Orkestr-adam...
Vaxtilə maestro Niyazi
onu "çelovek orkestr" (orkestr-adam)
adlandırmışdı. Elə keçmiş SSRİ-nin hər
yerində də onu belə tanıyırdılar.
Çünki Həsənağa Sadıqov bütün musiqi
alətlərində məharətlə ifa edirdi. İllər
keçdikcə, onun çaldığı alətlərin
sayı da artır...
- Həsənağa müəllim,
çalmadığınız alət varmı?
- Mən bütün musiqi alətlərində
çalıram. Hər hansı aləti mənə ver,
gözüyumulu çalaram. Vaxtilə ən məşhur
qarmonçalanlardan biri idim. Elə ən yaxşı
çaldığım alət də qarmon idi. Sonra elə
oldu ki, sağ əlimin damarlarında problem yarandı. Hətta
deyilənə görə, o dövrün ən məşhur
qarmonçalanlardan biri mənim əlim zədələnəndə
qurban kəsibmiş. Əlim zədələnəndən
sonra qarmonu bir kənara qoydum. Yeri gələndə
özündən deyən qarmoçalanlardan yaxşı
çalıram, amma bir sənətkar kimi o ifanı
ortalığa çıxarmağı özümə eyib
bilirəm. Alət əlimdə yanıb, külə
dönüb mənə yalvarmadısa, insanları
yandırıb- yaxmadısa, o çalmaq deyil ki. Bir alətdə
ifam xoşuma gəlmədisə, onu çalmıram.
- Sizi ən çox hansı alət yandırıb-yaxır?
- Bəzən elə olur ki, alət düz işləyir,
həmin gün onunla qardaşlaşırıq. Bütün
günü yalnız onu çalaram. Bu səbəbdən
bütün alətlərlə dostluq etməyə
çalışıram. Alətlərin arasında
ögey-doğmalıq qoymuram. Fərq qoysam, sabah bir alət məndən
elə küsər ki, ömrüm boyu yalvara-yalvara qalaram,
sözümə baxmaz. Amma desəm ki, eyni vaxtda 6-7 alətlə
əla səviyyədə çala bilirəm, yalan demiş
olaram.
- İlk dəfə hansı alətdə
çalmısınız?
- Bu sənətə qoşanağara ilə
başlamışam. Babam aşıq Qurbanxan Sadıqov dövrünün
məşhur sənətkarlarından olub. Mən babamla dəfələrlə
Moskvada dövlət tədbirlərində, dekadalarda,
festivallarda iştirak etmişəm. Babam mənim
üçün aşıq paltarı da tikdirmişdi, hər
yerdə "balaca aşıq"
çağırırdılar. O illərin yadigarı kimi bir
çox konsertlərin lent yazılarını tez-tez AzTV-də
göstərirlər, baxıb kövrəlirəm. Mənim hələ
uşaq vaxtı çıxdığım səhnələri,
insanların ayaqüstə alqışlamalarını indinin
adlı-sanlı sənətkarı yuxusunda belə görə
bilmir. 1962-ci ildə Moskvadakı dekadada Niyazi, Bülbül, Rəşid
Behbudovla səhnədə yan-yana dayanmışam. Bundan
böyük xoşbəxtlikmi olar?!.
- "Balaca aşıq" niyə
aşıqlığı buraxıb sırf instrumental
ifaçılığın arxasınca getdi?
- 1962-ci ildə keçirilən dekadanın filminə
yəqin ki, baxmısınız. Mən aşıq kimi oxuyuram,
babam qoşanağara çalır. Bir dəst aşıq
paltarı və uzunboğaz çəkmə də
tikdirmişdi.
Bu paltar hər adama yaraşmır. Aşıq olan kəs həqiqətən
yaraşıqlı olmalıdır. Aşıq Qurban
yaraşığı olmayanı şagird götürməzdi,
deyərdi ki, səhnə yaraşığı sevir. Əgər
qabı boş olan aşıq o paltarı geysə,
yaraşmayacaq, kolxoz sədrinə oxşayacaq. Aşıq
Şakir, Aşıq Pənah, Qurbanxan meydana girəndə elə
bilirdin ki, Koroğludur. O dövrdə qoşanağarada
çala-çala, ansamblımızdakı musiqiçilərin
alətləri ilə maraqlanmağa başladım. Babamın
qorxusundan bu alətlərdə çalmağı gizlincə
öyrənirdim. Elə vaxtlar olurdu ki, musiqiçilərdən
biri hər hansı səbəbdən toya gedə bilmirdi. Mən
babama deyirdim ki, onun alətini ver özüm çalım. Nə
isə babam da artıq mənə bir söz demədi. Babam məni
musiqi məktəbinin tar sinfinə qoyanda artıq
"Şur" muğamını gözəl
çalırdım. Salyanın musiqi məktəbinin direktoru
vardı, indi rəhmətə gedib, babama dedi ki ki,"bu əməlli-başlı
muzıkantdır ki, bunu niyə bura gətirmisən?".
Babam bir aydan sonra məktəbə gəlib soruşdu ki,
"Həsənağa bir şey öyrənə bilirmi?"
Direktor qayıtdı ki, buna not öyrənmək lazım
deyil, özü hər şeyi çalır. Belə
lağ-lağı edə-edə mənə notu öyrətmədi,
amma balaca tarımı alıb, öz tarını mənə
verdi. Belə baxanda, şükür Allaha, bizim notumuz
başımızdadır. Elə notla çalanlar var ki, bizim
alətdə etdiyimizin 1 faizini bacarmır. Hər adam barmaqla
ürəyi bir-birinə calaq edə bilmir. Musiqiçiyə
ürəyi məktəb deyil, Allah verir. Dünənə qədər
sənətkarlar not bilirdilər? Amma öz adlarını
musiqi tarixinə qızıl hərflərlə yazdırıblar.
Adam var bütün günü notu sənin üçün
çalar, başın ağrıyar, adam da var notsuz-zadsız
aləti alə ağladar ki, aldığın ləzzətdən
infarkt olarsan. Bəzən uşaqları məcbur musiqi məktəbinə
qoyurlar, notu filanı öyrənir, sonra nə olur, musiqi məktəbinin
direktoru... Mən aşıq ona görə olmadım ki,
gördüm biləklərim mənimlə əməlli-başlı
dostlaşıblar. Sonra papağımı qabağıma qoyub
fikirləşdim ki, təkcə aşıq olsam, camaat məndən
əl çəkməyib, çox yoracaq. Mən gərək
55-60 yaşında artıq çoxdan təqaüddə
olaydım. Alət belədir ki, yaş doxsanı keçsə
də, nəsə bir şey edə bilirsən. Buna görə
mən instrumental musiqiçi yolunu tutdum.
- Siz çaldığınız alətlər həm nəfəslidir,
həm simlidir, həm də klavirli. Ayrı-ayrı texnika ilə
çalınırlar. Bu sizi heç
çaşdırmır? Hər halda müəllim yanına
getməmiş olmazsınız.
- Yox, bu, müəllimlə başa gələn iş
deyil. Müəllim də cəmi bir aləti sənə
öyrədə bilər də. Onda gərək indiyədək
müəllimlərin qapısında qalaydım. Yenə də
bunu istedadla bağlayıram. Bilirsinizmi, özüm barədə
bütün bunları açıqlamağa çox çətinlik
çəkirəm. Çox arzulayıram ki, məndən bir
başqası da olsun, onun barəsində danışım.
Özümdən başqasını tapmadığıma
görə, bunu ilahidən gələn bir vergi kimi qiymətləndirirəm.
Artıq 50 yaşımı ötmüşəm...
- Mən biləni bu il 60 yaşınız tamam olur...
- Yox, altımışı dilimə gətirməyə
ürəyim gəlmir. Xahiş edirəm, bu barədə mənə
xatırlatma. Gərək yaşımı sənə deməzdim...
Bir də ki, maşallah, nə olub mənə?
- Bu yaşda belə gənc qalmağın özü bir
igidlikdir...
- Adamın qəlbi varsa, 70 yaşında da cavan
qalır. Osman Sarıvəlli deyib ki, kim ki, yüz il
yaşamasa, günah onun özündədir. Mən də
uşaq yaşlarımdan həmişə günah etməkdən
qaçmışam. Əgər mən heç bir alətə
əlimi vurmayıb təkcə saksafonu götürsəydim,
onu elə günə salardım ki, adam kimi dil açıb
dillənərdi. Amma mən bir alətlə məşğul
olmuram, içimdəki sənət ehtirasını bir alətin
üstünə töksəm alışıb yanar. Hətta
ürəyim soyumadı gedib nəlbəkiləri dilləndirdim.
Amma hələ də içimdəki səsi heç bir alətdə
tapa bilmədim. Bütün ömrüm boyu hər yeri gəzdim,
ələk-vələk elədim, yenə də tapmadım. Əgər
barmaqlarımda problemim olmasaydı, qarmonda o səsi
tapacaqdım.
- Mən sizi nə skripka, nə də kamança
çalan görməmişəm.
- Skripkanı özüm üçün
çalıram, amma gördüm ki, o dövrdə camaat birtəhər
baxır, ona görə baş qoşmadım. Kamançada da
o boyda Habil Əliyev var, ondan sonra nə etmək olardı.
- Bildiyimə görə, Aşıq Qurbanxanın
böyük ailəsi olsa da, oğulları dura-dura, öz
sazını və yurdunu sizə təhvil verib. Baxmayaraq ki, o
biri nəvələri də musiqiçidirlər...
- Bəli, babam bu dünyadan köçəndə
öz ocağına məni başçı qoydu getdi. Mənim
gələcəyimi görürdü, atama həmişə
deyirdi ki, bundan muğayat ol. Bütün nəslimizə son
sözü bu oldu ki, Həsənağadan muğayat olun.
- Bu qədər xarici ölkədə olmusunuz, sizi orada
saxlamaq istəyən olubmu?
- Bir dəfə Amerikada, Los-Ancelesda bir amerikan qadın, əla
restoranı da vardı, dedi ki, ailəni də götür gəl,
bu restoranı da verirəm sənə. Sözün
düzü mən başqa torpaqda qala bilmirəm. Bu
günün özündə də Bakıda çox qala bilmirəm,
qaçıram Salyana. Əsil sənətkarı sənət
kefin istədiyin kimi dolandırır. Ona görə də
ora-bura qaçmaq lazım deyil. Mən Azərbaycanı öz
iyindən tanıyıram.
- Həsənağa müəllim, sizin Dövlət
Sirkində, Heydər Əliyev Sarayında, Filarmoniyanın səhnəsindəki
konsertləri yaxşı xatırlayıram. İndi niyə
konsertlər vermirsiniz?
- Konsert məsələsi bir az problemlidir. Çünki
bu gün böyük bir ailə mənə baxır. Elə
öz ailəm 10 nəfərdən ibarətdir. Bəzi məişət
problemlərinə başım qarışıb. Mən
öz ailəmi binədən necə saxlamışam, bu
gün də o səviyyədə qayğısını
çəkirəm. Baxmayaraq ki, o dövrlə müqayisədə
indi yaşamaq 100 dəfə çətinləşib. Əvvəl
beləydi ki, afişanı vururdular, sən də gedib
konsertini verirdin. Amma indi konsertlərin necə baş
tutduğunu özünüz məndən gözəl bilirsiniz.
Çünki bizə gözümüzü açandan
konsertdə neçə çıxış etməyi
öyrədiblər, necə konsert təşkil etməyi yox.
Gərək onda mən evdə kiminsə boğazından kəsib
ora verim.
- Siz zərb alətində melodiya axtarıb tapan yeganə
musiqiçisiniz, qoşanağarada da muğam çalıbsınız...
- Mənə adi taxta ver, onda da melodiya yaradaram. Mənim
evimdə arakəsmə vardı, onun şüşələrini
elə taxdırmışdım ki, hər notun səsini almaq
olurdu. Rəhmətlik Rafiq Babayev qonaq gələndə bu
şüşələrdə muğam çaldım, məəttəl
qaldı. Çay içdiyim yerdə əlimdəki
karandaşı nəlbəkiyə vurub gördüm ki, əla
səsi var. Nəsə ordan-burdan bütün notu verən nəlbəkiləri
yığdım bir gecəyə əməlli-başlı
repertuar yaratdım. Səhərisi günü Heydər Əliyev
Sarayında dövlət konserti vardı, məni də ora rəhmətlik
İslam müəllim çağırmışdı ki,
ala, nə oturmusan Salyanda, gəl bu xalq səni də
görsün. Nə isə, nəlbəkidəki ifam
hamını məətəl qoydu. Elə oldu ki, rəhmətlik
Kərim Kərimov - Sarayın o dövrdəki bədii rəhbəri
məni dövlət tədbirlərində
çıxış edən sənətçilərin
siyahısına saldı. Və tez Lidiya Rəsulovaya (o
dövrdəki mədəniyyət naziri) xəbər
yolladı ki, belə bir istedad tapmışıq, gəlin,
tamaşa edin. Bir gün sonra mərkəzi komitənin
işçiləri üçün balaca konsert düzəltdilər,
orada çaldım. O çalan, düz 8 il bütün
dövlət konsertlərində iştirak etdim.
- Niyə Salyandan Bakıya köçmədiniz?
- Bakıda evim olmadı. Bir də Salyanla Bakının
arası 1 saatlıq yoldur. Sonra Bakıda Gənclik tərəfdə
ev aldım, amma ora çox darısqaldır. Bu səbəbdən
alətlərimi Bakıya gətirə bilmirəm, Salyanda
saxlayıram. Bir də Bakıda hökumət evlərində
məşq etmək olmur, burda sıxılıram.
Açığı Salyandan qıraqda qala bilmirəm. Demək
olar ki hər gün Salyana gedib-gəlirəm. Bakıda
oğlumun da evi var, qayınatası bağışlayıb.
Vallah, sözün düzünü deyirəm də. Birdən
elə bilərlər kasıbam, xeyr, Allaha şükür mənim
qazandığım pulu heç kim görməyib. Amma
kostyumum bir dənə olub. Əslində pulum azalanda
yaxşı geyinmişəm. Pulum çoxalanda yenə də
bir kostyumda gəzmişəm. Demişəm ki, qoy camaatdan
seçilməyim. Yəni, insanı paltarına, villasına,
maşınına görə tanımazlar.
- Həsənağa müəllim, deyilənə görə,
gözəl xanımlara qarşı çox diqqətcilsiniz...
- Bəli, burada gizlətməli nə var ki? Boy-buxun,
yaraşıq və pul məndə. Qızlar məni çox
sevirdilər. Amma mən buna uymamışam,
qudurmamışam, xarab olmamışam. Hər oğulun
işi deyil ki, bu yaşda belə cavan qalsın. Adam var ki, otuz
yaşı var, amma tökülür. Musiqiçi həmişə
cavan qalmağı bacarmalıdır.
- Bir neçə il bundan əvvəl eşitdim ki, sizin
təqdimatınız birbaşa "xalq artisti"nə gedib.
- Əslində mən 1985-ci ildə əməkdar mədəniyyət
işçisi fəxri adını almışam. Yəni xalq
artisti birbaşa verilməyəcəkdi. Fəxri ad məsələsini
mənə söz veriblər, inşallah, yəqin ki, vədlərinə
əməl edərlər. Amma mənim üzüm gəlmir
ki, gedib bunu kiminsə yadına salım. Zərin qədrini zərgər
verər. Bunun üçün də gərək mən həyatda
olmayım. Yadıma gəlir, 1993-cü ildə Heydər Əliyev
Sarayında konsert oldu. Onda Respublika Sarayı adlanırdı.
Bütün böyük sənətkarlar orda idi. Konsertdən
sonra rəhmətlik Heydər Əliyev səhnəyə
çıxdı. Hamını barmağı ilə göstərib
dedi ki, əla ifa etdiniz. Mənə çatanda dedi ki, bundan Azərbaycana
gəlməyib, gəlməyəcək, onun qədrini bilin.
Bir müddət sonra İosif Kobzon Bakıya gələndə
bir konsert təşkil edilmişdi. Mən orada da bir neçə
alətdə çaldım. Çalıb qurtarandan sonra
Kobzonla arvadı ayağa durub mənə yaxınlaşdı
və qucaqlayıb öpdü, Heydər Əliyevə barəmdə
xoş sözlər dedi. Bir dəfə də Gülüstan
Sarayında konsertlərin birində Polad Bülbüloğlu
Heydər Əliyevə məni təqdim etmişdi. Bu
görüşün şəkli məndə də var. Heydər
Əliyev soruşdu ki, 40 ildir Salyana gedib gəlirsən,
Bakıda evin yoxdur? Polad Bülbüloğlu dedi ki, yox, elə
Salyanda qalır. Fatma xanım da (Abdullazadə -red.)
yaxınlaşıb dedi ki, Həsənağanın xətrini
o qədər çox istəyirik ki, onu elə Salyan
qarışıq Bakıya gətirək. Heydər Əliyev də
gülə-gülə dedi ki, Salyanla işiniz olmasın, elə
özünü gətirin, kifayətdir...
İLTİFAT
Ekspress.-
2011.- 3-5 sentyabr.- S. 19.