"ABŞ-da Azərbaycan
haqqında təsəvvürlər genişlənib"
"Birləşmiş
Ştatlardakı soydaşlarımız təhsil səviyyəsinə,
bacarığına görə buradakı mühacirlər
arasında ön sıraları tutur"
Tanıtım: Əslən
Bakıdan olan Bədir Məmmədli 1992-ci ildən ABŞ-da
məskunlaşıb. Ali təhsilini də bu ölkədə
alıb. Hal-hazırda Vaşinqton şəhərində
federal dövlət departamentlərindən birində
mühasibat şöbəsinə rəhbərlik edir. ABŞ
Azərbaycanlıları Şəbəkəsinin rəhbəridi.
Ailəlidi, bir oğlu, bir qızı var.
Dünyanın
aparıcı dövləti olan Amerikada Azərbaycan necə
tanınır? Okeanın o tayında ölkəmiz haqqında
hansı təsəvvürlərə malikdirlər? ABŞ Azərbaycanlıları
Şəbəkəsinin rəhbəri Bədir Məmmədli
ilə müsahibəmizdə bizi maraqlandıran bu və
başqa suallara cavab tapmışıq.
- İstərdim
söhbətə rəhbərlik etdiyiniz təşkilatın
yaranma tarixinə nazər salmaqla başlayaq. ABŞ Azərbaycanlıları
Şəbəkəsi nə zaman yaranıb və
qarşıya qoyduğu məqsəd nədir?
- Bu təşkilat
2007-ci ildə ABŞ-dakı fəallarımızdan Adil
Bağırovun, Yusif Babanlının və mənim birgə təşəbbüsümüz
sayəsində yaranıb. Qurumun əsas məqsədləri
Birləşmiş Ştatlarda yaşayan
soydaşlarımızı siyasi cəhətdən maarifləndirmək,
onları ABŞ-ın siyasi həyatına daha yaxından cəlb
etmək, ABŞ ictimaiyyətinə və eləcə də
siyasi dairələrinə Azərbaycanın bir dövlət
kimi əhəmiyyətini çatdırmaq, hər iki ölkə
arasındakı münasibətlərin daha da möhkəmlənməsinə
yardımçı olmaq və ermənilərin Azərbaycana
və eləcə də Türk Dünyasına qarşı təbliğatını
zərərsizləşdirməkdir.
- Vaşinqtonda nə qədər
azərbaycanlı yaşayır?
- Bununla bağlı
heç bir statistik açıqlama olmadığından, bu
suala dəqiq cavab verməkdə təəssüf ki, çətinlik
çəkirəm. Lakin təqribi araşdırmalara əsaslansam
deyə bilərəm ki, ABŞ-da 400 minə yaxın
soydaşımız yaşayır ki, onun da 70-80 faizi Cənubdan
olan həmvətənlərimizdir. O ki qaldı
yaşadığım Vaşinqton və onun ətrafındakı
ərazilərə, buradakı azərbaycanlıların
sayı cənublu soydaşlarımızla birgə 15-20 min
ehtimal edilir. Azərbaycanlıların böyük əksəriyyəti
Kaliforniya, Texas, Nyu York və Nyu Cersi ştatlarında cəmləşib.
- Vaşinqtondakı azərbaycanlılar
hansı sahələrdə çalışırlar?
- ABŞ-dakı,
xüsusən də Vaşinqtondakı soydaşlarımız
öz təhsil səviyyəsinə, bacarığına və
tutmuş olduğu vəzifəsinə görə buradakı
mühacirlər arasında ön sıraları tutur. Onlar
arasında ali məktəb müəllimləri, dövlət
qulluqçuları, həkimlər, hüquqşunaslar, mühəndislər,
xırda biznes sahibkarları və QHT əməkdaşları
az deyil. Soydaşlarımız arasında yüksək ali təhsil
alanların sayı da hər il artır. Onların
böyük əksəriyyətini müxtəlif sahələrdə
çalışaraq axşam və ya İnternet vasitəsilə
təhsillərini davam etdirən soydaşlarımız tutur.
Ötən 10 illə müqayisədə, bu ölkədə
təhsil alan tələbələrimizin də sayı xeyli
artıb. Tələbələrimiz ABŞ-ın ən
nüfuzlu ali tədris ocaqlarında müxtəlif ixtisaslara
yiyələnirlər. Fərəhlə deməliyəm ki,
öz təhsillərini davam etdirməklə yanaşı,
onlar həm də diaspor fəallarına yaxından
yardımçı olurlar.
- Azərbaycan həqiqətlərini
Amerika cəmiyyətinə çatdırmaq üçün
hansı işləri görürsünüz?
- Bu sahədə xeyli
nailiyyətlər əldə etmişik. Şəbəkəmiz
müasir texnologiyadan yararlanaraq müxtəlif vasitələrlə
ABŞ mətbuatına və yerli, eləcə də federal
qanunvericilərə Azərbaycan həqiqətlərini
çatdırır. Məsələn, şəbəkəmizin
yardımı ilə müxtəlif ştatlarda yaşayan
soydaşlarımız Azərbaycanla və eləcə də
erməni irticası ilə bağlı yerli qəzetlərdə
onlarca məqalə və məktublar dərc etdiriblər.
Vaxtaşırı olaraq çox önəmli məsələlərlə
bağlı ABŞ prezidentinə və konqresmenlərə
müraciət üçün kütləvi məktub
kampaniyaları təşkil edirik ki, buna da Amerikanın hər
yerində yaşayan minlərlə soydaşımız
qoşulur. Bundan başqa, şəbəkəmiz Azərbaycanla
bağlı müntəzəm olaraq press-relizlər edir və
bunlar təkcə mətbuat üçün deyil və həm
də konqresmenlər üçün nəzərdə
tutulur. Eləcə də, təşkilatımız müxtəlif
tədbirlər keçirərək və ya başqa təşkilatlar
tərəfindən keçirilən tədbirlərə
qatılaraq Azərbaycanla bağlı məlumatlar yayır və
erməni lobbisinin Azərbaycanla bağlı yalanlarını
ifşa edir.
- Keçirdiyiniz tədbirlərdə
Güney Azərbaycandan olan soydaşlarımız da iştirak
edirlərmi?
- Əlbəttə.
Güneyli soydaşlarımızın böyük əksəriyyəti
özlərini Azərbaycanın ayrılmaz bir parçası
hiss edir və Azərbaycanın problemlərini öz problemləri,
nailiyyətlərini öz nailiyyətləri hesab edirlər.
- ABŞ-dakı digər
Azərbaycan diaspor təşkilatları ilə münasibətləriniz
hansı səviyyədədir?
- Bu təşkilatlarla
münasibətlərimiz qarşılıqlı hörmət,
dostluq və əməkdaşlıq əsasında qurulub. Sözsüz
ki, bu başqa cür ola da bilməz. Baxmayaraq ki, hər bir təşkilatın
özünəməxsus idarəetmə forması, strukturu, əhatə
dairəsi və öhdəliyi var, bizim hamımızin
ümumi məqsədlərimiz və milli maraqlarımız
demək olar ki, eynidir. Bizi birləşdirən amillər bizi
ayıran amillərdən daha çoxdur. Eyni sözləri
ABŞ-da fəaliyyət göstərən və sıx əlaqəmiz
olan dost türk təşkilatları barədə də demək
olar.
- Azərbaycan-Nyu-York
Assosiasiyasının rəhbəri Əli Nəsibov qəzetimizə
müsahibəsində bildirib ki, Vaşinqtonda Azərbaycan
Konqresi adlı bir orqan yaratmaq lazımdır ki, Amerikada olan
bütün Azərbaycan cəmiyyətləri bir araya gəlsin.
Sizin bu təklifə münasibətinizi bilmək istərdik...
- Bu təklifi
yalnız alqışlayıram. Belə bir orqan artıq uzun
bir müddətdir ki, türk diaspor təşkilatlarında
mövcuddur. Mən əminəm ki, koordinasiya və ümumi səylərin
birləşdirilməsi baxımından bu, çox mühüm
bir addım olardı. Amma onu da nəzərə almaq
lazımdır ki, bu özü çox məsuliyyətli və
ciddi bir vəzifədir. Bunun həyata keçirilməsi
üçün ilk növbədə maliyyə mənbəyi
lazımdı.
- ABŞ Konqresində
Azərbaycan lobbisi yaratmaq üçün hansı işləri
görmək lazımdı?
- Əvvəla, qeyd
edim ki, ABŞ Konqresində sayı 50-yə yaxın olan Azərbaycan
İşçi Qrupu fəaliyyət göstərir ki, onun da
üzvləri Azərbaycanla ABŞ arasında münasibətlərin
daha da möhkəmlənməsinə və Azərbaycanın
bir strateji əməkdaş kimi bu ölkədə
nüfuzunun daha da artmasını arzulayan konqresmenlərdir. Onlar
qətiyyən lobbiçi deyillər, çünki
lobbiçilərdən fərqli olaraq onlar heç bir şəxsi
maraq və ya maliyyə mənbəyi güdmürlər. Bizim
də məqsədimiz ABŞ Konqresinə məhz bu yolla təsir
göstərməkdir.
- Vaşinqtondakı Azərbaycan
səfirliyindən bir diqqət görürsünüzmü?
- Sözsüz. Hafiz
Paşayevin, Yaşar Əliyevin fəaliyyəti dövründə
səfirliyimiz hər zaman biz azərbaycanlıların
üzünə açıq olub. Əgər bizi narahat edən
hər hansı bir məsələ və ya hər hansı
bir təklifimiz olubsa, səfirlərimiz və ya onların
köməkçiləri hər zaman bizi dinləməyə
hazır olublar. Hazırda ABŞ-a yeni səfir təyin olunub və
inanırıq ki, səfirlik burada yaşayan azərbaycanlılara
diqqətini əsirgəməyəcək.
- Bəs, Azərbaycanın
Diasporla İş üzrə Dövlət Komitəsi
gördüyünüz işlərdə sizə
yardımçı olurmu?
- Diaspor Komitəsilə
bizim çox sıx əlaqələrimiz var. Müntəzəm
olaraq Komitənin əməkdaşlarıyla təmasda olur və
görüləcək işlərimizi müzakirə edirik. Sevindirici haldır ki, Komitə son on il
ərzində Amerikaya
olan diqqəti daha da artırıb.
Amerikanın müxtəlif ştatlarında
keçirilən konsert
proqramları, mədəni
tədbirlər və
diaspor toplantıları
məhz Diaspora Komitəsinin
yaxından yardımı
ilə baş tutub.
- ABŞ-da Azərbaycanı necə tanıyırlar?
- Əgər əvvəllər
amerikalılar Azərbaycanı
inkişaf etməkdə
olan post-sovet neft ölkəsi kimi tanıyırdılarsa,
artıq bu təsəvvürlər bir
xeyli genişlənib.
İndi Azərbaycan amerikalıların gözündə
strateji tərəfdaş,
hərbi müttəfiq,
ABŞ iqtisadiyyatına müsbət
mənada təsir göstərə biləcək
iqtisadi partnyor, dünya qaz bazarında yeni nüfuz sahibi, BMT-nin ən yüksək
pilləsində dünya
siyasətinə təsir
edə biləcək bir üzv və
nəhayət, dünya
mədəniyyətinə və
incəsənətinə öz
layiqli töhfəsini
verən "Eurovision" qalibi
kimi tanınır.
- Bildiyiniz
kimi, Azərbaycan-Türk
Diaspor Təşkilatlarının
Birgə Fəaliyyət
Strategiyası qəbul
olunub. Bu baxımdan
ABŞ-da Azərbaycan-Türk
diaspor təşkilatları
arasındakı münasibətlərin
hansı səviyyədə
olduğunu bilmək istərdik...
- Bu münasibətlər
son dərəcə isti
və işgüzardır
və daha da möhkəmlənir. Azərbaycanlıların tədbirlərini türklərsiz, türklərin
tədbirlərini bizsiz
təsəvvür etmək
qeyri mümkündür.
Biz müntəzəm olaraq görüşür,
fikir mübadiləsi edir və qarşıda
görüləcək işləri
birgə müzakirə
edirik. Əlbəttə ki, erməni
lobbisinin Türk Dünyasına qarşı
apardığı əməlləri
və atacağı addımları hər zaman diqqət mərkəzində saxlayırıq.
- ABŞ-Azərbaycan
münasibətləri sizi
qane edirmi?
- Qane
etməyinə edir, amma bu münasibətlər
daha mehriban ola bilərdi,
əgər rüsvayçı
907-ci düzəliş olmasaydı
və bir də bəzi şəxsi maraq güdən ermənipərəst
konqresmenlər öz erməni seçicilərinin
maraqlarını ölkə
maraqlarından üstün
tutmasaydılar.
- Qarabağ
probleminin həlli
ABŞ-dan necə görünür?
- İstəsək də, istəməsək də
ABŞ bu problemin həllini yalnız sülh yolunda görür və Amerika hökuməti bunu dəfələrlə
bəyan edib. Eyni zamanda, ABŞ dövləti hər zaman Qarabağı Azərbaycanın tərkib
hissəsi sayıb və "Dağlıq Qarabağ Respublikası"nı tanımadığını
bildirib.
- ABŞ-da
azərbaycanlıların mətbuat
orqanı varmı?
- Belə
bir orqan Əli Nəsibovun başçılıq etdiyi
Nyu-York Azərbaycan Cəmiyyətinə məxsusdur.
Bundan başqa bəzi təşkilatların internet vasitəsilə
mətbuat orqanları
da mövcuddur. Eləcə də, ABŞ-da cənublu soydaşımız
Əhməd Obalının
rəhbərlik etdiyi
"GünAZ" Televiziyası
fəaliyyət göstərir
ki, onun da əsas məqsədi
Cənubda yaşayan soydaşlarımızın problemlərini
işıqlandırmaqdı. Daha sonra, Vaşinqtondakı Qarabağ Fondu ingilis dilində həftədə bir neçə saat yerli radioda Azərbaycan
və onun mədəniyyəti ilə
bağlı verilişlər
təqdim edir.
- ABŞ mətbuatı
ilə əlaqələriniz necədir? Bu ölkənin
KİV-ində Azərbaycanla bağlı məlumatlar gedirmi?
- Yuxarıda qeyd
etdiiyim kimi, bizim şəbəkənin yardımı vasitəsilə
yerli mətbuatda soydaşlarımızın onlarca məktub və
məqaləsi dərc olunub. Azərbaycanla bağlı digər
yazılara gəlincə, onu deməliyəm ki, ABŞ-ın
nüfuzlu qəzetlərinin Azərbaycana marağı xeyli
artıb. Təkcə Azərbaycan BMT-nin Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçiləndə, mən
özüm bir neçə maraqlı məqalənin
şahidi oldum. Sözsüz ki, bu yazılarda Azərbaycanda
neft və qaz hasilatı, Azərbaycanın qlobal enerji layihələrində
tutduğu rola daha geniş yer ayrılır. Daha bir maraqlı
faktı da qeyd etməliyəm ki, Azərbaycana daha çox
amerikalı turistin getdiyini nəzərə alsaq, ara-sıra qəzetlərdə
amerikalı jurnalistlərin və tədqiqatçıların
maraqlı müşahidə və təəssüratlarıyla
dolu yazılarına da rast gəlmək olur. Təəccüblü
deyil ki, bəzən yerli mətbuatda ermənilərin də Azərbaycanla
bağlı böhtan və iftira ilə dolu yazılarına
da rast gəlinir. Sözsüz ki, biz bu cür yazıları
cavabsız qoymuruq.
Aqil ASLAN
Ekspress.- 2011.-
11 noyabr.- S. 12.