Azərbaycan
virtual məkanda: Milli maraqlarımızı necə təmin
edək?
Bu günlərdə
"Facebook" şəbəkəsindəki ünvanıma
Nigeriyadan bir məktub gəlmişdi. Vəkil olduğunu
bildirən bir "qarabala" mərtəbəli salam-əleykdən
sonra mətləbini belə çatdırırdı: "Ola
bilsin, mənim məktubum sizin üçün gözlənilməz
olacaq. Amma ümid edirəm ki, məsələ
haqda məlumatlı olduqda məktubum sizə maraqlı gələcək.
Mən vəkiləm. Bir
müştərim vardı, ölüb. Onun
bank hesabında 5 milyon dollar var. Ancaq bu vəsaiti götürəcək
heç bir qohum-əqrəbası yoxdur. Sizin
soyadınız "Camal" təsadüfən mənim mərhum
müştərimin soyadı ilə uyğundur. Əgər
dəstək ola bilsəniz həmin vəsaiti
bankdan götürə bilərik ".
Bu sayaq
mesajlardan çoxlarına gəldiyini eşitmişəm.
Hətta şəxsən tanıdığım birisi "zənci
qızın atasından qalma varidatına şərik olmaq
üçün" borc-xərc edərək bir həftə
İstanbulu dolaşmış və kor-peşman geri
dönmüşdü...
Yazıya
bu girişlə başlamaqda məqsədim virtual məkanda təsəvvür
olunan və olunmayan halların baş verdiyini bir nümunə
ilə çatdırmaqdır. Bəli,
virtual məkan ucsuz-bucaqsız bir dəryadır. Bu dəryada heç bir çərçivə
yoxdur. Nə coğrafi, nə inzibatii, nə
mədəni, nə əxlaqi. Bu dəryaya
baş vuran insan istədiyini yaza, istədiyi şəkli və
ya videonu milyonlarla paylaşa bilər. İnternet
əsri dediyimiz zəmanəmizdə informasiya silahdan daha
böyük sürətlə məsafə qət edir. Silahlar susduğu halda, bir xəbər bombası
dünyanı lərzəyə salır.
Demək,
"dərya" dediyimiz virtual məkan istənilən
növ təbliğat üçün informasiya vasitəsidir.
Bəs, bizim o dəryada nəyimiz var, virtual məkanın
imkanlarından gərəyincə yararlana bilirikmi?
Bu gün
qloballaşan dünyada internetin rolu və yeri getdikcə
artmaqdadır.
Azərbaycan
da bu prosesin axarında özünəməxsus yer seçib.
Azərbaycan insanının virtual məkana olan
marağının dərəcəsini hər addımda
görmək mümkündür. Kompüterlərin,
xüsusilə nootbukların kreditlə satışı cəmiyyətin
daha çox hissəsinin kompüterləşməsinə təkan
verir. Əldə edilən hər bir
kompüter isə daha bir şəxsin internet istifadəçisi
olması deməkdir.
Hazırda
Azərbaycanda müxtəlif yaş qruplarına aid insanlar
internetdən yararlanır. Amma təbii ki,
bu sahədə liderlik yeniyetmə və gənclərə məxsusdur.
Gəncliyin çağdaş dünyanın
aparıcı istiqamətinə çevrilən internetə
marağı, ümumən cəmiyyətimizin
üstünlüyü hesab oluna bilər. Amma
bir çox hallarda bu üstünlüyümüzü
dırnaqarasına almağa məcbur edən mənzərə
ilə də üz-üzə qalırıq. Söhbət, yeniyetmə-gənclərin internetdən
hansı məqsədlər üçün istifadə etməsindən
gedir.
Qlobal
internet şəbəkəsinin ən böyük mənfi cəhətlərindən
birinin əxlaqsızlıq, dinsizlik və mənəviyyatsızlığın
təbliği olduğunu nəzərə alsaq, belə bir nəticəyə
gəlmək olar ki, internetdən nəzarətsiz istifadə gənclərimizin
milli-mənəvi tərbiyəsində kəskin psixoloji
problemlərin yaranmasına gətirib çıxarır.
Etiraf etməliyik
ki, müasir gəncliyin tərbiyəsində boşluqlar
xeylidir və təəssüf ki, internetin gerçək
funksiyasına uyğun istifadə edilməməsi də bu
işdə öz mənfi rolunu oynayır.
Düzdür,
bunun günahını müvafiq strukturların üzərinə
atmaqdan sadə yol yoxdur. Problemin nəzarətə
götürülməsi və tədricən aradan
qaldırılması üçün dövlət
qurumları ilə yanaşı, ictimai təşkilatlar və
mətbuat da bu məsələdə məsuliyyət hissini
bölüşməlidir.
Bu gün əraziləri
işğal altında olan Azərbaycanın öz hərbi
potensialını gücləndirməklə yanaşı,
informasiya müharibəsində də böyük imkanlara
malik olmasına ehtiyac var. Xüsusən də, nəzərə
alsaq ki, qarşımızdakı düşmən öz
işğalçı xislətini gizlətmək və
özünə məsum, əzabkeş imici qazandırmaq
üçün informasiya sahəsində durmadan
çalışır.
Bir
araşdırma nəticəsində bəlli olmuşdu ki, ermənilər
dünyada uydurma erməni soyqırımına aid bir milyondan
artıq sayt yaradıblar. Bu saytları
yaradanlar, təbii ki, ermənilər də daha çox da
internet aludəçisi olan erməni gəncləridir. Hətta
iş o yerə çatıb ki, ermənilər Xocalı
soyqırımı ilə bağlı sayt yaradaraq bu
insanlıq dramının törədilməsinin
günahını məhz azərbaycanlıların
üstünə yıxıblar.
Erməni gənclərinin
bu rəzil əməlləri fonunda, onların azərbaycanlı
yaşıdlarının etdiklərini bəlkə də,
barmaqla saymaq olar. Bu yerdə deyilə bilər
ki, bizdə də həm Qarabağla bağlı, həm də
milli vətənpərvərlik yönümlü
çoxsaylı saytlar açılıb və ya
açılır. Razıyam, amma bu saytlar
bir çox hallarda keçici həvəsin və
qızğın vətənpərvərliyin məhsulu olaraq
meydana çıxır. Ya da, hansısa
kampaniya zamanı ictimai rəğbət qazanmaq istəyənlər
tərəfindən ortaya qoyulur. Lakin,
aradan müəyyən müddət keçdikdə, həmin
saytlar yenilənmir, sonra isə illik xərci ödənilmədiyi
üçün yavaş-yavaş internet aləmini tərk
edir.
Yuxarıda
qeyd etdiyimiz kimi Azərbaycan gənciyinin internetə
marağı böyükdür. Orada nə
axtarmasından asılı olmayaraq. Amma bu
böyük potensialın bir qədər də milli və
dövlət maraqlarının müdafiəsinə yönləndirilməsinə
ehtiyac var.
Bu gün təəssüf
ki, itkilərimiz yalnız torpaq itkisi ilə bitmir. Bizimlə eyni coğrafiyada yaşayan düşmən
bacardıqca daha çox maddi və mədəniyyət
nümunələrimizi özününküləşdirməyə
və dünyaya da bu cür təqdim etməyə
çalşır. Bu gün Azərbaycan musiqisi, Azərbaycan
mətbəxi, Azərbaycan xalçası təkcə Avropa
muzeylərində, beynəlxalq sərgilərdə deyil,
internet məkanında da "erməni məhsulu"
yarlığı ilə təbliğ edilir. Hətta
bununla bağlı özəl saytlar da yaradılır. Bütün bunların fonunda bizim etdiklərimiz
çox kiçik görünür.
Mövzu ilə
bağlı söhbətləşdiyimiz tanınmış
sosioloq Əhməd Qəşəmoğlu virtual məkanda
milli maraqlarımızı daha yüksək səviyyədə
qorumaq üçün ciddi, konkret, sistemli işlər
görülməsini vacib sayır. Sosioloq bu yöndə
görülməli olan işləri aşağıdakı
şəkildə qruplaşdırır:
1). Virtual məkanı təhlil
edən elmi-araşdırma qruplarının yaradılması.
Bu
qrupların bir-biri ilə əlqələrinin, təcrübə
mübadilələrinin olması faydalı olar. Bu araşdırma qrupları işı xüsusi elmi
metodların köməyi ilə virtual məkanda olkəmiz üçün
mühüm olan qaynaqları və yayılan fikirləri
çeşidləyərək dərindən təhlil etməlidirlər.
Bunun nəticəsində aşağıdakı kimi tədbirlər
görulməlidir:
a) mudafiə
xarakterli - əleyhimizə yayılan informasiyaları
neytrallaşdırmaq, ifşa etmək üçün;
b) qabaqlayıcı
xarakterli - yəni biz Azərbaycandakı proseslər barədə
düşmənlərdən daha öncə musbət
xarakterli rəy formalaşdırmalıyıq;
c) hucum
xarakterli- Ölkə prezidentinin də dediyi kimi biz hücum
taktikasını seçməliyik.
2). Ona görə də
virtual məkanda iş aparmaq üçün xüsusi qruplar
yaradılmalıdır. Bu qruplar yuxarıda deyilən istiqamətdə
təmkinlə iş aparmalıdırlar.
3). Virtal məkanın əhəmiyyəti
barədə TV-lərdə geniş izahat işi
aparılmalı, əhalinin bu sahədə maariflənməsi
üçün ciddi işlər görülməlidir. Bəzən sentimental, erotik söhbətlər
zamanı belə ölkəyə dair arzuolunmaz
informasiyaların bilinmədən ötürülməsi barədə
söhbətlər aparılmalıdır.
Ə.Qəşəmoğlu
bildirir ki, butun bu işlər xaotik olaraq görülə bilməz:
"Həmin elmi araşdırma mərkəzləri taktiki və
strateji fəaliyyət proqramları hazırlamalıdırlar.
Bu fəaliyyət proqramlarında siyasətçilərin,
KİV-in, ictimai təşkilatların, elmi təşkilatların,
hər bir sosial şəbəkə
iştirakçılarının arzu olunan fəaliyyət
xarakteri dəqiqləşməlidir. Sistemli
bir mexanizm hazırlanmalıdır. Virtual məkanda
debatlarda, muzakirələrdə, rəy yaratmaqda emosional yox, təmkinlə
fəaliyyət göstərilməlidir. İntellektual
olaraq udulmayan söhbətdə emosional olaraq deyilənlər əksinə,
Vətənin əleyhinə işləyir".
Mövzu ilə
bağlı digər həmsöhbətimiz Avrasiya Təhlükəsizlik
və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri
Hatəm Cabbarlı virtual məkanda xüsusilə xarici dillərdə
mədəniyyət, tarix, siyasət və sairə haqqında
sanballı internet səhifələrinin
hazırlanmasını təklif edir. Onun sözlərinə
görə bu cür informasiya resurslarında ermənilərin
yazdıqlarının əsassız və yalan olduğu
onların öz dilindən verilə bilər: "Bəzən
ermənilər o qədər ağ yalan, şər, iftira
yazırlar ki, onların bu yazılarını təkzib edərək
də vermək olar. Təəssüf k, biz bu gün
daha çox Azərbaycan dilində səhifələr
yaratmaqla özümüz-ozümüzə "nağıl
danışırıq. Bu baxımdan,
diaspor təşkilatları, Xarici İşlər və Mədəniyyət
nazirlikləri ilə ortaq işlər görmək
mümkündür. Və bu işləri
görmək üçün ən başlıcası maddi mənbə
lazımdır. Bəzən internetdə
transmilli təşkilatlar tərəfindən müxtəlif məsələlərlə
bağlı səsvermələr keçirilir. Belə səsvermələrdə
də bir çox hallarda ermənilər bizi üstələməyə
nail olurlar. İnternet sahəsində yeniyetmə-gənclərin
bilgiləndirilməsinə, milli və dövlət maraqlarının
müdafiəsi üçün yönləndirilməsinə
böyük ehtiyac var. Bu iş isə sistemli şəkildə
aparılan iş çərçivəsində öz bəhrəsini
verə bilər".
Son illər
həm qeyri-hökumət təşkilatları, həm də
mətbuat orqanlarının müvafiq dövlət donor
qurumlarının dəstəyi ilə müxtəlif layihələr
həyata keçirdiyini xatırladan H.Cabbarlı
qarşıdakı müsabiqələrdə QHT-lər və
medianın virtul məkana aid layihələr təklif etmələrini
zəruri sayır.
Virtual məkanda bizə
açılan informasiya savaşının önündə
dayanacaq qüvvə birmənalı olaraq Azərbaycan gəncliyidir.
Ona görə də bu gün Azərbaycan gənci
üçün kompüter arxasında oturmaq, səngərdə
dayanmaq qədər müqəddəs və məsuliyyətli
bir işə çevrilməlidir.
Aqil CAMAL
Ekspress.- 2011.-
29 noyabr.- S. 11.