Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   (əvvəli ötən şənbə   saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   Azərbaycan Respublikası Dövlət Arxivində M.Şəkinskinin 1960-cı il aprel ayının 19-da Azərbaycan SSR Rabitə naziri Hüseynov yoldaşa "tələbnaməsi" də saxlanılır. Tanış olun:

   "Rabitə Nazirliyinin arxivi uzun müddətdir ki, olduqca qeyri-qənaətbəxş vəziyyətdədir. Nazirliyinizin baş mühasibinin sədrlik etdiyi ekspert komissiyası arxiv sənədlərinə başdansovdu münasibət göstərir. Çox mühüm materialların arxiv üçün hazırlanması əvəzinə ekspert komissiyası ucdantutma bunları məhv edir, beləliklə də, Azərbaycan SSR Cinayət Məcəlləsinin 107-ci maddəsindəki hərəkətlərə yol verir. Təkcə cari il ərzində 2 min iş istehsal tullantısı kimi çıxdaş edilmiş və ya itirilmişdir.

   Tərəfinizdən verilmiş əmrlə nazirliyin arxiv müdiri təyin olunmuş Perelman nəinki işinə səhlənkarcasına yanaşır, arxivin qaydaya salınmasına səy göstərmir, üstəlik çox qiymətli arxiv materiallarını, məsələn, əvvəlki illərdə nazirlik sistemində çalışmış fəhlə və qulluqçuların siyahısını "itirmişdir". Belə hesab edirik ki, Perelman vəzifəsindən kənarlaşdırılmalı, nazirliyin arxivi məsuliyyətli və işə can yandıran mütəxəssisə tapşırılmalıdır.

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."

   Məmmədəmin Şəkinskinin "tələbnamə"lərindən biri də Azərbaycan Politexnik İnstitutunun rektoru Ə.Əliyevə göndərilmişdir:

   "Başçılıq etdiyiniz ali məktəbin tarixini gələcək nəslə çatdırmalı olan arxivinizin vəziyyətini kökündən yaxşılaşdırmaq üçün təcili tədbirlər görülməlidir.

   Bildiyiniz kimi, son vaxtlar Sovet İttifaqının arxiv işçiləri bir sıra xalq demokratik respublikalarında, o cümlədən Macarıstanda, Polşada və başqa ölkələrdə olmuş və öz gözlərilə görmüşlər ki, arxivlər ən yaxşı binalarda, hətta mərmər imarətlərdə yerləşdirilmişdir. Biz respublikada mərmər və qranit binalarda arxivlərin fəaliyyət göstərməsini arzu etsək də, tələbimiz reallığa əsaslanır - institutunuzun arxiv sənədlərini uzun illər saxlamaq üçün minimum şərait yaradılmalıdır, arxiv üçün işıqlı və geniş otaq ayrılmalıdır. Buna görə də Politexnik İnstitutunun arxivi təcili olaraq zirzəmidən quru və münasib otağa köçürülməlidir.

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."

   Azərbaycan Respublikası Dövlət Arxivində M.Şəkinskinin "tələbnamə"ləri ilə yanaşı, "şikayətnamə"ləri də saxlanılır. Arxiv İdarəsi rəisi Azərbaycan SSR nazirlər Sovetinin sədri Məmməd İskəndərov yoldaşa 1960-cı il may ayının 19-da aşağıdakı məktubu göndərmişdir:

   "1960-cı il fevral və mart aylarında Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi Azərbaycanda Sovet hakimiyyətinin 40 illik bayramına hazırlıqla əlaqədar 15 çox mühüm kino sənədini müvəqqəti istifadə olunub geri qaytarmaq şərtilə Radio və Televiziya Verilişləri Komitəsinin sədri T.Əliyev yoldaşa göndərmişdir.

   Komitənin əməkdaşları verilişlər təşkil edərkən, kino sənədlərindən istifadə edilməsinə dair mövcud qaydaları kobudcasına pozmuş, arxiv kino lentindən 102 metr kəsib tullamış və 32 yerdə lentə yapışdırmalar etmişlər. (Araşdırma göstərdi ki, kəsilib-tullanan lent hissəsində 1934-1953-cü illərdə respublkamızda aparılan quruculuq işlərindən bəhs edilərkən M.C.Bağırovun əks olunduğu məqamlar varmış - T.Q.) Bu il martın 23-də Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi Komitənin sədri T.Əliyevə rəsmi müraciət edərək ona bildirmişdir ki, çox mühüm arxiv kino lentlərinin məhv edilməsi və ya korlanması yolverilməzdir və belə hallara yol verənlər barədə ciddi tədbir görülməlidir. Müraciətimizə baxmayaraq, bu ilin aprel ayında Komitəyə müvəqqəti istifadə edilmək üçün verdiyimiz kino lentlərinin daha bir hissəsi "əməliyyat"a məruz qalmışdır.

   1958-ci ildə qəbul edilmiş "SSRİ Dövlət arxiv fondu haqqında" Əsasnaməyə müvafiq olaraq, Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi Sizdən xahiş edir ki, Radio və Televiziya Verilişləri Komitəsi tərəfindən Mərkəzi dövlət foto-fono-kino arxivinin materiallarından isitifadəsinə bir il müddətində qadağa qoyulmasına icazə verəsiniz.

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."

   Məmməd İskəndərov Məmmədəmin Şəkinskinin təklifini qəbul etmişdir. Bir neçə il radio və televiziya verilişlərində Mir Cəfər Bağırovun əleyhinə yönəlmiş "sənədli" istinadlar səslənməmişdir. Lakin sonralar tüğyan etmişdir. 1972-ci il may ayının 4-də Azərbaycan KP MK-nın Büro materiallarında Mir Cəfər Bağırova "avantürist" damğası vurulmuşdur. Respublikanın tanınmış tarixçiləri Danil Quliyev, Püstəxanım Əzizbəyova, Cəmil Quliyev, Məmməd Qazıyev və Firudin Köçərli Nəriman Nərimanovun anadan olmasının 100 illiyi ilə əlaqədar hazırladıqları qərar layihəsində yazmışlar: "30-cu illərin əvvəllərində respublikamızda qayıdaraq burada rəhbər vəzifələr tutmuş Bağırov inqilabi hərəkatda, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsində və ilk sosialist islahatlarının həyata keçirilməsində N.Nərimanovun xidmətlərini hər vəchlə kiçiltməyə çalışmışdır. "Milli təmayülçü damğası" Nəriman Nərimanova onun işıqlı şəxsiyyətini ləkələmək məqsədilə siyasi avantürist Bağırov tərəfindən vurulmuşdur".

   Bu sözlər Azərbaycan KP MK-da səslənəndə M.Şəkinski artıq beş ilə yaxın idi ki, Azərbaycan SSR Nazirlər Soveti yanıqda Arxiv İdarəsinə başçılıq etmirdi. Vəzifədə olsaydı, Mərkəzi Komitənin ideoloji katibinin və mənsəbpərəst alimlərin boğazından yapışardı: deyin görək, hansı arxiv sənədlərinin əslinə əsaslanıb Mir Cəfər Bağırova "siyasi avantürist" deyirsiniz? Mən Nərimanovu da, Bağırovu da şəxsən yaxından tanıyan bir adam kimi üzünüzə deyirəm - çərənçilərsiniz, alim deyilsiniz!

   1960-cı il yanvar ayının 26-da Məmmədəmin Şəkinski Azərbaycan KP MK-ya aşağıdakı məktubu göndərmişdir:

   "Azərbaycan KP MK Təşviqat və Təbliğat Şöbəsinin müdiri Ş.Qurbanov yoldaşa

   SSRİ Nazirlər Sovetinin 1958-ci il 13 avqust tarixli qərarı ilə qüvvəyə minmiş "SSRİ Dövlət Arxiv Fondu haqqında" Əsasnamədə göstərildiyi kimi, arxiv orqanları mətbu nəşrlərin, o cümlədən qəzetlərin toplanılıb mühafizəsini təmin etməlidir. Ancaq biz üzərimizə qoyulmuş bu vəzifənin öhdəsindən tamamilə gələ bilmirik. Çünki Bakı şəhərində nəşr olunan qəzetlər aşağı keyfiyyətli kağızda çap olunur, bu da uzun müddət arxivdə yaxşı halda saxlanılmasına imkan vermir. Nəticədə Arxiv İdarəsinin elmi-məlumat kitabxanasında 1920-1930-cu illərdə çıxmış qəzetlərin bir çox nüsxələri hazırda köhnəldiyindən elə hala düşmüşdür ki, İdarəmizin elmi əməkdaşları və tədqiqatçıları tərəfindən istifadə oluna bilmir.

   Sizdən xahiş edirəm ki, respublika qəzetlərinin nüsxələrinin fiziki cəhətdən yaxşı saxlanılmasını təmin etmək məqsədilə Azərbaycan KP MK-nın Birləşmiş Nəşriyyatına göstəriş verəsiniz ki, Arxiv İdarəsinin hesabına respublikada çıxan bütün qəzetlərin bir nüsxəsi yüksək keyfiyyətli ofest və ya təbaşirli kağızda çap olunsun.

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."

   MÜƏLLİFDƏN. Bu günlərdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin elmi-məlumat kitabxanasında oldum. Kitabxananın müdiri Yeganə Cabbarlı, əməkdaşları Tahirə Həsənova, Ellada Əliyeva və Fənarə İskəndərova ali savadlı mütəxəssislərdir. Onların dediklərindən çox şey öyrəndim. Məlum oldu ki, kitabxana respublikamızın ən yaşlı elmi-məlumat mərkəzidir, 2010-cu ilin dekabrında 90 yaşı təntənə ilə qeyd olunmuşdur. Oxucular və tədqiqatçılar burada Azərbaycan arxivinin tarixini əks etdirən materiallarla yaxından taış olmaq imkanı tapırlar. Son vaxtlar tədqiqatçı alimlərdən Nəsib Nəsibzadə, Musa Qasımlı, Vaqif Şadlinski və başqaları arxiv sənədlərindən çap etdirdikdəri məqalə və kitablarında geniş istifadə etmişlər.

   Kitabxananın tarixi elə Azərbaycan arxivinin salnaməsini əks etdirir. Burada "Əkinçi", "Füyuzat", "Molla Nəsrəddin", "Kaspi" və digər qəzetlərin nüsxələri də, "Azərbaycan arxivi", "Azərbaycan SSR arxivlərinin xəbərləri", "Elmi-məlumat bülleteni" jurnalları da qorunub saxlanılmaqdadır. Uzun illər xalqımızdan gizli saxlanılmış tarixi sənəd və materiallarla da tədqiqatçılar burada tanış ola bilirlər. Kitabxana işçiləri unudulmaz Məmmədəmin Şəkinskinin tövsiyələrinə sadiq qalaraq, köhnə qəzet və jurnalları, nadir əlyazmaları göz bəbəyi kimi qoruyurlar. Kitabxanada saxlanılan "Azərbaycan arxivi" jurnalında dərc olunmuş milli dram teatrının tarixinə aid sənədlər də bu sıradandır. Bu sənədlərdən birində deyilir ki, 1933-cü il aprelin 27-də Azərbaycan teatrının 60 illiyinin bayram edilməsi mərasimində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Sultanməcid Əfəndiyev elan etmişdir ki, Azərbaycan Türk dram teatrının direktoru Əhməd Triniçin Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunması SSRİ Mərkəzi İcraiyyə Komitəsindən xahiş edilmişdir. 1954-cü ilin mart ayının 9-da isə... Mir Cəfər Bağırovun qondarma məhkəməsinin istintaq materiallarına qatılmaq üçün Azərbaycandan Moskvaya göndərilmiş materiallarda M.C.Bağırovun adı hallandırılmışdır.

   1. Əhməd Triniçin Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunması ilə əlaqədar Azərbaycan SSR MK sədrinin müavini Baba Əliyevin Rubenə və Bağırova 26 aprel 1933-cü il tarixli 076/s 1 saylı məktubu

   2. Triniç Əhməd Bədi Rəcəb oğlu barədə arayış.

 

   (ardı var)

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

 

  Teyyub Qurban

 

  Ekspress.- 2011.- 1-3 oktyabr.- S. 15.