"Məndən başqası yoxdur..."
Dosye: Əli Fərhad
oğlu Məmmədov 1965-ci il aprelin 17-də
Naxçıvanda anadan olub. 7 yaşından boks və Şərq
əlbəyaxa döyüş idman növləri ilə məşğul
olub.
1980-1981-ci illərdə
boks üzrə Azərbaycan çempionu olan Əli Məmmədov
Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini
(1985-1989) bitirdikdən sonra - 1989-cu ildə usta rəssam
ixtisası üzrə Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasına cizgi filmləri sexinə təyinat alıb. 1990-cı
ildə tövsiyə əsasında
Qırğızıstanda yerləşən kaskadyorlar
assosiasiyasına göndərilib. Döyüş və at
üstündə yüksək səviyyədə təlimlər
keçib, peşəkar kaskadyor lisenziyası alıb.
Bişkekdən
qayıtdıqdan sonra "Azərbaycanfilm"də
tryukların quruluşçusu və kaskadyor kimi
çalışmağa başlayan Əli Məmmədov Azərbaycan
filmləri ilə yanaşı "Silah" (Rusiya, Tacikistan,
serial, 2007), "Dənizçi" (Rusiya, 2007),
"Jurnalist" (Rusiya, serial, 2006), "Tələbə"
(Rusiya, 2005), "Qraf Krestofski" (Rusiya, 2002, serial),
"Dronqo" (Rusiya, 2001, serial), "Məleykələr"
(İran, 1990) adlı filmlərdə tryukların
quruluşçusu və ifaçısı olub.
Azərbaycan Kaskadyorlar
Assosiasiyasının sədridir.
Kaskadyorluq çətin
və təhlükəli peşədir. Üstəlik,
kaskadyorların gördüyü işin adı onların olsa
da, dadı başqasına - aktyora çatır.
Maraqlıdır ki, bir
çox filmlərin çəkilişində neçə-neçə
kaskadyor tryuk zamanı həlak olub, amma xatalı olması bu
peşəyə marağı azaltmayıb. Dünya kinosunda ilk kaskadyorluq tryuku 1908-ci ildə çəkişmiş
"Qraf Monte Kristo"
("The Count of Monte Christo") filmində gerçəkləşib. Kaskadyor yüksək qayalıqdan
şəlaləyə atılmalı
idi. Bu tryuku
sirk akrobatı etmiş və 5 dollar almışdı. Əslində, heç almamışdı
da. Çünki həmin akrobat
təhlükəli tryukdan
sonra canını tapşırmışdı.
Belə tryuklar
tamaşaçılarda macəra
filmlərinə marağı
artırdığı üçün
rejissorlar tez-tez kaskadyorları filmlərinə
dəvət etməyə
başlayırlar. Məsələ sadəcə aktyorun kaskadyorluğu bacarıb-bacarmamasında
deyil. Heç bir rejissor aktyorun tryukda iştirakına asanlıqla
razılıq verə
bilməz. Məsələn, baş rolun ifaçısının ayağını
sındırması və
ya alnında şişin peyda olması çəkilişlərin
ən azı uzanması deməkdir.
Aktyor yıxılıb o dünyalıq
olarsa, film yarımçıq,
rejissor isə dizinə döyə-döyə
qalmalı olacaq.
Azərbaycanda da peşəkar kaskadyorlar fəaliyyət göstərirlər, lakin
sayları çox azdır. İlk peşəkar kaskadyorumuz Əli Məmmədovla söhbətimizdə bu
"kasadlığ"a
aydınlıq gətirməyə
çalışdıq.
- Əli müəllim, necə oldu ki, rəssamlığı
kaskadyorluğa dəyişdiniz?
- Bu işə
uşaqlıqdan həvəsim
vardı. Sənət məktəbini bitirdikdən
sonra öz istəyimlə təyinatımı
"Azərbaycanfilm" kinostudiyasına
aldım və cizgi filmləri sexində çalışdım.
Sonra qrim ustası işlədim. Düzdür,
rəssamlıq bir az incə
sənətdir, fərqlidir,
ancaq yenə də hər ikisini üstün tuturam. Kaskadyorları ilk dəfə çəkiliş
zamanı gördüm.
Xoşum
gəldi. Sonra maraqlandım,
özümü yoxlamaq
istədim. Mən kinostudiyada
işlədiyim zaman Aydın Abdullayev cizgi filmləri şöbəsinin rəisi
idi, köməklik göstərdi. Qırğızıstana gedib orada kaskadyorlar
yetişdirən məktəbdə
oxudum. Orada saxlamaq istəyirdilər,
ancaq razılıq vermədim. İstədim ki, özümü
burada tanıdım.
Ancaq təəssüf ki, burada bazam yoxdur.
- İlk dəfə hansı filmdə kaskadyorluq etmisiniz?
- Bu, ərəb
rejissorun diplom işi olan filmi
idi. Sonra Əbdül Mahmudovun
dəvəti ilə
"Axırıncı körpü"
filminə çəkildim.
Bundan sonra yavaş-yavaş filmlərə dəvət
aldım. 22-dən çox
yerli və xarici filmə çəkilmişəm: "Fəryad",
"Şahid qız",
"Yrəyin yaddaşı",
"Girişmə, öldürər!",
amerikalılarla birgə
çəkilmiş "Dağıdılmış
körpü" və
s. "Dağıdılmış körpü"də Hollivud
ulduzunu əvəz edirdim. Təəssüf ki, aktyorun adını unutmuşam.
Film Rüstəm İbrahimbəyovun
ssenarisi əsasında
çəkilib. Yerli filmlərdə
isə Fəxrəddin
Manafovu, Həsən Məmmədovu əvəz
etmişəm.
- Azərbaycanda
sizdən başqa bu işlə məşğul olan varmı?
- Yox,
məndən başqası
yoxdur. Yəni mənim gördüyüm
işləri görən
yoxdur. Mən keçmiş sovet
ölkələrinin kino
birliklərinin hamısının
üzvüyəm. Hələ vətənimdə
tanınmayanda artıq
Qırğızıstanda tanınırdım.
Elə
ilk dəfə də oranın kino birliyinin üzvü olmuşam. Qırğızıstanda, Rusiyada kaskadyor
yetişdirən məktəblər
olduğu halda, təəssüf ki, bizdə yoxdur.
- Hansı
qeyri-adi işləri bacarırsınız?
- Elə
tryuklar bacarıram ki, onları ancaq Hollivudda çəkirlər. Maşınla tryuklar eləmişəm
- avtomobil 5-6 metr hündürlükdə fırlanıb,
10-15 metrdən sonra yerə düşüb dağılıb.
- Ən çətini hansı tryukdur?
- Heç
bir tryuk asan deyil. Hamısının öz çətinliyi
var. Əvvəlcədən düşünürəm, fikirləşirəm,
təhlükəsizliyi təmin
edirəm, ancaq bununla bərabər, yenə də hiss edirəm ki, çox çətindir.
Müharibədə döyüşən zaman hansı hissləri keçirirsənsə,
bu da ona
bənzəyir. Hündürlükdən tullanmaq, yanmaq, maşını aşırmaq,
atla olan tryuklar lap çətindir.
Bir şey də var ki, bu
çətinliyi keçməyi
bacarmaq lazımdır.
Birinci dəfə çətin olan ikinci dəfə
asan olur. Mən heç zaman məşq etmirəm, planlaşdırıram, təhlükəsizliyi
təmin edirəm, qalır tryukun uğurlu alınması.
Bu da çəkilişdə
bəlli olur.
- Çəkiliş
zamanı hansı gözlənilməz hadisələrlə
üzləşmisiniz?
- Hər
hansı bir çətinliklə qarşılaşdıqda
kaskadyor vəziyyətdən
çıxmağı bacarmalıdır.
Alınmayanda, təhlükə yarananda gərək özünü itirməyəsən,
qorxmayasan. Odla bağlı
tryuklarda 20 dəqiqə
vaxt qoyulur. Həmin müddət bitdikdən sonra kamera dayanmalı,
qoruyucular odu söndürməlidirlər. "Fəryad" filminin çəkilişləri
zamanı elə oldu ki, odu
gec söndürdülər.
Yanımda köməkçilərim də yox idi.
Belə olduqda arxası üstə qara uzandım, ayağa qalxanda paltarım yenidən alovlandı.
Bu zaman qoruyucular
özlərini itirdilər,
mən yansam da, onları sakitləşdirdim. Deyim ki,
həmin film çəkiləndə,
mən cəbhədə
döyüşürdüm. Filmdə olan tryukları da özüm düşünmüşəm.
- Yetirmələriniz
var?
- Var,
ancaq hələ lazımi səviyyəyə
çatmayıblar. Bu elə bir şeydir
ki, birinci insanın özündə
olmalıdır. Mən də
həvəsi olanları
seçirəm, yoxlayıram.
Bu sənətə çox böyük istək olmalıdır.
Seçim zamanı əsas
idmançılara və
hərbi xidmətdə
olanlara üstünlük
verirəm. Çünki onlar əzab-əziyyətə
qatlaşmağı öyrənmiş
olurlar. Mənim fikrimcə, hərbi
xidmətdə olmayandan
kaskadyor çıxmaz.
Bundan başqa kaskadyor ruhən də təmiz olmalıdır.
- Eşitdiyimizə
görə, kliplərdə
də çəkilmisiniz...
- İndiyə qədər
6-7 klipdə çəkilmişəm.
Bunların içində Fatimənin,
Almaz Ələsgərlinin
tərəf müqabillərini
əvəz etmişəm.
Hazırda isə İradə
İbrahimovanın son klipində
onun özünü əvəz edirəm.
Orada bir səhnə var ki, motosikllə
ağacın üstündən
tullanmaq lazım gəlir. Bu elə
hərəkətdir ki,
yalnız peşəkar
motosiklsürənlər bacarır.
Mən həmin motosikli 6 metr hündürlüyə
qaldırıb havada
15 metr uçdum.
- Kliplərdə
və filmlərdə
çəkilmək üçün
nə qədər qonorar alırsınız?
- Bunu
sirr saxlayıram. Düzü, mənim elədiyim işin qiymətini burada heç kim
verməyib. Çünki öz işimin
qiymətini bilirəm
və burada o qiymətin verilməsi mümkün deyil.
- Hazırda
hansı işlərlə
məşğulsunuz?
- Moskvada
çəkilən bir
filmə dəvət almışam. Ancaq bu barədə
danışmayacağam, çünki
açıqlamağa icazə
vermirlər. Avtomobillə tryuklar və döyüş səhnələri
ilə bol olan bəzi kadrlar da olacaq
ki, onları da özüm qurmalıyam.
- Ölümdən
qorxursunuz?
- Yox,
qorxmuram. Qorxsaydım, bu sənətlə
məşğul olmazdım.
- Özünüzü
sığorta etdirmisinizmi?
- Bizdə
o səviyyə yoxdur.
Ancaq xaricdə belədir ki, bütün film - aktyorlardan tutmuş dekorasiyalara qədər hər şey sığortalanır.
- Övladınızın
sizin sənəti davam etdirməsini istəyərsinizmi?
- Bir
qızım var. Baxıram
ki, mən məşq etdikdə, o da bəzi hərəkətlər
etməyə çalışır.
Əgər kaskadyor olmaq
istəsə, etiraz etməyəcəm.
- Daha çox
döyüş səhnələrində çəkilmisiniz.
Bəs aktyor kimi hansı rolu oynamaq istərdiniz?
- Melodramda çəkilmək,
həmçinin psixoloji problemi olan qəhrəmanı
canlandırmaq istərdim. Ümumiyyətlə, müəyyən
bir ampluaya düşmək istəməzdim. Aktyor kimi
özümü müxtəlif rollarda görməyi
arzulayıram. Bir neçə reklam çarxı və kliplərdə
çəkilmişəm. Məncə, hər aktyorun
özünü realizə etməsi üçün
yaxşı rejissor və tərəf-müqabilləri
olmalıdır.
İLTİFAT
Ekspress.-
2011.- 15-17 oktyabr.- S. 19.