Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən şənbə   saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   Müəllifdən: H.Z.Tağıyevin yadigarlarını qoruyub-saxlamaq əvəzinə... 1911-ci ilin aprelində adını daşıyan kombinatın meydanındakı nəhəng abidəsi gecə yarısı qoparılıb harasa aparılmışdır. Səbəbini deyən yoxdur. Görünür, 1986-cı ildə ASE-də yazılanlar yüz səksən səkkiz yaşlı əbədiyyət oğluna şamil edilmişdir: "Tağıyev millət atası olmaq niyyətində olmuşdur!"

    Millətin varlığı, Məmmədəmin Şəkinskinin təbirincə desək, arxiv sənədinin əslinə bənzəyir. Məhv etdin, bir daha təkrarını yarada bilməyəcəksən. Hələ 1961-ci ildə M.Şəkinski tutduğu yüksək vəzifələrindən asılı olmayaraq, respublikanın baş məmurlarını bu yola çağırmışdır. Azərbaycan Respublikası Dövlət Arxivində tanış olduğumuz aşağıdakı məktubla tanış olun:

 

   "Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Əli Kərimov yoldaşa

 

   1953-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında 1920-ci ildən 1949-cu ilədək dövrdə Xalq Komissarları Sovetinin və Nazirlər Sovetinin iclas protokollarının əsli dövlət arxivinə təhvil verilməmişdir. Respublika Nazirlər Soveti aparatının bəzi işçiləri indi də belə heab edirlər ki, 1953-cü ildə verilmiş sərəncam qüvvədə qalmalıdır, çünki hökumətin əməkdaşları bunlara tez-tez müraciət edirlər.

   Bildirirəm ki, Nazirlər Sovetinin mövqeyi əsassız və qeyri-qanunidir. SSRİ Nazirlər Sovetinin 1958-ci il avqustun 13-də (N 914) qəbul etdiyi "SSRİ Arxiv Fondu haqqında Əsasnamə"nin 15-ci maddəsində deyilir: "SSR İttifaqının, müttəfiq və muxtar respublikaların sənəd materialları həmin orqanlarda 15 il müddətində saxlanıla bilər". Respublika Nazirlər Sovetinin əlaqədar məsul işçiləri belə bir iddia da irəli sürürlər ki, 1920-ci ildən 1940-cı ilədək müddətdə hökumət iclaslarının protokolları bugün heç bir əhəmiyyət kəsb etmir.

   Yuxarıda göstərilənləri nəzərə alaraq, Sizdən xahiş edirəm ki, hökumət iclasları protokllarının əslinin həmişəlik saxlanılması və bu arxiv sənədlərindən elmi-tədqiqat işlərində istifadə olunması məqsədilə SSRİ Nazirlər Sovetinin 1958-ci il 13 avqust tarixli qərarını əldə rəhbər tutaraq müvafiq sərəncam verəsiniz.

 

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."

 

   Araşdırmalar göstərir ki, 1949-cu ilədək olan dövrdə hökumət qərarlarının dövlət arxivlərinə təhvil verilməsinə Əli Kərimovun da gücü çatmamışdır. Çünki qüvvəsini itirməmiş bu qərarların ictimaiyyətə çatdırılması "xalq düşməni" M.C.Bağırovun xeyrinə idi. Məsələn, 1965-ci ildə böyük şairimiz Əliağa Vahid Fəxri Xiyabnda dəfn olunmuşdu. Mir Cəfər Pişəvərinin məzarı Fəxri Xiyabana köçürülmüşdü. Həmin mərasimlərdə şəxsən iştirak etmiş Məmmədəmin Şəkinski yaxşı bilirdi ki, bu, M.C.Bağırovun tövsiyəsi ilə T.Quliyev tərəfindən 1948-ci il avqust ayının 27-də imzalanmış qərar əsasında həyata keçirilmişdi. Qərarı uzun illər Nazirlər Sovetində ona görə qapalı saxlamışlar ki, Fəxri Xiyabanda kimlərin basdırılması mövcud qanun əsasında deyil, birinci şəxsin özbaşına icazəsi əsasında həll edilsin. Fəxri Xiyabanı bugün ziyarət edənlər bu acı həqiqətin canlı şahidləridir.

   M.Şəkinskinin təşəbbüsü və təkidi ilə Azərbaycan Dövlət Arxivinə təhvil verilmiş haqqında danışılan qərarın əsli ilə tanış olun:

   "1. Bakı Şəhər İcraiyyə Komitəsinə (A.Buzdakov və T.Qasımov yoldaşlara) tapşırılsın ki, 1948-ci ildə ümumi dəyəri 180 min manat dəyərində Fəxri Xiyabanın tikintisinə başlasınlar və buraya Azərbaycanın böyük elm və incəsənət xadimlərindən 12-sinin qəbri köçürülsün (siyahı əlavə olunur), Fəxri Xiyabanın tikintisi 1949-cu ilin birinci yarısında başa çatdırılsın.

   2. Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsinə təklif edilsin ki, bu il sentyabr ayının 20-dən gec olmayaraq, Azərbaycanın görkəmli elm və incəsənət xadimlərindən on iki nəfərinin qəbirüstü abidəsi daxil olmaqla, Fəxri Xiyabanın ilk model nümunəsini hazırlasın.

   3. Azərbaycan SSR Maliyyə Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinə qəbirüstü abidə daşlarının hazırlanması məqsədilə neft çıxarılması üzrə vəsaitdən 90 min manat ayırsın, 1949-cu ildə də bu məbləğ nəzərdə tutulsun. Həmçinin Vidadinin qəbirüstü abidəsinin qoyulması üçün Qazax rayon icraiyyə komitəsinə 30 min manat məbləğində vəsait ayırsın..."

 

 

  (ardı var)

 

 

  Teyyub Qurban

 

  Ekspress.- 2011.- 22-24 oktyabr.- S. 15.