Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən şənbə saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   Azərbaycan Respublikası Tarix Arxivində Bakının tarixinə aid sənədlərlə tanışlıq bir həqiqəti də təsdiq edir: Rus çarının nümayəndəsi Bakı qubernatorunun da, Leninin təmsilçisi Şaumyanın da siyasi məramı qədim Bakını erməniləşdirməkdən ibarət olmuşdur.

   M.Şəkinskinin əlli il bundan qabaq yazdığı arayışındakı fondlardan birində üzərində "MVD. Kantselyariya Bakinskoqo Qubarnatora" yazılmış qovluqdakı sənədləri nəzərdən keçirirəm. Bakı qubernatorunun 2901-ci il 18 aprel tarixli sərəncamı ilə Yelizavetpol quberniyasının Şuşa şəhərindən gəlib Bakıda yaşayan Mixail Ayrapetova şəhərdə fotoqrafiya müəssisəsi açmağa icazə verilmişdir. Digər sərəncamlarla Arakel Avakyana, Libarit Mirzoyana, Nikolay Boqdanoviç Melikyana şəhərin Torqovaya (indiki Nizami küçəsi) kitab mağazası açmağa icazə vermişdir.

   Qeyd etmək lazımdır ki, altmışıncı illərdə M.Şəkinskinin Bakının tarixinə aid nadir arxiv sənədləri bir sıra kitablarda bu və ya digər şəkildə əksini tapmışdır. 1965-ci il dekabrın 30-da Azərbaycan KP Mərkəzi Komitəsinin Rəyasət Heyətinin "Azərbaycan Sovet Ensiklopediyasının nəşri haqqında" qərarı ilə Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev) ensiklopediyanın baş redaktoru təsdiq edilmişdir. Baş redaksiya şurasının üzvləri arasında Bəhmən Axundov, Arif Babayev, Qara Qarayev, Vahid Qəhrəmanov, Həsən Əliyev, Fikrət Əmirov, Abbas Zamanov, Mirzə İbrahimov, Ziya Bünyadov, Ziyəddin Göyüşov, Qulam Məmmədli, Mərdan Muradxanov, İsrafil Nəzərov, Mustafa Topçubaşov, Zahid Xəlilov, Mirəli Seyidov, Mikayıl Hüseynov, Cəfər Cəfərov, Məmmədəmin Əfəndiyev, Yaqub Mahmudov və başqaları vardı. Ensiklopediyanın 10 cilddə çıxması nəzərdə tutulmuşdu. 1970-ci ildə nəşr olunmuş birinci cilddə "Baş redaksiyadan" məqaləsində deyilirdi: "ASE eyni zamanda milli ensiklopediyadır. Oxucu onun səhifələrində Azərbaycanın tarixi, iqtisadiyyat, elm, sənət, ədəbiyyatına, ictimai həyatına aid müxtəlif zəngin məlumat tapacaqdır. Bir sıra halda ASE-də verilən məlumat, xüsusilə bunların Azərbaycana aid olanları, ilk dəfə belə geniş və yeni baxımdan təqdim olunur". Rəsul Rzanın baş redaktorluğu ilə çıxmış ASE-nin birinci cildində "ilk dəfə belə geniş" məqalələrdən biri də "Bakı"dır. (Bax: "Azərbaycan Sovet Ensiklopediyası", 1-ci cild, Bakı, 1970, səh. 436-442). Məqalənin məxəz göstəricisində Sara Aşurbəylinin 1964-cü ildə Bakıda nəşr olunmuş "Bakı orta əsrlərdə" və Hüseynqulu Sarabskinin 1958-ci ildə nəşr olunmuş "Köhnə Bakı" kitabları da vardır. Ən başlıcası budur ki, ensiklopediyada həmin dövrdə Azərbaycanın baş arxivarusu Məmmədəmin Şəkinskinin "Bakının tarixinə aid arxiv arayışı" arasında üzvi yaxınlıq vardır. Rəsul Rza Ensiklopediyasındakı "Bakı" məqaləsinin bəzi məqamlarına diqqət yetirin:

   "Abşeronda tapılmış arxeoloji materiallar Bakının qədim yaşayış məskəni olduğunu sübut edir. Artyom, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmirhacıyan və başqa yerlərdə eramızdan əvvəl 3-1-ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır. Evliya Çələbi Bakının Əhəməni şahı I Dara (eramızdan əvvəl 521-485), Hacı Zeynalabdin Şirvani isə Sasani hökmdarı I Xosrovun hakimiyyəti dövründə (531-79) salındığını qeyd edir. Vaxtilə Bakının yerində olmuş şəhəri Makedoniyalı İskəndərin dağıtdığı rəvayət olunur. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Bağavan, Baruka və s. ilə eyniləşdirirlər. Antik mənbələr də Bakının qədim yaşayış məskəni yerində salındığını göstərir. Səkkizinci əsrdə Bakı artıq inkişaf etmiş şəhər idi. Bunu Bakıda tapılmış 5-7-ci əsrlərə aid sasani dəfinəsi də sübut edir. Ehtimala görə, Bakının adı Azərbaycan ərazisində yaşamış baka tayfalarının adı ilə əlaqədardır. Hələlik "Bakı" sözünə 5-ci əsr mənbələrində təsadüf edilmişdir. Erkən orta əsr mənbələrində Bakı Bağavan və Atəşi Baquan ("Allah məkanının odu") adlandırılır. Ehtimal ki, Sasanilər dövründə atəşpərəstlərin əsas ibadətgahlarından idi. Ərəb mənbələrində (10-cu əsr) "Bakuyə", rus məxəzlərində "Bakı" kimi qeyd edilir. Bakı haqqında İstəxri, Məsudi, Əbudulaf, Müqəddəsi, Biruni, Əbuhəmid Qərnati, Yaqut Həməvi, Zəkəriyyə Qəzvini, Əbülfida, Münəccimbaşı, Əbdürrəşid Bakuvi, Həmdulla Qəzvini, Qiyasəddin Hüseyni, İskəndər Münşi, Hacı Zeynalabdin Şirvani, Avropa səyyahlarından Marko Polo, Barbaro, Kontarini, Anciolello, Donato de Leze və başqaları məlumat vermişlər. Bakı orta əsrlərdə Yaxın və Orta Şərqdə məşhur olmuşdur. İqtisadiyyatında neftduz əsas idi, burada qızılboya istehsal olunur, zəfəran əkilirdi. Ərəb səyyahı Abdullafın (10=cu əsr) məlumatına görə, Bakıdakı iki neft mənbəyindən ildə 72 min dirhəm gəlir götürülürdü. Feodal münasibətlərinin, əmək bölgüsü, ticarət və sənətkarlığın inkişafı Bakıda əmtəə istehalının artmasına və şəhərin yüksəlməsinə imkan yaradırdı. Beynəlxalq ticarət yolları ayrıcında olan Bakı Şərq və Qərb ölkələri arasındakı ticarətdə mühüm rol oynayırdı. Xəzər xaqanlığı, slavyan dövlətləri, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, Qızıl Orda, Fransa, İran, Hindistans. yerlərlə icarət aparılırdı. Bakı İran, İraqsair ölkələrə neft ixrac edirdi.

   ...On üçüncü əsrin sonu - 14-cü əsrin əvvəllərində Bakının beynəlxalq ticarəti, xüsusilə dəniz ticarəti xeyli genişləndi. Xəzərdə Genuya və Venesiya tacirlərinin gəmiləri, limanlarda ticarət faktoriyaları vardı. 14-cü əsrdə Bakının rolunun artması ilə Xəzər dənizi bir müddət Bakı dənizi adlandı (bu, 1375-ci ildə katalan dilində hazırlanmış atlasda göstərilir). Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyəti ilə əlaqədar olaraq Bakının iqtisadi mövqeyi yüksəldi. 14-cü əsrin axırlarına qədər Bakıdan Qızıl Orda, Böyük Moskva knyazlığı, Qərbi Avropa ölkələri və başqa yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştərxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə də mal daşınırdı. Tapılan çini qablar 12-15-ci əsrlərdə Çinlə ticarət əlaqələrini də göstərir. 14-cü əsrin birinci yarısında Bakıda pul kəsilirdi. Bakıda indiyədək qalan tarixi-memarlıq abidələri - Qız qalası yaxınlığında sultanı (hind) karvansarası (15-16-cı əsrlər), Buxara karvansarası (16-cı əsr) və s. Şərq ölkələri ilə ticarət əlaqələrini sübut edir. Bakıda hind tacirlərinin məhəllələri vardı. Şirvanşah I Xəlilüllahın dövründə Bakıda və Şirvanın başqa şəhərlərində tikinti işləri genişləndi. Azərbaycan memarlığının ən gözəl abidələrindən biri olan Şirvanşahlar sarayı kompleksi də bu dövrdə tikilmişdir. Xondemirin (1475-1536) məlumatına görə, Bakı üçcərgəli hasara alınmışdı. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. 15-ci əsrin ikinci yarısında Böyük Moskva knyazlığı ilə ticarət və dilomatik əlaqələr yaradılmışdı.

   Şah İsmayılın Şirvana hücumu ilə Bakının dinc inkişafına son qoyuldu. O, 1501-ci ildə Bakını aldı. I Təhmasib 1538-ci ildə Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1606-cı ildə Şah Abbas Bakını aldı və şəhər yenidən Səfəvilərin hakimiyyətinə keçdi. Səfəvilər dövründə Bakıda üzərində 12 imamın adı həkk olunan mis pullar buraxılırdı. 16-18-ci əsrlərdə bədii sənətkarlıq, xüsusilə xalçaçılıq inkişaf etdi. Bakı və Abşeron əhalisinin çox hissəsi xalçaçılıqla məşğul olurdu. Xilədə xalçaçılıq karxanası vardı. Bakıda toxuculuq da mühüm yer tuturdu. 17-ci əsrin sənədlərində Bakının daxili və xarici ticarətində qırmızı qumaşın böyük rol oynadığı göstərilir..."

 

 

   (ardı var)

 

 

   Teyyub Qurban

 

   Ekspress.- 2011.- 26-28 noyabr.- S. 15.