"Azərbaycan: Nar
məkanı" Vyanada müstəqilliyimizin 20 illiyi ilə
bağlı təntənəli bayram tədbiri
keçirilir
Vyananın Mixaelerplatz meydanında "Azərbaycan: Nar məkanı" adlı təntənəli
bayram tədbiri keçirilir.
Mədəniyyət və Turizm
Nazirliyinin, Azərbaycanın Avstriyadakı
səfirliyi və Vyana şəhər
meriyasının birgə təşkil etdiyi
"Nar Bayramı" Azərbaycanın
dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibəti və 2011-ci ilin ölkəmizdə turizm
ili elan edilməsi ilə
əlaqədar təşkil olunub.
Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın
APA-ya verdiyi məlumata görə, tədbirin
açılışında mədəniyyət və turizm
nazirinin müavini Sevda Məmmədəliyeva narı gənclik,
gözəllik, sağlamlıq və müdriklik rəmzi kimi
təqdim edib. O qeyd edib ki, dünyada mövcud olan 60-dan
artıq nar növünün hamısı bərəkətli
Azərbaycan torpağında bitir.
Sonra Vyana şəhər
meriyasının xarici əlaqələr şöbəsinin rəhbəri
Andreas Launer və Azərbaycanın Avstriyadakı səfiri
Qalib İsrafilov çıxış ediblər.
Natiqlər bir daha bu kimi
tədbirlərin hər iki ölkə arasında əlaqələrin
daha da genişlənməsinə, mədəniyyətlərarası
dialoqun inkişafına böyük töhfə verəcəyini
vurğulayıblar.
Bayramın bədii
hissəsində Azərbaycan Dövlət Pantomim
Teatrının baş rejissoru, əməkdar incəsənət
xadimi Bəxtiyar Xanızadənin hazırladığı
"Məlikəhmədin nağılı" nümayiş
etdirilib.
"Emil Əfrasiyab və
dostları" qrupu (əməkdar artistlər Teyyub Aslanov,
Ruslan Hüseynov, Tofiq Cabbarov, artistlər Samir Şirinov,
İskəndər Ələskərov) bayram tədbirində
canlı musiqi ilə çıxış ediblər.
Əməkdar artist Ənvər
Sadıqovun qarmonda, Hüseyn Hüseynovun zurna və klarnetdə
misilsiz ifası tamaşaçılar tərəfindən
sürəkli alqışlarla qarşılanıb.
Çadırlarda
"Azərxalça" Elmi-Yaradıcılıq
İstehsalat Birliyinin məhsulu olan xalçalar sərgilənib,
misgərlik və dulusçuluq məmulatları, şəbəkə
sənəti nümunələri nümayiş etdirilib. Misgər
Nəzər Əliyev, dulusçu Xalid Şabanov, şəbəkə
ustası Hüseyn Hacımustafazadə kimi sənətkarlarımız
elə sərgidəcə öz məharətlərini
tamaşaçılara nümayiş etdiriblər.
Bayram tədbirində
Avstriya hökumətinin, Vyanada akkreditə olunmuş diplomatik
korpusun nümayəndələri, ATƏT-in təmsilçiləri,
Qazaxıstan Respublikasının turizm nazirinin müavini,
Avstriya-Azərbaycan Ticarət Palatasının əməkdaşları,
Vyana ictimaiyyətinin nümayəndələri, ziyalılar, həmvətənlərimiz,
Vyanaya gələn turistlər iştirak ediblər.
Üç hissədən
ibarət bədii proqramın rejissoru əməkdar incəsənət
xadimi Gülçöhrə Şəfiyeva, rəssamı və
dizayneri Çingiz Babayevdir. Rəqslərin quruluşu xalq
artisti Yusif Qasımovundur.
Ekspress.-
2011.- 18 noyabr.- S. 14.