"Lalə"nin qızlarını sözlə "döyürdüm"

 

   77 illik ömrünün 55 ilini sənətə həsr edən xalq artisti Ceyran Haşımovanın min bir əziyyətlə yaratdığı "Lalə" Qızlar Ansamblının sorağı bir vaxtlar ölkəmizin hüdudlarından çox-çox uzaqlardan gələrdi.

   O "Lalə" ki, milli ifaçılıq sənətinə Təranə Vəlizadə, Nisə Qasımova, Mahrux Muradova, Nəzakət Məmmədova, Kəmalə Rəhimova, Firuzə İbadova, Ruhəngiz Allahverdiyeva, Zöhrə Abdullayeva, Rəhilə Bəndəliyeva, Yaqut Abdullayeva, Sahibə Əhmədova və s. neçə-neçə istedadlı müğənniləri bəxş etmişdi.

   - Ceyran xanım, "Lalə" Qızlar Ansamblını necə yaratdınız? O dövrdə qızların musiqi ilə məşğul olmasına valideynləri asanlıqla icazə vermirdilər, yəqin ki, çətinlikləriniz çox olub.

   - 1952-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecini (o dövrdə Asəf Zeynallı adına Musiqi Texnikumu idi) əlaçı diplomu ilə bitirdiyimə görə, məni orada müəllim saxladılar. Bu, o dövr üçün görünməmiş hadisə idi. Tələbələrimin arasında qızlar da vardı. Bu elə bir vaxt idi ki, musiqiçi qızlar çox az idi. Buna qədər isə, mən Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrində tar çalırdım. O, orkestrin nəzdində sazçı qızlar dəstəsi yaratmaq istəyirdi. Mənim ifama qulaq asandan sonra o, məni həmin qrupa dəvət etdi. 1959-cu ildə mən Azərbaycan Dövlət Tele-radio Komitəsinin xalq çalğı alətləri orkestrinin saz qrupuna qəbul edildim. Bu qrupda 4 sazçı qız vardı, mən də qrupun konsertmeysteri idim. Siz cavansınız, ola bilsin ki, bunları bilmirsiniz. 1959-cu ildə Moskvada keçirilən mədəniyyət dekadasında mən də iştirak etmişəm.

   Elə onda ağlıma bir fikir gəldi ki, görəsən, yalnız qızlardan ibarət ansambl yarada bilərəmmi? Bir dəfə dərsdə fikrimi tələbə qızlara deyəndə, onlar bunu bəyəndilər. Bu olub 1964-cü ildə. Beləliklə, mən bu istiqamətdə işə başladım. Əvvəlcə Asəf Zeynallı adına Musiqi Kollecindəki kamança çalan qızları bu ansambla dəvət etdik. Sonra bir qarmonçalan qız da tapdıq.

   - Ansamblın ilk üzvlərindən bu gün kimlər qalıb?

   - Ansamblın ilk qarmonçalanı Leyla Şıxıyeva idi. Hazırda Zığ qəsəbəsində yaşayır. İlk tarçalanlarımdan öz tələbəm olan Təcrübə Sultanova hazırda Sumqayıt Musiqi Kollecinin müəllimidir. Kamançaçalan Almaz xanım sonradan ailə qurub dəstəmizdən ayrıldı. Onlardan heç biri indi ansamblda yoxdur. Çünki o vaxtdan 47 il keçib, amma 25-30 il mənim ansamblımda işləyən xanımlar olublar. Misal üçün, müğənni Rəhilə Bəndəliyeva artıq 32 ildir bizim ansamblda çalışır. 47 ildə yüzlərlə istedadlı azərbaycanlı qızı bizim ansamblda yetişib, sənətkar olub, sonradan müstəqil həyata atılıblar. Qızlar ərə gedəndən sonra mən onları başqaları ilə dəyişirdim. Həmin qızların böyük əksəriyyəti müxtəlif musiqi məktəblərində dərs deyirlər. Çünki bəziləri ərə gedəndən sonra həyat yoldaşları ansambla gəlməyə onlara imkan vermədi. Özünüz bilirsiniz ki, o dövrdə qızların musiqiçi olması çox çətin idi. Bəzən valideynlər qızların bu arzusunun qarşısını bütün vasitələrlə alırdılar.

    - Bəs sizin yoldaşınız nə yaxşı bu işə razılıq verdi? Çünki bu qədər qızla çalışmaq həm zəhmət, həm səbr, həm də məsuliyyət tələb edirdi. Digər tərəfdən ailəyə diqqəti azaldırdı...

   - Mənim həyat yoldaşım rəhmətlik Mirhaşım Haşımov özü də musiqiçi idi. O da Asəf Zeynallı adına Musiqi Kollecində skripkadan dərs deyirdi. O, bütün iş-gücünü atıb, mənə dəstək oldu. 1965-ci ildə ansamblı tam formalaşdırandan sonra Dövlət Televiziya və Radio Komitəsinin sədri Ənvər Əlibəyliyə müraciət edib dedim ki, belə bir ansambl yaratmışam, çox istərdim bizə qulaq asın, mümkünsə bu kolektivi tele-radionun nəzdinə qəbul edin. Onda mən hələ nağaraçalan qız tapa bilməmişdim. Ansamblın nağaraçalanı oğlan idi. Deməli, tar, kamança, qarmon və nağaradan ibarət ansamblla ilk solistlərimiz Zümrüd Həmidova və rəhmətlik Suğra İbrahimova ilə Ənvər Əlibəylinin qarşısında çıxış etdilər. Rəhmətlik Ənvər müəllim ifamıza qulaq asandan sonra bizi təbrik etdi və Televiziya və Radio Komitəsinə qəbul etdi. O, mənə dedi ki, ansambla ad tapın. Mən də gülləri, xüsusən laləni çox sevirəm, ona görə də ansamblın adını "Lalə" qoydum. Bundan sonra mən başqa alətlərin ansambla cəlb edilməsi ilə məşğul oldum. Tez bir zamanda ansamblın üzvlərinin sayı artdı. 1966-cı ilin fevralın 22-də ilk dəfə radioda çıxış etdik. Həmin gün Ələkbər Tağıyevin "Xızı dağları" və Tofiq Quliyevin "Sənə də qalmaz" mahnılarını ifa etdik. Elə həmin ilin martın 8-də Azərbaycan qadınlarının bayramı münasibətilə ekrana çıxdıq. Və martın 8-i həm də mənim doğum günüm olduğu üçün ikiqat sevinclə həyatıma yazıldı. Həmin konsertdən sonra "Lalə" Qızlar Ansamblının şanı-şöhrəti ellərə yayıldı. Sonralar Təranə Vəlizadə, Nisə Qasımova, Mahrux Muradova, Nəzakət Məmmədova, Kəmalə Rəhimova, Firuzə İbadova, Ruhəngiz Allahverdiyeva, Zöhrə Abdullayeva, Rəhilə Bəndəliyeva, Yaqut Abdullayeva, Sahibə Əhmədova və neçə-neçə istedadlı müğənnilər bizim ansamblda ilk addımlarını atıblar. Onların arasında Nisə Qasımova "xalq artisti", qalanları isə "əməkdar artist" fəxri adlarına layiq görülüblər. "Lalə" Qızlar Ansamblı 1966-cı ildən 1971-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin nəzdində fəaliyyət göstərdi. Qastrollara çıxmaq üçün biz 1971-ci ildən Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərməyə başladıq. 1978-ci ildə Dövlət Konsert Birliyi yaranandan sonra ora keçdik, 1992-ci ilədək orda çalışdıq. "Lalə" Qızlar Ansamblı demək olar ki, ilin əksər vaxtını qastrollarda, əsasən də xarici səfərlərdə keçirirdi. Mən bu zəhmətimə görə, 1987-ci ildə "əməkdar artist", 2006-cı ildə isə "xalq artisti" fəxri adına layiq görüldüm. Oğlum Rəşadla eyni gündə. Musiqiçilər arasında bu ilk dəfə baş verirdi ki, ana-bala fəxri ada eyni gündə layiq görülürlər. 2002-ci ildən isə prezident təqaüdçüsüyəm.

   - Ceyran xanım, qızlarla işləmək hansı mənada çətin, hansı mənada asan idi? Çünki musiqiçi tayfası bir az həm də şıltaq olur...

   - Bəli, doğru deyirsiniz, mənim üçün həqiqətən çox çətin idi. Sizə deyim ki, mən kommunistəm, köhnə bolşeviklər kimi çox sərt xasiyyətim var. Mən onlara nəinki bədii rəhbər, ana olmuşam. Rayonlardan gələn kimsəsiz qızları mən respublikanın ən tanınan, sevilən sənətçisinə çevrilməsinə yardım etmişəm. Mən təkcə qızlara deyil, oğlanlara da müəllimlik etmişəm. Xalq artistləri Möhlət Müslümov, Firuz Əliyev, əməkdar incəsənət xadimi Əkrəm Məmmədov mənim tələbələrim olublar. Oğlanlara dərs demək qızlarla işləməkdən qat-qat asandır. Mənim rəhmətlik yoldaşım 5 il inzibatçı kimi mənimlə birlikdə çalışdı. Oğlum Rəşad doyunca ana üzü görməyib. Doğulan gündən mənimlə birlikdə qastrollarda böyüyüb. Məhz bu ansambla görə mən bir övladla kifayətlənməli oldum. Mən həqiqətən "Qəhrəman ana" adına layiq bir qadınam. Çünki bu qədər qızın nazına, şıltaqlığına dözmüşəm. Onları pis təsirlərdən qorumuşam...

   - O dövrdə də imkanlı, pullu, vəzifəli "sponsorlar" vardımı?

   - Bəli, bizim də qızların dalınca düşənlər, onlara qiymətli hədiyyələr göndərənlər, hətta qastroldan-qastrola arxamızca sürünənlər olurdu. Mən onları belə şeylərdən qorumuşam. Doğrudur, bəziləri nadan çıxırdı, toya getməyə, var-dövlətə görə ansamblı atırdı. Çünki mən onları toya buraxmırdım. Amma hanı onlar? Kim ki, axıracan aylıq maaşa və ya qastrollarda aldığımız sutkalıq qonorara dözdü, bu gün adlı-sanlı müğənniyə, musiqiçiyə çevrildi. Özüm 16 il kirayədə yaşamışam, amma qazandığımı ansambla xərcləmişəm. Zarafat deyil, bu qədər qızın geyimi, bəzək-düzəyi, kosmetikası, xərcliyi mənə baxırdı. Bəxtimdən də "Lalə" Qızlar Ansamblına gələnlər kasıb-kusub qızları olurdu.

   - Yəqin ki, sizi əsəbiləşdirdikləri məqamlar da olurdu. Belə hallarda cəzalanırdılarmı?

   - Bəli, inanın ki, qızlar öz valideynlərindən çox məndən qorxurdular. Mənim kişi kimi xasiyyətim var, günahkarı vaxtında cəzalandırmasaydım, bu, ansambldakı başqa qızlara pis tərbiyə olardı. Onları sözlə elə "döyürdüm" ki, əlimlə vursaydım, ondan yaxşı idi.

   - Bəs onda necə olur ki, pulun pul vaxtında qızları toya buraxmayan Ceyran xanım, bu gün "Toylar kraliçası" seçir?..

   - "Toylar kraliçası" yarışmadır. Digər tərəfdən mən yalnız jüri üzvü kimi, əsl sənətə qiymət verirəm...

   - Yəqin, özünüz də təsdiq edərsiniz ki, "Toylar kraliçası"na gələn sənətçilərin böyük əksəriyyəti elə də savadlı deyil, akademik ifadan xəbərləri yoxdur...

   - Bəli, əksəriyyətinin adi musiqi savadı yoxdur. Onsuz da bu gün bütün telekanallar akademik ifadan xəbərsiz qızları efirə buraxır. "Toylar kraliçası"nda isə başqalarından fərqli olaraq, təmənnasız hər kəsə öz istedadını göstərmək imkanı verilir. Bununla yanaşı toy müğənnisinin necə olması onlara öyrədilir. Müsabiqənin sonuncu qalibi Məlahət Muxtarova oldu. Məlahət Muxğarova "Lalə" Qızlar Ansamblından çıxmış müğənnidir. Yəni, digərləri ilə müqayisədə o, professionl müğənnidir. Artıq xalq da kimə SMS göndərdiyini yaxşı bilir.

 

 

    İltifat HACIXANOĞLU

 

    Ekspress.- 2011.- 26-28 noyabr.- S. 19.