Tofiq
Bakıxanovun vokal yaradıcılığı
Respublikanın xalq artisti, Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru Tofiq
Bakıxanov xalq musiqisindən qidalanaraq daim yeni üsullar
axtarır. Bəstəkar hər gün, hər an
yaradıcılıqla məşğuldur, narahat və fəal
insandır. Bizim gənclərimizə nümunədir. Onun son
illər yazdığı əsərlərdə gəncliyə
məxsus temperament və enerji qüvvəsi hiss olunur.
Ötən il
dekabrın 22-28-də keçirilən, böyük bəstəkarımız
Tofiq Bakıxanova həsr olunan Musiqi Festivalı da bir daha sübut
etdi ki, Tofiq müəllimin əsərləri xalqın ürəyinə
yol taparaq onun qəlbində yaşayır. Müxtəlif
janrlarda yazdığı əsərlər festivalda görkəmli
sənət ustalarımızın ifasında yüksək
professionallıqla və zövqlə səslənmişdi.
Musiqi festivalının
ilk günündə Azərbaycan Bəstəkarlar
İttifaqında sevimli bəstəkarımızın 80
illiyinə həsr olunmuş elmi-praktik konfrans
keçirilmişdi. Elmi konfransın
başlanğıcında Bəstəkarlar
İttifaqının Sədri, respublikanın xalq artisti,
professor, "Şöhrət" ordenli Firəngiz xanım Əlizadə
maraqlı çıxışında T.Bakıxanovun
çoxşahəli yaradıcılığından, yüksək
professionallığından, işgüzarlığından,
öz sənətinə vurğunluğundan
danışmışdı.
Bu sətirlərin
müəllifi isə konfransda T.Bakıxanovun mahnı və
romanslarına həsr edilmiş məruzə ilə
çıxış etmişdi. Əslində sevimli bəstəkarımızın
yubileyinə hazırlıq artıq çoxdan
başlanmışdı. Bakı Musiqi Akademiyasının təşəbbüsü
ilə "Caz mərkəzi" zalında bəstəkarın
kamera-instrumental əsərlərindən ibarət konsert
keçirilmiş, T.Bakıxanovun əziz müəllimi Qara
Qarayevə həsr olunan əsəri xüsusi ehtiramla, rəğbətlə
qarşılanmış, onun Vasif və Rauf Adıgözəlov
qardaşlarına, həmçinin Vaqif Mustafazadəyə
ithaf olunmuş gözəl əsərləri ifa olunmuşdu.
Bu əsərlərdən söhbət açmağım təsadüfi
deyil. Bu əsərlərdə, belə deyək, "mahnı
tematizmi" anlayışı mövcuddur, yəni bu əsərlərin
musiqi dili və xüsusi olaraq melodikası aydın, yadda qalan
musiqidir. Bu üslub daha çox mahnı, romans janrlarına təsadüf
edir. T.Bakıxanovun kamera -instrumental əsərlərində
musiqi dramaturgiyasını özündə ehtiva edən
mövzular - mahnı və romans janrlarının
melodiyalarına bənzəyir. Həmin əsərləri
eşidən adi dinləyicinin yaddaşında bu mövzular
qalır. Bu, çox vacib amildir ki, əgər dinləyici
konsert zalından çıxarkən onun yaddaşında bir
neçə mövzu qalırsa, beləliklə bəstəkarın
əsəri onun qəlbinə yol tapır.
Düşünürəm ki, festivalda səslənən
bütün əsərlər buna parlaq misaldır.
Çıxışımda mahnı janrının
müasir dövrümüzdə inkişafı problemlərinə
də toxunduq. Ümumiyyətlə, Azərbaycan bəstəkarlarının
mahnıları musiqi mədəniyyətimizdə mobil və
aktual bir janr olaraq qalır. Vaxtı ilə Qara Qarayevin şəxsən
imzaladığı mahnı haqqında qərarı yadıma
düşdü: "Respublikamızda mahnı janrının
təbliği və inkişafında olan ciddi nöqsanlar
haqqında" (3 may 1973-cü il).
Həmin qərarın
bəzi fikirləri bu gün də müasir səslənir. O,
dövrdə yaranan zəif mahnılar haqqında
musiqişünaslarımız tənqidi fikirləri ilə mətbuatda,
plenum və qurultaylarda çıxış edirdilər. Qara
Qarayevin qərarını heç də təsadüfi olaraq
yada salmadıq. Çünki Tofiq Bakıxanov və onun nəslinin
nümayəndələri mahnı janrına olduqca ciddi
yanaşırlar. Məsuliyyət və ciddilik - onların əsas
kredosu olub.
T.Bakıxanovun estrada
üçün yazılmış mahnılarını şərti
olaraq üç qrupa bölmək olar:
a) səmimi məhəbbət
mövzusunu və yaxud təbiətin gözəlliyini vəsf
edən mahnılar.
b) melodiyanın
"açıq" (məişətdə istifadə
olunan) intonasiyalarından qurulması.
c) həmin
mahnıların gənc nəsillərə ünvanlanması
ilə əlaqədar, bu əsərlər
solo-ifaçılar üçün nəzərdə tutulur.
60-cı illərin əvvəllərində
S.Rüstəmin sözlərinə bəstələnmiş
"Sevən könül" mahnısı olduqca şən,
dinamik və gözəl mahnılardan biridir. Səmimi, sadiq və
şirin məhəbbətin təcəssümü bu
mahnının sözlərində əksini tapır:
"Çal, ey sazım, gül telim,
Gül sən də, ey
sevgilim
Gülür azad, şən
elim,
Gül sən də, ey
sevgilim."
"Sevən
könül" mahnısının zəngin harmonik dili həm
ifaçını, həm də dinləyicini cəlb edir, kəskin
ritmi isə musiqiyə rəqsvarilik gətirir.
S.Rüstəmin sözlərinə
yuxarıda qeyd etdiyimiz mahnıya yaxın olan
"Bağışla məni" məhz estrada
mahnılarına aiddir. Lirik məhəbbət mövzusuna aid
olan mahnılar, o cümlədən, "Yaylaqların
mahnısı", "Görüş yerimiz" - Tofik
Mütəllibovun sözlərinə bəstələnib.
"Nigar " adlı məcmuədə
daha iki mahnı T.Mütəllibovun sözlərinə
yazılıb: "Abşeron bağlarında" və
"Özbək bacım". Hər iki mahnıda yeddi
hecalı poetik strukturdan istifadə edilib və bu da Azərbaycan
mahnılarına səciyyəvi olan xüsusiyyətdir. Bəstəkar
hər iki mahnıda 6/8 ölçüsünə etinad edərək
rəqs ritminin xüsusiyyətlərini cəmləşdirir.
"Abşeron
bağlarında" vətənə və təbiətə
olan isti münasibət, məhəbbət hissi həm şair
və həmçinin bəstəkar tərəfindən
bacarıqla, professionallıqla açılmışdır.
"Xəzər -
böyük bəstəkar
Nə qədər
mahnısı var.
Axşam-səhər oxuyar
Abşeron
bağlarında."
Xüsusi olaraq, bu
şeirə olduqca mənalı, belə deyək, Azərbaycan
xalqının mentalitetini əks etdirən sözlər səciyyəvidir:
"Nə var qonaqdan əziz?
Gəlin, dostlar, gəlin
siz
Açıq olur süfrəmiz
Abşeron
bağlarında"
Məhz bu cəlbedici
sözlərə və gözəl, məlahətli musiqiyə
görə bu mahnı 1970-ci illərdə kütlə
arasında geniş yayılmışdı.
Şair Atif
Zeynallının sözlərinə yazılmış
"Sevgilim mahnısı" düşünürəm ki,
obraz-emosional baxımından "Sevən könül" əsərinə
yaxındır: ifadəli, yadda qalan melodiyanın əsasında
aksentli, kəskin ritmik frazalar dayanır. Qeyri-akkord səslərin
istifadəsi harmoniyaya xüsusi təravət bəxş edir.
Mahnının miqyası, genişliyi, dinamik inkişaf prinsipləri,
bu əsəri romans janrına da yaxınlaşdırır.
Düşünürük ki, bu, qarışıq janrdır.
Qeyri-adi mövzuya malik
olan bir mahnı diqqəti çəkir: İslam Səfərlinin
sözlərinə bəstələnmiş "Cəfərim
mənim". Şair bu əsərini böyük dramaturqumuz
Cəfər Cabbarlıya həsr etmişdir və mətndə
biz onun qəhrəmanlarının adlarına da rast gəlirik.
Belə ki, bəstəkar on bir hecalı struktura əsaslanaraq,
yadda qalan ifadəli melodiyanı yaradır və xüsusi
olaraq biz kulminasiya bölmələrini də qeyd etməliyik.
Melodiyaya olduqca məntiqli inkişaf prosesi xasdır.
Fikrimizcə, bu məcmuənin
əvvəlində səslənən "Nigar"
mahnısı (Sözləri M.Müşfiqindir) təsadüfi
deyil, çünki bəstəkarın sevimli qızı
Nigara həsr olunur. Mahnının poetik mətni on bir
hecalıdır və bu da M.Müşfiqin üslubuna yaxın
bir amildir. Əsərin melodiyası sadə, ifadəli və ələlxüsus
yaddaqalan intonasiyalardan qurulur. İnkişaf prosesində diqqəti
cəlb edən ifadəli səsaltı polifoniyanı qeyd etməliyik.
Maraqlıdır ki, məcmuənin
sonunda A.S.Puşkinin sözlərinə yazılmış
"Qış yolu" (Tərcümə edəni Abbas Səhhət)
qarışıq mahnı-romans musiqi formasında bəstələnmişdir.
Əsər daha çox romans janrına yaxındır. Bununla əlaqədar
romansın miqyası böyük, fakturası zəngin və
rəngarəng, inkişaf prinsipləri isə mürəkkəbdir.
Poetik mətni müşayiət edən faktura
çoxplanlıdır. Əsərin ikinci yarısında isə
(romans iki hissəli reprizli formada bəstələnib) beş
xanə səslənən instrumental bağlayıcı
keçiddə hətta muğam sənətinə xas olan
improvizasiya elementləri səslənir. Musiqidə bir neçə
təzadlı obrazlar qovuşur, fəal şəkildə
inkişaf olunur və sonda bəstəkar vahid bir obraz yaradaraq,
romansın lirik-psixoloji məzmununu, mənsubiyyətini daha da
gücləndirir.
1978-ci ildə
T.Bakıxanovun Abbasqulu Ağa Bakıxanovun şeirlərinə
yazdığı "Quqsidən söz düşəndə"
(fortepiano ilə oxumaq üçün romanslar)" adlı məcmuəsi
çap edilir. "Abbasqulu Ağa Bakıxanovu adətən Azərbaycan
tarixinin atası adlandırırlar. Məlum olduğu kimi,
böyük tədqiqatçı "Gülüstani-İrəm"
kitabında 1813-cü ildə Gülüstan müqaviləsinə
qədərki tariximizi ilk dəfə müəyyən bir
sistemlə, ardıcıllıqla qələmə
almışdır. Nizami Gəncəvidən ta Hacı
Zeynalabdin Şirvaniyə qədər ilk məlumat verdiyi
üçün mənə elə gəlir o, ədəbiyyat
tariximizin də atası sayıla bilər. Bu da təbiidir.
Çünki Bakıxanov maraqlı bir ədəbi mühitdə
yaranmış gözəl lirik şeirlərin müəllifi
kimi qələm yoldaşları arasında nüfuz
qazanmışdır... T.Bakıxanov hələ 1967-ci ildə
nəşr etdiyi "Gözəlliklər məskəni"
nəğmələr məcmuəsində Qüdsinin
lirikasına müraciət etmiş, romanslar
yazmışdır. Romanslar bizi düşündürür,
gözəllik aləminə aparır, mənəvi
saflaşdırır, əsl estetik zövq mənbəyinə
çevrilir". Bu gözəl sözlər xalq şairimiz Nəriman
Həsənzadəyə məxsusdur.
Məcmuə
aşağıdakı əsərlərdən ibarətdir:
"Söz düşəndə", "Yenə
bülbüllər", "Toxunmayaq güllərə",
"Qəlbimi işıqlandıran", "Nazlı
Nigar", "Gözləyər", "Söylə",
"Bəxtəvər". Burada təqdim olunan romanslar
ümumən, lirik-psixoloci sferanı özündə
ümumiləşdirir. İnsanın dərin mənalı
daxili aləmi təbiətin gözəl güşələrinin
fonunda öz təcəssümünü tapır. Ümumiyyətlə,
T.Bakıxanov bu romansların mətnlərini olduqca zövqlə,
bacarıqla seçir və nəticədə bir "lirik
poema" yaradır. Şərti olaraq, silsilədə
gözümüzün qarşısında insan həyatı
keçir, kədərli və işıqlı mübarizəli
və şakit... Lakin həyatın hər günü sizi
düşündürür, sizinlə mübahisə edir,
dialoqa girir...
Gözəl, əsrararəngiz təbiətin
mənzərəsini yaradan bəstəkar ən ifadəli zəngin
musiqi üsullarına müraciət edir. O, sanki təkrarsız
"musiqi lövhələri" yaradır. Bu baxımdan biz
"Yenə bülbüllər", "Toxunmayaq güllərə"
romanslarını qeyd etməliyik. Musiqi fakturası hər iki
romansda çoxplanlıdır, yəni burada T.Bakıxanov həm
homofon-harmonik, həm improvizasion (kiçik bağlayıcı
fazalarda) və hardasa (kulminasiya bölmələrində)
polifonik xüsusiyyətlərdən geniş istifadə edir.
Müxtəlif bəzək notları musiqiyə rəngarənglik
gətirir.
Əgər "Yenə
bülbüllər" romansında bəstəkar səsaltı
polifoniyadan istifadə edirsə, artıq "Toxunmayaq güllərə"
romansında imitasiyalı inkişaf prinsipinə müraciət
edir.
Hər iki romansda olduqca
ifadəli "Giriş" materialı səslənir ki, bu da
gələcəkdə inkişafa təkan verir. Girişdə
səslənən mövzular əsərlərin inkişaf
prosesində istifadə edilir.
Xüsusi olaraq
"Söz düşəndə" romansının əvvəlində
bəstəkar muğam-improvizasiya üslubundan istifadə edir.
Artıq vokal partiyası deklamasiya üslubunda yazılıb, yəni
daha çox danışıq nitqinə
yaxınlığı ilə seçilir. Ümumiyyətlə,
fakturada ornamentin istifadə edilməsi musiqiyə ekspressivlik bəxş
edir.
Məcmuəni tamamlayan
"Bəxtəvər" romansı olduqca şən,
gümrah və dinamik xarakter daşıyır. Fakturada bəstəkar
mürəkkəb akkord komplekslərindən bacarıqla
istifadə edir. Yüksək emosional pafosla fərqlənən
melodiya təntənəli və işiqlı səslənir.
Şərti olaraq, "Bəxtəvər"
romansı bu gözəl silsiləni, onun musiqi tematizmini
ümumləşdirir. Düşünür ki, bu gözəl,
yüksək professionallıqla yazılan romanslar yeni nəsil
ifaçıların diqqət mərkəzində
olmalıdır.
İmruz ƏFƏNDİYEVA,
Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının professoru
Ekspress.- 2011.- 29-31 oktyabr.- S. 19.