Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən şənbə  saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində tanış olduğumuz materiallar göstərir ki, Tahirə Tahirovanın da yüksəliş illəri Mir Cəfər Bağırovun adı ilə bağlıdır. Sənədlərə diqqət yetirin:

 

   "Ümum İttifaq Qommunist (bolşevik) Firqəsi

 

   AQ(b)F Mərkəzi Qomitəsi

 

   4 fevral 1940-cı il

 

   Azərbaycan neft kombinatı trestləri müdirlərinin təsdiqi barədə

 

   Tahirova Tahirə Əkbər qızı (Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutu), mədən mühəndisi, Azərbaycan Sənaye İnstitutunun aspirantı, trest müdiri təsdiq olunsun.

 

   Məsələ Ümum İttifaq Qommunist (bolşevik) Firqəsi Qomitəsinin təsdiqinə göndərilsin.

 

   Azərbaycan Q(b)F MK katibi M.C.Bağırov

 

   4 fevral 1940-cı il."

 

   İki ildən sonra, 1942-ci ildə M.C.Bağırov Tahirə Tahirova haqqında aşağıdakı qərarı imzalamışdır:

 

   "Azərbaycan K(b)P MK-nın neft şöbəsinin müdiri barədə

 

   Tahirova Tahirə Əkbər qızı, 1939-cu ildən partiya üzvü, partiya bileti N 3320181, Kuybışev adına Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsindən azad edilməklə, Azərbaycan K(b)P MK-nın Neft şöbəsinin direktoru təsdiq olunsun.

 

   ÜİK(b)P MK-dan bu qərarın təsdiq olunması xahiş edilsin.

 

   Azərbaycan K(b)P MK katibi M.C.Bağırov 20 mart 1942-ci il."

 

   Daha sonra Tahirə xanım Azərbaycan K(b)P MK katibinin neft üzrə müavini vəzifəsinə irəli çəkilmişdir. Mir Cəfər Bağırovun təşəbbüsü ilə 1936-cı ildə Lenin ordeni ilə təltif olunmuş Azərbaycan qadını müharibə illərində rəşadətli əməyinə görə də mükafatlandırılmışdır. 1944-cü ildə Qırmızı Əmək Bayrağı, 1946-cı ildə "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. Gecə-gündüz istirahət bilmədən çalışmış yorulmaz insan 1946-cı ilin yazında xəstəliyə düçar olmuş, xəstəxanada yatmışdır. Mir Cəfər Bağırov Tahirə Tahirovaya ən yüksək səviyyədə qayğı göstərmişdir. Arxiv sənədi ilə tanış olun:

 

   "Azərbaycan K(b)P MK Bürosunun 1946-cı il 5 iyul tarixli 517 nömrəli protokolundan

 

   Çıxarış

 

   Azərbaycan K(b)P MK katibinin müavini T.Tahirova yoldaşa xəstəliyi ilə əlaqədar 1946-cı il iyul ayının 10-dan növbəti məzuniyyət verilsin.

   Azərbaycan K(b)P MK maliyyə-təsərrüfat bölməsinə tapşırılsın ki, həkim komissiyasının rəyinə müvafiq olaraq T.Tahirova yoldaşı sanatoriyaya putyovka ilə təmin etsin və ona aylıq maaşı həcmində vəsait ayırsın.

 

   Azərbaycan K(b)P MK katibi M.C.Bağırov."

 

   Sağlamlığını bərpa edərək Bakıya qayıtmış Azərbaycan xanımı 1946-cı ilin noyabrında eyni zamanda Bakı Partiya Komitəsinin katibi olan M.C.Bağırovun təklifi ilə yeni fəaliyyət meydanına - Bakı Partiya Komitəsinin kadrlar üzrə katibi vəzifəsində çalışmağa göndərilmişdir. Azərbaycanlı qadına kadr işinin həvalə edilməsi millətimizin Bakı düşmənlərinin daşnak cildli xadimlərin qəzəbinə gəlmişdir. 1949-cu il fevralın 3-də Azərbaycan K(b)P Bakı Komitəsinin Büro iclasında "T.Ə.Tahirova və A.S.Bayramov yolaşların partiyaya zidd davranışı barədə" məsələ müzakirə edilmiş və qərar qəbul edilmişdir. Qərarda oxuyuruq:

   "Müəyyən edildiyi kimi, Azərbaycan K(b)P XVII qurultayı vaxtı (qurultay 1949-cu il yanvarın 25-28-də Bakıda keçirilmişdir - T.Q.) gizli səsverməyə verilmiş namizədlərin siyahısının araşdırılması zamanı Azərbaycan K(b)P Bakı Plenumu üzvlüyünə gizli səsverməyə verilmiş siyahının araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Partiya Komitəsinin katibi Tahirova yoldaş və onun əri, Azərbaycan SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin məsul katibi Bayramov yoldaş 1948-ci ilin yayında Dəstəfur rayonunda istirahətdə olarkən, dini adətlərə riayət edərək oğullarını sünnət etmişlər.

   Azərbaycan K(b)P Bakı Komitəsi bürosu Tahirova və Bayramov yoldaşların davranışını partiya üzvünə yaraşmayan hərəkət kimi qiymətləndirir və T.Ə.Tahirova yoldaşın rəhbər partiya işindən kənarlaşdırılmasını Azərbaycan KP MK-dan xahiş edir."

   Azərbaycan K(b)P MK-nın birinci katibi "BK" katibi səlahiyyətindən istifadə edərək qərara aşağıdakı bəndi əlavə etmişdir: "Qeyri-partiyalı davranışı ilə T.Tahirova yoldaş ÜİK(b)P sıralarından çıxarılmaq cəzasına layiqdir. Lakin T.Tahirova yoldaşın partiya sıralarında olduğu müddətdə heç bir partiya cəzası almadığını, əksinə, ona tapşırılan işin öhdəsindən ləyaqətlə gəldiyini, xüsusən Böyük Vətən müharibəsi illərində cəbhənin fasiləsiz olaraq yanacaqla təchizatında böyük əməyini və gələcəkdə belə hallara yol verməyəcəyi vədini nəzərə alaraq, Tahirə Əkbər qızı Tahirova yoldaşa töhmət elan olunsun".

   Bir ildən sonra isə M.C.Bağırova Bakı Partiya Komitəsi Bürosunun aşağıdakı qərarı çatdırılmışdır:

 

   "Azərbaycan K(b)P Bakı Komitəsi qərara alır:

 

   T.Ə.Tahirova yoldaşın yol verdiyi səhvini dərindən dərk etdiyini, hazırda şərəflə və vicdanla işlədiyini, ictimai-siyasi həyatda fəal iştirak etdiyini nəzərə alaraq, 1949-cu il fevralın 11-də Azərbaycan K(b)P Bakı Komitəsi Bürosu tərəfindən ona verilmiş töhmət üzərindən götürülsün.

 

   Azərbaycan K(b)P Bakı Komitəsinin katibi A.İ.Malyutin

 

   11 fevral 1950-ci il."

 

   Anasının töhməti ləğv olunanda gələcəyin riyaziyyatçı alimi "balaca Rauf kişi" ikinci sinifdə oxuyurdu. Əlaçı şagirdin valideynləri bilmirdilər ki, respublikanın kişi rəhbərinin iki oğlu - Cahangir və Cen də birinci sinfə "balaca kişi" kimi getmişdilər. Fərq bunda olmuşdur ki, Cahangirin "balaca toyundan" Qubada ancaq M.C.Bağırovun bacıları Seyid Məsumə və Seyid Fatimə, Cenin "əməliyyatı"ndan isə yalnız atası Mir Cəfər xəbərdar olmuşdu. 1948-ci ildə Dəstəfurda Tahirə Tahirovanın və Abdulla Bayramovun yeganə oğlunun balaca toyunun sədası isə Kremlə çatmışdı...

   Tahirə Tahirova 1983-cü ildə Azərbaycan SSR Xarici İşlər naziri vəzifəsindən təqaüdə göndərilənədək məsul işlərdə çalışmışdır. SSRİ Parlametinin deputatı dünyanın bir çox ölkələrində - İsveçrədə, Belçikada, Çexoslovakiyada, ABŞ-da, Türkiyədə, Hindistanda, Əfqanıstanda, Birmada, Tunisdə, Əlcəzairdə, Bolqarıstanda və digər ölkələrdə respublikamızı təmsil etmişdir. Arxivdə rəhmətliyin Azərbaycan Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləyərkən 1967-ci il dekabrın 2-də Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundova ünvanladığı bir məktub da saxlanılır. Burada oxuyuruq: "1967-ci il iyun ayının 20-də Moskvada Azərbaycan SSR mədəniyyət günlərinin açılışında nümayəndə heyətimizə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Xatirə Qızıl medalı təqdim olunmuşdur. Göstərilən medalın həmişəlik olaraq Azərbaycan tarixi muzeyində saxlanılmasını məqsədəuyğun hesab edirəm.

 

   Xahiş edirik, göstəriş verəsiniz.

 

   İmza: T.Tahirova".

 

   Arxiv materialları göstərir ki, altmışıncı illərdə Azərbaycan Nazirlər Soveti yanında Arxiv İdarəsi tərəfindən həyata keçirilən bir sıra tədbirlərdə Tahirə xanım da yaxından iştirak etmişdir. Belə tədbirlərdən biri - respublika arxivlərinin işinə baxış təşkil olunması barədə Azərbaycan Respublikası Dövlət Arxivində müvafiq sənədlər saxlanılır. 1961-ci il may ayının 10-da M.Şəkinski Azərbaycan KP MK Təbliğat və Təşviqat Şöbəsinin müdiri Məmməd Qazıyev yoldaşa aşağıdakı məktubu göndərmişdir:

   "Azərbaycan KP MK katibi T.M.Tağıyev yoldaşın göstərişinə uyğun olaraq, arxiv işinə baxışa hazırlığın qeyri-qənaətbəxş olduğu müəssisələrin siyahısını lazımi tədbir görülməsi məqsədilə Sizə göndərirəm.

   Azərbaycan SSR Nazirlər Sovetinin 1961-ci il 5 may tarixli 388 nömrəli qərarı ilə arxivlərin işinə baxışın müddəti 1961-ci il avqustun 1-dək uzadılmışdır.

 

   M.Şəkinski".

 

 

  (ardı var)

 

  Teyyub Qurban

 

  Ekspress.- 2011.- 12-14 noyabr.- S. 15.