Milli bəzək
əşyalarımıza xaricilər daha çox maraq göstərir
Könül Allahverdiyeva: "Milli
üslubda əşyaların, geyimlərin dünya bazarına
çıxarılması mədəniyyətimizin daha da
tanınmasında böyük rol oynayar"
Zamanın dəyişkənliyinə
olan tələbi, müasirlik milli geyimlərimizin,
naxışlarımızın, yalnız bizim xalqa məxsus əşyaların,
həyat tərzinin, hətta davranışın getdikcə
gündəlik həyatdan uzaqlaşmasına gətirib
çıxarıb. Buna baxmayaraq, çoxları milliliyi
qoruyub saxlamağa can atır. Könül Allahverdiyeva da məhz
yalnız məhz millətimizə xas xüsusiyyətlər həyata
daha da rəng qatan, parlaqlığı ilə bəzəyən
müxtəlif əşyalar, çantalar, xalçalar, zinət
əşyaları düzəltməyə ruhlandırır.
Onunla sərgidə tanış olduq.
Yaratdığı gözəlliyə tamaşa etmək
üçün hamı onun ətrafına
toplaşmışdı. Dediyinə görə, əl işlərinə
hələ uşaqlıqdan həvəsi olsa da, valideynləri
dərslərindən ayrılmasın deyə, ona sevimli
işi ilə məşğul olmağa icazə verməyiblər.
"Ona görə də əl işləri ilə ailə
qurduqdan sonra ciddi məşğul olmağa başladım. Artıq
təhsilimi də başa vurmuşdum. Asudə vaxtımı bəzək
əşyaları düzəltməyə, xalça
toxumağa sərf etməyə başladım. Bəzək əşyalarını
düzəldərkən də milli
xalçalarımızın naxış və rənglərindən
istifadə edirəm".
K.Allahverdiyevanın sözlərinə görə, bəzək
əşyalarını düzəldərkən firuzəyi rəngə
üstünlük versə də, bəzəklər
arasında yaşıl, qırmızı, sarı rənglər
də yer alır. "2008-ci ildən başlayaraq sərgilərdə
iştirak edirəm. İl ərzində təxminən 10 sərgidə
oluram. Sərgilərin yaradıcılıq üçün
çox xeyri olur. Bəzən elə əl işim olur ki, onu
yarımçıq qoyuram. Lakin sərgidə nümayiş
olunsun deyə əl işlərini daha həvəslə və
sürətlə hazırlayır, hər bir sərgiyə
imtahan kimi hazırlaşıram".
Müsahibim deyir ki, əl işlərinin düzəldilməsi
diqqət və həvəs tələb edir. Özü bəzək
əşyaları düzəltsə də, onlardan istifadə
etməyib. "Amma bir növ dəb halına gətirmək,
insanların gözü öyrəşsin deyə düzəltdiyim
müxtəlif milli üslubda hazırlanan
boyunbağıları və başqa zinət əşyalarını
taxmağa başladım. Misal üçün, bir neçə
il əvvəl insanlar küçələrdə
araqçın geyinib gəzməyə utanırdılar. Lakin
tədricən bir-iki nəfərin araqçın taxıb gəzdiyini
görəndən sonra, başqaları da bundan istifadə etməyə
başladılar".
Onun sözlərinə görə, evdə də milli
üslubda toxunan xalçalardan istifadə daha məqsədəuyğundur.
K.Allahverdiyeva hesab edir ki, belə xalçalar evə gözəllik
gətirməklə yanaşı, insanı da müsbət tərəfə
doğru dəyişir. "Hiss edirsən ki, bu xalçalarda
insanın əlinin istisi var. Sintetik müasir tipli xalçalar
isə hətta revmatizmin inkişafına da gətirib
çıxarır. Milliliyi unutmaq olmaz. Milliliyi unudursansa, onun əvəzini
mütləq görəcəksən. İnsan doğulanda
hansı millətdən olduğunu bilmir. Bunu anlamaq
üçün müəyyən yetkinliyə
çatmalıdır. İnsan özünü, milliətini anlayandan
sonra, istər-istəməz özünə sual verir ki, məndə
milliliyimi əks etdirən nəyim var? Niyə xalqımız
xalçaçılığı sevib? Xalçaya gözəllik
verən bütün bu naxışlar nə deməkdir?
Bunları daha yaxşı başa düşmək
üçün gərək o əşyaların içində
yaşayasan, milli üslubda olan əşyalarla
özünü əhatə edəsən".
Həmsöhbətimə görə, xarici ölkələrdən
gələn qonaqlar milli üslubda hazırlanan əşyalarla,
geyimlərlə daha çox maraqlanırlar: "Əl işlərinə
demək olar ki, hamıda maraq var. Yerli
alıcılarımız nədənsə müasir
üslubda olan əl işlərinə meyllidirlər".
Onun dediyinə görə, milli üslubda əşyaların,
geyimlərin kütləvi şəkildə hazırlanaraq
dünya bazarına çıxarılması mədəniyyətimizin
daha da tanınmasında böyük rol oynayar. 'Təəssüf
olsun ki, bu sahədə böyük bir uçurum var. Hətta
milli üslubda olan əl işlərinin hazırlanmasına həsr
olunan saytlar da demək olar ki, yox dərəcəsindədir.
Hal-hazırda belə saytın hazırlanması üzərində
çalışıram".
Aynurə Məmmədova
Ekspress.- 2011.- 14 oktyabr.- S. 8.