Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

 Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən şənbə   saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   MÜƏLLİFDƏN. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının baş məsləhətçisi Saleh Süleyman oğlu Tahirov neçə-neçə tarixi-publisistik məqalənin müəllifidir.

   Yazıçı-jurnalistin 2007-ci ildə "Qarabağ" nəşriyyatında hazırlanıb nəşr olunmuş "Həyat dastanı" kitabı müəllifin ömür yolunun salnaməsidir. 2009-cu ildə Mustafa Çəmənlinin redaktorluğu ilə işıq üzü görmüş "Yollar, mənzərələr" kitabında dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin sənət möcüzələri əksini tapmışdır. Nəhayət, 2011-ci il "Ozan" nəşriyyatı tərəfindən buraxılmış "Valeh və Minayə" romanında 1932-1945-ci illərdə qədim Şabran torpağında baş verən hadisələr canlandırılmışdır.

   Əsərin qəhrəmanlarından biri də rayon partiya komitəsinin birinci katibi Mirməmməd Ağayevdir. Müharibə illərində fədakar əməyi və təşkilatçılığı ilə Mir Cəfər Bağırovun diqqətini cəlb etmiş, 1945-ci ilin sentyabrında Bakıya, Mərkəzi Komitəyə çağırılmışdı. Kitabda oxuyuruq: "Onu Mir Cəfər Bağırov qəbul etdi, müharibə vaxtı Şabranda ləyaqətlə işlədiyini qeyd etdi, sonra onun Azərittifaqa sədrin birinci müavini göndərilmək haqda təklif olduğunu söylədi. İndiki şəraitdə kənd təsərrüfatı məhsullarının tədarükü çox əhəmiyyətli məsələdir, - dedi. Göstərdi ki, Bakının, rayon və şəhərlərin əhalisini mərkəzləşmiş qaydada kəndin yetişdiriyi məhsullarla təchiz etmək çox vacibdir. Bu işlər Azərittifaqın sədrinin birinci müavininin görəcəyi işlərdir. Tədarük bazalarının tikintisinə ciddi fikir verilməlidir. Bağırov onun ailə həyatı ilə də maraqlandı, subay olduğunu bildikdə, bunun yaxşı hal olmadığını söylədi" (səh. 163).

   Bu günlərdə telefon danışığından bəlli oldu ki, Saleh müəllim "Ekspress"in şənbə saylarında "Bağırov və Şəkinski" yazılarını oxumuş və Şəkinskini də yaxından tanıyırmış. Bəlkə də, həmsöhbətim yeganə müasirimizdir ki, Mir Cəfər Bağırovu da, Məmmədəmin Şəkinskini də yaxından tanımışdır. Müxtəsəri, özünə qulaq asın:

   SALEH TAHİROV - Mir Cəfər Bağırov kimdir? Onun məhkəmə materiallarından və məhkəməsindən sonra yazılanlardan bu dövlət xadimi bir cəllad, qəddar, rəhmsiz bir adam kimi görünür. Əslində belədirmi? Bəs həqiqət necədir? Mən bu və ya başqa şəkildə Mir Cəfər Bağırovla bilavasitə təmasda olmuşam, hələ uşaq ikən, sonralar Azərbaycan KP MK-da işləyərkən, M.C.Bağırovu görmüşəm. 1940-cı il idi. Samur-Dəvəçi kanalı çəkilirdi, minlərlə adam tikintidə iştirak edirdi. Biz hələ şagird ikən bu ümumxalq hərəkatına qoşulub kanalda işləyirdik. Bir gün, bəlkə də bazar günü idi, Dəvəçinin mərkəzində, rayon icraiyyə komitəsinin binası qarşısında bir avtomobil dayandı. Oradan cüssəli, gözündə eynək olan bir adam düşdü. Dedilər ki, Mir Cəfər Bağırovdur. O, hamı ilə, o cümlədən uşaqlarla da əl verib görüşdü. Mən də onun əlini sıxdım. Bundan sonra da o bir neçə dəfə rayona kanalın çəkilişinə baxmaq üçün gəldi.

   Mir Cəfər Bağırovu daha yaxından Bakı Vilayət Partiya Komitəsində və Mərkəzi Komitədə işləyərkən, respublika müşavirələrində, MK-nın plenumlarında gördüm. O, tribunaya yaxın əyləşər, ovcunda rəngli karandaşlar oynadardı. Gah da çıxış edənlərə söz deyər, sual verərdi. O, məzəli, gülməli əhvalatlara maraqla qulaq asardı. Məsələn, Dəvəçidə birinci katib işləmiş Aşurov çıxış edərkən dedi ki, mən indi bildim ki, öz həyat yoldaşımla qırx ildir qanunsuz yaşayıram, uşaqlarımız da qanunsuz dünyaya gəlmişlər. Hamı təəccübləndi ki, bu nə olan işdir. M.C.Bağırov da maraqla qulaq asırdı. Məlum oldu ki, pasportlar veriləndə Aşurovun arvadı ilə kəsilmiş kəbin kağızı yox imiş. Mollanın kəsdiyi kəbin isə qanuna uyğun gəlmir. Zalda hamı gülüşdü, o cümlədən M.C.Bağırov.

   "Bakının işıqları" kinofilmində M.C.Bağırovun rolunu Rza Təhmasib oynayırdı. Filmə baxış keçiriləndə Mir Cəfər Bağırov Rza Təhmasibə deyir ki, sən nə üçün məni qorxaq göstərmisən? Aktyor əvvəl tərəddüd edir, sonra cavab tapıb deyir ki, mən Stalinin qabağında özümü yığışdıra bilmədim, qorxdum, ona görə rol belə çıxıb.

   Mir Cəfər Bağırov Azərbaycanın tərəqqisinə, onun mədəniyyətinin çiçəklənməsinə çox əmək sərf etmişdir. Məhkəmə zamanı göstərilirdi ki, guya onun savadı çox aşağı olub, ibtidai sinifdən də aşağı. Halbuki, əslində o, texnikum qurtarmışdı, hətta müəllim də işləmişdi. M.C.Bağırov bir neçə kitabın, çoxlu məqalənin müəllifi idi Çox sərrast və savadlı mühakimələri, danışıq tərzi vardı. Ona savadsız demək gülünc idi. Onun məhkəməsi gedərkən, biz MK-nın işçiləri məhkəmə zalında oturur və ya məhkəmənin gedişinə MK-nın iclas zalında radio ilə qulaq asırdıq. Ona verilən ittihamlara çox təmkinlə, səbrlə cavab verirdi. Özünü əsl kişi kimi, qorxmaz, cəsur bir adam kimi aparırdı.

   Mir Cəfər Bağırovun vaxtında Azərbaycan çiçəklənməyə başladı, sənaye sürətlə inkişaf etdi, mədəni əkinçiliyin əsası qoyuldu, ali məktəblər açıldı, orta təhsil ocaqları geniş vüsət aldı, mədəniyyət, ədəbiyyat, incəsənət inkişaf etdi. M.C.Bağırov Kəlbəcərdə, Göygöldə, Muğanlıda binalar inşa etdirdi, yol çəkdirdi ki, xalq burada müalicə olunsun, sanatoriyalar, istirahət evləri yaradıldı. Yetim evlərində yüzlərlə atasız-anasızlar tərbiyə olundular. Azərbaycanda əvvəl SSRİ Elmlər Akademyasının filialı, sonra da onun bazasında Elmlər Akademiyası yaradıldı. Üzeyir Hacıbəyovun matəm mərasimi yadıma gəlir. Onun cənazəsi Mir Cəfər Bağırovun çiynində İsmailiyyə binasından çıxdı. M.C.Bağırov bir çox yazıçıları, incəsənət xadimlərini himayəsi altına almışdı.

   Mir Cəfər Bağırov kimi, Məmmədəmin Şəkinski də elini canından artıq sevən, möhkəm iradəli, qoçaq, dediyinin üstündə möhkəm duran, ictimai-dövlət işini hər şeydən üstün tutan saf əqidəli insan idi. 1959-1962-ci illərdə mən Nazirlər Sovetinin mədəniyyət şöbəsində baş referent vəzifəsində işləyirdim. Hökumət aparatında Baş Arxiv İdarəsinin məsələləri ilə mən məşğul olurdum. Məmmədəmin Şəkinski isə baş Arxiv İdarəsinin rəisi idi. Onun haqqında çox eşitmişdim. Bilirdim ki, tutulmamışdan əvvəl o, Bakı Milis İdarəsinin rəisi olmuşdur. Həbs və sürgün olunmasına baxmayaraq, əhali onun haqqında iftixarla, qeyri-adi hünər və cəsarət sahibi olan bir şəxs kimi mühakimə yürüdürdü. Haqqında heç kəs heç vaxt heç bir mənfi fikir söyləmirdi. Mən Nazirlər Sovetində işləyərkən, bu əfsanəvi insanla yaxından tanış oldum, onu iş şəraitində müşahidə edə bildim. Məndə belə bir möhkəm inam yaranmağa başladı ki, indiyədək onun haqqında eşitdiyim əfsanəyə bənzər hekayələr əslində həqiqət iimiş. Odur ki, M.Şəkinskinin qarşıya qoyduğu məsələləri dürüst və vaxtında həll etməyə çalışırdım.

   Məmmədəmin Şəkinski Arxiv İdarəsinin yeni binasının inşasında, arxivlərin lazımi bina və avadanlıqlarla təmin olunmasına çox fikir verirdi və hər dəfə yeni bir təkliflə Nazirlər Sovetinə müraciət edirdi. Mən arxivin xalqın tarixinin öyrənilməsindəki əhəmiyyətini başa düşərək arxiv işinin inkişafına aid məsələlərə çox ciddi yanaşır, bu məsələlərin həlli ilə əlaqədar Nazirlər Sovetinin qərar layihələrini hazırlayırdım. Verilən təkliflər əsasən qəbul olunurdu və M.Şəkinski bundan çox məmnun qalırdı. O, arxiv işinə özünün bütün daxili enerjisini sərf edirdi. Elə bil arxiv onun şəxsi həyatının ayrılmaz bir hissəsi idi. Bəlkə o, heç şəxsi həyatına da bu qədər əmək sərf etmir, səy göstərmirdi. Cəsarətlə demək olar ki, arxiv işi onun sayəsində öə dəyərini və yüksək qiymətini aldı.

   Məmmədəmin Şəkinski ilə aramızda səmimi bir münasibət yaranmışdı. O mənə inanırdı, mən də ona. Bəzən Nazirlər Sovetinin İşlər İdarəsində mənə irad tuturdular ki, bu arxiv haqqında nə qədər sənə hazırlamaq olar, nə qədər qərar qəbul etmək olar. Onda mən cavab verid deyirdim ki, arziv tarixdir, xalqın tarixi, onu qoruyub saxlamaq bu günkü dövlət qurumlarının və onların alimlərinin ən vacib vəzifələrindən olmalıdır. Bəli, bu əfsanəvi şəxsiyyət məni də öz əməllərinə şərik edib inandırırdı ki, arxiv bir xəzinədir, xalqın keçdiyi yolu özündə əks edən bir xəzinə, onu inkişaf etdirmək çox önəmli məsələdir.

   Məndə belə bir qənaət hasil olmuşdu ki, Məmmədəmin Şəkinski hansı işdən yapışsa, onu yüksək bir səviyyəyə qaldırmaq üçün özünü fəda edəcəkdi. Belə şəxsiyyətlər xalqın fəxridir. Onların həyat və mübarizə yolu davam etdirilməli və gənclərimizə öyrədilməlidir. Hər kəs xalqı, onun mədəniyyət və ideallarını Məmmədəmin Şəkinski kimi sevməlidir. Bu yolda heç bir çətinlikdən çəkinmək, maneələr qarşısında təslim olmaq yaramaz. Keçmişin örnəyi inkişaf yolunu işıqlandıran ən yaxşı vasitədir.

 

 

   (ardı var)

 

   Teyyub Qurban

 

   Ekspress.- 2011.- 29-31 oktyabr.- S. 15.