Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər
Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli ötən şənbə saylarımızda)
Bağırov və Şəkinski
Azərbaycan Respublikası Dövlət Arxivində
1961-ci il yanvarın 27-də SSRİ Nazirlər
Soveti yanında Baş
Arxiv İdarəsi tərəfindən Məmmədəmin
Şəkinskiyə göndərilmiş rəsmi məktub
saxlanılır. Həmin məktubu və cavabı olduğu kimi oxuculara təqdim edirəm:
"Azərbaycan SSR Nazirlər Soveti
yanında Arxiv İdarəsinin rəisi M.Ə.Şəkinski
yoldaşa
Xahiş edirəm ki, bu
il mart ayının
1-dən gec olmayaraq illik hesabatdakı ümumi
göstəricilərdən başqa yeni tikilmiş, bərpa olunmuş arxiv binaları
(ümumi və daxili görünüşünü hökmən fotoda əks etdirməklə) Baş
Arxiv İdarəsinin Təşkilat-metodika
şöbəsinə göndərəsiniz.
Nəzərdə saxlayın
ki, yeni binaların tikintisi başa çatdırıldıqda
və arxivə digər binalar verildikdə dərhal Baş
Arxiv İdarəsinə yaxılı məlumat təqdim etməlisiniz.
SSRİ Nazirlər
Soveti yanında Baş Arxiv İdarəsi təşkilat-metodika
şöbəsinin rəisi L.Krivoşein."
Məmmədəmin
Şəkinskinin 1961-ci il mart ayının 2-də Moskvaya
göndərdiyi cavab məktubunda oxuyuruq:
"Məlumat
üçün bildiririk ki, respublikanın xalq təsərrüfatının
inkişaf etdirilməsinə dair yeddiillik planda arxiv binaları
tikintisinə vəsait ayrılmamışdır.
Azərbaycan SSR Nazirlər
Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."
1961-ci ilin "arxiv
tikintisinə vəsait ayrılmadığı" yeddiillik
plan yetmişinci, səksəninci, doxsanıncı illərdə
də öz qüvvəsində qalmışdır. Bunun əsl
səbəbini məktublarında açıq-aydın yazmasa
da (yaza da bilməzdi - T.Q.), Azərbaycanın "hümmət"çi
baş arxivarusu yaxşı bilirdi. Respublikanın rəsmi dairəlrəinə
arxivlərimizdəki həqiqət güzgüsü deyil,
yalançı alimlərin və dövlət məmurlarının
əyri güzgüsü sərfəli idi. Əyri
güzgüdə Mir Cəfər Bağırov "xalq
düşməni", arxivin həqiqət
güzgüsündə "xalqın xilaskarı" idi.
Azərbaycan arxivlərində
hansı xəzinənin saxlanıldığını Moskva tədqiqatçıları
da aydın təsəvvür edirdilər. Dövlət Arxivində
tanış olduğum metariallar bu cəhətdən də
nadir tapıntı kimi görünür. Məsələn,
1961-ci il fevral ayının 7-də Moskvadan SSRİ Nazirlər
Soveti yanında Baş Arxiv İdarəsi elmi-nəşriyyat
şöbəsinin rəisi A.İ.Loginova yoldaşın
Bakıya göndərdiyi məktuba diqqət yetirin:
"SSRİ Nazirlər
Soveti yanında Baş Arxiv İdarəsi Sizdən xahiş
edir ki, tabeliyinizdəki dövlət arxivində 1861-1917-ci illər
arasındakı dövrü əhatə edən
aşağıdakı məsələlərə aid
materialların olub-olmaması barədə bizə məlumat
verəsiniz:
1. Sizin arxivinizdə elə
materiallar varmı ki, həmin illər ərzində iri müəssisələrdə
fəhlələrin tərkibinin dəyişilməsinə
dair məlumat əldə etmək (fəhlələrin
ümumi sayı, cinsi, yaşı, iş stajı, kənd ilə
əlaqəsi, ixtisaslı olub-olmaması və b.k.)
mümkün olsun.
2. Arxivinizdə
ayrı-ayrı sənaye müəssisələrinin
fondları mövcudmu və burada müəssisələrin
"pasport kitabları", fəhlələrin "şəxsi
hesabları" saxlanılırmı?
3. Əgər mərkəzi
arxivdə ayrı-ayrı müəssisələrin
fondları saxlanılmırsa, dediklərimizi
respublikanızın bilavasitə müəssisələrindəki
arxivlərindən aşkara çıxarmaq
mümkünmü?
4.
Sadaladığımız materiallardan hansı birisinə rast
gəlsəniz, xahiş edirik, bunların konkret olaraq nə
kimi müəssisələrə aidiyyatını və
müvafiq sənədlərin arxivdə necə mühafizəsi
barədə də məlumat verəsiniz.
5. Arxivinizdə və
ya müəssisələrin arxivində fəhlələrin
iş günü, əmək haqqı, mənzil şəraiti,
bədbəxt hadisələr və b. k. barədə sənədlər
saxlanılırmı?
Sizin arxivinizdə və
ya hazırda fəaliyyət göstərən müəssisələrin
arxivlərində materiallar aşkar olunduqda xahiş edirik,
fondları da göndərəsiniz."
1961-ci il mart
ayının 1-də M.Şəkinski tərəfindən
A.İ.Loginova yoldaşa göndərilmiş məktub, yəqin
ki, elmi-nəşriyyat idarəsinin rəisini heyrətə gətirmişdir:
Azərbaycan arxivlərində Moskvanın bir çox tədqiqatçıları
üçün əvəzsiz mənbələr vardır! Bəlkə
də bu gün də hələ yarım əsr bundan əvvəl
M.Şəkinskinin elan etdiyi arxiv fondları maraq
doğuracaqdır. M.Şəkinskinin məktubunda oxuyuruq:
"Bildirirəm ki, Azərbaycan
SSR Dövlət Tarix Arxivində Sizi maraqlandıran materiallar
vardır. Bunlar arxivin aşağıdakı fondlarında
saxlanılır:
1. Fond 509 - Bakı qəzasının
sənaye müfəttişliyi - 1893-1920-ci illər
2. Fond 523 - "Elektrik
qüvvəsi" səhmdar cəmiyyəti - 1899-1920-ci illər
3. Fond 530 - Bakı neft
cəmiyyəti - 1905-1920-ci illər
4. Fond 531 - Neft sənayesi və ticarət cəmiyyəti "A.İ.Mantaşev
və Ko" -
1898-1922-ci illər
5. Fond 577 - "Bekendorf və Ko" ticarət evi idarəsi -
1883-1914-cü illər
6. Fond 582 - Moska-Qafqaz neft sənaye və ticarət şirkəti -
1904-1916-cı illər
7. Fond 583 - "Kaspiya" şirkəti -
1898-1910-cu illər
8. Fond 585 - Neft mədənləri Avropa korporasiyası -
1898-1910-cu illər
9. Fond 587 - Xəzər-Qaradəniz neft
sənayesi və ticarət (keçmiş Rotşild) cəmiyyəti
- 1885-1920-ci illər
10. Fond 595 - Zubalov" neft sənayesi və ticarət cəmiyyəti
- 1889-1917-ci illər
11. Fond 596 - "G.Lianozov" neft şirkətinin Bakı şöbəsi - 1899-1921-ci illər
12. Fond 597 - "Neft" rus şirkətinin Bakı şöbəsi - 1905-1915-ci illər
13. Fond 597 - "Oleum" neft və duru yanacaq
şirkəti - 1900-1915-ci illər
14. Fond 798 - "Nobel qardaşları" neft şirkətinin Bakı şöbəsi - 1882-1920-ci illər
15. Fond 802 - Gədəbəy mis filizi zavodu - 1896-1920-ci illər.
Qeyd:
Bildirirəm ki, bir məktubda fondlarda saxlanılan bütün materialların
siyahısını göstərmək
qeyri-mümkündür. Çünki bunların sayı olduqca çoxdur.
Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."
1961-ci ildə Məmmədəmin
Şəkinskinin Moskvaya
- Baş Arxiv İdarəsinin elmi-nəşriyyat
şöbəsinə göndərdiyi
arxiv fondlarından tədqiqatçılar geniş
istifadə edərək
dissertasiyalar yazmışlar.
Azərbaycanda isə başbilənlərimiz
M.Şəkinskinin və
ondan sonrakı idarə rəislərinin haqlı xahişinə əməl edərək, Azərbaycan arxivinin özünün müstəqil
nəşriyyatı olmasına
icazə verməmişlər.
Bunun nəticəsidir ki, bəzi üzdəniraq tarixçilər arxiv sənədlərinə göz
yumaraq, siyasi oyunbazlıq meydanında
at çapmışlar, millətimizin
məşhur sahibkarları
haqqında olmazın şər-böhtanları Azərbaycan
Sovet Ensiklopediyasının
səhifələrinə həkk
etmişlər. Məsələn, ASE-nin 1986-cı ildə nəşr olunmuş doqquzuncu cildində (səh.121)
müstəqil Azərbaycanın
milli iqtisadiyyatının
banisi Hacı Zeynalabdin Tağıyev barədə yazılmış
məqalədə oxuyuruq:
"Tağıyev milli
burjuaziyanın mənafeyini
güdməklə yanaşı,
həmçinin millətin
başçısı, atası"
kimi şöhrətlənmək
niyyətində olmuşdur.
Fəhlələrin amansız istismarı
nəticəsində Tağıyev
Rusiyanın ən varlı şəxsiyyətlərindən
birinə çevrilmişdi.
Tam olmayan məlumata
görə, 1917-ci ilin
axırlarında Tağıyevin
kapitalı 30 milyon manata çatırdı.
Ağır iş şəraiti, əmək
haqqının azlığı,
müdiriyyətin özbaşınalığı
və s. Tağıyevin
müəssisələrində bir sıra nümayiş
və tətillərin
baş verməsinə
səbəb olmuşdu.
Azərbaycan burjuaziyasının digər nümayəndələri
kimi Tağıyev inqilabi hərəkata qarşı mübarizə
aparan irticaçı
qüvvələri müdafiə
etmişdir. Bütün vasitələrlə
çar hökumətinə
xidmət göstərən
Tağıyev ən yüksək titul və rütbələr, orden və medallarla
təltif olunmuşdu.
1917-20-ci illərdə Sovet hakimiyyətinə qarşı mübarizə
aparmışdır."
Araşdırmalar göstərir ki,
"1917-20-ci illərdə Sovet hakimiyyətinə qarşı mübarizə
aparmış "Tağıyevin
fəaliyyətinə dair
çoxlu arxiv fondlarını da M.Şəkinski vaxtilə
mübafiə etmişdir.
Onun 1961-ci ildə Moskvaya - Baş Arxiv İdarəsinin elmi-nəşriyyat şöbəsinə
göndərdiyi siyahıdakı
fondlardan əlavə,
Azərbaycan Dövlət
Tarix Arxivindəki 372,
389 və digər fondlarından respublikamızın
tədqiqatçıları da geniş istifadə
etmişlər. Onların arasında
tarix elmləri doktoru Marat Cəfər oğlu İbrahimov ayrıca yer tutur. Peşəkar tədqiqatçı-tarixşünas
ilk dəfə olaraq, arxiv materialları əsasında on doqquzuncu əsrin sonlarından başlayaraq iyirminci əsrin əvvəllərinədək
olan dövrdə H.Z.Tağıyevin sahibkarlıq
fəaliyyətini hərtərəfli
tədqiq etmiş,
1990-cı ildə eyni
adlı kitabını
Bakıda Azərbaycan
Dövlət Nəşriyyatında
çap etdirmişdir.
Kitabda arxivdə saxlanılan bir sıra foto-şəkillər
də əksini tapmışdır. Bu foto-sənədlər bu gün də böyük maraq doğurur."
(ardı var)
Teyyub Qurban
Ekspress.-
2011.- 15-17 oktyabr.- S. 15.