Əsrin qaz kəməri...
"İzmirdə
qaz ixracına dair 15 sənəd,
o cümlədən hökumətlərarası
Saziş, 2017-ci ildən başlayaraq
"Şahdəniz-2" layihəsi üzrə hasil olunacaq qazın
Türkiyəyə satışına dair
Saziş, "Şahdəniz-2" layihəsi
üzrə hasil olunacaq
qazın 2017-2042-ci illərdə Türkiyə vasitəsi ilə,
BOTAŞ şirkətinin nəqliyyat şəbəkəsindən
istifadə etməklə nəqlinə dair
Saziş və s.
imzalanıb".
Bu barədə
ARDNŞ prezidenti Rövnəq Abdullayev ANS-ə müsahibəsində
bildirib. Onun sözlərinə görə, üzərində
5 ildən artıqdır iş gedən bu sazişlər Azərbaycan
qazının Türkiyə və Yunanıstan sərhədlərinə,
eyni zamanda Türkiyə və Bolqarıstan sərhədlərinə
nəql olunması üçün zəruri olan sənədlərin
tam paketini təşkil edir: "Faktiki olaraq Xəzər dənizi
regionunu Avropa ilə birləşdirəcək "Cənub
qaz dəhlizi" layihəsinin gerçəkləşməsi
üçün bütün şərait yaranıb".
Abdullayev qeyd edib ki, elə
bir yeni tranzit mexanizmi yaradılıb ki, "indiyədək
dünyanın heç bir yerində belə mürəkkəb
və genişmiqyaslı layihə həyata keçirilməyib":Artıq
bütün çətinliklər arxada qalıb. Biz artıq
planlaşdırdığımız kimi, Azərbaycan
qazının Avropaya nəql edilməsi üçün ən
optimal layihənin seçimi prosesini davam etdirə bilərik...
Düşünürəm
ki, seçim prosesini tezliklə, 2011-ci ilin sonu-2012-ci ilin əvvəllərində
başa çatdıracağıq".
"Ümid",
"Abşeron", "Azəri-Çıraq-Günəşli"
blokunun dərin laylarından çıxarılacaq qaz və
s. yataqlarla bağlı ARDNŞ planlaşdırır ki,
2025-ci ilədək Azərbaycanda təxminən 50 milyard
kubmetr qaz hasil olunacaq. Bu həcmin əhəmiyyətli hissəsinin
dünya bazarlarına çıxarılması
üçün Türkiyə ilə birlikdə bu ölkənin
ərazisindən keçəcək tamamilə yeni bir qaz kəmərinin
inşası layihəsinin araşdırılması
haqqında razılıq əldə edilib. "Bu, yeni bir kəmər
olacaq və regionda qaz hasilatı həcmləri artıqca onun
ötürücülük qabiliyyətini artırmaq
mümkün olacaq. Bu layihə iki qardaş ölkə tərəfindən
(xarici şirkətlərin dəvət edilməsi də
mümkündür) həyata keçiriləcək. Biz bu boru
kəməri layihəsi ilə bağlı bütün məsələləri
2012-ci il ərzində həll etmək və vaxt itirmədən
inşaat işlərinə başlamaq istəyirik ki, 2017-ci
ilin sonlarında - "Şahdəniz" layihəsinin 2-ci mərhələsi
üzrə istismar başlayanda kəmər artıq hazır
olsun. Düşünürəm ki, əgər Ulu öndər
Heydər Əliyev "Azəri-Çıraq-Günəşli"
yataqlarının birgə işlənməsi haqqında
sazişi "20-ci əsrin sazişi"
adlandırmışdısa, bu layihə 21-ci əsrin layihəsi
olacaq və bu işin təşəbbüskarı - Azərbaycan
Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin
adı ilə bağlı olacaq", -deyə ARDNŞ rəhbəri
bildirib.
Avropa Birliyi Azərbaycan
və Türkmənistanla Transxəzər qaz boru kəmərinin
hüquqi bazası üzrə danışıqlara
başlayıb. Bu çərçivədə ilk
görüşün bu yaxınlarda Brüsseldə
keçirildiyini xatırladan xarici işlər nazirinin
müavini Mahmud Məmmədquliyev deyib ki,
danışıqlarda AB, Azərbaycan və Türkmənistanın
nümayəndələri iştirak edib (AzərTAc).
Xatırladaq ki,
sentyabrın 7-də AB Şurası Transxəzər layihəsi
ilə bağlı Azərbaycan və Türkmənistan ilə
danışıqlar aparmaq üçün Avropa
Komissiyasına mandat verib. Transxəzər qaz kəməri təbii
qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli
üçün Xəzərin Azərbaycan və Türkmənistan
sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) -
Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan)
- Tbilisi (Gürcüstan) - Ərzurum (Türkiyə)
marşrutu ilə ildə 20-30 kubmetr təbii qazın
ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9
milyard avro məbləğində qiymətləndirilir.
Danışıqların mövzusu
Azərbaycan və
Türkmənistan nümayəndələri ilə Transxəzərə
dair danışıqlarda Avropa Birliyinin energetika məsələləri
üzrə komissarı Günter Ottingerin şəxsən
özünün iştirak etdiyi bildirilir.
Danışıqların detallarına gəlincəsə,
hələ ötən ay Ottingerin sözçüsü
Marlen Holtsner "Deutsche Welle" radiosuna müsahibəsində
bununla bağlı demişdi: "Biz aşağıdakı
mövzular barədə danışıqlar aparmaq niyyətindəyik
- borunun uzunluğu, Bakı və Aşqabadın ixrac edəcəyi
qazın miqdarı, ekoloji aspektlər, sərmayələrin
müdafiəsi".
Onun sözlərinə
görə, kəmərin tikintisini müvafiq tenderi udacaq
şirkətlər aparacaq.
Rusiya razı deyil
Bəlli olduğu kimi,
Moskva Transxəzər qaz
kəmərinin qəti əleyhinədir və bunu
öz maraqlarına zidd
sayır. Düzdür, Kreml bunu birbaşa bəyan etmir, bəhanə
kimi Xəzərin statusunun
çözülməməsini və dənizin dibi ilə çəkiləcək kəmərin
onun ekologiyasını təhdid edə biləcəyini
önə sürür, kəmər məsələsini
Xəzərin "işlərinə kənardan
qarışmaq" kimi təqdim edir.
Rusiya XİN-in
sentyabrda yaydığı bəyanatda bildirilirdi ki, Xəzər
regionunun işlərinə xaricdən müdaxilə bölgədə
vəziyyəti gərginləşdirə və Xəzər dənizinin
hüquqi statusuna dair aparılan beştərəfli
danışıqlara mənfi təsir edə bilər: "Bu
cür irimiqyaslı layihələrlə bağlı qərarlar
bütün Xəzəryanı ölkələrin
iştirakı ilə qəbul olunmalıdır. Ümid edirik
ki, AB Şurası Rusiyanın və digər Xəzəryanı
ölkələrin mövqeyinə diqqətlə yanaşaraq,
bu formatla razılaşdırılmayan addımlardan çəkinəcək".
Rusiya prezidenti Dmitri
Medvedyev isə oktyabrın ortalarında Transxəzərlə
bağlı RF Təhlükəsizlik Şurasının
xüsusi toplantısını keçirmişdi. Medvedyev həmin
toplantıda layihəni "kifayət qədər mürəkkəb
məsələ" adlandırmışdı: "Bu məsələ
Xəzərin daxili dəniz kimi statusundan birbaşa
asılıdır və Xəzər sammitinə daxil olan
bütün ölkələrin mövqeyinin
razılaşdırılmasını tələb edir. Burada
hüquqi statusla bağlı və ekoloji xarakterli məsələlər
var. Biz hazırda Xəzər dənizi hövzəsində nələrin
baş verdiyinə diqqət ayırmalıyıq.
Aydındır ki,
ayrı-ayrı ölkələr, Avropa Birliyi və bizim digər
tərəfdaşlar enerjidaşıyıcılarının
tədarükünün diversifikasiyası barədə
düşünürlər. Mən ümid edirəm ki,
energetika sahəsində müxtəlif prosedurlar üzərində
düşünən bizim tərəfdaşlar həm də əvvəllər
qəbul edilmiş anlaşmalara əməl edəcəklər.
Hər bir halda Rusiya federasiyası öz mövqeyinə formulə
etməli və bizim Xəzərdəki tərəfdaşların
nəzərinə çatdırmalıdır".
Aşkar görünür
ki, Rusiya Transxəzərə sadəcə etiraz etməklə
qalmayacaq və layihənin baş tutmaması üçün
əlində olan bütün təzyiq
rıçaqlarından istifadə etmək niyyətindədir.
AB: "Bu kəmər bizə lazımdır"
Artıq Brüssel və Aşqabad
Moskvadan səslənən bəyanatlara sərt
reaksiya veriblər. AB-nin energetika
komissarı Günter Ottinger
Moskvaya məsləhət görüb
ki, Transxəzər layihəsinin
reallaşmasına mane olmasın. "Əgər
rusiyalılar Aşqabad və Bakıya təzyiq
göstərmək istəsələr, mənim "qaz Rusiya üçün
siyasi alət deyil"
tezisinə inamım azalacaq", - deyə
Avrokomissar bildirib.
Ottingerin
sözçüsü Marlen Holtsner isə xüsusilə
vurğulayıb ki, Avropa Azərbaycan və Türkmənistandan
qazı birbaşa idxal etmək istəyir, odur ki, "bu kəmər
(Transxəzər -red.) bizə lazımdır".
Xəzər dənizinin
statusunun olmaması ilə bağlı AB rəsmisi qeyd edib ki,
yekun razılaşmada bu barədə bir ifadə olmayacaq:
"Biz belə bir mövqedə dururuq ki, Xəzərin
bölgüsünə dair mübahisələr Transxəzər
borusunun tikintisinə təsir etməyəcək. Çünki
boru Azərbaycan və Türkmənistan əraziləri ilə
çəkiləcək və Xəzərin statusundan
asılı olmayaraq digər hövzə dövlətlərinin
bu tikintini dayandırmaq hüququ yoxdur. Söhbət bir
şeydən gedir - biz enerji təhlükəsizliyinin təmin
edilməsində onların mövqeyini nə dərəcədə
nəzərə alacağıq. Şübhəsiz ki,
tikintinin özü ən yüksək standartlara, o cümlədən
ekoloji standartlara cavab verəcək".
Holtsner bu fikirdədir
ki, Transxəzər borusu layihəsində Rusiya həlledici səsə
malik deyil, Moskva yalnız tövsiyə və təklif verə
bilər.
AB rəsmisi həmçinin
bəyan edib ki, Rusiyanın "Cənub axını" layihəsi
Avropanın Transxəzər və "Nabucco" planlarına
təsir edə bilməz: "Biz birbaşa Xəzəryanı
ölkələrdən qaz almaq istərdik. "Cənub
axını" Avropa üçün əlavə qaz təchizatı
mənbəyi olacaq yeni qaz kəməridir, amma o, "Cənub
dəhlizi" və ya "Nabucco" qədər prioritetə
malik deyil".
Yeri gəlmişkən,
AB bu günlərdə "Cənub dəhlizi" kəmərlərinə
rəqib olan "Cənub axını"na müəyyən
əngəl yaradıb. "Qazprom"un bu layihəsində
Avropa Birliyinin aparıcı ölkələrinin iri şirkətlərinin
("Eni" (İtaliya), EDF (Fransa) və "Wintershall"
(Almaniya)) pay sahibi olmasına baxmayaraq Brüssel Rusiya şirkətinin
"Cənub axını" qaz kəmərinə xüsusi
hüquqi status verilməsi barədə təklifini rədd
edib.
Aşqabadla Moskva arasında "soyuq savaş"
Bu günlərdə
Avstriya prezidenti Haynts Fişer Xəzərin
bu və o tayında -
Bakıda və Aşqabadda olaraq "Nabucco" üçün lobbiçilik
etmişdi. Türkmənistan
prezidenti Qurbanqulu
Berdiməhəmmədov avstriyalı həmkarı ilə
görüşündə bəyan etmişdi
ki, Aşqabad və Avropa Birliyi türkmən
qazının Avropaya tədarükünü
təmin edəcək hüquqi baza üzərində işə
başlayır. Artıq tərəflərin energetika strukturlarının rəhbərlərinin
və ekspertlərinin iştirakı ilə xüsusi
işçi qrup
yaradılıb.
Maraqlıdır ki,
Fişer Aşqabadı tərk etdikdən sonra Türkmənistan
Rusiyaya qarşı sərt bəyanatla çıxış
etmişdi.
Türkmənistan
XİN-ə görə, Aşqabadın energetika sahəsində
Avropa Birliyi ilə yaxınlaşmasına Rusiyanın rəsmi
strukturlarının mövqeyi anlaşılmazdır. "Xəzər
regionundan təbii qazın Avropaya nəqlinə dair sənədin
razılaşdırılması üzrə maraqlı tərəflərin
iştirakı ilə danışıqlar prosesinə start
verilib. Hazırda enerji bazarının suveren və bərabərhüquqlu
subyektləri arasında normal, sivil əməkdaşlıq
prosesi gedir. Amma təəssüf ki, bu, Rusiyanın bəzi rəsmi
şəxsləri və KİV-i tərəfindən
qeyri-adekvat reaksiya ilə qarşılanır", - deyə
Türkmənistan XİN bildirmişdi.
Aşqabad həmçinin
boru kəməri layihələrinin siyasiləşdirilməsinin
əleyhinə olduğunu bəyan etmişdi: "Transxəzər
marşrutunun həyata keçirilməsi siyasi konyunkturun diqtəsi
ilə kiminsə maraqlarına toxunmaq deyil, ölkənin
iqtisadi inkişafının tələbatı, layihənin
bütün iştirakçıları üçün
qarşılıqlı real faydalar, öz resurs
bazasının əsaslandırılmış qiymətləri
ilə şərtlənir. Avropa istiqamətində enerjidaşıyıcılarının
ixracı Türkmənistanın beynəlxalq
strategiyasının istiqamətlərindən biridir. Transxəzər
layihəsi isə bu kontekstdə açar sayılır.
Avropalı tərəfdaşlarla danışıqlar
işgüzar və konstruktiv əsasda aparılır və
davam etdiriləcək".
Beləliklə,
artıq Moskva ilə Aşqabad arasında "soyuq
savaş"ın başladığını demək olar.
Üç kəmər bir "dəhliz"ə sığmaz
Məlum olduğu kimi, oktyabrın
25-də İzmirdə ARDNŞ, BP-Azərbaycan və BOTAŞ qaz sazişləri paketini
imzalayıblar. Paketə "Şahdəniz"in
ikinci mərhələsindən sonra Azərbaycan qazının Türkiyə üçün qiyməti, 2017-ci ildən sonra bu yataqdan
Türkiyəyə qaz tədarükünün
həcmi, eləcə də Azərbaycan qazının
Türkiyə ərazisindən nəqli üçün
tranzit sazişi məsələləri
daxildir. Tranzit müqaviləsi "Cənub dəhlizi" çərçivəsində
Azərbaycan qazının Avropaya nəqli
layihələrinin həyata keçirilməsi üçün
lazımdır. "Şahdəniz-2" çərçivəsində
Azərbaycan Avropaya 10 milyard
kubmetr həcmində qaz
tədarük etməyi planlaşdırır.
Türkiyə və Azərbaycan
arasında qazın tranziti ilə bağlı imzalanan hökumətlərarası
sazişdən sonra artıq Azərbaycan qazının Avropaya
nəqli yolunda maneələr qalmayıb. Türkiyənin
energetika naziri Taner Yıldızın sözlərinə
görə, "2017-ci ilin sonu - 2018-ci ilin əvvəlinədək
"Şahdəniz-2" yatağından Azərbaycan qazı
Avropaya çatdırılacaq".
Azərbaycan
qazını "Cənub dəhlizi" ilə Avropaya
çatdırmağa üç kəmər -
"Nabucco" (Türkiyənin "Botaş",
Avstriyanın OMV, Almaniyanın RWE, Bolqarıstanın
"Bulgargaz", Rumıniyanın "Transgaz",
Macarıstanın MOL şirkətləri), TAP (İsveçrənin
EGL, Norveçin "Statoil" və Almaniyanın "E.ON
Ruhrgas" şirkətləri) və İTGİ (Türkiyə-Yunanıstan-İtaliya
/ İtaliyanın "Edison" və Yunanıstanın DEPA
şirkəti) layihələri iddia edir. Onlar artıq
"Şahdəniz" konsorsiumuna öz təkliflərini
veriblər.
ARDNŞ prezidenti
Rövnəq Abdullayev bu günlərdə bildirmişdi ki,
"Şahdəniz" konsorsiumu Avropaya qaz nəqlinin
marşrutu ilə bağlı "oktyabr-noyabr aylarında qərar
verəcək".
Dünənsə
Abdullayev ANS-ə deyib ki, seçim prosesini 2011-ci ilin
sonu-2012-ci ilin əvvəllərində başa
çatdıracaqlar.
Azərbaycanın bu
üç kəmər layihəsi arasında necə
seçim edəcəyi hələlik aydın deyil. Üstəlik,
BP ötən ay ortalığa 4-cü variantı - SEEP layihəsini
(Azərbaycan-Türkiyə-Bolqarıstan-Rumıniya-Macarıstan)
ortaya atıb. ARDNŞ prezidenti BP-nin 4-cü variantın da
maraq doğurduğunu vurğulayıb.
Hazırda üç
kəmər layihəsi arasında qızğın rəqabət
gedir. Bu rəqabətdə İTGİ üçün
lobbiçilik edən Yunanıstan xüsusilə seçilir.
Bu günlərdə Yunanıstanın enerji naziri Corc
Papakonstantinu Bakıda səfərdə olub və Yunanıstan
prezidenti Karolos Papulyasın məktubunu Azərbaycan prezidenti
İlham Əliyevə təqdim edib. Afina İTGİ-nin digər
kəmər layihələrindən "üstün, kommerisya
baxımından ən sərfəli, ən optimal, ən
dolğun, ən ucuz və tez başa gələ bilən"
variant olduğunu iddia edir. Yunanıstan bu iddiasını
"tutarlı" arqument-şirnikləndirmə ilə
gücləndirir: "ARDNŞ DEPA-nın noyabrda keçiriləcək
özəlləşdirilməsində iştirak etsə,
şad olardıq".
"Nabucco" dirçəlir?
Təbii ki, Azərbaycan
üçün qazın iki cəhətdən önəmi
var: mənfəət gətirəcək xammal kimi və
güclü siyasi əlaqələr qurmaq üçün
vasitə kimi.
Bir çox ekspertlərə
görə, birinci ilə bağlı "Nabucco" Azərbaycanın
tələblərinə tam cavab vermir. Ən azı ona görə
ki, bu meqalayihədir - bahalıdır və tikintisi vaxt aparacaq.
Layihənin kommersiya
baxımından özünü doğrultması da mübahisə
predmetidir. Üstəlik, OMV şirkəti artıq elan edib ki,
"Nabucco"nun istismara verilməsi 2018-ci ilədək təxirə
salınır.
Digər tərəfdən,
TAP və İTGİ "Şahdəniz-2"yə iddia edirsə,
"Nabucco" kəmərinin doldurulması üçün
Xəzərin o tayındakı qaza da (həmçinin
başqa mənbələrə də) ehtiyac var. Yəni
"Nabucco"nun təkliflərini iki və ya daha çox təchizatçı
ilə necə razılaşdırıb
uzlaşdıracağı mürəkkəb proses kimi
görünür.
Məsələnin
siyasi tərəfinə, Avropanın Rusiya qazından
asılılığını azaltmağa və ya AB-nin daha
çox "Nabucco"ya dəstək verməsinə gəlincəsə,
Azərbaycan ən yüksək səviyyədə
Avropanın enerji təhlükəsizliyinin təminatında
iştirakını dəfələrlə bəyan edib. "Cənub
dəhlizi"ndəki digər kəmərlərin, eləcə
SEEP-in də təxminən hədəfi eynidir - Azərbaycan
qazını AB üzvü olan Cənub-Şərqi (Balkan) və
Mərkəzi Avropa ölkələrinə çatdırmaq.
Bununla belə, AB-nin
Transxəzər danışıqlarına başlaması,
Türkmənistanın böyük qaz ehtiyatları ( Türkmənistanın
"Cənubi Yoltan" yatağının şərqində
dünyanın ikinci qaz ehtiyatlarına malik yatağı
tapılıb. Bu yatağın ehtiyatları minimum 13 trilyon
kubmetr, maksimum isə 21 trilyon kubmetrdir) "Cənub dəhlizi"ndə
"Nabucco"nun şansını yenidən dirçəldir.
Yeri gəlmişkən,
"Nabucco" konsorsimunun rəhbəri Reynhard Mitçek
bildirib ki, "Nabucco" layihəsinin yenidən nəzərdən
keçirilmiş qiyməti mövcud 11 milyard dollardan artıq
olmayacaq. "Bloomberg" agentliyinin xəbərinə görə,
Mitçek qaz nəqlinə dair sazişin noyabrda imzalanacığını
deyib: "Gələn ilin payız-yay aylarında isə
açıq mövsüm başlayacaq".
Konsorsium 2013-cü ilin
əvvəlində yekun sərmayə haqqında qərar qəbul
etmək və elə həmin ilin sonunda borunun tikintisinə
başlamaq niyyətindədir.
Və XXI əsrin kəməri...
Maraqlıdır ki,
İzmirdə imzalanan Azərbaycan-Türkiyə
qaz sazişləri barədə məlumat
verən ARDNŞ prezidenti deyib
ki, iki qardaş ölkə yeni bir qaz
kəmərinin inşası layihəsinin
araşdırılması haqqında razılıq əldə
edib. Bu kəmərin layihəsi ilə bağlı
bütün məsələlərin 2012-ci il ərzində həll
edilməsinə çalışılacaq ki, 2017-ci ilin
sonlarında - "Şahdəniz" layihəsinin 2-ci mərhələsi
üzrə istismar başlayanda kəmər artıq hazır
olsun. Abdullayev bu kəməri "21-ci əsrin layihəsi"
adlandırıb...
X.Rüstəm
Ekspress.- 2011.- 28 oktyabr.- S.7;11.