Döyüşçü xanəndə

 

Döyüşçü xanəndə - tanınmış muğam ustası, əməkdar artist Cabir Abdullayevdən söhbət düşəndə ağlıma ilk gələn söz bu olur. O, gözünü açandan muğam sədası altında böyüyüb, yetişib, bir xanəndə kimi formalaşıb. Böyük qardaşı, dövrünün məşhur xanəndələrindən olan rəhmətlik Vahid Abdullayev onu sənətdən uzaqlaşdırmaq istəsə də, içindəki oxumaq eşqi və qüdrətli səsin üsyanının qabağında dayana bilmədi. Qarabağda müharibə başlayandasa, xanəndə dəfi avtomatla əvəz etmişdi...

 

Cabir Abdullayev müsahibəmizin əvvəlində özünü oxucularımıza belə təqdim edir:

- 1966-cı ildə Ağdamın Zəngişalı-Mahrızlı kəndində anadan olmuşam. Uşaq vaxtlarımdan "Qarabağ bülbülləri" ansamblında oxumuşam. O dövrdə Ağdamda "Şur" ansamblı da fəaliyyət göstərirdi. Bu artıq böyüklərdən ibarət peşəkar ansambl idi. Onlar Bakıda konsertə hazırlaşırdılar. Bu konsert üçün "Qarabağ şikəstəsi"ni hazırlayırdılar və onlara ortada bir ağız "Segah" oxumaq üçün bir uşaq da lazım idi. Onlar səsimi bəyəndilər və məni ansambla dəvət etdilər. Ona görə də, "Qarabağ bülbülləri"ndən "Şur" ansamblına keçdim. O dövrdə Bakıda 30-cu qurultayın yekun konsertinə bizi də dəvət etdilər. 13 gün Heydər Əliyev Sarayında məşq etdik. Konsertin bədii rəhbəri də rəhmətlik Niyazi idi. Bizim geyimlərimizi də o, hazırlatdı. Demək olar ki, o, hər gün bizə qulaq asırdı. Həmin konsert mənim böyük səhnədə ilk çıxışım idi, düz 30 il əvvəl. Ümummilli liderimiz Heydər Əliyev və bir də SSRİ-nin ikinci katibi konsertdə iştirak edirdilər. O konsertdən mən kəndimizə qəhrəman kimi qayıtdım. Ondan sonra məni hər yerdə tanımağa başladılar. Lakin bir müddət sonra keçid dövrü ilə əlaqədar səsimdə dəyişikliklər əmələ gəldi və 6 il oxumadım. Səsim batandan sonra məni tez unutdular. Təsəvvür edin, uşaqlıqdan öyrəşmişdim, oxumağı xoşlayırdılar deyə, toy mağarına girəndə məni böyüklər əllərində məclisin yuxarı başına keçirirdilər. Səsim batandan sonra gedib dururdum mağarın ağzında, bir nəfər də olsun mənə fikir vermirdi.

- Bəs həkimə aparmadılar?

- Vahid dedi ki, keçid dövrü ilə əlaqədardır, açılacaq. Ona görə də ciddi fikir vermədim. Amma səsim gec açıldı. Bu müddət ərzində gedib üzümçülük sovxozunda fəhlə işlədim. 80 kiloluq beton dirəklər basdırırdıq. Bir gün ağır işdən mənim gözüm tutuldu. Şükürlər olsun ki, gözüm sonra açıldı. O üzüm sahəsini təhvil verdik, 600 manat pul aldım. Həmin pulun da 200 manatını əsgər gedəndə anama verdim, 100-nə qonaqlıq elədim, 300 manatını da cibimə qoydum.

- Səsiniz nə vaxt açıldı?

- Əsgərlikdə. Biz əsgərliyi qurtaranda "dembelski akkord" vermişdilər, mən bir otağı təmir etməliydim. Divarı rəngləyə-rəngləyə zümzümə edirdim, gördüm, oxuya bilirəm. Elə bil səsim açılıb, nəsə yavaş-yavaş zilə çıxdım. Yox, səsim həqiqətən açılmışdı. Nə isə, əsgərliyi başa vurub evə döndüm. Elə oldu ki, qardaşım Sabirin toy günündə Bakıya çatdım. Toyu Bakıda Vahidin evinin qabağında edirdilər. Toyda da o dövrün ən məşhur xanəndələri yığışmışdılar. Fazil adlı bir dostum dedi ki, gərək Cabir də bu toyda oxuya. Əsgər paltarını əynimdən çıxarmamışdım. Toyu da Süleyman Abdullayev aparırdı. Ondan sonra az müddət rayonda qaldım və yenidən Bakıya qayıtdım. Bura xalq artisti Qəndab Quliyeva dəvət etdi. Qəndab xanım rəhmətlik Səxavət Məmmədovun ansamblını götürmüşdü ki, dağılmasın. Qarabağda müharibə başlayanda Bakıda qalmağı özümə sığışdırmadım, yenidən rayona qayıtdım.

- Böyük qardaşınız mərhum Vahid Abdullayev tanınan xanəndələrdən idi. Sizin üçün nə əcəb Bakıda şərait yaratmadı?

- Onun özünə heç qiymət verən oldu ki... Heç ona da imkan vermirdilər. Vahid gedib kiməsə ağız açmağı özünə sığışdırmazdı. Çox vaxt bizə deyirdi ki, gedin bir sənətin qulpundan yapışın, neynirsiniz xanəndə olmağı. Özünə qarşı biganəliyə görə sənətdən küsmüşdü.

- Döyüşməyə gedən Vahid müəllim demədimi ki, gedib bu cürə səsi savaşda batırma?

- Yox, mənə bu sözü o, heç vaxt deməzdi. Necə deyə bilərdi ki, gedib kəndimizi qorumayım? Nə olsun səsim var, orada vuruşan oğlanlardan nəyim əskik idi? Əslində çoxlarından canlı idim, özüm də uşaq yaşlarımdan idmanla məşğul olmuşam. Ümumiyyətlə, bizim tərəflərdə yaşayan insanların hamısını mən qəhrəman adlandırardım. O insanlarlar da bizimlə çiyin-çiyinə əsl müharibədə döyüşüblər. Elə mənim şəhid qardaşıma qapımızın ağzında güllə dəydi... O dövr bir az qarışıq idi, sənət yada düşmürdü. Mən fikirləşirdim ki, burada toyda oxuyub pul qazanmağın əvəzinə, gedib döyüşdə yaralanan bir əsgəri güllənin altından çıxarsam, daha düzgün olar. Çünki bu artıq əsl kişilik məktəbi idi. Arada kəndimizdə və yaxud başqa yerdə toya çağırırdılar, gedib silahlı-silahlı oxuyurdum, oradan da aldığım pulu gətirib Şəhid Ailələri Fonduna verirdim. İstəsəniz, qəbzlərini də göstərə bilərəm, o dövrdə 68600 manat fonda pul köçürmüşəm. Həmin pula Bakıda gözəl bir villa almaq olardı. Amma mənim belə şeylər gözümə görünmürdü.

- Bir çoxları tələbəsi Güllü Muradova Muğam Müsabiqəsində qalib gələndən sonra bildi ki, Sabir Abdullayev kimi xanəndə var. Siz özünüz də çox gec tanındınız...

- Sabir efirə çox çıxmır, onun əsas fəaliyyəti müəllimliklə bağlıdır. Allah prezidentimizə can sağlığı versin, muğamata və xanəndələrə qarşı dövlətimiz tərəfindən çox diqqət və qayğı var, sağ olsun, mənə də fəxri ad verdi. Rəhmətlik Vahidə isə fəxri ad qismət olmadı.

- Sənət müəllimləriniz kim olub?

- Sabir Asəf Zeynallı adına Musiqi Kollecini Nəriman Əliyevin sinfini bitirib, mən də Milli Konvervatoriyada Arif Babayevin. Əslində Vahidin özü qardaş olduğumuza görə onun sinfində oxumağımıza həvəs göstərmədi. Amma həqiqət budur ki, oxumağı Vahiddən öyrənmişik. Biz - bütün bacı-qardaşlarımız həmişə onun canına and içmişik. Vahid bizim ağsaqqalımız olub.

- Yenidən incəsənət aləminə uzlaşma çətin olmadımı, döyüşçü qeyri-səmimi bir mühitə necə öyrəşə bildi?

- Mənə çox çətin oldu. Hərdən musiqiçi dostlarım deyirdilər ki, çox dərinə gedirəm... Bəzən qalırdım partlaya-partlaya ki, mən döyüşlərdə güllə qabağında olanda, burada qaçıb gizlənənləri toyun yuxarı başına keçirirlər. Əvvəllər belə şeyə dözmürdüm. Sonra artıq bunlara göz yummağa başladım. Yaxşı insanlar, yaxşı oğlanlar hörmətimi saxlayırlar, bu da mənə bəs edir. Mən bu gün dostlarımla fəxr edirəm. Hər dostumun mənim həyatımda böyük köməkliyi olub. Həmişə mənə dəstək olublar. Mənim nəailiyyətlərimin hamısında dostlarımın əməyi var, mən bunlara görə onlara borcluyam.

Əvvəl-əvvəl musiqiçilər arasındakı qeyri-səmimi münasibətə öyrəşə bilmirdim. Görürsən ki, toyda bir yerdədirlər, yeyib-içirlər, deyib-gülürlər, görüşəndə öpüşürlər. Amma biri aralanan kimi, o biri dalınca qeybətə başlayır. Adam var ki, adını kişi qoyub, amma qəpik-quruşa görə yüz dona girir. Kişi olan kəs birsifətli olmalıdır. Mən belə şeylərə görə o qədər dalaşmışam ki. Ümumiyyətlə, uşaqlıqda çox dəcəl olmuşam, xasiyyətcə davakaram. İndinin özündə də "kontakt" verəndə, əlim qaşınır, amma tez özüm-özümü sakitəşdirirəm ki, olmaz, dövlətin sənətçisi hər şeyə görə dava etməz, səbrli olmaq lazımdır... Mən atəşkəsdən sonra da Ağdamda qaldım. Ağdamda konsertlərdən birində ifama mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qulaq asdı. Ədalət müəllim mənə dedi ki, gəl sənə kömək edim, dövlət konsertlərində çıxış et. Mən ona ömrüm boyu minnətdaram. Özü də o dövrdə muğama münasibət indiki kimi deyildi. Hərdən tələbələrimə deyirəm ki, siz əziyyət görməmisiniz, nə tramvaya minmisiniz, nə trolleybus görmüsünüz. Sağlıqlarına qismət, hərəsinin altında bir maşın var. Biz tələbə olanda piyada gəzirdik, elə vaxt olurdu ki, metro bağlanırdı, "Gənclikdən" "Xətai"yə piyada gedirdim. Mehriban xanım sağ olsun ki, muğamı göylərə qaldırdı, xanəndələrə çörək verdi. Həqiqətən, mən səmimi qəlbdən birinci xanıma çox minnətdaram. Bizim vaxtımızda xanəndələri heç kim sayıb toya aparmırdı, aparan da qəpik-quruş verirdi. İndi maşallah, tələbələrimiz bahalı avtomobillərdə gəzirlər. Xalq görür ki, dövlət bu sənətə böyük önəm verir, onu UNESCO səviyyəsində dünyada tanıdır, təbliğ edir. Mən bu gün fəxr edirəm ki, xanəndəyəm, xanəndələr arasında tanınıram, yerim var.

- Tələbələrinizdən razısınızmı?

- Bəli, razıyam. Bir az gənclər sənətə həvəssizdirlər. Tapşırıqlara məsuliyyətsiz yanaşırlar. Bir muğamı oxuyursan, diktafona yazırlar, amma dərsə gələndə oxumaq əvəzinə min bəhanə gətirirlər. Başa düşürsən ki, yazdığına qulaq asmayıb, Allah bilir başı nəyə qarışıb. Başa salıram ki, bir məqamdır, Allah səs verib, valideynlərin də əziyyət çəkib səni oxudurlar, bu məqamdan istifadə et. Başa salıram ki, dərsini öyrənməyəndə yalnız və yalnız özünə ziyan edirsən. Tələbə əgər öyrənmək vaxtını əldən verdisə, sonra peşman olacaq. Amma belə baxanda pis uşaq deyillər. Misal üçün, tələbəmin biri- Zabitə Əliyeva sonuncu muğam müsabiqəsinin qaliblərindən biri oldu. Mənim üçün bu, həqiqətən nəticədir. Çünki mən gənc müəlliməm, cəmisi 5 ildir dərs deyirəm. Adam var 25-30 ildir muğam öyrədir, hələ də ortalığa samballı tələbə çıxarmayıb. Yeni-yeni güclü səslərin ortalığa çıxması məni çox sevindirir.

- Gənclərdə mən bir xüsusiyyət müşahidlə etmişəm, elə bil boğaz, zəngulə vurmaqdan çəkinirlər. Bu təhsildəki nöqsanla bağlıdır, yoxsa özləri günahkardırlar? Köhnə xanəndələrin boğazlarını mən heç kəsdə görmürəm... Halbuki, xanəndələr bir vaxtlar kimin nə qədər çox boğaz vurması üstündə yarışırdılar.

- Bu təbiidir. Əvvəllər içdiyimiz çay da təbii idi. Amma indi rəng-zad qatırlar. O dövrün havası da, yeyib-içməyi də, insanları da başqa idi. Buna görə əvvəlki səslər indi yoxdur. Xanı, Seyidi, Cabbarı bir kənara qoyaq, müasirlərimizdən Arif Babayevin səsi kimi səs yiyəsini mənə göstərə bilərsinizmi? Şükür Allaha, gözəl səsi olan gənclərimiz var, amma o dövrün şirinliyini indikilərin səsində hiss etmirəm.

- Vahid, Sabir və Cabir Abdullayev. Bu ənənə sizdə bitir, yoxsa davam edəcək?

- Onu həyat göstərər. Vahidin oğlu Valid də oxuyur. Mənim oğluma gəldikdə isə, ürəyim istəyən səsi onda hiss etməmişəm və həmin səsi eşitməyincə xanəndə olmağına imkan vermərəm. Belə götürəndə isə, ümumiyyətlə onun musiqiçi olmağını istəmirəm. Çünki çəkdiyim əziyyətləri ona qıymıram. Əgər səsi olsa, mane olmaram. Əsas səsdir, o da asfaltın üstündə yaranmır, bunun üçün dağlar, dərələr, çaylar, şəlalələr lazımdır. Bütün qarabağlılar kimi muğamata oğlumun da marağı var, amma bu, xanəndə olmaq üçün bəs etmir. Biz o torpaqda ayaqyalın-başıaçıq böyümüşük, amma suyu, havası təmiz idi. Namiq adında dostumuz vardı, anası yaxşı mürəbbələr bişirirdi. Yuxanın arasına nəhrə yağı ilə heyva mürəbbəsini dürmələyib verirdi, onun dadını dünyanın heç bir bahalı şirniyyatına dəyişmərəm, elə ləzzətlə yeyirdik ki... Səsi yaradan bunlardır.

- Hansı muğamla dərdləşirsiniz?

- Təbii ki, bizimki "Segah"dır. Vaxt olub, "Segahı" elə oxumuşam ki, öz gözümdən yaş gəlib.

- Yaradıcılıq planlarınızda nələr var, albom, konsert barədə nə düşünürsünüz?

- Mənə əvvəlcədən demək düşmür. Amma bu il konsert verəcəyimi demək istəyirəm. Bununla bağlı bir neçə təklif almışam. Yəni təşkilatçılığını etmək istəyənlər var. Amma ilk böyük konsertimi dostlarımın dəstəyi ilə özüm etmək istəyirəm. Burada bir məqamı vurğulamaq istəyirəm ki, oturduğum maşını, evi dostlarımın hesabına əldə etmişəm. Əgər bilsələr ki, konsert etmək istəyirəm, heç mənə əziyyət çəkməyə imkan verməyəcəklər, bütün işləri özləri həyatat keçirəcəklər. Ona görə də, özümü ən xoşbəxt xanəndə hesab edirəm ki, bu sənət mənə həyatda belə dostlar qazandırıb.

 

 

İLTİFAT

 

Ekspress.- 2011.- 10-12 sentyabr.- S. 19.