görə yüzlərlə,
minlərlə günahsız insanın qanına bais olan bu
şəxs rahat yaşaya bilməz. Şərəfi
və vicdanı olsaydı, indi Ohanyan özünü
öldürmüşdü".
Elxan
Hüseynov Azərbaycanı bütün dünyada tanıtmaq
yolunu seçmişdi. O, son müsahibərindən birində
deyir: "Biz hər bir üsuldan istifadə edərək ilk
növbədə Qarabağ problemini önə çəkirik.
Silahı əldən yerə qoymaq olmaz. Silah tək səngərdə deyil, həm də
informasiyadadır. Azərbaycanlı gənclərimiz
xarici ölkələrdə təhsil alırlar. Bu da gələcək silahlarımızdan biridir.
Erməni yalanlarının artıq 99 faizi
puç olub. Əsas məsələ azərbaycanlıların
Danimarka cəmiyyətinə inteqrasiyasıdır. Məsələn,
bir neçə il bundan qabaq DİDK-nin
yardımı ilə Hillerod şəhərinin vitse-meri Tyu
Tortsenin Azərbaycana səfərini təşkil etdik. O həm
də Danimarkada nüfuzlu bir həmkarlar ittifaqının
katibidir. Burda görüşlər keçirib,
Azərbaycanın gözəl guşələrini gəzdirdik.
İndi onun kabinetində gözə çarpan iki şey var:
Azərbaynın bayrağı və neft quyusunun maketi. T.Tortsen təbii ki, hər bir qonağına Azərbaycan
haqqında danışır. Yeni təyin
olunmuş vitse-meri də şəxsi dostumuz olaraq Azərbaycana
gətirmək istəyirik. Eyni zamanda
fikrimiz var ki, Danimarkanın "Hafla" instrumental ansamblının
Azərbaycana səfərini təşkil edək".
Danimarka-Azərbaycan
Dostluq Cəmiyyəti
Danimarka-Azərbaycan
Dostluq cəmiyyəti yarandığı gündən hər
iki dövlət arasında isti münasibətlərin
yaranması istiqamətində böyük işlər
görmüşdü ki, bunda da Elxan Hüseynovun böyük
rolu olub. "Biz Danimarka və Azərbaycan xalqları
arasında dostluq körpüsü yaratmaq yolunu
tutmuşuq", - deyən E.Hüseynovun bu barədə daha
geniş fikirləri vardı: "Təşklatın tərkibində
Azərbaycan Mədəniyyət Mərkəzi və Gənclər
Təşkilatı var. Mən həmişə deyirəm,
amalımız azərbaycanlılara deyil, Azərbaycana xidmət
etməkdir. Mən həm də Fredensborq bələdiyyəsinin
mədəniyyət və ictimaiyyət bölməsində fəaliyyət
göstərirəm. Tez-tez tədbirlər,
konsertlər təşkil edirik. Əsas məqsədimiz
bizim tamaşaçıların danimarkalılardan ibarət
olmasıdır. Bundan başqa hər il
keçirilən Dünya Türk Mahnıları
Olimpiadasının təşkilatçılarından biriyik.
Yarışmada danimarkalı qız Yohanna
Eybubidstrum xalq mahnımız "Sarı gəlin"i Azərbaycan
dilində ifa etməsi çox böyük uğurdur. Bu baxımdan düşünürəm ki, azərbaycanlı
ailələrinin dilimizin qorunması, hətta əcnəbilərə
öyrətməyə belə səy göstərməsi
çox önəmlidir. Əgər belə
bir səy göstərsək o zaman Avropada bizi daha yaxından
tanıtma imkanları olacaq", - deyə əminliklə
bildirdi Elxan Hüseynov.
Müsahibələrinin
birində o, əcnəbi ölkələrində olan cəmiyyətlərin
yararsız fəaliyyətindən də bəhs edib:
"On il
bundan qabaq söhbət Azərbaycanı tanıtmaqdan gedirdisə,
bu günlər məsələ Azərbaycanın mövqeyini
tanıtmaqdan gedir. Əfsus ki, bir çox
diaspor təşkilatları yararsızdırlar. Məsələn, Hollandiyada olan diaspor təşkilatlarının
bir-birləri ilə çəkişmələri bir azərbaycanlı
kimi məndə narahatçılıq doğurur. Danimarkada da həllini tapmamış məsələlər
var. Bir də görüsən ki, kimsə yazılar yazıb
mövqeyini bildirir, müzakirələrdə iştirak edir.
Amma dərinə getdikdə, aydın olur ki, bu adam
tək özündən və kompyuterindən ibarətdir, yəni
heç bir sosial dəstəyi yoxdur, sadəcə şəxsi
mövqeyini bildirir. Bəzən də diaspor təşkilatları
hansısa qrupları təmsil edirlər. Təbii
ki, bu qruplar bir-biri ilə ədavət aparırlar. Bu da bizim işimizə, ümumi xəttimizə
böyük bir zərbə vurur. Diaspor
işi özünü gözə soxmaq deyil, fəaliyyətin
real bəhrəsi olmalıdır. Diasporumuz
hələ ki təşkilatlanma prosesini yaşayır. Təbii
ki, bu proses getdikcə hər şey ortaya çıxacaq. Doğrudan da, Azərbaycanı sevən, bu yolda
canından keçməyə hazır olan diaspor
qurumlarımız öz layiqli yerlərini tutacaqlar. Amma bir özü, ailəsi, bir də kompyuterindən
ibarət olanlar təbii ki, tarixin zibilliynə gedəcəklər".
Bunları da Elxan Hüseynov söyləyirdi...
... Arzuları
çox idi, tükənməzdi, millət üçün
çalışmağı özünə şərəf
bilirdi. Qarabağda qızğın döyüşlərdə
sağ-salamat evinə dönən Elxan Hüseynov, çox təəssüf
ki, amansız xəstəliklə mübarizə aparmaqda
çarəsiz qaldı...
Elxan
Hüseynovun vəfatı tək onun ailəsi
üçün deyil, bütövlükdə Azərbaycan və
türk diasporları üçün ağır zərbə
oldu. Allah rəhmət eləsin.
Ulduzə
QARAQIZI
Ekspress.- 2011.-
1 noyabr.- S. 12.