"Boy
çiçəyi" və ya "Azdrama"ya boy verməyən tamaşa...
Noyabrın
2-də Akademik Milli Dram Teatrında Azərbaycan
dramaturgiyasının görkəmli nümayəndəsi, xalq Yazıçısı İlyas
Əfəndiyevin "Sən həmişə mənimləsən
və yaxud Boy
çiçəyi" pyesi əsasında
hazırlanmış iki hissəli "Boy çiçəyi"
tamaşasının premyerası olub. Qeyd edək ki, ilk dəfə 1964-cu
ildə səhnəyə qoyulan bu tamaşa Azərbaycan milli teatr sənətinin iki böyük nəhəng
sənətkarı xalq artisti
Tofiq Kazımovla İlyas
Əfəndiyevin yaradıcılığının ilk qaranquşu olsa da, milli
teatr salnaməmizin yaddaşına
qızıl hərflərlə həkk olunub.
Məlumat
üçün bildirək ki, yeni quruluşda
hazırlanmış tamaşanın rejissoru xalq artisti Azərpaşa
Nemətovdur. Tamaşada əsas rolları- "Həsənzadə"ni
xalq artisti Fuad Poladov, "Nargilə"ni isə əməkdar
artist Məsmə Aslanqızı oynayırdı. Bundan
başqa tamaşada Akademik Milli Dram Teatrının
aparıcı aktyorları Şükufə Yusupova, əməkdar
artist Əjdər Həmidov, aktyorlardan Elnar Qarayev, Almaz Amanova,
Fəridə Vəliyeva da tamaşada iştirak edirdilər.
Yaşlı və
ortayaşlı oxucularımıza yaxşı məlumdur ki,
"Sən həmişə mənimləsən" pyesi
"Azdrama"da Milli Dram Teatrında səhnəyə
qoyulduğu ilk dövrlərdən etibarən uzun illər
teatrın repertuarından düşməyən, böyük
tamaşaçı kütləsini teatra cəlb edən
maraqlı tamaşalardan olub. Azərbaycan dramaturgiyasında və
teatrında bu tamaşa ilə psixoloji-lirik janrın əsası
qoyulub. Bu əsər müxtəlif dövrlərdə Akademik
Milli Dram Teatrın səhnəsində müxtəlif
rejissorların quruluşunda hazırlansa da, həmişə
geniş tamaşaçı marağını özünə
cəlb edib. Ümumiyyətlə "Sən həmişə
mənimləsən" əsərinin hər yeni quruluşda
təqdimi teatr aləmində böyük rezonans doğuran
hadisəyə çevrilib. Bu səbəbdən əsərin
indiki quruluşu da teatrsevərlərin diqqət mərkəzində
idi. Hərçənd əsərin ictimai baxışında
iştirak edən bəzi həmkarlarım bu dəfə onun
çox uğursuz alındığını söyləsələr
də, inanmırdım ki respublikanın ən
tanınmış rejissoru Azərpaşa Nemətovun
quruluş verdiyi və Fuad Poladov kimi aktyorun baş rolda
iştirak etdiyi bir tamaşa belə zəif alınar. Getdim, baxdım
və zənnimdə yanılmağım məni çox təəssüfləndirdi.
Çox təəssüfləndim ki, Tofiq Kazımov kimi dahi
rejissorun Azərbaycan teatr salnaməsinə qızıl hərflərlə
həkk olunan bu hədiyyəsi belə aşağı səviyyədə
oynanıldı. Bəlkə də aktyor oyunundakı bu
nöqsanlar premyeranın həyacanı ilə əlaqəli
idi. Amma İlyas Əfəndiyev kimi klassik dramaturqumuzun əsərinə
belə laqeyd münasibət ən azından mənəvi
cinayət kimi qiymətləndirilməlidir.
Əvvəla,
hamımıza məlumdur ki, İlyas müəllim öz əsərlərinə
necə məsuliyyətlə yanaşar, onun nəinki bir kəlməsinə,
nöqtə və vergülünə belə çox ciddi
diqqət yetirərdi. Bu səbəbdən pyesin mətninə
toxunmaq, onu guya müasir dövrümüzlə
uzlaşdırmaq məqsədilə redaktə etmək yersiz
idi. Əslində açıq-aşkar
görünürdü ki, bu "uzlaşma" bədii-estetik
cəhətdən çox primitiv aparılıb.
"Sən həmişə
mənimləsən" pyesinin maraqlı cəhəti budur
ki, əsərin finalı əvvəlcədən bilinmir və
bu da istər oxucuda, istərsə də tamaşaçıda
onun sonun necə olması marağını yaradır.
Tamaşaçı bu tamaşada istər-istəməz qəhrəmanın
qayğısını çəkir, sonunun necə ola biləcəyini
düşünməyə vadar edir. Təsvirləri mükəmməl
deyiləcək qədər olmasa da, təxəyyülündə
məkan və obrazın canladırmasını apara bilərsən.
Əsərdə
qadının əri qarşısında köləliyi,
acizliyi geniş vurğulanır. Bu cür güclü,iradəli
varlıqların çox zaman bu səbəbdən bu şəkildə
aciz duruma düşmələri təəccüblüdü.
Sonda Nəzakət ərinin əsarətindən qurtulub,
qızına nə qədər bağlı olduğunu
göstərə bilir.
Bu pyes dünyanın
60-cı illər mənzərəsində azərbaycanlı mənəviyyatını
əks etdirən bədii bir sənəddir. Müasir azərbaycanlı
psixologiyasının öyrənilməsi yolunda ilk bələdçi
məhz "Sən həmişə mənimləsən"
pyesidir. Bunlardan əlavə "Sən həmişə mənimləsən"
pyesi Azərbaycan teatr mədəniyyətində yeni bir estetik
mərhələnin başlandığını müjdələyib,
yeni rejissuranın, yeni aktyor
ifaçılığının meydana gəlməsini şərtləndirib,
Azərbaycan milli dramaturgiyasının çağdaş
axtarışlarının dəyərli təzahürü
kimi əlamətdar olub, teatrımızın həm repertuar
siyasətinin istiqamətlənməsinə kömək edib, həm
də onun sonrakı inkişafı üçün
mühüm estetik koordinatları müəyyənləşdirib.
Bu səbəbdən
onun necə belə zəif hazırlanması başa
düşülən deyil.
Keçək
tamaşanın rejissor quruluşuna...
Tamaşada
mizanların nə qədər ardıcıllıqla bir-birini əvəz
etməsini müşahidə etsək də, səhnə tərtibatının
bu mizanlara mane olduğunu, ümumi atmosferin də çox
süni təəssürat
bağışladığını gördük. Səhnədə
rejissor hadisələrin baş verdiyi məkanı yan-yana
quraşdırılmış otaqlar kimi göstərib. Amma bu
otaqların birində hadisələr davam etdikcə, digər
otaqlardakı personajlar sanki butafora çevrilirlər. Hərçənd
Fuad Poladov səhnədə boş dayanmamaq üçün
arada siqaret çəksə də, bu daha da qeyri-estetik
görünüş yaratdı. Digər tərəfdən
bütün dünyada siqaret əleyhinə kampaniyaların
aparıldığı bir dövrdə, Akademik Milli Dram
Teatrı kimi dövlət müəssisəsində siqaretin
reklam olunması hansı məqsədi daşıyırdı
başa düşmədik.
Əsərin musiqi tərtibatı
isə onun ideyası ilə heç uyğun gəlmirdi. Biz
öyrəşmişik ki, tamaşadakı kuliminasiya nöqtəsi
ilə musiqinin kuliminasiya nöqtəsi harmoniya təşkil
etməlidir. Bu tamaşada musiqi tərtibatı bərbad idi desək,
daha doğru olar. Üstəlik sual doğuran məqamlardan biri də obrazların rep deməsi idi. Müasirlik naminə "müasirlik"mi?
Tamaşada əl telefonlarından
istifadə olunur.
Rejissor bununla nə demək istəyir? Məgər
60-cı illərdə əl
telefonu vardı?
Əgər eləydisə? Nargilənin anası da əzazil ərindən qorxub Həsənzadənin evinə
getməməli, bütün
narazıçılığını ona SMS-lə bildirməli idi... İkinci pərdədə Nargilə
Həsənzadəyə qutabı
yeyəndən sonra ona türk kofesi
təklif edir. Əvvəla
türklərdə kofe
yox, qəhvə olur. Bir də bakılılar demişkən, qutabdan sonra qəhvə getmir, axı...
Bir neçə kəlmə də aktyor oyunu barədə.
Heç şübhəsiz
ki, baş roluoynayan xalq artisti Fuad Poladov
Azərbaycan teatr sənətinin sonuncu mogikanlarındandır.
Amma bu tamaşada biz sevimli aktyorumuzu deyil, sanki tamaşa xatirinə səhnəyə
çıxan rol ifaçısını gördük.
Budəfəki ifasında Fuad
Poladovun özünəməxsus
aktyor oyununa xas olan emossionallıq,
şuxluq, əzmkarlıqdan
əsər-əlamət yox
idi. Sanki tələm-tələsik sözlərini
deyib səhnədən
qaçmaq istəyirdi.
Əsərin əsas qəhrəmanlarından
biri də Nargilədi. Qəhrəmanın atasını tez itirməsi, ögey atasının onunla davranışı, anasının
köləliyi və iradəsizliyi ona çox təsir edib. Dikbaşlığı, sərbəstliyi, digər insanların düşüncələrinə önəm verməməsi,
anlayışlı olması
və ağlı onu tamaşaçıya sevdirir. Nargilə atasızlığının və atalığının
ona verdiyi əzablardan qurtulmaq üçün uşaq ağlı ilə hər gün pəncərəsinə baxdığı,
özündən 25 yaş
böyük Həsənzadəyə
aşiq olur. Yoxluq içində varlığı,
qaranlıqda işığı
tapan bunlara necə bağlanırsa, o
da Həsənzadəyə
bağlanır.
Bütün
bunları tamaşaçı
nə qədər Məsmə Aslanqızının
ifasında görməyə
çalışsa da,
arzusuna nail ola
blilmədi. Məsmə Aslanqızı 16 illik aktyorluq təcrübəsinə malik
xarakterik roların mahir ifaçılarındandır.
Amma tamaşaçıya məlum
olmayan səbəblərdən
onun bu tamaşadakı
oyunu heç alınmadı. Səhnə plakstikası
yerində olsa da, həm diksiyada,
həm də rolun ifasındakı nöqsanlar onun oyununu darıxdırıcı
edirdi. Bəlkə də bu onun premyera həyəcanı
və yaxud xəstə olması ilə əlaqəli idi, amma bunun
tamaşaçıya dəxli
yoxdur. Çünki
o, bundan əvvəl də "Nargilə"ni oynayıb və obraza bələddir. Tamaşaçı
Nargilədəki sevginin,
emosiyanın əvəzinə
"Aygün Bəylərin
qısa saçlı,
şapkalı vaxtları"nın prototipini gördü.
Digər rollara
gəldikdə isə,
Əjdər Həmidov
elə bir oyunu ilə yadda qalmadı. Əksinə,
biz canlı aktyor əvəzinə sanki marionet kukla gördük.
Sonda bir
məqama toxunmaq istərdik. Akademik Milli Dram Teatrının
direktoru İsrafil İsrafilovla dəfələrlə
teatrın tamaşalarının
keyfiyyət səviyyəsinin
qalxması mövzusunda
söhbətlər etmişik.
Ona görə də İsrafil müəllimin bu istiqamətdə gördüyü işlər,
apardığı islahatları
təqdir hal kimi qiymətləndiririk.
Amma məsələ burasındadır
ki, çiy quruluşlu tamaşalar
"Azdrama"ya boy vermir,
ən azı nüfuzlu teatr məbədinin imicinə yaraşmır.
İltifat
HACIXANOĞLU
Ekspress.- 2011.- 12-14 noyabr.- S. 18.