Sevil Xəlilova dünyasını dəyişdi
Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar
artist Sevil Xəlilova dünyasını dəyişib. Aktrisa
noyabrın 28-də, saat 18 radələrində 58
yaşında vəfat edib.
Teatrın truppa müdiri Elnur Məmmədovun
APA-ya verdiyi məlumata görə, aktrisanın ölüm səbəbi
hələlik dəqiq məlum deyil: "İki gün əvvəl
Sevil xanımla telefonla danışmışdım. Dedi ki,
"qızdırmam var, sabah görüşərik". Guya
bu gün (dünən -red.) onunla görüşməliydik.
Dünən axşam zəng vurdular ki, Sevil xanım
dünyasını dəyişib. Yəqin ki, səbəb
ürək çatışmazlığıdır".
Sevil Xəlilova ilə vida mərasimi
dünən yaşadığı mənzildə
keçirilib. Mərasimdə aktrisanın yaxın
qohumları, eləcə də uzun illər
çalışdığı Akademik Milli Dram
Teatrının rəhbərliyi, aktyor və aktrisalar
iştirak ediblər (APA).
Aktrisanın yeganə övladı
olan qızı anasının cənazəsi başında
etiraz səsini ucaldıb: "Neynəyirəm indi gəlməyinizi,
şəkil çəkməyinizi? Sənin belə də
şəklin çəkiləcəkdi? Axı sən buna
layiq deyildin, ana..."
Aktrisanın ən yaxın rəfiqələrindən
biri olan xalq artisti Nuriyyə Əhmədova da onun
ölümü ilə barışmadığını
deyib: "Əziz bacım içini yeyə-yeyə getdi. Bütün
dərdini, sərini öz içində apardı. Heç
kim onun nə yaşadığını bilmədi. Buna inana
bilmirəm".
Akademik Milli Dram Teatrının
direktoru İsrafil İsrafilov mərhum Sevil Xəlilovanı hələ
tələbəlik illərindən
tanıdığını deyib: "İstər həyatı,
istər fəaliyyəti mənim gözümün
qabağında olub. O, çox özünəməxsus istedad
sahibi idi. Sevil xanım sadə həyatı, sadə
davranışı ilə hər zaman hörmət sahibi olub.
Heç vaxt özünü gözə soxmazdı. Hələ
heç kim Sevil xanımın zəif, uğursuz rolunu görməmişdi.
Onun hələ ən yaxşı rolları qabaqda idi. Xəstəliyi
var idi, onu incidirdi. Fiziki çətinliyi var idi. Bütün
bunlara baxmayaraq, o, çox böyük fədakarlığı
ilə sənətindən yapışmışdı. Hələ
oynamaq istədiyi çox rollar var idi".
Teatr rəhbəri Sevil Xəlilovanın
cənazəsinin teatrdan deyil, evindən götürülməsinə
də münasibət bildirib və bu halı müsbət
qarşıladığını vurğulayıb: "Bu
günə kimi də çoxsaylı aktyorlar Sevil Xəlilovanın
evini tanımırdı. Məgər pis haldır ki, onun evini
tanıdılar? Sözsüz ki, hər bir insan son mənzilə
öz evindən yola salınmalıdır və bu,
yaxşı haldır".
Xalq artisti Ramiz Novruzov vaxtsız
dünyasını dəyişən Sevil Xəlilova ilə
bağlı xatirələrini bölüşüb: "Sevil
xanım bizim çox sevdiyimiz sənət adamlarından biri
idi. O, həqiqətən də əsl sənət adamı
idi. Başqa xisləti yox idi. Son dəfə onunla
"Ölüləri qəbiristanlıqda basdırın"
tamaşasında birgə işlədik. Həmin tamaşada tənha
qalmış bir qadın obrazını oynayırdı.
Tamaşalarda çox az istifadə olundu, əslində,
çox potensialı, imkanı olan bir aktrisa idi. Çox
böyük rollar oynamağa qadir aktrisa idi".
Mərhum aktrisa ilə Adil İsgəndərovun
kursunda oxuyan aktyor Kazım Abdullayev də Sevil Xəlilovanı
tələbəlik illərindən
tanıdığını vurğulayıb: "Biz onunla birgə
bir kursda oxumuşuq və Adil müəllimin tələbələri
olmuşuq. Çox gözəl, mehriban insan idi. Gözləmədiyimiz
halda dünyasını dəyişdi. Sonuncu dəfə
"Qarabağnamə" tamaşasında birgə
oynamışıq. Onun çox arzuları var idi, nə qədər
rollar oynamaq istəyirdi, amma qismət olmadı..."
Rejissor Rövşən
Almuradlı aktrisanı sonuncu görənlərdən biri
olub: "Bütün kollektiv kimi, mən də onun
ölümünə inanmıram. Sevil çox kövrək,
səbirli, əxlaqlı xanım idi. Teatrda, kinoda, sənətdə
əxlaqını qoruyub saxlayırdı, səmimiyyəti ilə
seçilirdi. Sözün əsil mənasında teatr Sevili
itirdi. Zamanmı, mühitmi imkan vermədi? Əslində,
çox səbəbləri var. O, teatrda xanım adını
daşımağa layiq insan idi".
Elə vida mərasimində
yaxınlarından öyrəndik ki, aktrisanın
ölümündən əvvəl yüksək temperaturu
olub, hətta mərhum iki gecə yuxusuz qalıb...
Əməkdar artist Sevil Xəlilova
Novxanı qəbiristanlığında valideynlərinin
yanında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Sevil Rza qızı Xəlilova
1953-cü il yanvarın 10-da Bakıda anadan olub. C.Cabbarlı
adına "Azərbaycanfilm" kinostudiyası nəzdindəki
"Kino aktyoru" kursunun axşam şöbəsində
(1969-1970) oxuyub, 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun kino
aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə
ikən Akademik Milli Dram Teatrında N.Hikmətin
"Şöhrət və ya unudulan adam" psixoloji
dramında professorun qızı rolunu ifa edib.
Aktrisa 1974-cü ildən təyinatla
Akademik Milli Dram Teatrında işləməyə göndərilib.
Ötən illər ərzində milli və dünya klassiklərinin,
müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin
tamaşalarında oynayıb.
S.Dağlının "Kölgələr
pıçıldaşır" tamaşasında
Çeşmə, Anarın "Şəhərin yay günləri"
tamaşasında Qumru, C.Məmmədquluzadənin "Dəli
yığıncağı" tamaşasında Zəvvar, S.Rəhmanın
"Əliqulu evlənir" tamaşasında Humay, B.Vahabzadənin
"Kimdir haqlı?" tamaşasında Məlahət, İ.Əfəndiyevin
"Büllur sarayda" tamaşasında Səadət,
Anarın "Təhminə və Zaur" tamaşasında Mədinə,
B. Brextin "Üç quruşluq opera" tamaşasında
Kitti, S.Rəhmanın "Nişanlı qız"
tamaşasında Zərifə, S.Vurğunun "Vaqif"
tamaşasında Gülnar, J.Rasinin "Fedra"
tamaşasında Enona, Elçinin "Poçt şöbəsində
xəyal" tamaşasında Züleyxa, Ə.Əmirlinin
"Köhnə ev" tamaşasında Mələk, X.Qocanın
"Hərənin öz payı" tamaşasında Xədicə
xala, H.Cavidin "Afət" tamaşasında İlçay,
Mir Cəlalın "Dirilən adam" tamaşasında
Telli, C.Məmmədquluzadənin "Ölülər"
tamaşasında Məşədi Orucun anası,
İ.Şıxlının "Ölüləri qəbiristanlıqda
basdırın" tamaşasında Güləndam,
A.Şaiqin "Eloğlu" tamaşasında Cəvahir
xanım rollarını oynayıb. Aktrisa Azərbaycan Dövlət
Televiziyasının hazırladığı tamaşalarda da
maraqlı obrazlar yaradıb. Bunlardan İ.Əfəndiyevin
"Atayevlər ailəsində" Mehrican, M.F.Axundovun
"Hacı Qara"sında Sona, Ə.Məmmədxanlının
"Şərqin səhəri"ndə Nataşa, A.Məmmədovun
"Kişilər"ində Səlimə, R.Kaşkauasın
"Yağışlı gecə"sində Auşra,
Anarın "Ötən ilin son gecəsi"ndə Gülarə,
R.Qasımovanın "Yollar görüşəndə"sində
Rahidə, A.Qəhrəmanovun "Müsabiqə"sində
Sevinc və digər obrazları qeyd etmək olar.
Sevil Xəlilova teatr sənətindəki
xidmətlərinə görə 1986-cı il iyun
ayının 23-də Naxçıvan Muxtar
Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə
isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri
adına layiq görülüb.
Ekspress.- 2011.- 30 noyabr.- S. 23.