Rafiq Tağı vəfat etdi

 

  Narahat ömrün faciəli sonu

 

  Yazıçı Rafiq Tağı dünən saat 15:40 radələrində dünyasını dəyişib. Yazıçının müalicə olunduğu Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahovun bildirdiyinə görə, R.Tağının qusuntu nəticəsində vəziyyəti pisləşib. Həmin anda qusuntu nəfəs borusuna düşüb. Xəstənin yanında olan şəxslər kömək üçün tibb işçilərini çağırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

   Dünən axşam saatlarında R.Tağının meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosuna aparılıb. Ekspertiza müddətində binanın qarşısında hüquq-mühafizə orqanlarının xeyli sayda nümayəndəsi, jurnalistlər, yazıçılar, həmçinin mərhumun qohumları yığışıb. Bürodan bildirilib ki, ekspertizanın nəticəsi məlum olan kimi bu barədə ictimaiyyətə açıqlama veriləcək.

   Yazıçının harada dəfn olunacağı da dəqiqləşməyib. "Qanun" nəşriyyatınını rəhbəri Şahbaz Xuduoğlunun bildirdiyinə görə, R.Tağının qardaşları cənazəni rayona aparıb dəfn etmək istəyirlər. Mərhumun cənazəsi ailəsinə bu gün təhvil veriləcək.

   Qeyd edək ki, R.Tağı noyabrın 19-da paytaxtın Xətai prospektindəki dayanacaqda naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yazıçı əməliyyat da olunub.

   Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

   Xatırladaq ki, Tağıyev Rafiq Nəzir oğlu 5 avqust 1950-ci ildə Masallı rayonunun Xoççobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.

   1981-1983-cü illərdə İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun "daxili xəstəliklər" üzrə klinik ordinaturasında oxuyub. Terapevt-kardioloq, kardioloq-reanimatoloq idi.

   1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb.

   1979-cu ildə Kalinin vilayəti Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə Moskva şəhəri "Medsantrud" adına 23 saylı şəhər klinik xəstəxanasında, 1983-1990-cı illərdə Moskva şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləmişdir. 1990-cı ildən indiyə kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib. Bu illərdə paralel olaraq Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən "KM" Müayinə-Müalicə Mərkəzində çalışıb.

   R.Tağı gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. 1968-ci ildə ilk şeiri Masallının "Çağırış" rayon qəzetində, "Fərqanə" adlı ilk hekayəsi 1977-ci ildə "Ulduz" jurnalında çap olunub. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları respublika və xarici ölkələrin dövri ədəbi mətbuatında mütəmadi dərc edilib. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub.

   2004-cü ildə "Qafqazın qartalı Şaumyan belə..."(Səməd Vurğun) adlı essesinə görə, 1988-ci ildən üzvü olduğu, Azərbaycan Yazıçılar Birliyindən xaric edilib, 2006-cı ilin 15 noyabrında "Sənət qəzeti"ndə dərc etdirdiyi "Avropa və biz" essesinə görə həbs olunub, ona 3 il iş kəsilib, lakin 29 dekabr 2007-ci il tarixdə dövlət başçısının əfv fərmanı ilə azadlığa buraxılıb.

   "EQO" Yaradıcılıq Ordeninin üzvü olub.

   Çap olunmuş nəsr kitabları: "Yanaşı ulduzlar" (1987), "Düşmənimin xatirinə" (1991), "Pozitiv. Neqativ" (1996), "Şahzadə Dipendranın məhəbbəti" (2005), "Ucaboy liliput" (2005), "Gənc qraf Kenterberiyski" (2006).

   3 övladı var.

   Ötən gün Mətbuat Şurası yazıçı R.Tağı ilə bağlı nekroloq yayıb. Nekroloqda bildirilir ki, istedadlı qələm sahibi yaradıcılığının çiçəkləndiyi vaxtda - 61 yaşında əbədiyyətə qovuşub: "O, Masallı rayonunda dünyaya göz açmışdı. Bəlkə Vətəni iki hissəyə bölən tikanlı sərhəd tellərinin müntəzəm müşahidəsi idi ki, gələcək yaradıcılığında azərbaycançılıq, bütövləşmə aparıcı mövzularını təşkil edirdi. Yaradıcılığına özünəməxsus orijinal yol üslub xas idi. Yazıları bir qayda polemika doğururdu".

 

   Allah rəhmət eləsin!

 

   "Ekspress" qəzetinin kollektivi yazıçı Rafiq Tağının qətlə yetirilməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə bütün doğmalarına dərin hüznlə başsağlığı verir.

 

   Allah rəhmət eləsin!

  

 

   A.CAMAL

 

   Ekspress.- 2011.- 24 noyabr.- S. 5.