"Burada yaşamaq mənə ləzzət edir"
Tanınmış
müğənni Yaqub Zurufçu 1953-ci ildə Təbriz
şəhərinin Çərandab məhəlləsində
anadan olub. 7 yaşında "Fərvərdin Mədrəsəsi"ndə
(məktəbi) təhsilə başlayan Yaqub o illərdə Təbrizin
uşaqlar proqramında iştirak edib və "Cücələrim"
mahnısı ilə Cənubi Azərbaycanda, həm də
İranda çox məşhur olub. İllər keçdikcə
daha da püxtələşən sənətkar 15
yaşında İranın dövlət televiziyasında
böyük konsert proqramı ilə çıxış
edib. İranda mollalar hakimiyyətə gələndən sonra musiqiçilər
sıxışdırılırdı. Bir çox
tanınmış sənətkarlar, o cümlədən
Zurufçu da xaricə köçmək məcburiyyətində
qalır.
Yaqub Zurufçu artıq illərlə
arzusunda olduğu Azərbaycan Respublikasının vətəndaşıdır,
"əməkdar artist" fəxri adına layiq
görülüb.
-
Yaqub müəllim, sizi hamımız yaxşı
tanıyır və sevirik. Barənizdə, tərcümeyi-halınızda
bilmədiyimiz hansısa məqamlar varmı?
- Mən Təbrizdə anadan
olsam da, əslimiz Mərənddəndir. Atam 25 il Azərbaycanın
şimalında yaşayıb, sonra yenidən Təbrizə
köçüb. Biz hər səhər Azərbaycan radiosunda
səslənən musiqilərin sədası altında yuxudan
oyanardıq. Sizdən bir xahiş edim, bunu başqa jurnalistlərə
də demişəm. Şimali və ya Cənubi Azərbaycan
yazmayın. Azərbaycan birdir, yazanda Azərbaycanın
şimalı və cənubu yazın. O vaxtlar hər səhər
saat 07.45-də Azərbaycan radiosu ilə canlı konsert efirə
verilirdi. Mən də məktəbə getməzdən əvvəl
bu mahnıların sözlərini özüm
üçün dəftərə
köçürürdüm. Cəsarətlə deyə bilərəm
ki, 14-15 yaşlarımda 700-800 mahnı bilirdim. Məndə
indi 7-8 qalın dəftər var, hərəsində 1000-dən
yuxarı mahnı yazılıb. Aralarında elə
mahnılar var ki, sözlərini səhv yazmışam,
onları bura gələndən sonra düzəltdim. 15
yaşımda Təbriz orkestrinin müşayiəti ilə
televiziyada konsert verdim. Bir müddət sonra əsgər getdim.
Əsgərlikdən sonra Təbriz Universitetində ali
iqtisadiyyat təhsili aldım. İranda qiyam olandan sonra
yaşamaq çətinləşdiyi üçün
Almaniyaya köçmək məcburiyyətində qaldım.
Mollalar hakimiyyəti ələ alandan sonra musiqini qadağan
etmişdilər.
- Musiqi təhsiliniz varmı?
- Əlbəttə. Almaniyaya
köçəndən sonra əvvəlcə kolleci bitirdim.
Sonra Hamburq Universitetində vokal təhsili aldım. İranda
vokal dərsləri yox idi. 1989-cu ildə isə ilk dəfə
Azərbaycana gəldim. Mənim Azərbaycana gəlməyim rəhmətlik
Gülağa Məmmədovun sayəsində baş tutdu. Mən
"Ayrılıq" mahnısına klip çəkmişdim.
Gülağa müəllim Almaniyaya qastrola gələndə mən
bu klipi ona göstərdim, çox xoşuna gəldi. Həmin
klipi rəhmətlik Gülağa Məmmədov Almaniyadan gətirib
Azərbaycan Televiziyasında nümayiş etdirəndən
sonra xalq bir daha bu mahnını sevdi. Bundan əvvəl rəhmətlik
Rəşid Behbudov həmin mahnını 60-cı illərdə
oxusa da, artıq unudulmuşdu. Həmin klipdən sonra o
dövrdə "Vətən" cəmiyyətinin rəhbəri
Elçin Əfəndiyev məni Bakıya dəvət etdi. Və
mənim Bakıdakı konsertlərim artıq Azərbaycan
xalqının SSRİ-dən çıxmaq üçün
qaldırdığı azadlıq hərəkatı ilə
eyni vaxtda düşdü. Həmin mitinqlərə mən də
qatılmışam, azadlığımızla bağlı
çıxışlar etmişəm, mahnılar oxumuşam.
Bunu təsdiq edən kadrları yəqin ki,
görmüsünüz. Mənim bu gün ona görə
alnım açıqdır ki, bəzi müğənnilər
evlərində gizlənəndə, xalqın oyanmasında
xırda bir iş görə bilmişəm. Əslində
konsertlərim anşlaqla keçsə də, xalq məni daha
çox nümayişlərdən tanıdı. Xoşbəxtəm
ki, xalq məni tez bir zamanda sevdi. Bu günlərdə Azərbaycanın
müstəqilliyinin 20 illiyini təntənə ilə qeyd
edirik, mən həmin illəri bir daha fəxrlə
xatırlayıram ki, o dövrdə müstəqil
olacağımıza inamımız olmasa da, artıq müstəqilik.
- Amma siz çox gec vətəndaşlıq
aldınız...
- Bəli, 1989-cu ildən sonra mən
demək olar ki, mütəmadi olaraq Azərbaycana gəlib
gedirdim. Prezidentimiz İlham Əliyevə minnətdarlığımı
bildirirəm ki, məni 2009-cu ildə həm ölkə vətəndaşlığına
qəbul etdi, həm də "əməkdar artist" fəxri
adına layiq gördü. Prezidentimizə ona görə minnətdaram
ki, mənim başqa ölkələrdəki vətəndaşlığıma
dəymədi. Bilirsiniz ki, Azərbaycanda yalnız bir vətəndaşlığa
icazə verilir. Mənim Azərbaycandan başqa Almaniya, Kanada,
ABŞ və İran vətəndaşlığım var.
Baxmayaraq ki, 32 ildir İrana getmirəm. Azərbaycanın vətəndaşı
olmaq mənim ən böyük arzum idi.
- Xaricdəki Azərbaycan diasporu
ilə əlaqələriniz varmı?
- Təbii ki, var. Konsertlərə,
tədbirlərə dəvət olunanda gedib iştirak edirəm,
mahnılar oxuyuram. Amma onu da deyim ki, siyasi çıxışlara
qoşulmuram. Çünki mən Azərbaycanı dünyada
siyasətlə deyil, öz sənətimlə tanıtmaq
arzusundayam. Düşünürəm ki, siyasətlə siyasətçilər
məşğul olsalar, daha doğru olar. Hesab edirəm ki, bu
işin öhdəsindən layiqincə gələn insanlar
kifayət qədərdir.
-
Sizcə, azərbaycanlılar xaricdə nə
üçün birləşə bilmirlər?
- Məncə, bu hələ
tezdir. Bunu zamanın öhdəsinə buraxmaq lazımdır.
Düşünürəm ki, nə o taydakılar, nə də
bu taydakılar bir bayraq altında birləşməyə hələ
hazır deyillər. Azərbaycanın şimalı bir zamanlar
necə Rusiyaya meylli idisə, indi də cənubdakılar daha
çox İrana meyllidirlər.
- İranda azərbaycanlılar
farslardan çoxdur, İslam Respublikasının ali dini lideri
ayətullah Əli Xamneyi də azərbaycanlıdır, amma
soydaşlarımızın bir çoxu farsların təsiri
altında olaraq qalır...
- Çünki oradakı azərbaycanlıların
bir çoxunun qəlibləri azərbaycanlı qalıb,
ruhları farslaşıb. Mən deyərdim ki, cənubdakı
soydaşlarımız arasında daha çox gənclər azərbaycançılığa
meyllidirlər, baxmayaraq ki, onların ata-anası buna
qarşı çıxırlar. Siz fikir verin, orada yalnız
ermənilərin öz dilində məktəbləri var,
çünki onları sayı çox azdır, sabah heç
nə edə bilməzlər. Amma azərbaycanlıların,
digər xalqların belə imtiyazlarının
olmamasının səbəbi onların sayının
çox olmasıdır. Yəni sabah nəsə edə bilərlər.
Sizə deyim ki, sabah azərbaycanlılar "nəsə edə
bilər"lərin qorxusunu farslardan çox
farslaşmış soydaşlarımız çəkirlər.
Siz bayaq ayətullah Xamneyinin adını çəkdiniz,
İranın keçmiş prezidenti Hatəmi də azərbaycanlı
idi. Yenə deyirəm, nə ordakılar, nə də
burdakılar birləşməyə hələ tam hazır
deyillər. Amma bu nə vaxtsa baş verəcək, mən buna
inanıram. Biz Bakıda mitinqlərdə
çıxış edəndə də inanmırdıq ki,
SSRİ dağılar, Azərbaycanın şimalı müstəqilliyinə
qovuşar, Amma artıq 20 ildir maşallah müstəqilik və
bu müddət ərzində dünya dövlətləri
arasında kifayət qədər hörmət-izzət
sahibiyik. Ona görə də şimaldakıların özlərinə
bu qədər əziyyət verməsinə ehtiyac yoxdur.
Yalnız dünyaya yayılan televiziya verilişləri vasitəsilə
ideoloji iş aparmaq lazımdır. Onu da ağılla etmək
çox vacibdir... Bizim telekanallar ara musiqilərini efirə vermək
əvəzinə bu məsələləri tez-tez
işıqlandırsalar, daha yaxşı olar. Mənim
İranda yaşadığım illər şah rejiminə təsadüf
edir. Hələ o dövrdə Təbrizdə azərbaycanlıların
arasında 20-dən çox musiqiçi olmazdı. Amma indi
İranda musiqiyə qadağalar olsa da, Təbrizdə
musiqiçilərin sayı kifayət qədərdir. Neçə-neçə
orkestr fəaliyyət göstərir. Təbrizdə 250 nəfərlik
xor var. Bütün günü Azərbaycan mahnıları
oxunur. Artıq İran hökuməti bunun
qarşısını ala bilmir, insanlar internet vasitəsilə
böyük-böyük işlər görürlər.
- Bununla yanaşı ermənilərlə
biznes quran, onlarla əməkdaşlıq edənlər də
var...
- Bəli, təəssüf ki,
belələri də var. Lakin bayaq dediyim kimi, onların qəlibləri
azərbaycanlıdır, qəlbləri isə
farslaşıb. Ona görə də, onlar ermənilərlə
qardaşlaşıblar. Təbliğat güclü
aparılmalıdır ki, yeni nəsil bütün cismi ilə,
bütün ruhu ilə azərbaycançılıq
ideyası altında yetişsin. Bu işdə televiziyaların
böyük rolu var, onlar əgər ara mahnılara bir az ara
verib, milli təəssübkeşliyimizdən bəhs edən
verlişlər də hazırlasalar, əla olar. Bir baxın,
Urmu gölünün qurudulmasına cənubdakı
qardaşlarımız faciə kimi baxırlar.
- 32 ildir İrana getmirsiniz. Bunun
səbəbi nədir - orada arzuolunmaz şəxs
sayılmağınız, yoxsa başqa səbəblər var?
- Bu barədə danışmaq
istəmirəm...
- Siz bir çox ölkənin də
vətəndaşınız. Bu ölkələrin
hansında yaşamaq sizin üçün rahatdır?
- Mən dünyanın çox
yerində olmuşam. Azərbaycanda isə bəzi problemlər
var ki, öz həllini mütləq tapmalıdır. Mənim
iqtisadiyyat və vokal təhsilim olduğu üçün bu
sahədən danışsam, daha düzgün olar. Azərbaycanda
gəlirlərlə xərclərin fərqi çoxdur. Mən
özüm birtəhər ordan-burdan tapıb dolana bilirəm.
Amma görürəm ki, burada insanların gəlirləri xərclərindən
çox azdır. Bu da yoxsulluq faizinin yüksək
olmasının göstəricisdir. Yəni insan ay boyu normal
qaydada xərclərini ödəmək üçün normal
qazanc əldə edə bilmir. Bu məsələ öz həllini
mütləq tapmalıdır. Mən xaricdə pul qazana bilməsəm,
Azərbaycanda dolana bilmərəm. Bakıda isə mən pul
qazanmıram, hara getsəm də, yalnız sənət xatirinə
oxuyuram. Çox arzu edirəm ki, insanlar normal dolana bilsinlər.
İnanıram ki, bu, tezliklə həllini tapacaq.
Dünyanın elə dövlətləri var ki, əhalisi
acından qırılır. Mən yenə deyirəm,
iqtisadiyyatçı olduğuma görə əminəm ki, Azərbaycanda
insanların bundan qat-qat yaxşı yaşaması
üçün imkanlar var. Bilirsiniz, bu problemlər təbiidir,
çünki birdən-birə kommunist qanunlarından kapitalist
qanunlarına keçilib. Bununla yanaşı, kommunist
dövrünün bəzi ənənələri hələ
də var. İnanın ki, Azərbaycanda hələ də
SSRİ-ni arzulayanlar var. Mənim üçün hazırda
xaricdə yaşamaq çox rahatdır. Çünki
oranın şəraitinə öyrəşmişəm. Amma
burada yaşamaq mənə ləzzət edir. Burada məni
söyəndə də ləzzət edir, çünki
özümünkü söyür. Amma Vaşinqtonda biri məni
söyəndə fikirləşirəm, bu məni qərib
görüb, bunun ağız-burnunu dağıdım ki,
öz yerini bilsin... İnsan yaşlaşdıqca vətəndən
ötrü burnunun ucu göynəyir.
- Eşitdiyimə görə,
sizə birbaşa "xalq artisti" fəxri adı verilməliymiş.
- Bəli, konsertlərin birində
rəhmətlik Heydər Əliyev onda mədəniyyət
naziri işləyən Polad Bülbüloğluya
tapşırıq verdi ki, mənə birbaşa "xalq
artisti" fəxri adı verilməsi üçün sənədləri
hazırlatdırsın. Amma sonra Polad Bülbüloğlu məni
çağırıb dedi ki, Azərbaycanın vətəndaşı
olmadığıma görə, fəxri ad ala bilməzsən.
Sonradan mən bu işin üstündə çox
dayanmadım. Çünki mən xalq artisti almaqdan
ötrü Almaniyadan gəlib mitinqlərdə iştirak etməmişəm.
Məni bu gün insanlar öz xeyir işlərinə dəvət
edirlər, sevinə-sevinə gedib böyük şövqlə
orada oxuyuram. Çünki mən öz millətimin içində
onun şad günündə iştirak edirəm.
Düşünürəm ki, sənətkar üçün
bundan böyuk xoşbəxtlik ola bilməz.
İltifat HACIXANOĞLU
Ekspress.- 2011.- 20 oktyabr .- S. 11