Bu gün Milli Dirçəliş Günüdür

 

  Bu gün Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur. 1988-ci il noyabrın 17-də Bakı şəhərinin mərkəzində - Azadlıq meydanına toplaşan yüzminlərlə insan Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə "Meydan hərəkatı" adlanan prosesin əsası qoyulub.

   Bu gün Azərbaycanda Meydan hərəkatının 23-cü ildönümü tamam olur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüzminlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoydu. Moskvanın və yerli hakimiyyət orqanlarının səbatsız siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü öz əlinə alan xalq noyabrın 17-də o zaman Bakının mərkəzi meydanına toplaşaraq kütləvi etiraz aksiyasına başladı. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan "Meydan hərəkatı"nın mühüm rol oynadığını qeyd edirlər. Bu hadisələr milli azadlıq hərəkatının başlanğıcı kimi Azərbaycanın müstəqillik qazanmasının ilkin mərhələsi hesab olunur. Milli Dirçəliş Günü dövlət səviyyəsində qeyd olunsa da, iş günüdür.

   Bu gün siyasi təşkilatlar 17 Noyabrla bağlı hansı tədbirlər keçirməyi planlaşdırırlar? Klassik Xalq Cəbhəsi Partiyasının üzvləri Milli Dirçəliş Günü münasibətilə bu gün saat 12.00-da Fəxri Xiyabanda Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edəcəklər. KXCP sədrinin müavini Xəzər Teyyublunun "Ekspress"ə bildirdiyinə görə, daha sonra partiyanın qərargahında 17 Noyabr günü ilə əlaqədar saat 15.00-da dəyirmi masanın keçirilməsi nəzərdə tutulub.

   İctimai Palatada təmsil olunan partiyalar isə ənənəvi olaraq bu gün də tədbirlər planlaşdırıb. Belə ki, Müsavat Partiyasının qərargahında saat 12.00-da tədbir keçiriləcək. Tədbirdə xalq hərəkatının iştirakçıları, ziyalılar, siyasətçilər iştirak edəcək.

   Azərbaycan Milli İstiqlal Partiyası isə Dirçəliş Günü ilə əlaqədar hər hansı tədbir keçirməyi nəzərdə tutmayıb. Partiyanın sədr müavini Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, onlar İP-in keçirəcəyi tədbirə qatılacaqlar.

   Deputat Fərəc Quliyevin sədri olduğu Milli Dirçəliş Hərəkatı Partiyası isə dünən Milli Dirçəliş Günü ilə bağlı tədbir keçirib. Tədbirdə əvvəlcə, partiyanın elan etdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

   Hər bir millətin azadlıq istəyinin olduğunu vurğulayan F.Quliyev millətlərin bu yolda dirçəlmə cəhdlərinin önəmini qeyd edib. Bu baxımdan 17 Noyabr tarixinin son dərəcə əhəmiyyətli olduğunu deyib.

   Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov Azərbaycanın yaxın tarixində keçdiyi müstəqillik mücadiləsinə toxunaraq bu yolun qanlı-qadalı olduğunu vurğulayıb. Dediyinə görə, bəzi SSRİ respublikaları üçün müstəqillik asan başa gəlsə də, Azərbaycan xalqı ciddi mübarizə aparıb: "Ona görə də, yeni nəsil müstəqilliyin əhəmiyyətini düzgün qiymətləndirməlidir".

   Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli belə əlamətdar günlərin gənclərlə birgə keçirilməsinin tərbiyəvi əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, hər bir Azərbaycan ailəsində milli, ideoloji yöndə uşaq və yeniyetmələrlə iş aparılarsa, bu, özünü cəmiyyətdə böyük mənada göstərə bilər.

  

 

   Aqil CAMAL

 

   Ekspress.- 2011.- 17 noyabr.- S. 13.