"Mərakeş telekanalları Azərbaycan
haqda proqramlar yayımlayacaq
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Mərakeşin xarici əlaqələr
üzrə dövlət katibi Lətifə Axerbaşın rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına
görə, görüş zamanı həm ikitərəfli,
həm də beynəlxalq təşkilatlar çərçivəsində
mədəniyyət və turizm sahəsində əməkdaşlıq
məsələləri müzakirə olunub.
Ə.Qarayev Mərakeş
tərəfini BMT Təhlükəsizlik Şurasına üzv
seçilməsi münasibətilə təbrik edib.
Nazir Azərbaycanda Mərakeş
Mədəniyyət Günlərinin yüksək səviyyədə
keçməsi və Mərakeş mədəniyyət naziri
Ben Salem Himmişin rəhbərlik etdiyi nümayəndə heyətinin
ölkəmizə səfərinin nəticələri barədə
qonağa məlumat verib.
Qeyd edib ki, növbəti
ildən etibarən hər iki ölkədə
qarşılıqlı mədəniyyət günlərinin
keçirilməsi üçün razılıq əldə
olunub.
Lətifə
Axerbaş da ölkələrimiz arasında olan əməkdaşlığı
yüksək qiymətləndirib, Azərbaycanın da BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsinin müsbət hal
olduğunu deyib.
Görüş
zamanı Mərakeşin müvafiq turizm təhsil müəssisəsi
ilə Azərbaycan Turizm İnstitutu arasında əməkdaşlıq,
tələbə mübadiləsi, azərbaycanlı tələbələr
üçün Mərakeşdə təqaüd
proqramlarının açılması, Mərakeş turizm
şirkətləri ilə yerli şirkətlər arasında
əməkdaşlıq və qarşılıqlı
tanışlıq səfərlərinin təşkil
olunması, Mərakeş televiziya kanallarında Azərbaycan
haqqında proqramların nümayişi, habelə digər
layihələr müzakirə olunub. Müzakirələr
zamanı, həmçinin, muzey işi, xalq tətbiqi sənəti,
əl işləri, abidələrin bərpası sahəsində
də fikir mübadiləsi aparılıb.
Ekspress.- 2011.- 18 noyabr.- S. 14.