Zəmanəmizin "Koroğlu"su
Gənc sənətçi
Ramil Qasımovu lap uşaq yaşlarından tanıyıram.
Hamı kimi mən də onu Mobil Əhmədovun nəvəsi
hesab edirdim. O illərdə "Arşın mal alan"
tamaşasının afişasında "Sərvər"
rolunun ifaçısı kimi Ramilin adının
yazıldığını görəndə
düşünmüşdüm ki, bu boyda rolu babasına
görə "uşaq-muşağ"a həvalə ediblər.
Lakin onun ifasına
tamaşa edəndən sonra gördüm ki, bu
uşağın dili də var, dilçəyi də. İllər
keçdi bu uşaq böyüyüb "Koroğlu"
oldu...
- Ramil Qasımovu bu
gün hamı tanısa da, barənizdə bəlkə də
oxucularımızın bilmək istədikləri hansısa məqamlar
ola bilər. Odur ki, söhbətimizə özünüz barədə
məlumat verməyinizlə başlayaq.
- 1984-cü il
dekabrın 10-da Bakıda ziyalı ailəsində anadan
olmuşam, Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi
bitirmişəm. 23 saylı orta təhsilli musiqi məktəbində
xor dirijorluğu üzrə də təhsil almışam.
Oxumağa uşaq yaşlarımdan başlamışam. Məndə
oxumağa həvəsi dahi sənətkarımız Rəşid
Behbudovun "Bəxtiyar" filmindəki unudulmaz ifaları
yaradıb. İlk dəfə bu filmə 11 yaşımda
baxmışam və onun ifasına qulaq asandan sonra sanki mənə
bir vergi verildi. Mən yuxuda azanın səsini eşidib
ayılırdım və görürdüm ki, bundan 5 dəqiqə
sonra azan verilir. Bunu valideynlərimə deyəndə məni
yalan danışdığıma
güahlandırırdılar. Hətta o vaxtlar valideynlərim
mənim bu halımdan bir az narahat oldular. Sonra məni Ramil
adlı dostum Dövlət Uşaq Filarmoniyasında Yusif
Mirişlinin (xalq artisti Ramiz Mirişlinin oğlu- İ.H.)
yanına apardı. Yusif müəllim səsimə qulaq asandan
sonra "səndə vokal səs var" dedi və məni mərhum
Mobil Əhmədovun yanına göndərdi. Mobil müəllimi
görəndə çaşdım, elə bildim ki, Rəşid
Behbudovdur. Rəhmətliklər bir-birinə yaman bənzəyirdilər.
Mən onun otağına girib soruşdum ki, "Mobil müəllim
sizsiniz?". Acıqlı-acıqlı cavab verdi ki, "mənəm,
nə lazımdır?". Mən də dedim ki, istəyirəm,
səsimə qulaq asasınız. Bu zaman daha da əsəbi
formada dedi ki, "Müğənnilik
"bezrazmer"-zaddır, hamı oxumaq istəyir". Mən
də onun bu sərt cavabından qorxub doluxsundum. Sonra gülə-gülə
dedi ki, zarafat edir. Səsimə qulaq asandan sonra çox bəyəndi.
Mən evə gəlib deyəndə ki, Mobil Əhmədovun
kursuna gedirəm, inanmadılar. Özü də mən o vaxt
uşaq olmağıma baxmayaraq bütün bunları təkbaşına
edirdim. Mobil müəllimdən öyrəndiklərim sənət
həyatımda mənə çoxlu uğurlar gətirdi.
1995-1996-cı illərdə məktəblilər arasında
keçirilən "Pöhrə" müsabiqəsinin
qalibi oldum. Sonra Ümumrespublika Məktəblilərin Musiqi
Müsabiqəsində birinci yerə layiq görüldüm.
1999-cu ildə Moskvada keçirilən Gənc
İstedadların Müsabiqəsindən 2-ci yerlə
qayıtdım.
1999-cu ildə Mobil
müəllim məndən soruşdu ki, Musiqili Komediya
Teatrında işləyə bilərsənmi? Mən elə
bildim ki, zarafat edir. Çünki orta məktəb şagirdini
teatra kim işə götürərdi? Sentyabrın 3-ü
idi, mənə dedi ki, səhərdən işə
çıxırsan. Rəhmətlik Hacıbaba Bağırov
Mobil müəllimə demişdi ki, biz orta məktəb
şagirdini işə götürə bilmərik, hələlik
qoy xorda oxusun, bura öyrəşsin, sonra aktyor truppasına
keçirərik. Mobil müəllim razı
olmamışdı, demişdi ki, mən xorda oxumamışam
ki, tələbəm xorda oxusun, ya solist
götürürsünüz, ya da başqa heç yeri istəmirik.
Nə isə, məni solist kimi teatra işə
götürdülər, ayda da indiki pulla 8 manat maaş
alırdım. İnanın ki, o pulu alanda elə bilirdim ki,
milyarderəm. Mən qəzetiniz vasitəsilə Musiqili Komediya
Teatrının kolllektivinə öz dərin minnətdarlığımı
bildirmək istəyirəm ki, ağzından süd iyi gələn
mənim kimi birisini öz sıralarına qəbul etdilər,
mənə nəvaziş göstərdilər. Afaq Bəşirqızı,
Xanım Qafarova, Nahidə Orucova, Xanlar Muradov, Ramiz Məmmədov,
Novruz Qartal, elə rəhmətlik Hacıbaba Bağırovun
özü mənə çox qayğı göstərirdi. Mənim
bir Musiqili Komediya Teatrının aktyoru kimi yetişməyimdə
Mobil müəllimlə yanaşı, bayaq adlarını
sadaladığım sənətkarların böyük əziyyətləri
var. Mən onların bu əziyyətlərini heç vaxt
unutmaram. Əslində 15 yaşlı bir uşağın
aparıcı bir teatrın truppasına qəbul edilməsi nəinki
respublikamızda, sonradan mən internet vasitəsilə öyrəndim
ki, dünya tarixində rast gəlinməyən fakt idi.
- Belə
çıxır ki, o vaxtlar "O olmasın, bu olsun"da Sərvər
rolunu 15 yaşında oynamısınız?
- Bəli, mən milli
opera tarixində 15 yaşında Sərvəri oynayan ilk və
hələlik yeganə artistəm.
- Axı, 15
yaşında oğlan uşağının keçid
dövrü olduğu üçün onu oxumağa çox
qoymurlar. Sizə nə yaxşı bu məsuliyyətli işi
etibar etdilər?
- Bəli, doğru
buyurdunuz. Ona görə də, mən sənətdə
hansı uğurları qazanmışamsa, Allahın
böyük lütfü kimi qiymətləndirirəm. O
dövrdə mən "O olmasın, bu olsun"dan başqa
"Qızıl toy", "Bir saat xəlifəlik",
"Hələlik", "Şeytanın yubileyi",
"Adamın adamı" tamaşalarında oynadım.
Bilirsinizmi, bu rollar ardıcılıqla bir-birini elə əvəz
etdi ki, vaxtın gəlib-keçməsindən, ümumiyyətlə,
necə böyüməyimdən heç xəbərim
olmadı. Bundan başqa, mən həm də Azərbaycan
Dövlət Televiziyasının solistiyəm. Həmişə
düşünmüşəm ki, milli mədəniyyətimizə
xidmət edən bütün işlərdə iştirak etmək
mənim borcumdur. Çünki bu işlər hamısı
xalqın mədəni rifahının qalxmasına xidmət
edir. İstər Musiqili Komediya Teatrında, istər Opera və
Balet Teatrında oynadığım tamaşalar, istərsə
də Dövlət Televiziyasının efirində oxuduğum
mahnıların hamısı bizim milli irsimizdir.
- Gənc sənətçilərin
arasında belə vətənpərvər, milli-mənəvi
dəyərlərimizin keşiyində dayanan biriinin olması
çox sevindirici haldır. Sizin tay-tuşlarınızın
böyük əksəriyyəti toydan ötrü öz həmkarları
ilə az qala ölüm-dirim savaşına
çıxır. Sizin nümunəniz göstərir ki, əsil
sənətlə məşğul olan davasız-qalmaqalsız
xalq arasında tanınıb onun sevimlisinə çevrilə
bilər.
- Mən də belə
"xəstə"yəm də... Yaşıdlarım vaxtını
diskotekada keçirəndə mən radioda 4 il sərasər
musiqişünas kimi veriliş aparmışam. Özü də
milli musiqimizə həsr edilən bir veriliş idi.
Çünki mən Mədəniyyət və İncəsənət
Universitetinin "solo-oxuma" fakültəsini bitirmişəm.
Bizim diplomda ixtisasım "opera və kamera musiqisi
ifaçısı" və "musiqişünas" kimi
göstərilib. Mən radioada bizim korifey sənətkarlarımızdan
bəhs edən sənədli verilişlər
hazırlayırdım. Verilişə gələn qonaqlarla mən
milli kinolarımızın, tamaşalarımızın musiqilərini
analiz edirdim. Baxmayaraq ki, şöhrəti 15 yaşında
tapmışam, amma həmişə şou-biznesdən,
qalmaqaldan uzaq olmuşam. İmanlı dindar kimi
başımı aşağı salıb öz halal
çörəyimi qazanmışam. Çünki
yaradıcı insan qalmaqalla reklam olunmamalıdır. Bir də
ki, mənim şəxsi həyatımla, ailəmlə bağlı
informasiyaları nə üçün insanlar mətbuatdan
oxumalıdırlar? İnsanlar bu barədə nə
üçün bilməlidirlər? Mən bunu başa
düşmürəm.
- Sən özün
istəməsən də, indiki dövrdə adamı qalmaqala
çəkib konfliktlər yaradanlar, ona maneçilik edənlər
tapılır.
- Mən uşaq olanda
bütün problemlərimi ustadım Mobil müəllim həll
edirdi. O, qoruyucu mələyim olaraq məni bütün çətinliklərdən
uzaq tutub. Məni hamı onun nəvəsi kimi
tanıyırdı. Həqiqətən hamı elə bilirdi
ki, mən onun doğma nəvəsiyəm. Bayaq siz
soruşdunuz ki, keçid dövründə mən operettalarda
necə oxumuşam. Bütün bunlar Mobil müəllimin
köməyi nəticəsində olub. O keçid
dövrümdə mənim yemək-içməyimə,
bütün yaşayışıma nəzarət edirdi. Ona
görə də, keçid dövründə çətinlik
çəkmədim. Bu gün fikirləşirəm ki, bəlkə
də o kişi bilirdi ki, mən nə vaxtsa
"Koroğlu"nu oynayacağam. Mobil müəllim məni
buna yetişdirirmiş, təəssüf ki, görmədi. Mən
ondan gördüyüm münasibəti bu gün tələbələrimə
göstərirəm.
- Xaricdə təhsil
almaqla bağlı planlarınız varmı?
- Mən qiyabi olaraq
Gürcüstan Dövlət Konservatoriyasının magistriyəm.
Magistraturanı bitirəndən sonra aspirantura təhsilimi
İtaliyada almaq fikrim var.
- "Koroğlu"
partiyasını ifa etmək hər gənc vokalçı
üçün böyük xoşbətxtlik, gələcəyə
bir tramplindir. Bununla yanaşı, "Koroğlu"nun
özü kimi, onu ifa edənlərin də düşmənlərinin
sayı çoxalır. Sizdən əvvəl bir neçə
gənc həmkarınız özünü bu partiyada
sınasa da, uğursuz alındı...
- Mən heç vaxt
imkan vermərəm ki, bir rola görə mənim düşmənlərim
əmələ gəsin. Mən düşmənsizliyimlə
bütün düşmənçilikləri aradan
qaldırıram. Hüseyn Cavidin "Gülbahar"
şeirində deyildiyi kimi, mən bütün insanları
sevirəm. Mən indiyədək kimsə barədə pis
fikir yürütməmişəm. Çünki bir kimsənin
sənətini pisləsəm, onu özümə düşmən
edəcəyəm. Əgər bu insan yaxşı adamdırsa,
öz sənətinə məsuliyyətlə
yanaşmalıdır, elə olsa, yaxşı sənətkar
olar da. Əgər yaxşı adam deyilsə, onunla münasibət
saxlamağa dəyməz. Mən deməzdim ki, məndən əvvəlkilər
"Koroğlu"nu ürəksiz, pis ifa ediblər.
Şükür Allaha hələ ki, mənim ifalarımı
pisləyən olmayıb. Kim pisləsə, mən onun
ifasını tərifləməklə qisas alacağam.
Bilirsinizmi, sənət adamı əgər özünə
qarşı hörmət istəyirsə, həmkarlarına
hörmətlə yanaşmalıdır. Təəssüf ki,
bu gün sənət əhli arasında bu ənənə zəifləyib.
Əslində, mənim düşüncəmə görə,
ifaçı cəmiyyətdə danışığı
ilə deyil, oxumağı ilə tanınmalı, seçilməli,
hörmət sahibi olmalıdır.
O kəslər ki,
oxumağı lazımi formada bacarmırlar,
danışmağa üstünlük verirlər, özləri
hiss etməsələr də, bu onların ziyanınadır.
Hacıxanoğlu İltifat
Ekspress.-
2011.- 5-10 noyabr- S. 18.