"Cahandar ağa düz eləmədi"

 

  ... Razılaşdığımız kimi, saat 11 radələrində Gəncə Dövlət Dram Teatrının qarşısında idim. Çətinliklə müsahibəyə razılıq aldığımdan gecikməmək üçün vaxtından bir az da qabaq gəlmişdim. Oğlu ilə görüşüb, atasının yaşadığı ünvana getdik. Kresloda oturub məni gözləyirdi. Özümü təqdim edib görüşdüm. Qarşımda əlində tüfəng at belində gəzən Cahandar ağa yox, illəri geridə qoymuş 89 yaşlı xalq artisti Ələddin Abbasov vardı...

   Bu cümlələr "Lent.az" saytının əməkdaşının sevimli aktyorumuz Ələddin Abbasovla müsahibəsinin girişindəndir. Paytaxtdan uzaqda yaşadığından, mətbuatda az-az görünən xalq artisti ilə söhbət, əlbəttə ki, həmişə maraqldır. Biz də bu marağı nəzərə alıb, müsahibəni oxucularımıza təqdim edirik.

 

   "... Gəncədə də öləcəyəm"

 

   - Necəsiniz, Ələddin müəllim?

   - Yaxşıyam, amma ayaqlarım incidir, yeriyə bilmirəm. Sözümə baxmır (gülür). Belə özümü yaxşı hiss edirəm.

   - Onda müsahibəyə başlayaq?

   - Nə soruşacaqsan?

   - Çox şey. Amma gəlin, lap əvvəldən başlayaq. Yəqin ki, bu suala çox cavab veribsiniz. Necə oldu aktyorluğu seçdiniz?

   - Uşaq vaxtı məktəbdən bizi teatra aparırdılar. Həvəslə baxardım tamaşalara. Teatrda "Qaçaq Nəbi", "Qatır Məmməd"i oynayırdılar. Elə o vaxtdan aktyor sənətini sevdim. Dedim ki, nə olursa-olsun, mən də aktyor olacağam. Özü də ən yaxşı aktyor olacağam. Amma ailəm bu sənətə qarşı idi. Atam və qardaşlarım aktyor olmağıma icazə verərdilərmi? Qətiyyən! Atam öldürərdi məni. Amma aktyorluğa həvəsim məni teatra çəkirdi. Qardaşım Moskvada oxuyurdu. Mənim də bu sənətə həvəsimi, arzumu bilirdi. Atama məktub yazdı ki, "icazə ver, Ələddin istədiyi sahəyə getsin. Beş qardaşıq, hərəmizin bir vəzifəmiz var. Qoy birimiz də elə sahədə olaq (köks ötürür)". İndi mənim bu günümü görsəydilər, deyərdilər ki, aktyorluq nə gözəl sənət imiş! Doğrudan da gözəl sənətdir. O zaman yaxşı baxmasalar da, mən aktyorluğu özümə sənət seçdim. İlk dəfə 16 yaşımda mənə bir tamaşada uşaq rolu vermişdilər. Böyüdükcə rollarım da artdı. Ən son 2002-ci ildə İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" tamaşasında Böyük bəyi oynamışam. İndiyədək könlümdən nə rol keçdisə, onu da oynadım. Ürəyimdə qalan obraz olmadı. Cəfər Cabbarlının əsərlərindəki əsas rolların hamısını oynamışam. Amma atam mənim uğurlarımı görmədi. 1949-cu ildə dünyasını dəyişdi. Kaş sağ olaydı...

   - Harada təhsil aldınız?

   - O zaman Mehdi Məmmədov Gəncə Dövlət Dram Teatrında studiya açmışdı. İndiki institutlardan daha qiymətli idi. Mehdi Məmmədov, Dadaşov, Əşrəf Yusifzadə dərs keçirdi. 15-16 yaşımda məni də həmin studiyaya qəbul etdilər, üç il təhsil aldım. Yenicə studiyanı bitirmişdim ki, 1941-ci ildə müharibə başladı. Elə həmin il avqust ayının 27-də məni də müharibəyə apardılar. 1945-ci ildə müharibədən qayıdandan sonra yenə gəlib teatrda işlədim. Başqa işlər də vardı. Amma mənim yerim teatr idi.

   - Neçənci ildən Gəncə Dövlət Dram Teatrında işləyirsiniz?

   - 1939-cu ildən. Mən Gəncə Dövlət Dram Teatrından başqa yerdə işləməmişəm. Bakıya getməyi çox təklif etdilər, Adil İsgəndərovun vaxtında da çağırdılar, amma getmədim. Doğma şəhərimdən hər zaman ilham almışam. Dedim yox, Gəncədən ayrılmaram. Burada doğulmuşam, böyümüşəm, oxumuşam, evlənmişəm, müharibəyə getmişəm, elə Gəncədə də öləcəyəm.

   - Oynadığınız hansı rol sizə daha yaxındır?

   - Aydın. Bir dəfə teatrımızda "Aydın" tamaşası səhnəyə qoyulmuşdu, mən də Aydını oynayırdım. Tamaşaya baxmağa Bakıdan Cəfər Cabbarlının həyat yoldaşı Sona xanım və Şəfiqə Axundova da gəlmişdi. Antraktda Sona xanım yanıma gəlib, məni qucaqlayıb öpdü. Dedi: "Sağ ol, oğlum. Cəfərimin yazdığı "Aydın"ı sən yaratdın".

   Aydın mənim ən sevdiyim obrazdır. 1966-cı ildə oynadığım roldur, amma hələ də əsəri başdan-ayağa əzbər bilirəm. Gecə məni oyadıb soruşsanız ki, "Aydın"ın ikinci pərdəsini de, əzbər söyləyərəm.

   - Böyük oğlunuzun adı da Aydındır...

   - Elədir. İki oğlum, bir qızım var. Kiçik oğluma Oktay, nəvələrimə isə Gültəkin, Cahandar, Ziyad adlarını qoymuşam. Hamısı oynadığım rolların adıdır. Cəfər Cabbarlı yaradıcılığını çox sevirəm, gözəl dramaturqdur.

 

   "Adamın anasını   belə ağladarlar"

 

   - Bəs necə oldu, Cahandar ağa obrazına çəkildiniz?

   - Heç inanmazdım ki, Cahandar ağanı oynayacağam. 1969-cu il idi. Tiflisdə qastroldaydım. Filmin rejissoru Hüseyn Seyidzadədən teleqram aldım ki, "təcili Bakıya gəl". Əvvəl inanmadım ki, məni Cahandar ağa roluna çəkələr. Elə bir böyük rol üçün mən balaca aktyor idim. İkinci teleqramı kinostudiyanın direktoru Adil İsgəndərovdan aldım. Bakıya getdim. Sınaq çəkilişi oldu, günorta saat 2-də baxış keçiriləcəkdi. Mən də rejissorun kabinetində oturmuşdum. Birdən içəri İsmayıl Şıxlı girdi. Rejissora dedi ki, "Ay Seyid, bu boyda Azərbaycanda Cahandar ağanı oynayacaq adam tapmadın?" Rejissor məni göstərib dedi ki, bu oğlan oynayacaq. İsmayıl Şıxlı mənə birtəhər baxıb, narazı getdi. Günorta saat 2 oldu, hamı sınaq çəkilişinə baxmaq üçün toplaşdı. 30-32 nəfər də Bədii Şuranın üzvləri vardı. Baxan hər kəs oynamağımı bəyəndi. İsmayıl Şıxlının da çox xoşuna gəlmişdi. Məni qucaqlayaraq öpüb dedi: "Bağışla məni, oğlum".

   Hətta Leyla Bədirbəylidən soruşdular ki, "necədir Cahandar ağa?" Dedi ki, "vallah nə deyim? Belə bir kişinin arvadı rolunu oynamaq pis olmaz" (gülür). Onu da deyim ki, məndən əvvəl 6 nəfəri sınağa çəkmişdilər. Beləcə, 47 yaşımda Cahandar ağanı oynadım...

   - Cahandar ağa sevilən obraz olsa da, ailəli bir qadını qaçırdığı üçün qınayanlar da var. Bəs, Ələddin Abbasov Cahandar ağanı qınamır ki?

   - Cahandar ağa Allahyardan heyf alırdı. Ona göstərdi ki, adamın anasını belə ağladarlar. Sonra qaçırdığı qadın da onu sevdi. Amma Cahandar ağa düz eləmədi. Başqasının arvadını da qaçırmaq olar? Yenə də pis kişi deyildi. Qonaqpərvər idi, adamlığı vardı, kəndə gələn qonaq onun evində çörək kəsməsə, qoymazdı getməyə.

   - Cahandar ağada xoşlamadığınız başqa nə var?

   - "Köpək oğlu, özününkü olsa öldürməzdin", deyib nökərə sillə vurmağı (Ələddin müəllim bu cümləni elə aktyorluqla dedi ki, sanki filmi canlı izləmiş oldum. 89 yaşı olmasına baxmayaraq, hələ də "Cahandar ağa"da eşitdiyimiz əzəmətli səs tonu aktyorda qalıb). Adama deyərlər, "yekə kişisən, o qədər ilxısı olan da bir daylağa görə nökərə sillə vurar?" Cahandar ağa yaxşı hərəkət etmədi. Ona yaraşmazdı...

   - Cahandar ağa bacısını bağışlamadı. Bağışlamağını istəyərdiniz?

   - Yox. Namus məsələsiydi. Cahandar ağa bağışlamazdı. Əsərdə sonluq elə deyil. Cahandar ağa bacısını güllə ilə vurur, sonra qucaqlayıb ağlayır. Filmdə isə rejissor suda boğdurdu.

   - Siz hansı sonluğun tərəfdarısınız?

   - Güllədənsə, elə suda ölüm yaxşıdır. Nə qədər olsa, bacısı idi. İnsanın öz əlilə bacısını öldürməyə ürəyi gəlməz. Mən filmdə bəzi epizodlarda rejissordan narazı qaldım. Məsələn, Allahyar gözündən vurulanda, güllə hara gedir? Güllə gözə dəyirsə, beyni dağıtmalıydı...

   Başqa narazılıqlarım da var idi...

   - Bəs narazılıqlarınızı rejissora deyirdiniz?

   - Yox, demirdim.

 

   "Rafaellə Coşquna   baxıram, istedadlıdırlar, güldürməyi bacarırlar..."

 

   - Ən sevdiyiniz aktyor kim olub?

   - Böyük sənətkar Ələsgər Ələkbərov. "Böyük dayaq" filmində Rüstəm kişini oynayan aktyor. Elə böyük sənətkar bir də olmayacaq.

   - Daha çox dramatik rolların ifaçısı kimi tanınırsınız. Komik rollarınız da olub?

   - Olub. "Həmişə təmizlikdə", "Kişilər" tamaşalarında komik rollar da oynamışam. Aktyor gərək hər obrazı canlandırmağı bacarsın. Rollar müxtəlif olub. "Koroğlu", "Torpaq, dəniz, od, səma", "Mən ki gözəl deyildim" və başqa 20-dən çox filmdə oynamışam. Teatrda isə 300-dən çox rolum olub.

   - Ələddin müəllim, bir az da şəxsi həyatınızdan danışaq. Nə vaxt ailə qurdunuz?

   - Yoldaşımla da teatrda tanış olmuşam. Tamara bizim teatrda kassir işləyirdi. 1946-cı ildə evləndik. Bizim ailəmiz teatra bağlıdır. Böyük oğlum teatrda rəssam işləyir, nəvəmin biri Kukla Teatrında, o biri isə Gəncə Dövlət Dram Teatrında aktyordur. Kiçik oğlum aktyor olmasa da, bəzi tamaşalarda rol oynayır.

   - Nəvənizin aktyorluq istəyini necə qarşıladınız?

   - Dedim, yaxşı aktyor olacaqsansa, ol. Bir neçə dəfə baxmışam tamaşalarına. Öz üzərində çalışır. Tənqid etdiyim, məsləhət verdiyim də olur. Deyirəm səhnədə səlis danış, sözləri tam tələffüz et. Aktyor elə danışmalıdır ki, tamaşaçı cümlənin son sözünü də aydın eşitsin.

   - Bugünkü gənc aktyorlar sizi qane edir?

   - Qane edən də var, etməyən də. Cavan aktyorlar var: Rafaellə Coşqun. Baxıram onların çıxışlarına. İstedadlıdırlar, tamaşaçıları güldürməyi bacarırlar. Ən çox da "Arşın mal alan" filmindən bir səhnəni oynamaqları xoşuma gəlir. Reklam üçün çəkilib, ancaq yaxşı oynayıblar.

   - Amma qadın rolları ifa etdiklərinə görə onları tənqid edənlər də var. Siz qadın rolu oynayardınız?

   - Mən yox. O vaxt mənə qadın rolu versəydilər, qaçardım teatrdan. Kişi niyə qadın rolu oynayır?

   - Bəs indiki tamaşaçılar haqqında nə deyərdiniz?

   - Əvvəlki tamaşaçılar yoxdur. Heyf o tamaşaçılara. Teatra böyük həvəslə gəlirdilər. Bilet tapmayanda, kulisə gəlib aktyorlara yalvarırdılar. Həmin vaxt teatrın kassası gündə 2 dəfə açılırdı: günorta, axşam. Elə olurdu ki, biletlər günortadan satılıb qurtarırdı, axşam kassa açılmırdı.

   - Xanəndələrdən kimləri dinləyirsiniz?

   - Mənsum İbrahimovu, Arif Babayevi və Alim Qasımovu. Bu üçünü bir-birindən ayırmaram. Üçü də gözəl oxuyur. O gün Mənsum yenə oxuyurdu, dinlədikcə dinləmək istəyirsən. Mənimki muğamatdı.

   - Peşmançılığınız olubmu?

   - Yox. Elə bir ciddi peşmançılığım olmayıb. Bəzən öz oynadığım rollardan narazı qalmışam. Oynamışam, sonra özüm izləyəndə, "gərək belə yox, elə oynayardım" dediyim olub. Aktyor gərək özünə qarşı tənqidi yanaşmağı bacarsın.

   - Qarşıdan 90 illik yubileyiniz gəlir. Yubileyinizin necə keçirilməsini istəyərdiniz?

   - Mən bilmərəm. Hökumət, teatr necə istəyir, elə də keçirər. Mayın 5-nə qədər qeyd etməyi planlaşdırırlar. Bakıda keçiriləcəyini bilmirəm, amma Gəncə Dövlət Dram Teatrında qeyd olunacaq. Deyilənə görə, yubileyə "Cahandar ağa" da qonaq gələcək. Mən olmayacağam, oğlum Oktay qrim edib, bığ-saqqal yapışdıranda, "Cahandar ağa"ya çox bənzəyir. Həmin filmdən bir epizod oynayacaq...

 

 

    Ekspress.- 2011.- 3 noyabr.- S. 23.