Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən şənbə  saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   Azərbaycan Respulikası Dövlət Arxivində tanış olduğumuz sənədlər bir daha sübut edir ki, həqiqətən Nazirlər Sovetinin keçmiş referenti Saleh müəllimin dediyi kimi, arxiv işi Məmməd-əmin Şəkinskinin "şəxsi həyatının ayrılmaz bir hissəsi idi".

 

   Təkcə 1961-ci il ərzində Azərbaycan SSR Nazirlər Sovetinə onun imzası ilə göndərilən rəsmi məktubların bəzisini nəzərdən keçirək:

 

   1961-ci il yanvar ayının 4-də Azərbaycan hökumətinin sədr müavini Əli Həbib oğlu Kərimovun adına aşağıdakı məktubu göndərmişdir:

 

   "1953-cü ildə ləğv olunmuş Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirliyinin arxiv sənədləri indiyədək Mərkəzi Dövlət Arxivinə təhvil verilməmişdir. Bununla əlaqədar Arxiv İdarəsi Azərbaycan SSR Baş Meşə Təsərrüfatı İdarəsinə məktubla müraciət edərək bildirmişdir ki, 1960-cı il iyul ayının 15-dən gec olmayaraq, SSRİ Nazirlər Sovetinin 1958-ci il 13 avqust tarixli qərarına əsasən meşə təsərrüfatı nazirliyinin arxiv sənədlərini mərkəzi dövlət arxivinə təhvil versin. Tərəfimizdən aparılmış yoxlamadan aydın oldu ki, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Meşə Təsərrüfatı İdarəsi nəinki ləğv olunmuş nazirliyin bircə işini də mərkəzi arxivə verməmiş, hətta bu günədək təhvil veriləsi arxiv materiallarının işlənib-hazırlanmasına da başlamamışdır.

   Yuxarıda göstərilənləri nəzərinizə çatdırmaqla Sizdən xahiş edirəm ki, SSRİ Nazirlər Sovetinin 1958-ci il 13 avqust tarixli qərarında göstərilən tələblərə riayət etməyən Baş Meşə Təsərrüfatı İdarəsi rəisi barədə müvafiq sərəncam verəsiniz.

 

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."

 

   1961-ci il aprelin 5-də isə M.Şəkinski Nazirlər Sovetinə aşağıdakı məktubu göndərmişdir:

 

   "Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ə.H.Kərimov yoldaşa

 

   Son vaxtlar Azərbaycan Şərabçılıq Trestinin və Arxiv İdarəsinin əməkdaşlarının səyi nəticəsində trestin arxivi nümunəvi bir şəkilə salınmışdı. Hazırda burada beş mindən çox arxiv sənədi saxlanılır. Lakin bu günlərdə keçirilən baxışdan müəyyən edilib ki, trestdə arxivarus ştatı ləğv ounmuş və bu vəzifə kadrlar şöbəsinin müdirinə həvalə edilmişdir. Beləliklə, trestin arxivi yenidən qeyri-qənaətbəxş vəziyyətə düşmüşdür. Yerlərdən aldığımız məlumatlara əsasən bildirirəm ki, arxiv işçilərinin ixtisara salınması faktlarına bir sıra digər idarə və təşkilatlarda da yol verilir.

   Yuxarıda göstərilənləri nəzərə alaraq, Sizdən xahiş edirəm ki, nazirliklərin, təşkilat və müəssisə rəhbərlərinin Arxiv İdarəsinin razılığı olmadan özbaşına arxiv müdiri ştatlarının ixtisarına son qoyulması məqsədilə Nazirlər Sovetinin iclasına müvafiq məsələni müzakirəyə çıxarasınız. Zira arxiv işçilərinin heç bir əsas olmadan ixtisarı - qiymətli sənədlərin əvvəlcədən məhvi xəttini yeritmək deməkdir.

 

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Ə.Şəkinski."

 

   Əli Kərimov Məmmədəmin Şəkinskinin təklifini müdafiə etmiş və bu barədə Nazirlər Sovetinin sədri Məmməd İskəndərovla söhbət etmişdir. M.Şəkinskiyə həvalə edilmişdir ki, hökumət iclasında məsələnin müzakirəsi üçün aşağıdakı rəsmi məlumatı təqdim etsin:

 

   1. Azərbaycan SSR Mərkəzi Dövlət Arxivlərinə arxiv sənədlərini məcburi qaydada təhvil verməli olan idarə, təşkilat və müəssisələrin siyahısı.

   2. Mərkəzi Dövlət Arxivlərinə təhvil verilmədən sənədləri saxlanılan idarə, təşkilat və müəssisələrin siyahısı.

   Azərbaycan hökumətinin tapşırığı qısa vaxtda yerinə yetirilmiş və Arxiv İdarəsinin tərtib etdiyi siyahılar təqdim edilmişdir. Məsələyə Azərbaycan SSR Nazirlər Sovetinin iclasında baxılmışdır. Qərar layihəsini M.Şəkinski hazırlamışdır. Tanış olun:

 

   "Azərbaycan SSR Nazirlər Soveti

 

   Qərar

 

   Azərbaycan SSR Mərkəzi Dövlət Arxivlərinə arxiv sənədlərini məcburi qaydada təhvil verməli olan və bu sənədləri özlərində saxlamalı olan idarə, təşkilat və müəssisələrin siyahıları barədə

 

   Azərbaycan SSR Dövlət arxivlərinin komplektləşdirilməsi təcrübəsini yaxşılaşdırmaq və SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin 1960-cı il 10 avqust tarixli (N3/6353-B) qərarına müvafiq olaraq Azərbaycan SSR Nazirlər Soveti

 

   Qərara alır

 

   1. Azərbaycan SSR Mərkəzi Dövlət Arxivlərinə arxiv sənədlərini məcburi qaydada təhvil verməli olan və bu sənədləri özlərində saxlamalı olan idarə, təşkilat və müəssisələrin Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi tərəfindən təqdim olunmuş siyahıları təsdiq olunsun.

   2. Siyahıda göstərilmiş idarə, təşkilat və müəssisələrə özlərinin arxiv materiallarını dövlət vəsaiti hesabına qaydaya salınması qadağan edilsin.

 

   Azərbaycan SSR maliyyə Nazirliyinə tapşırılsın ki, qərarın həmin maddəsinin yerinə yetirilməsinə nəzarəti təmin etsin.

 

   Azərbaycan SSR Nazirlər Sovetinin sədri M.İskəndərov.

 

   Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin rəisi F.Vəkilov.

 

   29 may 1961-ci il."

 

   1961-ci ilin avqustunda M.Şəkinskinin Nazirlər Sovetinə göndərdiyi rəsmi məktub birbaşa Fəxri Vəkilov yoldaşa ünvanlanmışdır. Məktubda deyilir:

 

   "1961-ci il avqustun 23-də Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi tərəfindən Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Sovxozlar İdarəsinin arxivi yoxlanılmış və müvafiq akt tərtib edilmişdir. Aktda göstərildiyi kimi, burada arxiv sənədlərinin saxlanılması rejiminə əməl olunmur, sənədlər rütubətli zirzəmidə saxlanılır, get-gedə xarab olur və yararsız hala düşür. Halbuki bu arxiv materialları böyük elmi əhəmiyyətə malikdir, Azərbaycanda pambıqçılığın, heyvandarlığın, meyvəçiliyin, subtropik bitkilərin və digər sahələrin inkişafının mərhələləri həmin sənədlərdə əksini tapmışdır.

   Yuxarıda göstərilənləri nəzərinizə çatdıraraq, Sizdən xahiş edirəm ki, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1958-ci il 861 nömrəli qərarının yerinə yetirilməsini dönmədən yerinə yetirmək məqsədilə Azərbaycan SSR Nazirlər Soveti yaında Baş Sovxozlar İdarəsində arxiv materiallarının mühafizə olunmasına təsir göstərəsiniz.

 

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."

 

   Bir ay sonra, 1961-ci il sentyabrın 26-da isə Məmmədəmin Şəkinski Nazirlər Sovetinin İşlər İdarəsinə deyil, bilavasitə hökumət başçısına müraciət etmişdir:

 

   "Azərbaycan SSR Nazirlər Sovetinin sədri M.Ə.İskəndərov yoldaşa

 

   Sizdən xahiş edirəm ki, Mərkəzi Dövlət Kino Sənədləri Arxivində quruducuların qoyulması üçün Azərbaycan SSR Dövlət Plan Komitəsi tərəfindən əlavə olaraq 80 metr elektrik kabeli ayrılmasına göstəriş verəsiniz.

   Nəzərinizə çatdırıram ki, hazırda yanğından mühafizə xidməti işçiləri quruducu aparatları arxiv binasından kənarda yerləşdirirlər və buna görə də təcili olaraq əlavə kabelə ehtiyac vardır.

 

   Azərbaycan Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi - M.Şəkinski."

 

   Baş nazirin sərəncamı əsasında respublika Dövlət Plan Komitəsi Məmmədəmin Şəkinskinin xahişini yerinə yetirmiş və beləliklə, foto-kino sənədləri arxivinin yanğından təhlükəsizliyi tam təmin edilmişdir.

   1961-ci ilin sentyabr ayında Baş Arxiv İdarəsinə əlavə olaraq 40 komplekt stellajın verilməsi problemini də M.Şəkinski hökumət səviyyəsində həll etmişdir. Azərbaycan Respublkası Dövlət Arxivində saxlanılan sənədlə tanış olun:

 

   "Azərbaycan SSR Nazirlər Soveti Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədri Tahirə Tahirova yoldaşa

 

   Sizinlə razılaşmaya və Azərbaycan SSR Nazirlər Sovetinin sədri M.Ə.İskəndərov yoldaşın göstərişinə əsasən xahiş edirəm ki, başçılıq etdiyiniz Komitənin tabeliyindəki Elmi-Texniki kitabxananın istifadəsiz qalmış 40 dəst stellajın Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinə verilməsi barədə müvafiq sərəncam imzalayasınız.

 

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin sədri M.Şəkinski."

 

   ARAYIŞ. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində görkəmli dövlət xadimi Tahirə Əkbər qızı Tahirovanın şəxsi iş vərəqəsi saxlanılır. 1991-ci ildə yetmiş səkkiz yaşında vəfat etmiş Tahirə xanım 1981-ci il noyabrın 28-də yazdığı tərcümeyi-halında dəst-xətti ilə yazır: "1913-cü ildə Zaqafqazski diyarının Mervski qəzasının Bayraməli kəndində, indiki Türkmənistan SSR-nin Bayraməli şəhərində müəllim ailəsində anadan olmuşam. Atam Tahirov Əkbər Əsgər oğlu 1876-cı ildə doğulmuş, Qori müəllimlər seminariyasını bitirmiş, Zaqafqazski diyarında uzun illər ibtidai rus məktəbində müəllim işləmişdir. 1920-ci ildə ailəmiz Bakıya köçmüş və atam burada ibtidai və orta məktəblərdə çalışmış, 1937-ci ildən 1952-ci ilədək isə Bakının ali məktəblərində rus dili müəllimi olmuşdur. 1952-ci ildə təqaüdə çıxmışdır.

   Mən yeddi yaşında məktəbə getmişəm. Doqquzuncu sinifdən Azərbaycan Neft İnstitutunun (indiki Az.Sİ) nəzdindəki Fəhlə Fakültəsinə daxil olmuşam. 1931-ci ilin aprelində indiki Azərbaycan Sənaye İnstitutunun dağ-mədən fakültəsinə qəbul olunmuş və buranı 1935-ci ilin oktyabrında fərqlənmə diplomu ilə bitirmişəm. 1932-ci ildə tələbə ikən neftçilərin həmkarlar ittifaqı sıralarına, 1933-cü ildə isə ÜİKGİ-yə daxil olmuşam. Ali məktəbi qurtardıqdan sonra Kuybışev adına Elmi-Tədqiqat İnstitutunda neftçıxarma bölməsində elmi işçi vəzifəsində çalışmışam. Həm də eyni vaxtda Az.Sİ-də ixtisasım üzrə məşğələlər aparmışam. 1936-cı ildə Azərbaycan SSR-in XV illiyi münasibətilə Moskvada partiya və hökumət rəhbərləri ilə görüşün iştirakçılarından olmuşam. 1940-1942-ci illərdə Kuybışev adına Elmi-Tədqiqat Neft İnstitutunun direktoru vəzifəsində çalışmış, sonra Azərbaycan KP MK Neft Şöbəsinin müdirinin müavini, Azərbaycan KP MK katibinin neft üzrə müavini, 1946-cıv ildən kadrlar üzrə BK katibi vəzifələrində işləmişəm.

   1939-cu ilin dekabrında Sov.İKP üzvlüyünə qəbul olunmuşam. Həmin il M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirmiş Abdulla Səlim oğlu Bayramov ilə ailə həyatı qurmuşam. A.S.Bayramov 1912-ci ildə Qasım İsmayılov rayonunun Ağamalıoğlu kəndində anadan olmuşdur. 1939-cu ildən Sov.İKP üzvü idi. 1977-ci ildə vəfat etmişdir. (İttifaq əhəmiyyətli fərdi təqaüd alırdı).

   Qızım Elvira Abdulla qızı Bayramova 1940-cı ildə Bakıda anadan olmuş, evdar qadındır, hazırda Moskvada yaşayır. Ünvanı: Lenin prospekti, 92, mənzil 118. Oğlum Rauf Abdulla oğlu Bayramov 1941-ci ildə Bakıda anadan olmuşdur. Hazırda Azərbaycan SSR Elmlər Akademiyası riyaziyyat institutunda baş elmi işçi vəzifəsində çalışır, riyaziyyat elmləri namizədidir, Bakıda, Neftçilər prospektindəki ev 67, mənzil 14-A ünvanda yaşayır. Atam Əkbər Əsgər oğlu Tahirov 1876-cı ildə Zəngəzur qəzasının Qoturlu kəndində anadan olmuşdur. 1959-cu ildə Bakıda vəfat etmişdir. Anam Sürəyya İbad qızı Tahirova 1892-ci ildə Aşqabad şəhərində anadan olmuşdur. Evdar qadın idi, Bakıda Neftçilər prospekti 67, mənzil 14-də yaşayırdı. 1964-cü ildə vəfat etmişdir.

   Bacım Salihə Əkbər qızı Tahirova 1918-ci ildə Türkmənistanda anadan olmuşdur. Evdar qadın idi, Batum şəhərində yaşamış və orada 1947-ci ildə vəfat etmişdir. Qardaşım Adil Əkbər oğlu Tahirov 1923-cü ildə Bakıda anadan olmuşdur, neftçi-mühəndis idi, Bakıda Qoqol küçəsindəki 13 nömrəli evdə yaşayırdı, 1962-ci ildə vəfat etmişdir.

 

   İmza: T.Tahirova, 28/XI-81."

 

   (ardı var)

 

 

  Teyyub Qurban

 

  Ekspress.- 2011.- 5-10 noyabr.- S. 15.