Kitab sərgisində kitablar ucuz satılır

 

  "Belə tədbirlər oxucularda kitaba olan sevgini daha da artırır"

 

   Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə ayrı-ayrı yerlərdə səyyar kitab sərgiləri keçirilir. Belə sərgilərdən biri Binəqədi rayonunda təşkil edilib. Qeyd edək ki, sərgidə kitablarla yanaşı müxtəlif əl işləri nümayiş olunub.

   Tədbir iştirakçısı 8-ci sinif şagirdi Vüsalə Babayeva belə sərgilərin tez-tez keçirilməsini arzulayır: "Sərgidə müxtəlif mövzuda olan kitablara rast gəlmək olar. Belə sərgi kitabxanalar və onların kitab fondu ilə daha yaxından tanış olmağa şərait yaradır. Kitabların nümayişində iştirak edən kitabxana işçiləri bizə kitablar haqqında ətraflı məlumat verir. Onlar bizə daha yaxın olan kitabxanaların yerlərini deyir, bizi kitabxanaların iş rejimi ilə də tanış edirlər. Kitabxanaçılar bizə lazım olan kitabları özümüzlə evə götürə biləcəyimizi də başa salıblar".

   Valideyn Nigar Novruzova isə kitab sərgisinə kitab almaq məqsədi ilə gələnlərdəndi. Dediyinə görə, artıq bir neçə kitab alıb.

   Mərkəzi Kitabxana Sisteminin (MKS) direktoru Rəna Biləndərlinin sözlərinə görə, sərgidə 8 kitabxana, 3 musiqi məktəbi, 3 mədəniyyət evi iştirak edir. "Oxucular tapa bilmədikləri, ala bilmədikləri kitabları bu sərgidən əldə edə bilərlər. Burada kitab mağazalarının və nəşriyyatların kitabları satılır. Sərgidəki kitabların qiyməti isə mağazadan və nəşriyyatdan ucuzdur".

   MKS-nın 6 saylı filialının müdiri Mərziyyə Hüseynli isə hesab edir ki, belə sərgilər oxucularda kitaba olan sevginin çoxalmasına xidmət edir. "Belə sərgilər nəticəsində kitabaxanaların oxucularının sayı daha da artır. Belə ki, sərgiyə gələnlər kitab fondu ilə yaxından tanış olur, bu da onlarda oxumağa olan marağı çoxaldır. Ümumiyyətlə, kitaba olan marağı çoxaltmaq üçün təbliğat xarakterli tədbirlərin təşkili mühüm rol oynayır".

   Dediyinə görə, müasir oxucu internetdən oxumağa üstünlük verdiyindən, kitabxanalar kompyuter sisteminə keçməlidir. "Hər bir kitabxananın internet saytı olmalıdır. Saytda kitablar yerləşdirilməlidir ki, kitabxanaya gəlməyə imkanı olmayanlar rahat şəkildə internetdən oxuya bilsinlər".

   M.Hüseynli qeyd edib ki, ümumiyyətlə latın qrafikasına keçəndən sonra oxucularının sayı çoxalıb. "Əvvəlki illərə baxanda oxucularımızın sayı kifayət qədər çoxdur. Oxucular arasında uşaqlara, orta və yaşlı nəslin nümayəndələrinə rast gəlmək olur. Biz oxucuların marağını daha da artırmaq üçün onlarla vaxtaşırı olaraq kütləvi tədbirlər keçiririk. Kitablar evə də verilir. Hər oxucuya 10 gün müddətinə 3 kitab veririk. Kitabxanalarda belə şəraitin yaradılması, xüsusilə də imkansız ailələr üçün əlverişlidir".

 

 

  Aynurə MƏMMƏDOVA

 

  Ekspress.- 2011.- 7 oktyabr.- S. 8.