"Nizami bütün dünyanın şairidir"
Seyid Məhəmməd
Hüseyni: "İranda Nizami Gəncəvini şairlərin
başçısı, padşahı adlandırırlar"
"Nizami Gəncəvi dünyəvi şairdir. Şübhəsiz ki,
bu günlər həm mənim, həm mənimlə
gələn nümayəndə heyəti üçün
unudulmaz günlərdir. Biz Gəncə əhalisi ilə
tanışlığı və Şeyx Nizami məqbərəsini ziyarətimizi heç vaxt
unutmayacağıq", - APA-nın Qərb bürosunun
məlumatına görə, bu
açıqlamanı jurnalistlərə Gəncədə səfərdə
olan İranın islami
irşad və mədəniyyət naziri Seyid Məhəmməd
Hüseyni verib.
O, Nizami Gəncəvinin
şeirlərini mütəmadi oxuduğunu deyib: "Bu gün
şeirlərini oxuduğumuz Nizaminin məqbərəsini ziyarət
etmək bizə xüsusi zövq verir. Nizami Gəncəvi bəşəri
bir şəxsiyyətdir. Ona görə də dünyanın
böyük tədqiqatçılarını öz əsərlərinə,
öz şəxsiyyətinə cəlb edib. Dünyanın
böyük elmi mərkəzlərində onun şəxsiyyəti
haqda, onun əsərlərinin zənginliyi haqda tədqiqatlar
aparılır. O cümlədən, İran İslam
Respublikasında da belə tədqiqatlarla məşğuldurlar.
İranda Nizami Gəncəvini şairlərin
başçısı, padşahı adlandırırlar.
Nizaminin "Xəmsə"si İranda ən çox
satılan şeir kitablarındandır. Dəfələrlə
yenidən çap olunan bu kitablar tələbələr və
ədəbiyyatsevərlər tərəfindən sevilərək
oxunur. Nizami Gəncəvi təkcə şair deyil, eyni zamanda,
filosof, mütəfəkkir, müdrik, arif bir şəxsdir.
Onun əsərlərinin məzmunu tamamilə islamın mənəvi
xəzinəsindən götürülüb. Biz
ümidvarıq ki, bu görüşümüzdən sonra
xalqlarımız Nizami Gəncəvini daha da yaxından
tanıyacaqlar. Bildiyimə görə, qarşıdan Nizami Gəncəvinin
870 illiyi ilə əlaqədar yubiley tədbirləri gəlir.
Mən də İrandakı tədqiqatçıları,
nizamişünasları bu mərasimlərə göndərməyə
çalışacağam".
Nazir Nizami Gəncəvini
Azərbaycan, yoxsa İran şairi hesab etməsi ilə
bağlı sualı belə cavablandırıb:
"Böyük şəxsiyyətləri hansısa sərhədlərlə
məhdudlaşdırmaq düzgün deyil, Nizami Gəncəvi
bütün dünyanın şairidir. Ədalət, sülh,
haqq sevən hər bir şəxs Nizami Gəncəvinin əsərlərindən
faydalanmalıdır. Necə ki, Sədi Şirazi, Hafiz
ümumbəşəri şair sayılırlar. Onları bir
coğrafi məkanla məhdudlaşdırmaq düzgün
deyil. Azərbaycanın və Gəncənin fəxri olan Nizami
Gəncəvi də təkcə Azərbaycanın yox,
bütün dünyanın şairidir və hamı onun
gözəl mənəvi xəzinələrindən istifadə
etməlidir".
Bu arada Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi İranın "Fars" agentliyi və
"Tehran Tayms" kütləvi informasiya vasitələrində
getmiş yanlış məlumatları təkzib edib. Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva
APA-ya bildirib ki, maraqlı sərgilərin, bədii kino
nümayişlərinin, ədəbi-elmi görüşlərin
uğurla davam etdiyi günlərdə təəssüf ki,
İranın "Fars Xəbər Agentliyi" və
"Tehran Tayms" kimi informasiya vasitələri bu əhəmiyyətli
mədəniyyət hadisəsini işıqlandırarkən ədəbiyyat
və mədəniyyət tarixindən bütün dünyaya
məlum olan gerçək faktları təhrif etməyə cəhd
göstəriblər. "Tehran Tayms" Nizami Gəncəvinin
Azərbaycanın qədim şəhəri Gəncədə
yaşayıb-yaratdığını, vəfat etdiyini,
mavzoleyinin orada yerləşdiyini yazsa da, dahi azərbaycanlını
İran şairi kimi təqdim edib. "Fars Xəbər
Agentliyi" də eyni kobud yanlışlığa yol verib.
Z.Əliyeva deyib ki,
bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi
İranın mətbuat orqanlarına yol tapmış
yanlış məlumatlara qarşı qəti etirazını
və dərin təəssüf hissini bildirir, bütün
tarixi, ədəbi məxəzlərin, dünya ictimaiyyətinin,
Nizamişünaslıq elminin təkzibolunmaz dəlillərinə
əsasən Nizami Gəncəvinin İran şairi deyil, Azərbaycan
şairi olduğunu, Azərbaycanın qədim şəhəri
Gəncədə doğulub yaşadığını, orada əbədiyyətə
qovuşduğunu bəyan edir: "9 əsr ərzində
Nizami Gəncəvi adı, onun ölməz irsi həmişə
Azərbaycana məxsus olub, dahi şairi dünya
sivilizasiyasına Azərbaycan xalqı bəxş edib.
Dövrün ədəbi qaydalarına uyğun olaraq bir
çox digər Azərbaycan şairləri kimi, Nizami Gəncəvinin
də öz əsərlərini fars dilində yaratması onun
milli mənsubiyyətini təyinetmə mövzusu olmayıb və
ola da bilməz. İnanırıq ki, "Fars Xəbər
Agentliyi"nin və "Tehran Tayms"ın yanlış məlumatları
İran cəmiyyətinin mövqeyini ifadə etmir və hər
hansı bir xəbər qurumunun mətbuat qanunlarına məsuliyyətsiz
münasibəti İran-Azərbaycan mədəni əlaqələrinin
gələcək inkişafına kölgə sala bilməz".
Ekspress.- 2011.- 6 oktyabr.- S. 23.