Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda ötən
əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli ötən
şənbə
saylarımızda)
Bağırov və Şəkinski
"Nazirliklərin, təşkilatların,
müəssisə və idarələrin arxivlərinə
baxışın gedişi barədə məlumat
1.Azərbaycan SSR Maarif
Nazirliyi. Baxışa hazırlıq işləri
görülsə də, arxiv materiallarının qaydaya
salınmasına may ayının 15-dən
başlanılmışdır. Hazırda materialların
fondlaşdırılması aparılır. İşlər
belə ləng getsə, nazirliyin arxivi 1962-ci ilin sonunadək
başa çatdırıla bilər.
Nazirlik 1956-cı ildən
bəri Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər
Soveti tərəfindən respublikada arxiv işinin səhmana
salınmasına aid qərarlarına laqeydliklə
yanaşır. Son vaxtlar Arxiv İdarəsinin işçiləri
15 dəfə nazirlikdə olmuş və köməklik
göstərmişlər. Ancaq nazirliyin məsələyə
soyuq münasibəti davam edir.
2. Azərbaycan SSR Ticarət
Nazirliyi. Arxiv müdirinə köməklik göstərilməsinə
aid nazirlik tərəfindən sərəncam və əmrlər
verilsə də, materialların qaydaya salınması ləng
gedir. Bu günədək yalnız 797 iş nazirliyin arxivinə
qəbul edilmişdir.
3. Azərbaycan SSR
Sosial-Təminat Nazirliyi. Burada baxışa hazırlıq
işləri qeyri-qənaətbəxşdir.
4. Azərbaycan SSR yerli Sənaye Nazirliyi. Burada bu ilin fevralından
başlayaraq tabelikdə olan təşkilatların nazirliyə
təqdim etdikləri materialların məhv edilməsi üzrə
siyahısı hazırlanmışdır. Nazirliyin arxivində daimi saxlanılmaq
üçün ayrılmış arxiv sənədlərinin
isə siyahısı tərtib edilməmişdir.
5. Azərbaycan
SSR Maliyyə Nazirliyi. Baxışın
şərtlərinə müvafiq olaraq burada indiyədək
bircə arxiv işi də qaydaya salınmamışdır.
6. Azərbaycan
SSR Ali Məhkəməsi. Ali Məhkəmə
aparatının özündə heç bir iş
görülməmişdir.
7. Ali və Orta
İxtisas Təhsili Komitəsi. Burada arxivarus ştatının
olmasına baxmayaraq, baxışa hazırlıq üzrə
heç bir iş görülməmişdir.
8. Azərbaycan SSR Mədəniyyət
Nazirliyi Kinolaşdırma İdarəsi. Burada
arxivarus ştatı olsa da, baxışa hazırlıq işləri
qənaətbəxş deyildir.
9. Azərbaycan SSR Xalq Təsərrüfatı
Şurası Yüngül Sənaye İdarəsi. Hazırlıq işləri ləng gedir.
10. "Azərneft"
Birliyi. Birliyin müəssisələrində
baxışa hazırlıq işləri qənaətbəxş
deyildir. Birliyin mərkəzi arxivində isə vur-tut 197
iş Mərkəzi Dövlət Arxivinə təhvil verilmək
üçün hazırlanmışdır.
11. Sumqayıt
sintetik-kauçuk zavodu. Burada ancaq məhv edilmək
üçün materialların siyahısı tutulmuşdur.
Arxivdə daimi saxlanılacaq sənədlərin
ayrılması işinə başlanılmışdır.
12. Sumqayıt boru-prokat
zavodu. Burada əsasən məlumat-arayış
səciyyəli materiallar qaydaya salınmışdır.
Daimi saxlanılmaq üçün sənədlər
isə hələ də şöbələrdə
yığılıb qalmışdır.
13. Azərittifaq. Burada arxiv müdiri uzunmüddətli məzuniyyətə
buraxıldığından, arxiv bağlı
qalmışdır. Arxiv sənədlərinin
işlənib hazırlanmasına başlanılmamışdır.
14. M.Əzizbəyov
adına Azərbaycan Neft və Kimya İnstitutu. İnstitutun arxivi rütubətli zirzəmidə yerləşdirilmişdir.
daimi saxlanılmaq üçün arxiv sənədləri
indiyədək hazırlanmamışdır.
15. Artyom rayon icraiyyə
komitəsi. Təşkilati iş aparılsa da, arxiv sənədlərinin
qaydaya salınmasına başlanılmamışdır.
16. Oktyabr rayon icraiyyə
komitəsi. Materialların qaydaya
salınmasına başlanılmamışdır.
17. Qaradağ rayon icraiyyə
komitəsi. Qətiyyən heç bir iş görülməmişdir.
20.
V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu. İnstitutun arxivində qeyri-qənaətbəxş
vəziyyət davam etməkdədir. Burada
baxışın şərtlərinə əməl olunmur.
1930-cu ildən başlayaraq keçirilmiş
dövlət imtahanlarının protokolları hələ də
arxivə təhvil verilməmişdir.
30 may 1961-ci il."
Məmmədəmin
Şəkinskinin Məmməd Qazıyevə
ünvanladığı məktubundakı faktlardan 1961-ci il
iyunun 10-da Azərbaycan KP MK-nın ideoloji iş üzrə
katibi Nazim Hacıyevin yanında keçirilmiş
müşavirədə istifadə edilmişdir. Həmin müşavirədə respublika arxivlərinin
işinə baxışın gedişi məsələləri
müzakirə edilmişdir. Müşavirəyə
nazirliklərin, dövlət təşkilatları və idarələrinin
rəhbərləri dəvət olunmuşlar.
Baxış komissiyasının sədri, Azərbaycanda SSR
Nazirlər Soveti sədrinin müavini Əli Kərimov Arxiv
İdarəsinin rəisindən ilk nəzərdə gözlənilməz
görünən bir xahiş etmişdir: Bakının tarixinə
dair mərkəzi arxivlərdə məlumat varmı? Varsa, Nazirlər Sovetinə göndərin.
Bir aydan sonra, 1961-ci il avqust ayının 19-da Azərbaycan SSR Nazirlər
Soveti yanında Arxiv İdarəsinin blankında M.Şəkinskinin
imzaladığı aşağıdakı məktub göndərilmişdir:
"Azərbaycan SSR
Nazirlər Soveti sədrinin müavini Ə.H.Kərimov
yoldaşa
Bakının
1816-1920-ci illər tarixinə dair arxiv materialları
haqqında arayışı Sizə göndərirəm.
Əlavə: 19 vərəqdə.
Azərbaycan
SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rə-isi
M.Şəkinski.
19 avqust 1961-ci il."
Əli Kərimov on doqquz
səhifəlik arxiv materialı ilə tanış olduqdan
sonra Nazirlər Sovetinin baş referenti Saleh Tahirova tapşırmışdır
ki, arayışın surətini Bakı Şəhər
İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski
yoldaşa göndərsin. Belə də
edilmişdir. Avqustun 22-də Bakı tarixinə
aid arayışın surəti Bakı merinə
çatdırılmışdır. Əlli il ərzində arxivdə saxlanılmış
arayışın bəzi məqamları ilə oxucuları
tanış edirəm:
"Bu arayışda Azərbaycan
ərazisinin Rusiyaya birləşdirilməsindən ta 1920-ci il aprelin 20-dək olan dövrdə
Bakının tarixinə aid arxiv sənədləri əks
olunur:
Şəhərin
idarə olunması, dövlət hakimiyyəti orqanları
Bakı
xanlığının Rusiyaya birləşdirilməsindən
sonra şəhərin idarə olunması komendanta
tapşırılmışdır. Bakı komendantı
inzibati cəhətdən əvvəlcə
Gürcüstandakı baş komendanta, 1824-cü ildən isə
müsəlmanlar yaşayan əyalətlərin Şuşa şəhərində yerləşən
hərbi-dairə rəisinə tabe edilmişdir. 1840-cı ildən Bakı şəhərinə idarəçilik
Bakı qəza rəisinə
tapşırılmışdır. O zaman Bakı şəhəri
Xəzər vilayətinin tərkibinə daxil idi. 1846-cı ildə Xəzər quberniyasının
adı dəyişilərək Şamaxı qəzası
olduğundan Bakı da Şamaxı quberniyasının
tabeliyində olmuşdur. 1859-cu ildə
Şamaxıda baş vermiş zəlzələdən sonra
quberniya mərkəzi Şamaxıdan Bakıya
köçürülmüşdür. Beləliklə,
bütün qəzaya və Bakı şəhərinə rəhbərlik
Bakı qubernatorunun səlahiyyətində olmuşdur. Şəhər polisi və şəhərin ictimai
idarələri də qubernatorun tabeliyində idi.
Şəhər
özünüidarəçiliyi
Bakının
idarəçilik orqanları dumadan və şəhər idarəsindən
ibarətdi. Duma sədrdən (şəhərin
başçısından), dörd il
müddətinə seçilmiş duma deputatlarından və
ruhani idarəsinin deputatından təşkil olunurdu. Duma
üzvləri üç il müddətinə
seçilirdi. Şəhər duması iki nəfərdən
altı nəfərədək duma üzvündən ibarət
tərkibdə şəhər idarəsini seçirdi.
Bakı şəhər idarəsi senatı 1877-ci il 24 may tarixli fərmanı ilə təşkil
olunmuşdu.
Şəhər
təsərrüfatı. Yaşayış evləri,
küçələr, meydanlar, bağlar, bulvar, şəhərin
su təchizatı, şəhər nəqliyyatı
Arxivdə 1871-1893-cü
illərdə yaşayış evləri tikilməsinə
torpaq sahəsi ayrılması haqqında vətəndaşların
müraciətləri, 1903-1912-ci illərdə şəhər
dumasının Bakının abadlaşdırılmasına
aid iclaslarının protokolları, Həsən bəy Məlikovun
(Zərdabinin) 1898-1900-cü illərdə dumada
çıxışlarının mətni, şəhər
dumasının sədrinin Bakının Dağüstü hissəsinin
yenidən qurulmasına (1909-cu il) aid layihəsi.
Habelə 1879-1882-ci illərdə Nikolayevsk
(keçmiş "Kommunist", indiki İstiqlaliyyət
küçəsi), Vorontsov (keçmiş Məşədi Əzizbəyov,
indiki İslam Səfərli), Bolşaya Morskaya (keçmiş
Kirov, indiki Bülbül) küçələrinin yenidən
qurulmasına aid məlumatlar vardır. Maraq
doğuran sənədlərdən biri də Bakı və
Quba qəzalarında, həmçinin Abşeron
yarımadasında Bakı-Şollar su kəmərinin çəkilişi
üçün torpaq sahələrinin ayrılması
haqqında 1912-ci ildə Rusiya çarının
imzaladığı fərmandır.
Elm, mədəniyyət,
səhiyyə, incəsənət
Bakı texnika komitəsinin
materialları arasında 1886-cı ildə Peterburq
universitetinin professoru D.İ.Mendeleyevin Bakıya neft sənayesinin
hərtərəfli öyrənilməsi məqsədilə
göndərilməsi, 1860-1918-ci illərdə məktəb və
gimnaziyaların, pansionların, kommersiya məktəblərinin
və s. açılışı barədə sənədlər,
1907-ci ildə fəaliyyət göstərmiş
"Nicat" cəmiyyətinin nizamnaməsi və s.
saxlanılır.
Polis, məhkəmə,
prokurorluq və notariat orqanları
Bakı
şəhər polis idarəsi 1846-cı ildə
yaradılmışdır. 1895-ci il
iyunun 1-nə olan məlumata görə şəhər
polisinin ştatı 260 nəfər olmuşdur. Bütün
polis orqanları qubernatorun tabeliyində idi. Arxivdə 1874-1915-ci illərdə Bakı bəylərinin
siyahısı da saxlanılır.
Bakının
tarixinə aid materialların saxlanıldığı
fondların siyahısını arayışa əlavə edirəm.
Azərbaycan
SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi
M.Şəkinski."
Məmmədəmin
Şəkinskinin qeyd etdiyi fondlardakı sənədlərlə
tanış olmaq məqsədilə bu
günlərdə Azərbaycan Respublikası Tarix Arxivinə
üz tutdum. Arxivin oxu zalının müdiri Zərifə
xanım maraqlandığımız qovluqları gətirib
masanın üstünə qoydu. Sən demə,
Bakının tarixinə dair oxuduğum neçə-neçə
məqalə və kitabın ilk mənbəyi bu qovluqlarda
imiş. Məsələn, Məmmədəmin
Şəkinskinin arayışında adı çəkilən
"Nicat" 1906-cı ildə Bakıda fəaliyyət
göstərmiş müsəlman maarif cəmiyyətidir.
Cəmiyyət Bakı şəhərində və
onun kəndlərində kitabxana və qiraətxanalar
açmış, Azərbaycan türkcəsində qəzet nəşr
etmişdir. Onun fəaliyyətində Məhəmməd
Əmin Rəsulzadə, İsa bəy Aşurbəyov, Həsən
bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Həsən
bəy Zərdabi, Üzeyir bəy Hacıbəyov, Nəriman Nərimanov,
Məşədi bəy Əzizbəyov və başqaları
yaxından iştirak etmişlər. "Nicat"ın
təşəbbüsü ilə Qafqaz müsəlman müəllimlərinin
birinci və ikinci qurultayları keçirilmişdir.
(ardı
var)
Teyyub Qurban
Ekspress.-
2011.- 19-21 noyabr.- S. 15.