Hər adam
muğam oxuya bilməz...
İçərişəhərdəki
qədim memarlıq nümunəsi "Karvansaray" ötən
əsrin 80-ci illərində diqqətsizlik üzündən
uçulub-tökülürdü.
Tanınmış incəsənət
xadimi Arif Qazıyev bu qədim binaya yeni, özü də
bambaşqa həyat verdi - Orta Əsrlərin qonaq evini, ötən
əsrin yeyib-içmək məkanını mədəniyyət
ocağına çevirdi. Onun fədakarlığı,
çəkdiyi minbir əziyyət sayəsində 1988-ci ildə
milli-mənəvi simvolumuz olan muğamın keşiyində
duracaq Muğam Teatrı yaradıldı.
Hazırda bu muğam məbədi
sadəcə xanəndələrin, muğam aşiqlərinin
üz tutduqları məkan deyil, Bakının qonaqları da
burada xalqımızın qədim tarixi və musiqisi ilə
tanış olur, milli yeməklərimizin dadı
damağında qalır.
Yeri gəlmişkən,
bu arada təmirə dayanan Muğam Teatrının taleyi ilə
bağlı müxtəlif söz-söhbətlər
dolaşır. Muğam Teatrının direktoru Arif Qazıyev
"Ekspress"in əməkdaşının bu məsələ,
habelə rəhbəri olduğu teatrın
yaradıcılıq planları ilə bağlı
suallarını cavablandırıb.
- Arif müəllim,
başqa teatrlar yeni yaradıcılıq mövsümünə
çoxdan start veriblər, Sizin teatrsa hələ də təmirdədir.
Sanki təmir məsələsi birdən-birə
ortalığa çıxdı?
- Bizim teatrın
binası qədim, tarixi bina olduğu üçün daimi
olaraq 3-5 ildən bir restavrasiya işləri
aparılmalıdır. Tarixi bina olduğu üçün bu
binanın təmiri də mütəxəssislər tərəfindən
aparılır. Orada fəaliyyət göstərdiyimiz 20 ildə
həmin binanı saxlamaq üçün çox əziyyətlər
çəkdik.
- İndi təmiri kim
aparır?
- Təmir
"İçərişəhər" Dövlət Tarixi
Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata
keçirilir. Binamız bu idarənin balansında olduğu
üçün bizə heç bir dəxli yoxdur. Özləri
smeta tutub iş görürlər.
- Sizinlə
razılaşdırmırlar?
- Bu binanı 22 ildir mən
saxlayıram. İndiyədək o binanın saxlanmasında
kimsə bizə bir qəpik də olsun kömək etməyib.
Amma bizim sözümüzə baxan kimdi? "İçərişəhər"
Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin indi
böyük səlahiyyətləri, həm də çoxlu
imkanları var. Dövlət bu idarəyə yaxşı pul
buraxır, artıq "Qız qalası"nın da təmirinə
başlayıblar. Mən onlara çox dedim ki, yayda belə
binalarda təmir aparmaq düzgün deyil, çünki turistlərin
gələn vaxtıdır. Gərək təmir qış
aylarında, turistlərin az gəldiyi vaxtlarda
aparılaydı. Doğru buyurdunuz ki, teatrlar yeni mövsümə
start veriblər. Biz tamaşa hazırlamalıyıq, amma yer
tapıb məşq edə bilmirik. Azərbaycanın müstəqilliyinin
20 illiyinə elə yaxşı hazırlaşırdıq ki.
Təmirə görə işlərimizin qrafiki pozuldu.
- Bəs Mədəniyyət
və Turizm Nazirliyi sizə niyə yer ayırmayıb?
- Hələlik Əbülfəs
müəllimə bu barədə heç nə deməmişəm.
Görüm, harda yer
tapa bilərəm. Oktyabrın 6-da Beynəlxalq "Muğam" Mərkəzində
görkəmli bəstəkarımız
Cahangir Cahangirovun anadan olmasının 90 illiyinə həsr edilən böyük bir tədbir keçirməyi planlaşdırırıq.
Hazırda məşqlərimiz Azərbaycan Bəstəkarlar
İttifaqının binasında
baş tutur. Binamızın olmaması bizə
çox baha başa gələcək.
Daimi müştərilərimizi, qonaqlarımızı
itirəcəyik. Sözün düzü,
məni onun kommersiya tərəfi maraqlandırmır. Muğam
Teatrının qapısından
içəri ayaq basan adam
sanki əsrlər əvvələ düşürdü.
Biz oranı elə düzəltmişdik ki, hər kəs özünü qədim Bakıda hiss edirdi. Əsl azərbaycançılığın simvolu idi. Binanın divarlarının daşlarını
ağardıblar. O daşların
ağardılması düzgün
deyildi. Lazım olsaydı, elə
o vaxt mən özüm ağartdırardım
da. Daşların üzərindəki qara his-pas özündə
əsrlərin tarixini
əks etdirir. Bu his-pasda vaxtilə
burada olan insanların nəfəsləri
həkk olunub. Bu
iş çox pisimə gəldi. Mən narazıçılığı bildirəndən sonra təhdidə başladılar.
Gah dedilər "binanı tərk edin", gah bizdən binaya görə pul istədilər.
- Bəlkə
təmir məsələsi
binanı əlinizdən
alınması üçün
bir bahənədir?
- Biz də
əvvəlcə belə
düşünürdük. Ona görə də, respublikanın ən tanınmış muğam xadimləri - başda xalq artisti Habil Əliyev
olmaqla, Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Aygün Bayramova, Nəzakət Teymurova və digər xanəndələrlə
birlikdə hörmətli
prezidentimiz İlham Əliyevə bu barədə məktub yazdıq. Məktubda qeyd etdik ki, bu gün
xanəndələrin yeganə
yığışdıqları yer Muğam Teatrıdır. Yəni bizim
yığışmağımız üçün bir məkan olmalıdır.
- Bəs Beynəlxalq "Muğam" Mərkəzi?
- Ora
bizlik deyil. Prezidentimiz də Fatma xanım
Abdullayevaya məsələni
araşdırmağı tapşırıb.
Fatma xanım da "İçərişəhər" Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsindən bu barədə soruşanda deyiblər ki, guya bizdən binadan çıxmaq yox, oranı müvəqqəti boşaltmaq
tələb olunub.
- Muğam Teatrının dövlət statusu varmı?
- Var,
amma dövlət bizə yalnız maaş verir,
binanı öz gücümüzə saxlayırıq,
kommunikasiya xərclərini
cibimizdən ödəyirik.
- Muğam
Teatrı o binadan çıxarılsaydı, yəqin
ki, Mədəniyyət
və Turizm Nazirliyi sizə bu barədə göstəriş verərdi...
- Bəli,
artıq çıxarılmaq
qorxusu yoxdur. Hətta olsa belə, burada işləyənlərin
əksəriyyəti qarabağlıdır.
Əgər binadan çıxarılsalar,
onlar özlərinin üstünə neft töküb yandırarlar,
Mən özüm şəxsən son 22 ildə
bütün varımı-yoxumu
bu binanın əla vəziyyətdə
saxlanmasına xərcləmişəm.
Oranı
bir vaxtlar insanlar zibilliyə döndərmişdilər, içindən
keçib gedirdilər.
Biz ora qədim
xalçalar alıb döşəmişik. Oranı elə
qurmuşuq ki, qapıdan içəri keçən özünü
qədim vaxtlarda hiss edir. Arxivdən mən qədim
Bakının köhnə
fotolarını axtarıb
tapmışam. Xaricdən gələnlər
hamısı mütləq
bu binaya baş çəkməliydilər.
Bura gələn turistlər həm tariximizi öyrənir, həm milli yeməklərimizdən
dadır, həm də milli musiqimizə
qulaq asırdı.
Vallah, elələri vardı, gecə səhərəcən
buradan əl çəkmirdi. Bizim teatra
xarici dövlətlərin
prezidentləri qonaq gəliblər. 2008-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədov Bakıya
gələndə cənab
prezidentimiz onu bura qonaq gətirmişdi.
Oturub çay içdilər,
biz də yaxşı
bir konsert proqramı ilə çıxış etdik,
çox xoşuna gəldi. Mən də söhbət
vaxtı teatrın, Bakının tarixindən
danışdım. Gedəndə
öz "vizitka"sını
mənə verdi.
Sonra mənə dedilər ki, o hər adama vizit kartını
vermir. Əgər
Türkmənistanda bu
"vizitka"nı kimə göstərsən,
hamı sənə hörmət edəcək.
Sonra Türkmənistanın
səfiri ilə görüşəndə bu
"vizitka"nı göstərdim, dedi ki, sizə nə
qulluq göstərək.
Dedim ki, Türkmənistanda konsert vermək istəyirik. O da Türkmənistanın
mədəniyyət naziri
ilə danışandan
sonra bizi ora dəvət etdilər. Oktyabrın
26-da Türkmənistanın dövlət müstəqilliyinin
20 ili tamam
olur. Həmin bayram konsertlərində
bizim teatrın kollektivi də iştirak edəcək.
Biz inşallah oktyabrın 23-də Türkmənistana
gedəcəyik.
- Bəs
öz ölkəmizin
müstəqilliyinin 20 illiyinə
necə hazırlaşmısınız?
- Biz hələ
ötən ildən Azərbaycanın müstəqilliyinin
20 illiyi münasibətilə
bölgələrdə bayram
konsertləri verməyə
başlamışıq. Sentyabrın 28-də Goranboyda konsert verdik. Ondan sonra Kürdəmirdə,
Yevlaxda konsertlərimiz
olacaq. İnsanların bayram əhval-ruhiyyəsini
qaldırmağa çalışırıq.
Mən əminliklə deyirəm ki, camaat bizim
konsertlərdən çox
razı qalır.
Çünki fonoqramma oxumuruq.
Hələ də müğənnilərə
başa sala bilmirik ki, bayram
konsertlərində fonoqramma
oxumaq olmaz.
- Bu gün
muğam sənətinə
dövlət qayğısı
olduğu üçün
ona sanki bir axın əmələ
gəlib. Muğamın kütləviləşməsi sizcə sonradan problemlər yaratmaz ki?
- Xeyr,
indi elə musiqilərə qulaq asırıq ki, 15-20 il əvvəl
onu ifa edəni
bəlkə də öldürərdilər. Amma telekanallar
insanların zövqünü
elə dəyişib ki, bu gün
belə musiqilərə
rahatlıqla qulaq asırıq. Yəni efir
belə musiqini bizlərə həzm etdirə bilib. Amma mən özüm də muğamın kütləviləşməsinin əleyhinəyəm. Çünki
muğam ağır janrdır, hər adam bunu
oxuya bilməz. Və ustadlar da hər
oxuyana muğam oxumağa icazə verməməlidirlər. Artıq
estrada müğənniləri
muğam oxumağa başlayıblar. Nədir,
nədir muğamda pul, titul almaq,
tez məşhurlaşmaq
var. Halbuki, 10-15 il əvvəl xanəndələr vardı
ki, dəfi atıb pop musiqisini tutmuşdular. Bu gün
əsl xanəndə çox azdır. 18-19 yaşlı cavan-cavan
uşaqları yığıb
guya muğam müsabiqələri keçirirlər.
Mən sizə inandırım ki, orada iştirak
edənlərin heç
də hamısı dəstgahları axıradək
bilmir. Əvvəla xanəndə 30 yaşadək
öyrənməlidir. 18-19 yaşlı cavan
uşaq nə bilir muğam nədir. Özü də hərəsi
bir münsiflər heyətinin üzvünün
tələbəsidir. Bu
onun xatirinə, o da bunun xatirinə
bir-birinin tələbəsini
tərifləyir. Orada iştirak
edən uşaqlar da elə bilirlər
ki, artıq əsl xanəndədirlər.
Çünki məşhurlaşırlar, şan-şöhrət, pul
gözlərinin qabağını
tutur, öyrənmək
yaddan çıxır.
İntəhası, biz gərək bunları
seçəndən sonra
onları boş buraxmamalı, savadlarının
artmasını ciddi diqqətdə saxlamalıyıq
ki, sonradan korlanmasınlar. Gənclərin aralarında çox istedadlı xanəndələr
var. Mən Elməddinin
adını çəkmək
istəyirəm, əgər
onu boş buraxmasalar, gələcəkdə
əla xanəndə olacaq. Bundan başqa, Babək
Niftəliyev, Ehtiram Hüseynov, İlkin Əhmədovun adını
qeyd etmək istəyirəm. Onlar bizim
teatrın solistləri
olublar. Özləri bilsinlər, əgər
yaxşı xanəndə
olmaq, xalqın sevimlisinə çevrilmək,
fəxri adı öz ifaları ilə almaq istəyirlərsə, gecə-gündüz
öz üzərlərində
işləməlidirlər. Mən bəzi gənclərdə "ulduz"
xəstəliyini hiss etdiyimə
görə teatrdan uzaqlaşdırdım. Bir
az böyük-böyük
danışırdılar...
- Kimləri
uzaqlaşdırmısınız?
- Adlarını
açıqlamaq istəmirəm.
Gəncdirlər, bəlkə papaqlarını
qabaqlarına qoyub öz gələcəkləri
barədə ciddi fikirləşdilər. Ona görə
də, gələcəkdə
bu kimi müsabiqələrin
keçirilməsinə çox
ciddi yanaşmaq lazımdır.
İLTİFAT
Ekspress.- 2011.- 1-3 oktyabr.- S. 19.