"Finlandiyada Azərbaycanı
güclü dövlət kimi
tanıyırlar"
Tanıtım: Arzu Oqtay
1964-cü ildə Bakıda doğulub. 1991-cu ildə Bakı
Dövlət Universitetini
bitirib. Bakıdakı 158 saylı orta
məktəbdə müəllimə,
Azərbaycan Elmlər
Akademiyasının Kimya
İnstitutunda elmi işçi olub. 2002-ci ildən Finlandiyada
yaşayır. Finlandiya Azərbaycan
Assosiasiyasının sədr
müavini və Azərbaycanlı Qadınlar
cəmiyyətinin sədridir.
2006-cı ildən Helsinki və
Espoo şəhərlərinin orta məktəblərində
Azərbaycan dili müəllimi, eyni zamanda sinif müəllimi
kimi çalışır
(Finlandiya təhsil qanununa əsasən dövlət ümumtəhsil
məktəblərində hər
bir az
saylı xalqların ana dili tədris
olunmalıdır). Pedaqoji fəaliyyəti
ilə yanaşı diaspor işində də yaxından iştirak edir. Ailəlidir,
5 övladı var.
Finlandiyada yaşayan
azərbaycanlıların sayı
o qədər də çox deyil. Bu ölkədə yaşayan
200-220 azərbaycanlının bir araya gəlməsində,
onların problemlərinin
həllində Finlandiya
Azərbaycan Assosiasiyasının
(FAA) xidmətləri az deyil. Bu qurum eyni zamanda Azərbaycan və Finlandiya xalqlarının birliyini yaratmaq istiqamətində də xeyli işlər
görüb. FAA bundan
başqa Qarabağ həqiqətlərini, ümumilikdə
tarix və mədəniyyətimizi fin xalqına,
fin xalq mədəniyyətini,
tarixini isə azərbaycanlı icmasının
üzvlərinə tanıtmaq
üçün də
bir çox layihələrə imza atıb. Finlandiya Azərbaycan Assosiasiyasının
sədr müavini, eyni zamanda Azərbaycanlı
Qadınlar Cəmiyyətinin
sədri Arzu Oqtayla da müsahibəmizdə
elə bu barədə danışmışıq.
- Doğulub
boya-başa çatdığın
ölkəni tərk etmək müxtəlif səbəblərlə bağlı
ola bilər.
Siz hansı səbəblərdən
əcnəbi ölkədə
yaşamağa qərar
verdiniz, ümumiyyətlə
Findandiyanı seçməkdə
düzgün qərar
verdiyinizə əminsinizmi?
- Düşünürəm
ki, doğma diyarından uzaq yaşamaq hələ millətindən, dinindən,
dilindən uzaqlaşmaq
demək deyil. Mən övladlarımın təhsilləri
ilə əlaqədar
olaraq yaşam üçün Finlandiyanı
seçmişəm. Doğru seçim
etdiyimə əminəm,
çünki Finlandiyada
təhsil sistemi ən yüksək dərəcədədir.
- Pedaqoji
fəaliyyətinizlə yanaşı
diaspor quruculuğundakı
işiniz də diqqəti çəkir. Fəaliyyətinizi əsasən hansı
istiqamətdə qurursunuz
və nə üçün məhz həmin istiqaməti seçdiniz?
- 2008-cı ildən Finlandiya Azərbaycan Assosiasiyasının
sədr müaviniyəm,
2011-ci ildən isə
Azərbaycanlı Qadınlar
Cəmiyyətinin sədriyəm.
Bu cəmiyyətləri yaratmaqda məqsəd sadəcə vətənimizi
yaşadığım ölkədə
yetərincə tanıtmaq,
burada yaşayan azərbaycanlıları bir
yerə toplamaq olub. Bildiyiniz kimi, Azərbaycan
müstəqillik qazandıqdan
sonra dünya ölkələri ilə sıx bağlantılar quraraq haqqımız uğrunda aparılan mübarizələrdə məhz
dünya ölkələrində
yaşayan azərbaycanlıların
fəallığı böyük
rol oynamaqdadır.
Bu baxımdan düşünürəm
ki, təşkilatımız
fəaliyyətə başladığı
ilk gündən Azərbaycanın
Finlandiyada tanınması
uğrunda böyük
işlər görüb
və bu proses davam etməkdədir.
Misal olaraq bəzi tədbirlərimizi sitat gətirə bilərəm.
Finlandiyanın Helsinki və Espoo şəhərlərinin mərkəzi
kitabxanalarında tarixi,
bədii və uşaq ədədiyyatları
bölmələrinin açılmasına
nail olmuşuq. Daim
milli bayramlarımızı
(Novruz bayramı, Azərbaycanlıların Həmrəylik
günü, Müstəqillik
gününü) qeyd
edir, önəmli tarixi günlərimizi - 20
Yanvar hadisələri,
Xocalı soyqırımına
həsr olunmuş tədbirlərlə sadəcə
finlandiyalıları deyil,
eyni zamanda dünya ölkələrindən
gələrək tədbirə
qatılan digər millətləri də məlumatlandırırıq.
Bildiyimiz
kimi, cənab Prezidentimiz İlham Əliyev bu il Azərbaycanda
"Turizm ili" elan edib. Bu sahədə də əlimizdən gələni
etmişik. Belə ki,
yanvar ayında Finlandiyanın paytaxtı Helsinkidə keçirilən
Beynəlxalq Turizm Sərgisində bu dəfə ölkəmiz də təmsil olunub. Ölkəmizi bu sərgidə
Mədəniyyət və
Turizm Nazirliyinin nümayəndəsi, Azərbaycan
Turizm Assosiasiyası, eləcə də bir neçə turizm şirkətlərinin
əməkdaşları təmsil
edirdilər. Finlandiyadan isə
biz - Finlandiya Azərbaycan
Assosiasiyası tədbirə
qatılmışdıq. Vətənimizi tanıtmaqda
Azərbaycandan gələn
nümayəndə heyətinə
assosiasiyanın nəzdində
fəaliyyət göstərən
Yeniyetmə Gənclər
Təşkilatının sədri
Günay Muradlı və təşkilatın
fəal üzvü Turizm İnstitutunda təhsil alan
Xeyransa Muradlı yardımçı oldular.
Belə ki, Xeyransa Muradli sərginin açılış
günü Finlandiyanın
FSTV5 kanalının səhər
proqramında Azərbaycana
həsr olunmuş verilişdə fin dilində
Azərbaycanın turizm
potensialı, 2011-ci ilin
ölkəmizdə "Turizm
ili" elan olunduğu, bu il ərzində keçirilməsi nəzərdə
tutulan beynəlxalq tədbirlər, açılışı
nəzərdə tutulan
dünyada tanınmış
brend mehmanxanalar haqqında ətraflı məlumat verib. Həmin məlumatlar Azərbaycanın
görməli yerlərinin
fotoşəkilləri ilə
müşayiət olundu.
Onu da qeyd edim
ki, veriliş böyük əks-sədaya
səbəb olmuşdu.
Çünki sonradan lövhəmizə
yaxınlaşan insanların
əksəriyyəti haqqımızda
veriliş vasitəsilə
məlumat aldıqlarını
deyirdilər. Sərgi keçirilən
müddətdə təşkilatımızın
digər üzvləri
də ölkəmizdən
gələn nümayəndə
heyətinə yardım
etməyə çalışırdılar.
Helsinki şəhərinin mərkəzi "Pasilan"
kitabxanasına, Espoo şəhərinin
mərkəzi "Entressen"
kitabxanasına Azərbaycanın
turizm imkanlarını
əks etdirən kitablar təqdim etdik.
- Yaşadığınız
ölkədən Azərbaycana
boylanınca nə düşünürsünüz?
- Qürbət
eldən vətənə
boylanmaq bir qədər fərqlidir. Əslində vətən duyğusu
qürbətdə daha
güclü şəkildə
özünü biruzə
verir. Yəni doğma ölkəsindən
kənarda yaşayan hər bir kəs
üçün qürbət
eldən vətəni
daha doğma, daha gözəl görünür. Mənim fikrimcə,
dünyada elə bir dövlət yoxdur ki, onun
müsbət və mənfi tərəfləri
olmasın. Unutmamalıyıq
ki, bizlər də 70 il
bir imperiyanın təzyiqləri altında
yaşamışıq. Müstəqilliyi əldə etdiyimiz bu illər ərzində
kifayət qədər
səy göstərərk
özümüzü doğrultmaq
istəyirik. Az müddətdə hər şey gözləmək olmaz. Tədricən yaxşılığa doğru hərəkət
edirik. Hər birimiz vətən
üçün çalışmalıyıq,
biz vətən üçün
işləməliyik. Belə olarsa, vətənimizi öz simamızda bu xalqa necə
tanıdırıqsa, vətən
də elə o cür görünəcək.
- Yeri
gəlmişkən, Finlandiyada
azərbaycanlıların fəaliyyəti
nə dərəcədə
qənaətbəxşdir?
- Finlandiyada
yaşayan azərbaycanlıların
sayı o qədər
də çox deyil. Ancaq az olmasına baxmayaraq böyük bir qismi sözün
əsl mənasında
ziyalı insanlardır.
Onların arasında müəllimləri,
hüquqşünasları, həkimləri, mədəniyyət
xadimlərini və başqalarını göstərmək
olar. Bu insanlar
Finlandiyanın müxtəlif
şəhərlərində ixtisasları üzrə işləyirlər və
təbii ki, vətənimizi layiqincə
təmsil edirlər.
- Azərbaycan
diaspor qurumlarının
fəaliyyətini izləyirsinizmi?
Bu fəaliyyət sizi nə dərəcədə
qane edir?
- Əlbəttə ki, izləyirəm. Hətta əməkdaşlıq
da edirik. Nəinki Azərbaycan, eyni zamanda digər
ölkələrin - türk,
tatar, Filippin, Somali və s. - diaspor təşkilatları ilə
işbirliyi qururuq. Hər bir cəmiyyət öz ölkəsini tanıtmaq üçün
əllərindən gələni
edir. Azərbaycan cəmiyyətləri ilə tam fərqli, böyük təqdimatlarla
maraqlı proqramlar, sərgilər təşkil
etməklə ölkəmizi
tanıtmağa çalışırıq.
- Ümumiyyətlə,
dünyanın bizə
münasibətini necə
qiymətləndirirsiniz?
- Bilirsinizmi,
münasibətlər fərqlidir.
Məsələn, Azərbaycana müxtəlif
dövlətlərdə müxtəlif
münasibət var. Şəxsən
mənim yaşadığım
ölkədə Azərbaycanı
güclü və varlı bir dövlət kimi tanıyırlar.
- Kənardan
baxınca hər şey fərqli görünə bilər.
Deyirsiniz
ki, dünya bizi güclü və varlı dövlət kimi tanıyır. Bəs elə
isə dünya mövcud olan problemlərimizdən xəbərdardımı?
- Bizi
problemli dövlət kimi tanıyan və yaxud tanımaq
istəyən dövlətlərin
özlərində elə
böyük problemlər
mövcuddur ki, məhz ona görə
də başqa dövlətlərdə problemlər
yaradır və axtarırlar. Azərbaycanın indiki zamanda
bir böyük dərdi, problemi var, o da vətənimizin
parçalanmasıdır. Bu problemə heç bir azərbaycanlı
biganə qala bilməz.
- Bu yaxınlarda
Almaniyada ermənilər "Dağlıq Qarabağın azad
olunması" münasibətilə konsert proqramları təşkil
etmək istəsələr də bunun qarşısı
"Azərbaycan evi" cəmiyyəti tərərfindən
alındı. Ancaq nə olur-olsun, ermənilər tədbirlərinə
davam edərək dünyaya hər şeyi yanlış olaraq
anlatmaqda davam edirlər. Bir türk qızı olaraq bu kimi təxribat
sizə necə təsir edir?
- Sadəcə bir
türk qızı deyil, eyni zamanda bir qarabağlı olaraq, mən
bu hadisəyə daha çox üzüldüm. Almaniyada
keçirilən bu tədbirə biganə qalmağa
haqqımız yoxdur. Bir cəmiyyət olaraq biz də buna biganə
qalmadıq və rəhbərlik etdiyim cəmiyyətin
adından Almaniya dövlət qurumlarına etiraz məktubu
göndərdim. Düşünürəm ki, diaspor
qurumlarının hər birinin etiraz etməsinin nəticəsidir
ki, erməniləri vaxtında yerində oturda bildik.
- Yeri gəlmişkən,
yaşadığınız ölkədə erməni
diasporunun vəziyyəti necədir?
- Etiraf edim ki,
Finlandiyada dövlət tərəfindən qeydə alınan
erməni diasporu fəaliyyət göstərmir. Ermənilər
Finlandiyada azlıq təşkil edirlər. Ancaq ara-sıra 3-5
adam ticarət mərkəzlərində bir yerə
toplaşıb Azərbaycan musiqilərini ifa edirlər. Təbii
ki, hər zaman da nə etmək istəyirlərsə, onun
qarşısını almağa çalışırıq.
Bilirsinizmi, erməni öz yalanlarıyla çox da uzağa
gedə bilməz. Artıq dünya erməniləri
tanıyır və onların yalanları belə işə
yaramır. İnanıram ki, dünya tezliklə həqiqəti
biləcək, Azərbaycanın, hətta bütün Türk
dünyasının haqlı olduğunu qəbul edəcək.
Ulduzə QARAQIZI
Ekspress.-2011.-
26 oktyabr.- S. 12.