"Qətllə
bağlılığı yoxdur, amma qatil kimi
katorqaya məhkum olunub"
əvvəli var
Mərhum jurnalist
Aqşin Kazımzadənin "K ubiystvu nepriçasten, no
priqovoren kak ubiyça k katorqe" adlı görkəmli bəstəkar,
professor və xalq artisti Tofiq Bakıxanovun babası Məmməd
Rza bəyə həsr olunmuş məqaləsi iki il əvvəl
"Kaspiy" qəzetində dərc olunub. Fəlsəfə
elmləri namizədi Əminə Abbasova (Tuncay) məqaləni
azərbaycancaya çevirib.
Bakı
xanlarının nəslindən olan Məmməd Rza
Bakıxanovun həyatı həm də XIX sonlarının
Bakısının və bakılılarının rus
işğalı altında üzləşdiyi müsibətin
bir tarixçəsidir.
1895-ci ilin 15 noyabr gecəsində
Bakı şəhərində kiminsə revolverdən
atdığı atəş nəticəsində andlı məhkəməsinin
üzvü S.D.Staroselski yaralanmış və ertəsi
gün o, canını tapşırmışdı. Törədilən
cinayətin şahidləri yox idi və istintaq yalnız
şübhə üzərində qurulmuşdu. Atüstü
aparılan 7 nəfərin məhkəmə cəlb edilməsi
ilə nəticələnir və 1897-ci ildə Məmməd
Rza bəy Bakıxanov barəsində sürgün - müddətsiz
katorqa işlərinə məhkumedilmə hökmü çıxarılır
(məqaləni ixtisarla təqdim edirik).
(əvvəli ötən
şənbə sayımızda)
Məmməd Rza bəy
öz günahsızlığına, prosesin formal və
şişirdilmiş olmasına o qədər əmin idi ki, məhkəmənin
başlamasına az qalmış İrana getmişdi.
Tehranda Rusiya səfirliyini
mühafizə edən Don kazakları onu həbs etmiş və
hökm çıxarıldıqdan sonra konvoy altında
sürgün yerinə - Xarkova göndərmişdilər.
- Əlbəttə ki,
bizim adlı-sanlı və təhsilli nəslimiz boz və
bisavad insanlar kimi qanqaraldıcı bu ədalətsizliyə
dözə bilməzdi, - Məmməd Rza bəyin nəvəsi
Tofiq Bakıxanov deyir. - Nəsillərində təqdimata
ehtiyacı olmayan Abbasqulu ağa Bakıxanov və onun
böyük qardaşı - Azərbaycanın ilk
general-leytenantı Cəfərqulu ağa kimi şəxslər
olan Məmməd Rza bəyin kiçik qardaşları
imperatora petisiya yazaraq çarı inandırmağa
çalışırlar ki, ortalıqda dəhşətli məhkəmə
səhvi var və rus taxt-tacının sadiq təbəəsi
olan zədaganın şərəfli adı ləkələnə
bilər. Həmçinin onlar apellyasiya şikayəti verərək
məhkəmənin hökmünün əsassız
olduğunu sübut edirlər: çünki həm cinayətin
motivi yoxdur, həm də Bakı şəhərinin polis
pristavları Nəsirbəyov və Mnasarovun qərəzli
istintaqı nəticəsində toplanan dəlillər
şübhəli idi. Özü də həmin polislərin
adları məhkəmə prosesində həm də şahid
kimi hallanırdı.
Məhkəmə
işi çox səsli-küylü oldu və sədası
gedib Sankt-Peterburqa çatdı. Bu işdə əli və
marağı olan qubernator hər şeyə hazır idi ki,
reputasiyasını korlayan əlaltılarının təki təmizə
çıxarsın.
Şahidlərsə
bülbül kimi ötürdülər, məhkəməyə
sədrlik edənin göstərişi ilə bu məkrli qətlin
"təfərrüatlar"ından
danışırdılar. Çətin ki, məhkəmə
prosesində iştirak edən cənablardan kimsə onların
gözünün içinə baxaydı, baxsaydılar, illər
sonra yazıçı Mixail Bulqakovun obrazlı şəkildə
qeyd etdiyi kimi, "əyri burunlarından tökülən daimi
iftiraları" görərdilər.
Məhkəmə əzablı
və çox uzun çəkdi. Yalnız 1899-cu ilin 27-28
sentyabrında Tiflis məhkəmə palatasının
Bakıda keçirilən səyyar sessiyası andlı məhkəməsinin
səlahiyyətli üzvü Staroselskinin qətlində ittiham
olunan Məmməd Rza bəy Bakıxanov, Fəttah Həkim
oğlu və Məşədi Məmməd bəyin işi ilə
bağlı dinləmələr keçirdi.
Qeyd edək ki,
andlı məhkəməsinin səlahiyyətlisi - 1864-1917-ci
illərdəki çar Rusiyasının qanunvericiliyinə
görə, dairə məhkəməsində və ya məhkəmə
palatasında dövlət qulluğunda olan vəkil postudur. Məhkəməyə
Tiflis məhkəmə palatasının böyük sədri
Vrasski sədrlik etmişdi, ittihamçı isə prokuror
Xolodkov idi.
Müttəhimləri
müdafiə edirdilər: Məşədi Məmmədi -
andlı səlahiyyətlisi (vəkil) P.P.Putsilo, Fəttah Həkimi
- müstəqil vəkil Qurski və Bakıxanovu - andlı məhkəməsinin
vəkili P.Q.Mironov və F.N.Plevako.
Bəli, bu həmin
Fyodor Nikolayeviç Plevakodur. O və Anatoli Fyodoroviç Koni
o vaxtlar Rusiyanın ən məşhur vəkilləri
sayılırdılar. Plevako həm də
III Dövlət Dumasının deputatı idi.
Bu məqaləni yazarkən
hüquq fakültəsinin iki məzunundan Plevako haqqında
soruşdum. Mənim təəccübümün həddi-hüdudu
yox idi. Çünki cavab olaraq "Plevako nədir"
sualını eşitdim. Ah, sizi bisavadlar! Məni tər
basdı. Bir də ki, "Plevako nədir" yox, "Plevako
kimdir" deməliydiniz. Əslinə qalsa, siz bu soyadı
eşidərkən "Farağat" dayanmalı idiniz. Öz-özümə
dedim: "Universitetdə sizə nə
öyrədirlər, deməli, siz hüququn əlifbasını belə bilirsiniz?" Sonra mənim nə halım, nə də həvəsim var idi ki,
bu tələbələrə Plevakonun kim olduğunu öyrədim. Ümumiyyətlə,
məəttəl qalmışam ki, hüquqda oxuyanlar belə
insanları tanımırsa, onda onlar gələcəkdə necə savadlı hüquqşünas ola bilərlər.
Plevako bir dəfə
dostlarıyla mərcə girir ki, kənd kilsəsinin
keşişinin günahsızlığını sübut edəcək.
O keşiş oğurluq üstə suçlanırdı. Vəkil
məhkəmə zalına gəlib deyir: "Bu keşişə
diqqətinizi yönəldin, cənab andlı hakimlər!
Bütün ömrünü o sizin günahlarınızı
bağışlamaqla məşğul olub. İndi isə siz
ona qarşı anlayışlı olun və onun günahını
bağışlayın! İnanın ki, onun günahları
sizinkilərin yanında heç nədir!"
Və andlılar
keşişi azadlığa buraxmaq barədə hökm
çıxarırlar.
Plevakonu heç kim məcbur
etməmişdi ki, Məmməd Rza bəyin işini öz
üzərinə götürsün. Ümumiyyətlə, o
heç vaxt kiminsə sözünə və ya
tapşırığına görə məhkəmə
işi götürməyib. Yalnız öz qəlbinin istəyi
və məhkəmə işinin marağı, çətinliyi
onu bu işə sövq edirdi.
Məmməd Rza bəy
Plevakonun birinci azərbaycanlı və müsəlman
müştərisi olub, həm də onu qeyd etmək
lazımdır ki, o məhz bu işi çoxlu qovluqların və
protokolların içindən seçib. Özü də
iyerarxiya pilləsində sonuncu olmasa da, rus millətindən
olmayan bakılı taciri müdafiə etmək
missiyasının mümkün neqativ nəticə ilə bitmək
riski vardı.
Bakıxanov nəsli
yalnız Bakıda yox, çox yerlərdə
tanınırdı. Düzdür, onun adına and içənlər
yox idi, amma onun adı və özü buna layiq idi. Məmməd
Rza bəy Bakı tacirlərinin fəxri idi, Onun sözü
qanun, ticari sövdələşmələrin qarantı idi.
Bu ad hər bir işdə,
hətta Şimali Amerikada, Cənubi Afrikada hörmət sahibi
idi, fərqi yox idi ki, bu ölkələrlə nə ilə
alver edir: Xəzərin xam neftini, yoxsa ki, Sibirin çervonluq
ağır qızıl külçələrini satır...
Mən
hüquqşünas deyiləm, ancaq bu faktdır ki, Plevakonun
bakılı zadəganı müdafiəsini vəkillik
yaradıcılığının etalonu saymaq olar...
Bununla mən iddia etmirəm
ki, Məmməd Rza bəy yalnız ona görə
azadlığa çıxa bilib ki, onu Plevako müdafiə
edib. Bir vəkil kimi Plevako, əlbəttə ki, heç vaxt
uduzmurdu, hansı işdən yapışırdısa, asan və
oynaya-oynaya qələbə qazanırdı. Üstəlik, Məmməd
Rza bəyin işinin saxtalaşdırılması, dəlillərin
uydurulması, faktların uyğun gəlməməsi göz
önündə idi.
Qeyd edək ki, mərhum
jurnalistimiz Aqşin Kazımzadə Plevakonun məhkəmədəki
çıxışının tam mətnini verib. Biz vəkilin
ittihamnaməni və istintaqı yerlə-yeksan edən bəlağətli
nitqinin bəzi məqamlarını təqdim edirik:
"Bu, məhkəmə
materialı deyil, əksinə onun olmamasının aşkar
sübutudur. Xəfiyyə işi dövlət
üçün çox zəruridir, lakin xəfiyyə məmurları
şahid ola bilməzlər, onlar şahidləri və cinayət
izlərini üzə çıxaranlardır. Əgər
müqayisəli danışsaq, onlar ova çıxan
ovçu yox, ovun harada olduğunu ovçuya göstərən
köpəklərdir. Köpəklər yaxşı iy bilir,
lakin onlarda hissiyyat inkişaf etməyib. İt - yalnız itdir,
göbələk qızılgül deyil, yalnız göbələkdir
və qızılgül iyi verə bilməz..."
(ardı var)
Ekspress.-
2011.- 26-28 noyabr.- S. 18.