"Norveçdə Azərbaycanı tanıyır və sevirlər"

 

  Tanıtım: Ramil Əliyev 1978-ci ildə Bakıda anadan olub. 2000-ci ildə Xəzər Universitetinin ingilis-ərəb dili və filologiyası fakültəsini, 2003-cü ildə Misirdə Qahirə Universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsini bitirib. Elə həmin il də Norveçin Tromso Universitetinə qəbul olaraq, "Sülh və münaqişələrin həlli" proqramı üzrə magistr dərəcəsi alıb. 2005-ci ildə Tromso Universitetini yüksək qiymətlərlə bitirən R.Əliyev 2006-cı ildə Oslo Universitetinin Hüquq fakültəsinə daxil olub. 2005-ci ildə R.Əliyev Avropada ilk Azərbaycan gənclər diaspor təşkilatı olan Norveç Azərbaycanlıları Gənclər Təşkilatını (təşkilat Norveçdə və beynəlxalq səviyyədə "NAYO" kimi tanınır) təsis edib. 2003-cü ildən Norveçdə yaşayan R.Əliyev hazırda NAYO-nun sədridir.

   Azərbaycanın dünyada tanıdılmasında xaricdə yaşayan gənclərimizin də əməyi az deyil. Bu baxımdın, Norveçdə fəaliyyət göstərən Norveç Azərbaycanlıları Gənclər Təşkilatının adını xüsusi qeyd etmək olar. Qurumun sədri Ramil Əliyev fəaliyyətdə olduqları 6 il ərzində Azərbaycanı Norveçdə sözün əsl mənasında tanıtdıra və sevdirə bildiklərini deyir.

   - Norveç Azərbaycanlıları Gənclər Təşkilatını yaratmaqda məqsədiniz nədir?

   - NAYO fəaliyyət göstərdiyi ölkənin, yəni Norveçin ictimai-siyasi həyatında təmsil olunmaq baxımından çox aktivdir. 2006-ci ildə yaranan NAYO-nun əsas məqsədi Norveçdə yaşayan azərbaycanlıların Norveç ictimaiyyətinə inteqrasiyasına yardımçı olmaq, onları təşkilatlandırmaq və hüquqlarını müdafiə etməkdir. Bildiyiniz kimi, Azərbaycanın Norveçdə səfirliyi yoxdur və təşkilatımız eyni zamanda norveçlilər üçün Azərbaycana dair ilk informasiya və əlaqə mənbəyi rolunu oynayır. Qeyd etdiyim müxtəlif məqsəd və məramları yerinə yetirən NAYO Norveçin ictimai-siyasi həyatında fəal rol oynamaya bilməz. Biz Norveçin xarici əsilli icmaları içində fəallığımıza və şəbəkəmizə görə ilk beşliyə düşərək başqalarından fərqlənirik. Onu da deyim ki, NAYO Norveçin Gənclər Konsulluğunun daimi üzvü olan ilk qeyri-norveç əsilli təşkilatdır. Norveçdə yaşayan azərbaycanlılardan sayca dəfələrlə çox olan icmalar belə bu konsulluqda təmsil oluna, Norveçin gənclərlə bağlı siyasətində mövqe tuta bilmirlər. Bu il Norveçdə keçirilmiş bələdiyyə seçkilərində də NAYO çox aktiv rol oynadı. Təşkilatımız eyni zamanda "OXLO rasizmə qarşı tolerantlıq" kampaniyasının 10 illik yubiley komitəsinin də üzvüdur. Qeyd edim ki, NAYO bu komitədə yenə də yeganə qeyri-norveç əsilli təşkilatdır, lakin Norveçin hökumət təşkilatları ilə eyni səviyyədə təmsil olunur.

   - Cəmiyyətinizin nə qədər üzvü var?

   - Etiraf edim ki, 2009-cu ilə qədər marağımızda deyildi ki, üzvlərimiz arasında sənədləşmə aparaq. Çünki buna ehtiyac hiss etmirdik. Seminarlar, konsertlər və s. bir sıra başqa maraqlı layihələr həyata keçirmişik. Bu tədbirlərin hər birində təxminən 100-250 nəfər arasında iştirakçı olub. Reallaşdırdığımız layihələr kiçik olsa da, insanların marağına səbəb olub. Ola bilsin ki, üzvlərimiz bütün tədbirlərə eyni maraqla yanaşmayıblar, bu da təbiidir. Bu gün təşkilatımızın 150-dən çox üzvü var. Onu da qeyd edim ki, bunlar 26 yaşından aşağı olan gənclərdir.

   - Ümumiyyətlə, Norveçdə nə qədər azərbaycanlı yaşayır?

   - Osloda yaşayan azərbaycanlıların sayı min nəfərdən çoxdur. Amma, ümumi, Norveçdə təqribən güneyli-quzeyli 5000-dən çox azərbaycanlı yaşayır. Onların əksəriyyəti uzun müddətdir ki, Oslo, Bergen və Stavanger şəhərlərində yaşayırlar. Onların arasında Norveçdə dünyaya göz açan yeni nəsil azərbaycanlı uşaqlar da var. Onlar Norveçdə orta və ali məktəblərdə Norveç dilində təhsil alaraq, bu ölkədə cəmiyyətin fəal üzvlərinə çevrilirlər.

   - Norveç universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə işbirliyiniz hansı səviyyədədir?

   - Bildiyiniz kimi, NAYO Norveçdə fəaliyyət göstərən əsas Azərbaycan təşkilatlarını, dərnəklərini və qruplarını özündə birləşdirir. Üç il əvvəl NAYO-nun tərkibində Norveç-Azərbaycanlı Tələbələr Təşkilatını (NASO) yaratdıq. Məqsədimiz NAYO-nun yükünü azaltmaq idi. NAYO diaspor təşkilatı kimi lobbiçilik, təmsilçilik və şəbəkə quruculuğu kimi vacib işlər gördüyündən, gənclərlə ayrıca məşğul olacaq təşkilatın yaranmasına ehtiyac var idi. Artıq üç ildir ki, fəaliyyət göstərən tələbə təşkilatımız NASO isə Norveçdə təhsil alan azərbaycanlı tələbələri istiqamətləndirmək və onlarla maraqlanmaq, problemlərini həll etmək missiyasın malikdir. Bu gün NASO ətrafında Norveçdə yaşayan gənclərimizlə yanaşı, buraya təhsil almağa gələn azərbaycanlı və əcnəbi tələbələr də toplaşıb. Biz bu tələbələrlə sıx əlaqələr saxlayaraq, onların Norveç cəmiyyətinə inteqrasiya olunmalarına, müxtəlif tərəflərdən məlumatlandırılmalarına və Norveçdə məqsədli və səmərəli işlər görmələrinə köməklik edirik. Həmçinin, keçirdiyimiz tədbirlərdə onların aktiv iştirakına çalışırıq. NAYO Norveçdə təhsil alan istənilən azərbaycanlı tələbəyə ölkəmizi layiqincə təmsil etməsi və yaxşı təhsil alması üçün lazımi maliyyə, material və başqa dəstəyi göstərir və istənilən an onların ehtiyaclarını qarşılamağa hazırdır.

   - Norveçdə digər diaspor təşkilatlarımız da varmı?

   - Norveçdə bir neçə Azərbaycan təşkilatları və qrupları var. Ümumiyyətlə onu deyim ki, təşkilatların formatları başqadır. Məsələn, bizim təşkilat Azərbaycanın müsbət imicini akademik səviyyədə xaricdə təmsil edir, lobbiçilik fəaliyyəti göstərir və iki ölkə arasında əməkdaşlıqda iştirak edir. Bir sözlə, NAYO təşkilatlanmış və peşəkar təşkilatdır. Təşkilatımızın adı Norveçdə tanınır və geniş şəbəkəyə malikdir. Yəni təşkilat quruculuğu mərhələsi arxada qalıb. Bunu Norveçdə fəaliyyət göstərən başqa təşkilatlar haqqında demək olmaz. Bu baxımdan əlaqələrimizin səviyyəsi və mövzusu fərqli olsa belə, NAYO bütün Azərbaycan təşkilatları ilə əlaqə qurur və əməkdaşlıq edir.

   - Norveçdə Azərbaycanı tanıyırlarmı?

   - Yeni müstəqillik qazanmış dövlət kimi ümumilikdə Azərbaycan Norveç cəmiyyəti üçün yenidir və maraqlıdır. Lakin qeyd edim ki, Azərbaycanın nailiyyətləri və bizim son beş ildəki fəaliyyətimiz nəticəsində ölkəmizin tanıdılmasına kifayət qədər nail olmuşuq. Azərbaycanda Norveçin böyük iqtisadi maraqları var və hazırda bir sıra Norveç şirkətləri Azərbaycanda çalışır. Bu səbəbdən də Azərbaycanda cərəyan edən bir sıra siyasi, ictimai və mədəni hadisələr Norveç mətbuatında işıqlandırılır. Elə bu da səbəb olur ki, norveçlilər bizlərlə əlaqəyə maraq göstərirlər və biz də imkan yaradırıq ki, onlar Azərbaycan haqqında ətraflı öyrənsinlər və ölkəmizə səfər etsinlər. Bu cür layihələr səbəb olur ki, Norveçdə Azərbaycanı tanıyırlar və sevirlər.

   - Azərbaycan həqiqətlərini Norveç cəmiyyətinə çatdırmaq üçün hansı işləri görürsünüz?

   - NAYO Azərbaycan reallıqlarını, tarixini, mədəniyyətini, eyni zamanda azərbaycanlıları təmsil və təbliğ edir. Deyə bilərik ki, artıq bir diaspor təşkilatı olaraq norveçlilərdə Azərbaycan haqqında müəyyən fikir formalaşdıra bilmişik.

   Yeni müstəqillik qazanmış Azərbaycan norveçlilər üçün tamamilə işlənməmiş bir mövzu idi. Amma təcrübə onu göstərdi ki, norveçlilər Azərbaycan mədəniyyətinə, tarixinə maraq göstərirlər. Və ölkəmizdə gedən proseslərə həssaslıqla yanaşırlar. Bildiyiniz kimi, Norveçin böyük neft şirkəti olan "Statoil" Azərbaycana böyük investisiyalar qoyur. Norveçlilər milli şirkətlərinin Azərbaycanda gördüyü işlərlə çox maraqlanırlar.

   Biz xalqımızın tarixi faciələri olan Dağlıq Qarabağ problemi, Xocalı soyqırımına həsr olunmuş konkret layihələr həyata keçirmişik. NAYO Azərbaycan diaspor təşkilatları arasında ilk dəfə olaraq Xocalı soyqırımını Holokost-Soyqırım Mərkəzində geniş seminar və sərgi şəklində anıb. Bu fəaliyyətimizin nəticəsidir ki, Azərbaycan-Norveç arasında keçirilən dövlət tədbirlərinə NAYO da dəvət olunur.

   - Norveçdə erməni diasporu da fəaliyyət göstərirmi? Erməni yalanlarına qarşı siz hansı addımlar atırsınız?

   - Əlbəttə, dünyanın bir sıra ölkələrində olduğu kimi, Norveçdə də ermənilər yaşayır. Lakin Norveçdə onlar təşkilatlanmayıblar və bu baxımdan da qarşımızda mütəşəkkil qüvvəyə çevrilə bilməyiblər.

   - Yaşadığınız ölkədə azərbaycanlılara məxsus qəzet, jurnal, internet qəzet varmı?

   - Norveçdə Azərbaycan dilində hər hansı bir mətbu orqan hələ yoxdur. Lakin Osloda yayımlanan 107.7 FM radiosunda həftədə dörd saat "Azərbaycanın səsi" proqramı cənubi azərbaycanlılar tərəfindən yayımlanır. Biz istəyirik ki, təşkilatımızın saytı vasitəsi ilə Azərbaycanla bağlı məlumatları Norveçdə yayımlayaq və saytımız informasiya mənbəyi rolunu oynasın. Belə ki, NAYO-nun saytının yenidən qurulması istiqamətində artıq bir ilə yaxındır ki, işləyirik. Bu, çox böyük bir layihədir. Bu ilin dekabrından saytımız (www.nayo.no) fəaliyyətə başlayacaq. Azərbaycan, Norveç və ingilis dillərində Skandinaviyada və Avropada informasiya boşluğunu doldurmaq üçün çox geniş mövzuları əhatə edəcək bir internet səhifəsi qurmaq üzrəyik. Eyni zamanda, bu internet səhifəsinin xaricdə yaşayan, təhsil alan və diaspor işlərində fəallıq göstərən azərbaycanlılar üçün də yararlı olacağını düşünürəm. Ona görə ki, saytımızda yerləşdiriləcək materialların xaricdə tədbir keçirən insanlar üçün praktik olaraq informasiyaları asanlıqla əldə etmək baxımından yararlı mənbə olacağına inanıram.

   - Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən diqqət görürsünüzmü?

   - NAYO yarandığı gündən DİDK ilə əlaqələrimiz həmişə sıx və peşəkar münasibətlərimiz olub və bu gün də var. Keçirdikləri tədbirlərə hər zaman NAYO dəvət olunur və biz orada iştirak edirik. Bildiyiniz kimi, hazırda Norveçdə Azərbaycanın səfirliyi olmadığından İsveçdəki səfirlik Norveçə məsuldur. Səfirlik NAYO-nun tədbirlərində dəfələrlə iştirak edib və tədbirlərimizin səviyyəsi və peşəkarlığı daima rəğbətlə qarşılanıb.

 

 

            Aqil Aslan

 

  Ekspress.- 2011.- 18 noyabr.- S. 12.