"Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar"

 

İşğal olunmuş ərazilərimizdə 927 kitabxana dağıdılıb

 

Azərbaycanda "Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar" adlı buklet nəşr olunub. APA-nın məlumatına görə, Bakıda start götürən "Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur" mövzusunda Beynəlxalq konfrans çərçivəsində sözügedən bukletin təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilən bukletin tərtibçisi Samir Abbasov, elmi məsləhətçiləri Lətifə Məmmədova, Əli Eyvazov, Mayıl Əhmədov, Aybəniz Əliyevadır. Nəşrdə Ermənistan Silahlı Qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycana qarşı aparılan işğalçı müharibə nəticəsində zəbt olunmuş Azərbaycan torpaqlarında dağıdılmış və talan edilmiş kitabxanalar haqda məlumatlar verilir.

Nəşrdə qeyd edilib ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazisində 547 memarlıq abidəsi, o cümlədən 5 dünya, 393 ölkə və 149 yerli əhəmiyyətli memarlıq abidəsi, 205 arxeoloji abidə, 927 kitabxana, 808 klub müəssisəsi, 85 musiqi məktəbi, 12 monument, 22 muzey, 4 rəsm qalereyası, 10 mədəniyyət və istirahət parkı, 4 dövlət teatrı, 2 konsert müəssisəsi dağıdılıb, yandırılıb və qarət edilib. Eyni zamanda, Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 mərkəzləşdirilmiş kitabxana sistemi, 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitab talan və məhv edilib.

Bundan başqa, 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri işğal zonasında qalıb. Təqribi hesablamalara görə, Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min dollar həcmində maddi ziyan dəyib.

Qeyd edək ki, "Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar" adlı buklet "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının xüsusi bəndini təmin etmək məqsədi ilə nəşr edilib.

 

 

Ekspress.- 2011.- 19 oktyabr.- S. 23.