"2+1" Eksperimental Teatr Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib

 

   Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə noyabrın 21-dən Bakıda "2+1" Eksperimental Teatr Festivalı başlayıb. Festivalla əlaqədar dünən ittifaqda mətbuat konfransı keçirilib.

   Tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov bildirib ki, festivalın məqsədi milli teatrda baş verən yaradıcılıq proseslərini daha da fəallaşdırmaq, teatrların əsas heyətini, xüsusən gəncləri yaradıcılıq axtarışlarına sövq edərək onların milli teatr ənənələrini saxlamaq şərtilə müasir dünya teatr prosesinə qoşulmaq meyllərinə istiqamət dəstək verməkdir: "Fikrimcə, bu festivalın çox böyük əhəmiyyəti olacaq. Bu, müsabiqə deyil, festivaldır. Məqsəd gənclərin, eləcə yaşlı nəslin hansı ritmdə yaşamasını göstərməkdir. Bütün teatrlara bir neçə ay öncədən elan verilib festivalda yalnız arzu edən teatrlar iştirak edir. Bütün teatrlara imkan vermişik, kim hazırlaşıb, gəlib".

   A.Nemətovun sözlərinə görə, festivalın adındakı rəqəmlər nümayiş etdiriləcək tamaşalardakı iştirakçıların sayına işarədir. Festivalda 9 teatr 16 tamaşa ilə iştirak edəcək. Bu tamaşaların çoxu ilk dəfə oynanılacaq.

   İttifaq rəhbəri onu da deyib ki, festivalın açılışı Şuşa Dövlət Musiqili Dram Teatrının "İki nəfər üçün oyun" tamaşası ilə olacaq.

   Teatrşünas Məryəm Əlizadə qeyd edib ki, "2+1" Eksperimental Teatr Festivalı artıq üçüncü dəfədir keçirilir. Sonuncu dəfə 1998-ci ildə baş tutub.

   M.Əlizadənin fikrincə, bu cür festivallar teatr prosesinin inkişafında böyük rola malikdir.

   Qeyd edək ki, "2+1" Eksperimental Teatr Festivalı noyabrın 26-da başa çatacaq. Noyabrın 28-də isə festivalın yekunlarına həsr olunmuş dəyirmi masa keçiriləcək.

 

 

   Ekspress.- 2011.- 22 noyabr.- S. 14.