Yaşamaq, yaşamaq, bir də yaşamaq
Azərbaycan
adını dünya musiqi salnaməsi tarixinə qızıl
hərflərlə yazdıran bir çox bəstəkarlar
yetişdirib. İlk peşəkar bəstəkar kimi
adını tarixə Üzeyir bəy yazdırıbsa, xalq
artisti Şəfiqə Axundova Şərqin ilk qadın opera bəstəkarı
kimi tarixə düşüb.
Vaxtilə onun
musiqiçi olmaq arzusuna qarşı çoxları
çıxıb. Hətta onun köhnə kişilərdən
olan, hamının "bolşevik Qulam"
çağırdığı atası Şəfiqə
xanımı musiqiçi olmaq arzusundan çəkindirmək
üçün ayaqyalın, nazik paltarda qarın içərisində
saxlayıb. Amma fikrindən döndərə bilməyib. Şəfiqə
xanım Azərbaycan bəstəkarlıq məktəbinin ilk
qaranquşlarından, dahi Üzeyir bəyin yetirmələrindəndir.
- Şəfiqə
xanım, hamı mahnı bəstələyir, dinləyəndə
isə baxıb görürük ki, hər mahnıdan bir az
çırpışdırılıb...
- Mən onu deyə bilərəm
ki, həmin adamların başı bir gün "əlhədd
daşı"na dəyəcək. Onda başa düşəcəklər
ki, mahnı yazmaq çox çətin işdir. Xalqı
aldatmaq olmaz, "ata-anasız", "bic"
mahnıları efirə çıxarmaq olmaz. Mənim fikrimcə,
belə şeylər ondan irəli gəlir ki, onlar hələ
də yaradıcılığın nə olduğunu dərk
etmirlər. Mahnı janrına yüngül janr kimi baxmaq olmaz.
Yaxşı mahnı ürəklərdə yaşayır.
Ancaq onu da deyim ki, bu gün elə gənc bəstəkarlar var
ki, onların yazdığı mahnılar mənim xoşuma gəlir.
Yəni hamısını pisləmək də düz deyil.
- Belələrindən
kimlərin adını çəkə bilərsiniz?
- Misal
üçün, Aygün Səmədzadənin "Tut
ağacı" mahnısı mənim çox xoşuma gəlir.
- İndi bir məsələ
var ki, müasir bəstəkarların mahnılarına qulaq
asanda, əvvəlki bəstəkarların
mahnılarındakı şirinlik, doğmalıq hiss olunmur.
- Bilirsinizmi, bunlar
mü-asirlik sözünü səhv başa düşüblər.
Müasirlik o demək deyil ki, musiqimizin ahəngini dəyişsinlər.
Axı bunu xalq dinləyir. Bəzən elə olur ki, başqa
xalqların gözəl musiqilərinə qulaq asanda da adama
xoş gəlir. Yaxşı musiqi hiss-həyəcan
doğurur, adamın qanına-canına hopur...
- Siz bu həyatınızda
hər bir sənətkarın arzuladığı nə varsa
onu əldə edibsiniz. Amma yəqin ki, sizin düşüncələrdə
hər hansı zirvə məfhumu var, o zirvədə nə
durur, ona çatmaq üçün hansı arzularınız
var?
- Daha bundan sonra mənə
nə lazımdır ki... Yaşamaq, yaşamaq, bir də
yaşamaq... Ancaq doğrudan da böyük arzularım var.
- Şəfiqə
xanım, bu gün kimlərdən ötrü bərk
darıxırsınız?
- 1944-cü ildə
ustad sənətkarımız Bülbül Tbilisidə
Zaqafqaziya Musiqi Baharı adı altında keçirilən
konsertdə mənim Xanımana Əlibəylinin sözlərinə
bəstələdiyim "Röya" mahnımı oxuyub. Əlbəttə,
çox istərdim ki, Bülbül sağ olaydı. Onun yeri
çox görünür, həm həyatda, həm də
ifaçılıq sənətində. Bu gün mən rəhmətlik
Üzeyir Hacıbəyov üçün o qədər
darıxıram ki... Onun kimi dahi insanlar həyatda tək-tək
olur. Onun gözəl sözü vardı, deyirdi ki, "Şəfiqə,
sənətkar olmaq asandır, ancaq adam olmaq çətindir".
Kaş bu gün Üzeyir bəy bir anlıq bu dünyaya
qayıda biləydi, görəydi ki, mən onun zəhmətini
yerə salmadım və musiqinin hər janrında əsərlər
yaratdım. O bunu görüb çox sevinərdi, fərəhlənərdi...
- Bəs Boris
İssakoviç Zeydmanı necə,
xatırlayırsınızmı?
- Boris
İssakoviç Zeydmanı da xatırlayıram. Allah ona da rəhmət eləsin. Zeydman olmasaydı, bəlkə
bizim bu gun bəstəkarlıq məktəbimiz olmazdı.
Onun üçün də çox
darıxıram. Ümumiyyətlə,
müəllimlərimin hamısı üçün
darıxıram. Ancaq Üzeyir bəyin
bunların arasında xüsusi yeri var.
- İndiyə
qədər nəyin həsrətini çəkmisiniz?
- Mən sizə necə
deyim?.. Mənim fikrimcə,
qızı olmayan ana bədbəxtdir. Düzdür,
oğlum Taleh mənim sağ əlimdir, ancaq çox istərdim
ki, bir dənə də qızım olaydı. Gənc
vaxtlarımdan başım yaradıcılığa elə
qarışdı ki, heç bu günümü fikirləşmədim...
- Bəs
yoldaşınız sizin ancaq sənətlə məşğul
olmağınıza, sənətə bu cür fədakarlığınıza
necə yanaşırdı?..
- Əlbəttə, hər
kişi istəyər ki, xanımı
vaxtını ona sərf eləsin. Bəzən bir də
görürdün ki, şirin mahnı yazdığım yerdə,
həyat yoldaşım hansısa bir işdən ötrü
çağırırdı... Mənim
sifarişlərim çox olduğuna görə ailəmə
vaxt ayıra bilmirdim. Həyat yoldaşım rəhmətə
gedəndən sonra qızımın olmaması mənə
daha çox təsir etdi...
- Bu gün daha çox nəyin
təəssüfünü çəkirsiniz?
- Adam yaşlaşdıqca,
yaxın adamlarının əhatəsində olmağı
çox istəyir. Mənim fikrimcə, hər
bir ananın heç olmasa 3-4 övladı olsa
yaxşıdır. Yəni bu imkanı
cavanlıqda əldən verdiyimə görə təəssüflənirəm.
- 60 ildir ki, mahnı
yazırsınız. Şan-şöhrətdən
başqa bu mahnılar sizə nə qazandırıb? İndi bəstəkarlar mahnılarını baha
satırlar. Siz də
mahnılarınızı pulla satırsınızmı və
əgər satırsınızsa neçəyə
satırsınız?
- Bütün müğənnilər
bilir ki, mən indiyə qədər heç kimə pulla
mahnı satmamışam. İstərdim,
telekanallar mənim mahnılarımı alsınlar, ancaq nə
vaxt zəng edirəmsə, deyirlər ki, pulumuz yoxdur. Nə bilim, yəqin nə vaxtsa televiziyalar mənim
mahnılarıma görə qonorar ödəyərlər.
Ancaq heç vaxt müğənniyə pulla
mahnı satmamışam.
- Şəfiqə
xanım, indi güzəranınız necədir?
- Belə də! İnşallah
yaxşıyam, yavaş-yavaş dolanıram. Prezident təqaüdü alıram. Yaxşı-pis, dolanmağa
çalışıram. Doğrusu, nədənsə
şikayət etmək də mənə yaraşmaz. Mən özümü tamamilə sənətimə
həsr etmişəm. Artıq yaşa
dolmuşam və mənim qədər özünü sənətə
həsr edən adama yəqin ki, yaxşı baxmaq
lazımdı.
- Təqaüdünüz
sizə bəs edirmi?
- Nə deyim... Sağ
olsunlar, yenə verirlər. Bu pul da dərmanlara,
taksilərə xərclənir. Dərmanlar
da ki, baha-baha. Hələ ev xərclərini
demirəm. Bunun işıqpulu var, supulu var, ev
haqqı var. Nə bilim, hansını deyim... Bir
də görürsən harasa çağırırlar.
Gedəndə də taksilə gedirsən...
- Son günlər
musiqimizə uzanan əllərin sayı artıb. İbrahim
Tatlısəs də sizin mahnınızı anonim adı ilə
oxuyub, kürd mahnısı kimi təqdim edib...
- Yerə soxum onun boyunu. Mən efirdə də demişəm ki, ondan zəhləm
gedir. O mənim "Nədən oldu" mahnımı
"Qara yosma" filmində istifadə edib. Bu
filmin kaseti mənim özümdə də var. Filmdə iki
yerdə mənim mahnımdan istifadə edilib.
- Buna qarşı hər
hansı bir tədbir görmüsünüz?
- Hə. Bu yaxınlarda
Müəllif Hüquqları Agentliyindən gəlmişdilər.
Gəlib kaseti də apardılar,
üzünü köçürüb qaytardılar. Orada Natiq müəllim bu işlə məşğul
olur. Dediklərinə görə, artıq
yazıb Türkiyəyə xəbər göndəriblər.
- Bəs, bu işlər
bir nəticə verməsə, onda necə?
- Onda heç nə. Mən bundan artıq nə edə bilərəm ki?!
Mənə məsləhət görürlər
ki, vəkil tutum?! Pulum haradadı vəkil
tutmağa, buna çoxlu pul lazımdı. Mənim isə nə pulum var, nə canım, nə
də vaxtım. Gördünüz də
Brilyant necə düşdü öz mahnısının
üstünə. İstəyinə də
çatdı. Onun imkanları genişdir.
Mənim isə...
- Yeri gəlmişkən,
sizcə, biz xalq mahnılarımızı, dünyadan
köçmüş və hazırda yaşayan bəstəkarlarımızın
müəllif hüquqlarını necə qorumalıyıq?
- Vallah, nə bilim... Onu deyə bilərəm ki, eşidən kimi yazmaq
lazımdır. Mən sadə bəstəkaram.
Belə işlərlə gərək başda
oturanlar məşğul olsun. Çünki
onların əlində səlahiyyət, bu işlə məşğul
olmaq üçün vəzifə var. Mənim isə nə vəzifəm
var, nə də ki, "pravitelni" stolum. Əlbəttə, piratların, oğruların
qarşısını almaq lazımdı.
- Daha
qonşularınızdan şikayətçi deyilsiniz? Piano çalmağınızdan gileylənmirlər?
-
(Gülür). Yox, daha səsləri
çıxmır. Düzü, indi
bütün işlərimi səhərdən axşama qədər
görüb qurtarıram. Axşama
heç nə saxlamıram. Hərdən
olur ki, müğənnilər axşam saat səkkizdə gəlirlər,
onlara da deyirəm ki, gec gəlməsinlər. Digər tərəfdən, doğrusu, yoruluram, daha əvvəlki
kimi deyiləm.
- Ruhdan
düşürsüz, yoxsa, yorulursuz?
- Yox, ruhdan
düşmürəm, yoruluram. Daha yaşım o yaş
deyil...
- Arada Manana ilə də
qalmaqalınız oldu...
- Manana keçdi,
qurtardı. Bilirsiniz, bu mahnını ilk dəfə
Səyyad Əlizadəylə Mətanət oxuyub. Onlardan sonra da Elmira Rəhimzadə oxudu. Doğrusu, mahnının ifaçıları
gözəl oxuyublar, amma Manana bu mahnını lap göylərə
qaldırdı. Özü də o, mahnını estrada stilində oxudu. Mahnının
adını da dəyişib. Onun əvvəlki
adı "Sənin nəğmən" idi, indi isə
"İntizar" olub.
- Əvvəlcədən
Manana ilə hər hansı müqavilə imzalamış və
ya razılığa gəlmişdiniz?
- Yox. Heç
mənim xəbərim də olmayıb. Bir
də gördüm ki, oxuyur. Mən eləcə
mahnıları yazıram. Sonra
görürəm ki, oxuyurlar.
- Manana sizdən icazə
almamışdı...
- Yox, nə icazə.
Mahnını oxuyandan sonra onu gördüm, dedim ki,
"çox sağ ol, mahnını çox gözəl ifa
etmisən. Təzə mənzil almışam,
bir bizə gəl, söhbət edək". O da nə gəldi,
nə də xəbər göndərdi. Bilirsiniz, bunlar
hamısı bir az məşhurlaşandan
sonra burunlarını dik tuturlar. Mən
yazıram, qoy oxusunlar. Mənə də
Allah yetirəcək. Belə hərəkətlərdən
danışmaq, bu cür hadisələrə geniş yer vermək
mənə yaraşmaz. Mənim neçə
illik yaradıcılığım var. Mən opera
yazmışam, neçə-neçə teatr
tamaşalarına mahnılar bəstələmişəm.
Dram Teatrına, Kukla Teatrına, Gənc Tamaşaçılar
Teatrına mahnılar vermişəm. Uşaqlar
üçün şən mahnılar yazmışam.
İltifat
HACIXANOĞLU
Ekspress.-
2011.- 25 noyabr.- S. 11.